Biz imzaları yox, əsərləri dərc edirik...

Kahinlər və ərraflar – Aida Qasımova
1278
08 Noyabr 2018, 06:59
  Artkaspi.az Aida Qasımovanın "HİKMƏT  DAŞIYICILARI  KAHİNLƏR VƏ ƏRRAFLAR" adlı məqaləsini təqdim edir: 
 
 
 

 
 "Biz bu dünyada günümüzü yeyib-içməklə keçirsək də, qeybin əmrini gözləyən bir məqamdayıq”
 
 İmruul – Qeys
   
  İslamaqədərki ərəb cəmiyyətində əqli əməyin fiziki əmək­­­dən ayrılması və bəşəriyyətin mənəvi dəyərlərini qoru­yub saxlayan təbəqələrin formalaşması tarixi çox qədimdir. Hələ qədim Məin, Səba, Himyər dövlətlərində xüsusi züm­rələr – qeybə dair xəbərlərin daşıyıcısı olan kahinlər, əsr­lə­rin praktik təcrübəsindən faydalanıb bir elm kimi inki­şaf etmiş astroloji, riyazi, həndəsi, coğrafi və s. bilik­lər­dən xəbərdar olan alimlər olmuşdur.
  Qurani‑Kərimin "ən-Nəml”  surəsində Səba hökmdarı Bil–qeysin sarayında yaşayan və hökm­­­dara məsləhətlər verən bir zümrənin olduğunu görürük. Bilqeys onlar barə­sin­də

 
مَا كُنتُ قَاطِعَةً أَمْرًا حَتَّى تَشْهَدُونِ(النمل    32)
 
  "Si­zin razılığınız olmadan heç bir iş görmərəm”– deyir.
 
  (ən-Həml 32)
 
 Ziyalı, elmli bir təbəqənin yalnız oturaq həyata keçmiş ərəblər içərisində deyil, köçəri  heyvandarlar arasında da ayrıca yeri olub. Qəbilə şeyxlərinin daim  məsləhətləşdiyi, mühüm məsələləri müzakirə etdiyi  ağsaqqallar məclisinin məhz bu zümrələri əhatə etdiyini düşünmək olar. Züheyr ibn Əbi Sulmə ərəb qəbilələrində insanların şerlə, sözlə, işlə vaxtlarını keçirdiyi məclislərin olmasına işarə edir:

فيها مقامات حسان وجوحها
                 و اندية ينتابها القول و الفعل
 
  "Onların müxtəlif xoş məclisləri, sözlə, işlə vaxt keçir­dikləri klubları var”.[1]
  Cahiliyyət dövründə zehni əməklə məşğul olan zümrə­ləri bir neçə qrupa ayırmaq olar.
 Birinci qrupa qeybə dair sirləri bilməyə can atan təbə­qə­ni aid etmək olar. Ərəbistan yarımadasının çətin təbii şəraiti, ar­dı-arası kəsilməyən qəbilələrarası müharibələr, ucsuz-bu­caq­sız səhralarda azmaq susuzluqdan ölmək qor­xu­su, aclıq, xəstəlik, yoxsulluq qarşısındakı üzücü vahimə ərəbləri daim gələcəyi duymağa, başlarına gələ biləcək hadisələrdən qabaqcadan xəbər tutmağa sövq edirdi. Kahin və ərraflar, quşlara, heyvanlara istinadən gələcəkdən xəbər verməyə can atan ayiflər, cəmiyyətdə ayrıca bir zümrə təşkil edirdilər. Ümumiyyətlə, bəşəriyyətin mənəvi inkişaf tarixində ilk ziyalı təbəqə sayılan kahinlər[2] ərəb cəmiyyə­tin­də həm də bütpərəst ərəblərin dini ayinlərini həyata keçirən ayrıca bir zümrə idi. O dövrdə bütpərəstliklə bağlı məbəd­lər­də bir sıra vəzifələr, işlər (məs: sidənə, siqaya və s.) olur­du ki,  bunları da ayrı-ayrı dini xadimləri həyata keçirirdi. Digər tərəfdən, unutmaq olmaz ki, cahiliyyət  ərəblərinin dini tə­səv­vürləri yalnız bütpərəstliklə məhdudlaşma­dı­ğından onlar arasında müəyyən intişar tapmış yəhudilik, xristianlıq, sabilik və s. ilə bağlı dini təbəqələr də olmuşdur.
  İkinci qrup söz sənəti, şairlik, bəlağətli nitqlə bağlı olub şair, xətib və qəssasları əhatə edir. Qədim  ərəb cəmiy­yə­tində sözün sakral mahiyyətinə inam bu insanların föv­qəl­tə­bii qüvvələrlə bağlılığı barədə müəyyən təsəvvürlər yarat­mışdır.
  Üçüncü qrupa müəyyən praktik elmlərin inkişafı nəticə­sin­də formalaşmış təbəqələri – həkimləri, baytarları, nəssab və mü­nəc­cimləri və s. aid etmək olar.
 
