Artkaspi.az saytı Rəvan Cavidin essesini təqdim edir:
Elə hislər var ki,
onları yazmaq, onları danışmaq, oxumaq bizi böyüdür, bizi aydınlandırır. Və bu,
çox hallarda özümüzü melanxolik, çarəsiz və tərəddüdlü hiss etdiyimiz anların
nəticəsidir. Həmin hislər mütləq
bizə reallığı xatırladır və biz yaradıcının özü ilə daha səmimi kontakt
qururuq. Dostoyevskinin zövqsüz və yüksək bədii istedadla yazılmış mətnləri
həmişə mənə müəllifi xatırladıb. Romanın obrazlarını, romandakı hadisələri
deyil, məhz Dostoyevskinin özünü. Onu təxəyyülümdə canlandırmaq və onu dinləmək
nəsibini romanlarından almışam. Dərin bir hüzn, əzab, qisasın öyrətməyə
çalışdığı güzəştə getməyən fəlsəfə bizə o qədər doğma gəlir ki, özümüzü
qəhrəmanların yerində hiss etmirik, onlarla müqayisəyə çıxarırıq.
Dostoyevskinin obrazları daha dərin yaralar alıb, yoxsa biz? Onun
psixologiyamızla empatiya qurmaq istedadı danılmazdır. Ancaq bir dəfə
düşünmüşdüm ki, doğrudan da Dostoyevski dövrümüzdə yaşasaydı, indiki qədər
populyar olardımı? Buna elə siz cavab verərsiniz. Mən isə başqa bir məsələyə
diqqət çəkmək istəyirəm. Bu cür yazmaq həm də onun imicini formalaşdırmışdı.
Dövrünün ədiblərindən heç biri Dostoyevski qədər sentimental ola bilməzdi, ya
da olmağa çalışmazdı. O, bunu məharətlə bacarırdı, yaşayırdı. Və yazırdı.
Ədəbiyyatla sentimentallıqdan danışırıqsa, Dostoyevski misalı ilə başlamağımız
həm də ona görə lazım idi ki, həyatındakı eniş-yoxuşların, əzabların, taleyin
proyeksiyasını daha asan ala bilirik. Bəs niyə bu qədər uğurlu alınmışdı?
Ümumiyyətlə, təkcə Dostoyevskidə yox, niyə dekadans dövrün şairləri və
nasirləri kədərli halları ilə bu qədər sevilə bilirdi? Hər şeyin zaman
tunelində axtarsaq, əslində, cavab çox sadədir - dövr və onun tələbi. Tələb
deyəndə oxucuların bunu istəməsini nəzərdə tutmuram. Proseslərin ədiblərdən
tələbi məhz "kədərli görünmək" idi. Yazıçı prizma kimi ağ işığı
içindən keçirəndə çoxlu sayda rəngli işıqlar görünür. Hadisəni müşahidə edib
onu yazanda təfərrüatı deyil, həm də yaradıcılığının, yəni təxəyyülünün
qırıntılarını zərgər dəqiqliyi ilə o hadisənin üzərinə səpir. Romantik dövrün
və ondan sonrakı bir neçə nəslin sentimentallığını dövrün xülasəsi ilə izah
etmək olar. Bəs bu dövrün?