  * * *
  Cahiliyyət dövrü ərəb ərəb cəmiyyətində qeybə, qəzavü-qə­dərə inam güclü olmuşdur. Fatalist bir düşüncə öz ifadə­si­ni ca­hiliyyət poeziyasının çoxsaylı nümunələrində də tap­mış­dır. İmruul-Qeys demişdir:
ارانا موضعين لامر غيب 
                    و نسحر بالطعام و الشراب
 "Biz bu dünyada  günümüzü yeyib-içməklə keçirsək də, qeybin əmrini gözləyən bir məqamdayıq”.[3]
Bu məna  Zuhiyr ibn Əbi Sulmə şerində də əks olunub:
 
اعلم علم اليوم و الامس قبله
                   و لكني عن علم ما في غد عم
 
  "Mən bu günümdən də, dünənimdən də xəbərdaram. An­caq sabah nə baş verəcəyini bilmirəm”.[4]
 
 
 
 
  Həm kahinlik, həm də ərraflıq qeybdən xəbər verməkdir. Bu mənada onlar bir-birinə yaxın məfhumlardır.Ancaq ərəblər ərrafların keçmişin gizli sirrlərini açdığını, kahin­lə­rin isə daha çox gələcəkdən xəbər verdiyini söyləyirlər. Məhz buna görə də, keçmişdən daha çox gələcəyin sirrlərinə can atan insanlar kahini ərrafdan üstün tutmuşlar.[5] Ka­hin­lər­dən fərqli olaraq ərrafların fövqəltəbii qüvvələrlə əla­qə­yə girməməsi, onların ancaq öz fərasətləri ilə müxtəlif mülahizələr irəli sürüb nəticələr çıxarmaq, əşyaları müqa­yisə etməklə hadisə­lər ba­rə­də öncədən məlumat vermək qabiliyyətinə malik olma­ları söylənilir.[6]
  Cahiliyyət ərəbləri kahinlərin  hər şeyə qadir bir qüdrət sahibi olduğuna inanır, bir çətinliyə düşəndə ondan məs­lə­hət istəyir, aralarında düşmənçilik baş qaldıranda kahindən bir hökm verməyi xahiş edir, xəstələnərkən ondan şəfa umur, bir yuxu görərkən kahindən bu yuxunu yozmağı dilə­yir, gələcəyi bilmək istəyəndə ona müraciət edirdilər. Bir sözlə kahin onların nəzərində həm alim, həm  filosof, həm də din əhli və qazi idi.[7]
  Kahinlər öz həyat tərzləri, geyimləri ilə insanlar ara­sın­da fərqlənməyə çalışmış, saya paltarlara üstünlük verib rəngli geyimlərdən çəkinmişlər.[8] Onların xüsusi nitqi, öz­lə­rinə xas  danışıq tərzi olmuşdur. Onlar öz öncəgörmələrini qafiyəli-vəznli nəsr olan səclə söyləmiş, bu zaman çətin söz­lər, anlaşılması müşkül, dolaşıq ifadələr işlətmişlər.[9] Ka­hinlər öz qəbilələrinə bağlı olur, onun ağsaqqallarından sa­yı­lırlar. Kahinlər arasında qəbilə başçıları da var idi.[10]
  Müqəddəs Qurani-Kərim  səc uslubunda nazil olduğun­dan müşrik ərəblər Məhəmməd peyğəmbəri də kahin ad­lan­dır­mağa cəhd göstərmişlər. Qurani-Kərimdəki
 
فَذَكِّرْ فَمَا أَنتَ بِنِعْمَتِ رَبِّكَ بِكَاهِنٍ وَلَا مَجْنُونٍ (طور29) 
 
       "rəbbinin lüt­fi ilə, sən heç də kahin deyilsən" 
 (Tur, 29) 
 
  ifadəsi bu cür fi­kirləri təkzib etmişdir.
  Circi Zeydan kahinliyin ərəblərin öz içərisində yaran­ma­yıb, kənardan gəlmə bir təsisat olduğunu bildirir. Onun fikrincə, kəldanilər içərisində nücum elmi ilə məşğul olan kəslər Ərəbistan yarımadasına gələrək burada kahin­lik etmişlər. Alim daha sonra qeyd edir ki, ərəblər arasında ilk kahinlik edənlər sabiilər olmuşlar.
  "Kahin” yəhudi sözüdür. Kahinə ərəblər bəzən "hazi” də deyirdilər ki, bu da kəldani sözü olub "müdrik adam”, "peyğəmbər”, anlamına gəlir.[11]
  Ümumiyyətlə, kahin öncəgörmələri Şərqin bir çox xalq­ları içərisində geniş yayılmışdır. Bu zaman müxtəlif va­si­tə­lərdən istifadə edilirdi: bəzən bütlərə müraciət edilir, cin, şəyatin, ruhlar aləmi ilə təmas yaranır, bəzən babillərdə olduğu kimi qurban kəsilən heyvanların daxili üzvləri, xü­su­si­lə qara ciyər "oxunur”, bəzən də yuxu yozumu və s. işə düşürdü.[12]
  İbn Xəldun məşhur "Müqəddimə”sində kahinlərin də pey­ğəmbərlər kimi gələcəkdən xəbər verməsini qeyd edib, onları peyğəmbərlərlə müqayisədə aşağı təbəqə sayır. Çünki pey­ğəm­bərlərə bir çox həqiqətlər tanrı lütfi ilə, aşkar bir vəhylə agah olurdu. Kahinlər isə belə bir imkandan məh­rum­durlar. Təbiət etibarilə naqis olan kahinlər peyğəmbər­lər kimi fitrətən gizli sirlərə yiyələnə bilmədiklərindən onlar kö­məkçi vasitələrə əl atır, bəzi bədən hərəkətləri və sözlər (məs. səcli kəlam) şəffaf cismlər, heyvan sümükləri, bəzi hey­vanlar və quşlar vasitəsilə təxəyyüllərini işə salıb, ruhən qeybiyyata "qovuşurdular”. İbn Xəldun onlara nazil olan vəh­yin şeytan vəsvəsəsi olduğunu bildirir. Onların bu vəsvəsəni izhaf etmək vasitəsi isə səcli və ritmik kəlamdır. Bununla onlar kənar qüvvələrlə təmasa girib, onlardan bəzi  məlumatlar ala bilirlər. Onların dili ilə bildirilən xəbərlər içərisində həm doğrusu, həm də yalanı olur.[13]
  İbn Xəldun göstərir ki, "İbn Səyyad adlı kahindən bu iş  (yəni öncəgörmə-A.Q.) sənə necə agah olur?” – deyə soru­şarkən o demişdir: "Mənə gələn xəbər həm doğru, həm də yalan olur”. "Onda sənin işin dolaşıqdır”– dedilər Çünki peyğəmbərliyin əsas xüsusiyyəti düzlükdür. Bu düz­lü­yü heç bir yalan bürüməz. O, peyğəmbərin Ali Varlıqla heç bir yardımçı və vasitəçi olmadan təmasının nəticəsidir. Kahin isə öz acizliyi ucbatından yardımçı qüvvələrə, yad təsəvvür­lərə əl atdığından bu təsəvvürlər onun qeybi dərk etməsi yolunda bir qarışıqlıq yaradır və onun yönəlmiş ol­duğu prosesə bir dolaşıqlıq gətirir. Bütün bu həngamələr peyğəm­bərlik zamanında yox olur. Necə ki, ulduzlar və bürc­lər Günəşin qarşısında görünməz olur, peyğəmbərlik də bir nur kimi kahinlərin zəif işıqlarını yox edir. İslamın  yaranma­sından sonra bəzi kahinlər peyğəmbərin nübüv­və­ti­ni danıb özləri peyğəmbərlik iddiasına düşmüşlər. Üməyyə ibn Əbis-Salt, İbn Səyyad, Muslimə belələrindəndir. Bəzi­lə­ri isə Taliha əl-Əsədi, Səvad ibn Qarib kimi imanlarının gü­cü ilə xam xəyallarından əl çəkib müsəlman olmuşlar.[14]
  Kahinlər ərəb qəbilələrinin ali, hörmətli nəsillərindən olur­­dular. Əsil-nəcabətli olmaları onların adamlar arasında öz mövqeləri, şərəf və izzətləri ilə seçilməsinə, nüfuz sahibi olmasına kömək edirdi. Bəzi kahinlər öz cəngavərlikləri ilə də şöhrət tapmış, döyüşlərdə iştirak edib adamları şücaətə həvəsləndirmişlər. Züheyr ibn Cənab, Cəzimə əl-Əbs və başqaları cəngavər kahinlər olmuşlar.[15]
 