Bu günün
sentimentallığı bir az fərqlidir. İndi onu duyğu deyil, hadisələr yaradır. Ötən
əsrin adamı xatırlayıb üzülürdüsə, bu günün insanının sentimental olması üçün
sıradan hadisələr kifayət edir. Texnologiyanın insanı ürəyi olan robotlara
çevirdiyi zamanın sentimentallığı kənddə dəmir həlqədən düzəldilmiş balaca
maşın oyuncağı ola bilir. Əslində isə burda üzüləcək, ya da qəhərlənəcək
elə bir şey yoxdur. Bəs niyə bizə bu
qədər dərin toxunur? Çünki onu kimi bir oyuncağa ehtiyac duymadığımızı
anlayırıq. Onun dəyəri mövcudluğundadır. Əgər o bizim görəcəyimiz sonuncu
oyuncaqdırsa, bilirik ki, bir də hansısa uşaq onu düzəltməyəcək. Sentimentallığımız
öz eqomuzdan doğur. Yaşanan hadisələri öz taleyimizlə müqayisə edib onun bizim
ağrılarımızdan nə qədər böyük və kiçik olmasını araşdırır, nəhayət, qərara
gəlirik ki, bizim əzablarımız və bizim keçmişimiz daha böyükdür. Buna görə də
onu nümayişə çıxarmaq qərarına gəlirik. Beləcə, keçən əsrin sentimental
ədəbiyyatçı obrazını yenidən dekonstruksiya etmiş oluruq. Ancaq bugünün
oxucusuna bu maraqlıdırmı və ya nə qədər maraqlıdır? O, bu cür sentimentallığa
aldanacaqmı? Təbii ki, yox. Məşhur "Black Mirror" serialının
bölümlərindən birində ölmüş ərinin maketini sifariş verən və onu elektodlar
vasitəsi ilə yaşadan bir qadının həyatından bəhs olunur. Maketin səsi,
hadisələrə yanaşma tərzi, geyimi, yemək zövqü - hər şeyi əri ilə eynilik təşkil
edir. Ta uşaq doğulana qədər. Maketin atalıq hissi özünü göstərmir. Ona atalıq
haqqında heç bir proqram, alqoritm yüklənməyib. Bunu izləyən oxucunu
təəccübləndirmək üçün sentimental mətnlərin intellektual və vizual ölçülərini
nəzərə almasaq, ona uduzmuş oluruq. Əks halda oxucu mətnin sentimentallığından
həzz ala bilmir, yazıçıya yazığı gəlir sanki. Onun həyatını mətnlərindən daha
ön planda izləmək istəyir. Duyğulandırmaq labüddür, ancaq bütöv ssenarini
"duyğu partlayışı"na hesablamaq sadəlövhlük, hətta primitivlikdir.
Həssaslığını
küçə-küçə, adam-adam çəkib gətirməlidir öz masasına. Yalnız öz sərhədlərində o
"bomba"nı partlada bilər. Beləcə, həm özü, həm də digərləri daha
təhlükəsiz olar. Ədəbiyyat tamamilə rasional ola bilməz, bunu anlayır və
irrasional düşüncənin əleyhinə çıxış etmək istəmirəm. Yaradıcılıq mahiyyətcə
irrasionaldır. Onun ruh halı, əlbəttə, fərqlidir, atmosferi daha təsirli,
yoluxucudur. Şəxsiyyət fonunda isə yazıçı rasional olmağa məcburdu. Hətta,
bəli, məcburdu. Komikslərlə böyüyən bir uşağın qarşısına kitab qucaqlayıb
çıxmaq və ya həyəcanlı musiqilərdən ifrat dərəcədə məst olmuşcasına danışmaq
işə yaramayacaq. Nə qədər şablon səslənsə də, yazmalıyam ki, güclü olmaq,
dözməyin yollarını axtarmaq lazım gəlir bəzən. Ancaq masaya qədər... Yazı
masasında şəxsiyyətin konturları dağılır, sərhədləri pozulur və xaosun içində
səliqə yaratmaq istəyən bir nəfərin sərgüzəştləri başlayır. İndi doyunca
ağlaya, hiss edə bilərsən, burada, keçmişin qaranlığında kifayət qədər
səliqəsiz eşələnmək olar.
Sənətin reallıqla
uyğunlaşmağının tərəfdarı olmayanların yanında olduğumu deyib, müəllif
obyektivliyini pozuram. Ədəbiyyat xilas edir, göstərir, cavab axtarmır, ancaq
sual verir. Bu missiyanı pozmağın ən asan yolu adamların ağrılarını daha tünd
etmək, onları daha çox küncə sıxmaqdı. Hər kəsin bunu etdiyi bir zamanda yazıçı
da kütlənin rənglərini boz alıb özündən elə boz da keçirirsə, deməli, bacara
bilmir. Postmodernizm bir köynək yaxındı bu mövzuya. Dərd elə, bütün
ağrılarından karnaval düzəlt, onları rəqsə dəvət et. Hüzn ədəbiyyatın
mayasıdır. Bəndidir. Komediya belə əzablar üzərində qurulur. Və ədəbiyyata
alternativ əzabların bu cür dəqiq effektini alan ikinci sahə yoxdur. Sadəcə bu
sahədə olan iynəni vurmazdan öncə islaq pambıqdan istifadə eləməlidir. Pasiyent
qaşqabaqlı, zorən ağlayan, özünə illərin dərdini yükləmiş kimi görünən həkimi
sevməyəcək.
Müasir ədəbiyyatın
davası da budur. Dekadans dövrü ədəbiyyatının (xüsusilə şeirinin) bu günün
atmosferində olmadığını anlamaq çətin deyil. Hüzn yalnız duyğu aspektində aktualdır,
yaradıcılıq bütünlükdə, şəxsiyyət isə obrazlıq ondan istifadə edəndə daşlar heç
cür öz yerinə oturmur.
525.az