  * * *
  Kahinlər və onların  gələcəkdən xəbərvermə  bacarığı ilə bəzi maraqlı fərziyyələrlə Məsudinin "Murucuz-zəhəb” əsə­rin­də üzləşirik. Müəllif bəzi müdrik yunan filosoflarının nəfslərini pisliklərdən təmizləyib ruhlarını saflaşdırmaqla varlığın sirlərinə vaqif olduğunu bildirir. Bu, baş verəcək hadi­sələrin surətinin onların ruhi təxəyyülündə əks olun­ma­sı ilə həyata keçir. Eləcə də  kahinlər ruhların paklığı yolun­da tənhalığa meyl edən, insan cəmiyyəti ilə ünsiyyətdən qaçıb zahidiliyə üstünlük verən zümrədir. Onların bir qismi bu sirlərə ayrı-ayrı ruhlar vasitəsilə agah olduqlarına id­dialıdırlar.[16] Bir çoxları isə bildirir ki, kahini qeybə dair xəbərlərdən şeytan acah edir. Məsudi buna Qurani-Kərimdə də işarə edildiyini bildirir:
  "Şeytanlar öz dostlarına bəzi fikirlər təlqin edirlər”.
  Məsudiyə görə, şeytanlar və cinlər qeybi bilmirlər. Onlar mələkləri pusur, onlardan eşitdikləri xəbərləri insanlara çatdırırlar.[17] Məhəmməd peyğəmbərə vəhy nazil olduq­dan sonra kahinliyə son qoyulması söylənilir. Çünki göylərə qalxıb xəlvəti xəbərlərə qulaq asan şeytanlar maneə ilə üz­ləş­mişlər[18] Allah-Təalanın aşağıdakı kəlamında. (Cin surəsi 81) məhz bu hadisəyə işarə edildiyi bildirilir:
 
وَأَنَّا لَمَسْنَا السَّمَاء فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا  وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ
 فَمَن يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَّصَدًا(الجن8-9)
 
  "Biz (cinlər yuxarı aləm əhlinin söhbətinə gizlin qulaq asmaq üçün) göyə qalxmaq istədik, amma onun  gözətçilər və alışan ul­duz­larla dolu olduğunu gördük. Biz əvvəllər (mələk­lərin söhbətinə qulaq asmaq üçün (göyün) bəzi yer­lə­rində oturudruq. Lakin indi kim qulaq asmış olsa, yandırıb yaxan bir ulduzun onu  gözlədiyini görər” 
 (əl-Cinn 8-9)
 

 
 

 Mistik qüvvələrlə əlaqədar olan kahinlərin şəxsiyyəti barədə məlumatlar bəzən əfsanəvi və ağılasığmaz olur.Məs: Şıqq adlı kahinin yarıinsan olduğu söylənilir. Onun bədə­ni­nin ancaq yarısı – bir əli, bir ayağı, bir gözü və s. olub. Cahiliyyət  dövrünün digər görkəmli kahini Satih isə sümü­yü olmayan, yumşaq, tuluğa bənzər bir insan olub. Onun bədəni paltar kimi bükülürdü. Üzü sinəsinə düşmüşdü.[19] Satih sümüksüz olduğundan otura bilmirdi. Ancaq bərk hirslənər­kən püskürüb qabarır və əyləşirdi. Rəvayətə görə, İran şahı gördüyü bir yuxunu yozmaq üçün Satihin yanına adam göndərib. Satih Məhəmməd peyğəmbərin zühur edə­cəyini, əcəm hökmdarlarının sonunun çatdığını bildir­miş­di. Hər iki kahinin təxminən üç əsr davam edən uzun ömür sür­düyü bildirilir. Hər ikisinin İslamın zühuru ilə bağlı öncə­gör­mələri onlara xüsusi şöhrət qazandırmışdır.[20]
  Kahinlik yalnız kişilərə xas bir iş olmamış, qadınlar arasından da  məşhur kahinlər çıxmışdır.Səba dövləti zama­nın­da yaşamış Tarifə adlı kahin qadın ərəblər üçün həyati əhəmiyyətli Mərib səddinin dağılacağı barədə xəbər vermiş­dir.[21] Qadın kahinlər içərisində Hadramautlu Zəh­ra, Həm­dan qəbiləsindən Sulmə, Himyər qəbiləsindən Ufeyra da məşhur olmuşlar.[22]
  Məsudi "Murücüz-zəhəb" əsərin­də Şıqq və Satihlə ya­naşı Səmləqa, Raubəa, Sədif bin Hər­məs, Tarifə, İmran əxu Əmr, Cərisə bint Cəhinə, Bəhilə ki­mi kahinlərin adını çəkir.[23] Cahiz isə ərəblər içərisində ən düzgün kahinlik edib səclə danışanın Sələmə ibn Əbi Hayyə olduğunu göstərir. Sonra o, İslamın zühurunldan sonra ya­lançı peyğəmbərlər sayılmış əl-Əsvad ibn Kəbin, Tuleyhənin, Müseylimənin adını çəkir.[24]
  Fövqəltəbii qüvvələrlə əlaqəyə girib öncəgörmələr söylə­yər­kən kahinlərin çox gərgin bir psixoloji durumda olduğu rəvayət edilir. Kənar ruhla əlaqədə olan kahinlər adətən huş­la­rını itirir, yarıbayılmış  bir vəziyyətə düşür,  bu zaman on­ları tər bürüyür­ü. On­lar adətən zülmət, qaranlıq yerdə ön­cə­görmələr söyləməyi sevirdilər. Çünki zülmətin insan psixikasına böyük təsiri olur. Proses başlayarkən buxu­r yandırılırdı. Beləki, buxur ətrinin ruhlar aləminə  güclü təsir etdiyinə, onları cəlb edib gətirdiyinə inanırdılar.[25]
  Ərəb­lərin kahinləri sınamaq, onların düz danışıb-danış­madı­ğı­nı yoxlamaq adətləri də olmuşdur. Bəzən bir şeyi giz­lədib yerini kahindən soruşur və yaxud ona çətin bir tap­maca deyirdilər və s. Kahinlər isə öz növbələrində  düz­gün kahin­lik etmək üçün cinlərə, ruhlara müəyyən "şirinlik” verməyin lazım olduğunu bildirirdilər.[26]
 
 
 


  * * *
  Kahinlik təsisatının ərəblər içərisindəki köklərinin  sabi­lik­lə bağlı olduğuna yuxarıda toxunmuşduq. Qeyd et­mək lazımdır ki, özündə ulduzlara və digər göy cisimlərinə iba­dət­dən ibarət ilkin inancları cəmləyən sabilik zaman-za­man inki­şaf etmiş, sabi kahinlər məbədlər yapıb həmin məbəd­ləri göydəki ulduzların adı ilə adlandırmış, bu məbədlərin ortasına heykəllər və rəmzlər düzmüşlər. Zaman-zaman sa­bi­lərin məbədlərində  kahinlər öz müqəddəs kitablarının öy­rə­nilməsi  və tədrisi ilə məşğul olmuşlar.[27] Məsudinin "Mü­ru­cüz-səhəb” əsərində Hərran sabilərinin ayrı-ayrı göy cisimlərinə müvafiq adlandırılan, müxtəlif həndəsi fiqurlar şək­­lində  məbədlərinin olduğu bildirilir.[28] Ərəbistan ya­rım­ada­sındakı sabi icmalarının da yeddi əsas göy cisminə  müvafiq məbədləri olması söylənilir.[29]
  Onların öz dini-mistik təlimlərində nə qədər uğur qazan­ma­larını, eləcə də ərəb sabilərinin ayinlərinin mahiyyətini biz Mattanın incilində yer almış aşağıdakı xəbərdə görürük:
  "İsa hökmdar Hirodun günlərində Beytüləhmdə  ana­dan olan zaman, Şərqdən Yerusəlimə münəccimlər gəlib de­di­lər: "Anadan olmuş Yəhudi hökmdarı hardadır? Onun ul­du­zu­nu Şərqdə gördük və ona səcdə qılmağa gəl­dik…” Onların Şərqdə gördükləri ulduz qabaqlarında gedirdi və körpə İsanın olduğu yerə qədər gələrək həmin yerin üzə­rin­də dur­du. Onlar da ulduzu gördükləri zaman çox böyük sevinclə şadlandılar. Evə girib anası Məryəm ilə körpəni gördülər və yerə sərilib Ona səcdə etdilər… Sonra öz məm­ləkətlərinə qayıtdılar (Matta. 2-I2).
  Yunanca əsli "maq” olan söz İncilin yəhudi variantında "haham” kimi  verilmişdir. Ərəb tərcüməsində "məcus”, rus dilində volx, Azərbaycan türkcəsində isə yuxarıdakı parça­dan gördü­yü­müz kimi, "münəccim” sözlərindən münasib variant kimi istifadə edilmişdi. Yəhudi olmadıqları İncil mətnindən məlum olan bu münəccimlərin kimliyi və hara­dan gəlmələri barədə müxtəlif mü­la­hizələr söylənilir. "Maq”, "məcuz” sözləri daha çox atəş­pərəst kahinlərlə əlaqədar işləndiyindən onların İrandan gəlməsi barədə fi­kir­lər möv­cud­dur.[30] Ümumiyyətlə isə «məcus» sözü hər hansı bir kahinə, münəccimə aid edildiyindən onların Ərəbistan­dan, Hindistandan, yaxud Hərrandan gəlmələri də məqbul vari­ant sayılıb.[31] Son zamanlar bu münəccimlərin hz. İsaya gətirdikləri hədiyyələrin daha çox Ərəbistanla əlaqəli olma­sına və Əhdi-ətiqdə də gələcək messiya-peyğəmbərə Ərəbis­tandan və Səba dövlətindən qızıl və hədiyyə oluna­ca­ğına işarə edildiyinə (Zəbur. 71/72. 10,15. İs. 60.3,6) istinad edən müəlliflər bu məcusların körpə İsanın görü­şü­nə məhz Ərə­bis­tandan gəlməsini bildirirlər.[32] Buxur (la­dan) yapışqan kimi olub yandırılarkən gözəl ətir saçır. Yu­xa­rıda Cavad Əliyə istinadən cahiliyyət kahinləri­nin dini ayinlər zamanı bu­xu­run qeyri-adi psixoloji təsirinə inanıb ondan bol-bol istifadə etdiklərini qeyd etmişdik. Ən yaxşı buxur Oman ərazisinə yaxın səhralarda yetişən buxur ağaclarından alı­nır. Bu bitki müqəddəs sayıldığından onun toplanıb hazır­lan­ması hər kəsə etibar edilməz, bu işlə xüsusi adamlar məş­ğul olardı. Buxurdan ətirli maddələr,  əczalar hazırlanır.[33]
  Orta və Yaxın Şərq regionunda qızılın fövqəltəbii qüv­vəsinə inam mövcud olmuşdur. Mirraya gəlincə ondan qədim misirlilər mumiyalaşdırma üçün istifadə etmiş, sonra isə yəhudi və  xristian ayinlərində "məsh” (yağsürtmə) kimi bir əməliyyatda mirra bol-bol işlənmişdi. Ərəb kahinlərinin isə xüsusi təntənəli ayinlərdə mirranın tüstüsünü üfürməyi bildirilir.[34]
  Qeyd etmək lazımdır ki, münəccimlərin hz.İsaya gətirdikləri hədiyyələr onların Ərəbistan mənşəli olduğunu söyləmə­yə ehtimal verirsə, onların məhz ulduza istinadən yol gəlib Beytüləhmə çatmaları bu insanların ərəb sabilərindən olma­sı­nı düşünməyə əsas verir.Məlumdur ki, sabilər ulduzları ru­ha­ni-varlıqlar – mələklərlə əlaqələndirmişlər. Məşhur xris­tian ilahiyyatçısı İohann Zlatoust mənəccimlərə görünən ulduzun bir mələk olmasını bildirmişdir.[35]
  Beləliklə, ru­ha­ni aləmə can atıb göy cismləri vasitəsilə onlarla təmasda olmağa cəhd edən ərəb sabi kahinlərinin bu yolda mü­əy­yən uğur qazanıb gələcəkdən xəbər verldiklərini və peyğəmbər­lə­rin zühuru kimi vacib bəşəri məsələlərdən xəbərdar olmala­rını nəzərə alıb, məhz onların İsa peyğəm­bərin ziyarətinə gəlib, ona səcdə etdiklərini güman etmək yerinə düşər. Sabi kahinlər haqqında söylədiklərimizdən belə bir fikir hasil etmək olar ki, bu zümrə həmin dövrdə okkult elmlərin daşyıcısı olmaqla yanaşı, həm də müəyyən dini ayinləri icra edib. Buna görə də, M.Piot­rov­skinin Ərə­bis­tan yarıma­da­sında kahinlərin digər sami xalqların kahin­lərindən fərqli olaraq müəyyən məbədgahlar, ibadət yerləri ilə bağlı din xadim­ləri olmaması fikri mübahisə doğurur.[36] Müəllif özü Sinay yazılı abidələrin də "Uzza kahini” sözünə rast gəlindiyini etiraf edir.[37] Uzza isə məlum olduğu kimi, ərəblərin məşhur bütlərinldən olmuşdur. Cavad Əli adətən kahinlərin bütlərlə əlaqədar olduğunu söyləyir, bununla be­lə o, evində oturub kahinlik edənlərin olduğunu da bildi­rir.[38]
  Ümumiyyətlə, qədim ərəb sivilizasiyası ətraf xalqların sivi­lizasiyası ilə genetik köklərlə bağlı olduğundan onların mədəni-mənəvi nailiyyətlərinin aşağı səviyyədə olmasını söyləmək və ərəb kahinlərinin bu regionda mövcud olmuş digər kahinlik təsisatlarından (misir, kəldani, arami və s.) zəif olduğunu iddia etmək elmi həqiqətlərə uyğun gəlmir. An­caq İslamın yaranmasından sonra kahinlərin unudulma­sı, onlarla bağlı xəbərlərin məhv edilməsi də təbii idi. Buna görə də, Cahiliyyət dövrünün bu təbəqəsi barədə məlu­mat­lar toplayıb müəyyən fikir söyləmək obyektiv çətinlik­lərlə bağlıdır.

  * * *
 Eyni fikri ərraflar haqqında da söyləmək olar. Ərrafların möv­qeyinin kahinlərə nisbətən aşağı sayılmasını, onların fövqəl təbii qüvvələrə deyil fitri qabiliyyətləri­nə, əşyalar və hadisələr arasındakı bənzərliyə istinadən qaranlıq hadisələr barədə məlu­mat verməsini yuxarıda qeyd etmişdik. Onlar  müxtəlif dolaşıq xətlər çəkib, sonra bu xətlərə uy­ğun öncə­gör­mələr söyləyirdilər. Onlar arasında Haris əl-Xəttat əl-Əsədi məşhur olmuşdur.[39] 
  Ərəblər övladlarının gələcəyini bilmək üçün onları ər­raf­ların yanına aparırdılar. Ərraflar  daha  çox Məkkə  ya­xınlığın­da­kı Ukaz bazarında yığışırdılar. Ərraf uşağın üzü­nə diqqətlə ba­xıb onun cizgilərinə uyğun taleyindən xəbər verirdi.[40] Ərəblər bu qabiliyyəti "qiyafə” və ya "fira­sə” də adlandırırdılar. Ulduzlara uyğun öncəgörmələr də geniş yayılmışdı. Bəzi ərraflar mistik təbabətlə məşğul ol­ma­ğa üs­tünlük verir, ruhi xəstələri müalicə etməyə səy göstərirdilər. Yəməndə Ribah əl-Əcələ, Nəcddə əl-Əblaq əs-Sədi bu sahədə məşhur olmuşdur.[41] Onu da qeyd etmək is­tərlik ki, İslam dini yarandıqdan sonra kahinlik ləğv edil­miş­dir, hətta kahinlər kimi səc üslubunda xütbələr və s. söyləmək də yasaqlanmışdır.
  Həm kahinlik həm də ərraflıq dini-mistik bir təsisat olub cahiliyyət ərəblərinin metofizik biliklərdən xəbərdar­lı­ğına, onların kainatın gizli sirlərinə yiyələnmək sahəsində müəy­yən uğurlar qazanmasına dəlalət edir və bir daha isla­ma­qədərki ərəb sivilizasiyasının zəngin qatlarının araşdırıl­ması zərurətini təsdiqləyir.
 
* * *
  Cahiliyyət dövrünün dini-mistik zümrəsi olan kahinlər barədə araşdırmadan aşağıdakı nəticələr hasil olur:
  –  kahinlər bəşəriyyətin mədəni inkişaf tarixində ilk ziyalı təbəqədir.
  – Cahiliyyət dövründə kahinlik təsisatının intişar tapması qeybə, fövqəltəbii qüvvələrə inamın güclü olmasından do­ğurdu.
  –  Müəyyən dini ayinləri icra etməklə yanaşı, kahinlər həm də gələcəkdən xəbər vermişlər.
  –  Kahinlərdən fərqli olaraq ərraflar keçmiş hadisələr, itən şeylər və s. barədə xəbər verirdilər.
  –  Sabi kahinlər Ərəbistan yarımadasında ilk kahinlərdən sayıla bilər.
  –  İslamın yaranmasından sonra kahinlik bir təsisat ola­raq ləğv edilmişdir.

[1] Zuheyr ibn Əbi Sulmə. Divan. Dərul-kutüb s. 113

[2] Философский энциклопедический словарь. Москва, 1989, с.216.

[3] Dəvavinuş-şuəaris-sittətil-cəhiliyyin. -Qahirə.1968. s. 58. 

[4] Yenə orada. S.269. 

[5] Sibai Bəyyumi. Tərixul-ərəbil arabiyyi. I 1959. s. 70. 

[6] Cavad Əli. Tərixul-arab qabiləl isləm. Bağdad IV. 1993 s. 772. 

[7] Circi Zeydan. Tərixu ədəbil-luğatil-arabiyyəti. I. S. 210. 

[8] Cavad Əli. Tərixul-arab qabiləl-isləm. s.761. 

[9] Cavad Əli. Tərixul-arab qabiləl-isləm. s.759. 

[10] А.Б.Куделин. Арабская словесность VI-VIII вв. Опыт рассмотрения в фольклорно-мифологическом контексте, с.243.

[11] Circi Zeydan. Tərixu Ədəbil-luğatil-arabiyyəti. I. s.211. 

[12] Cavad Əli.Tərixul-arab qabiləl-isləm. s.757 

[13] İbn Xəldun. Müqəddimə Beyrut 1961. s.174-175.

[14] Yenə orada. s.176-178. 

[15] Cavad  Əli. Tərixul-arab qabləl-isləm. VI. 763-764.

[16] Məsudi. Murucuz-zəhəb I. 1303 h. s.233-234.

[17] Yenə orada, s.234.

[18] Cahiz "əl-Hayavan" əsərində bu məsələyə ayrıca bir fəsil həsr etmişdir. Cahiz əl-Hayavan. VI cild, s.494.

[19] Circi Zeydan. Tərixu ədəbil-luğatil-arabiyyəti. I., s.212.

[20] Sibai Bəyyumi. Tərixul-ədəbil-arabiyyi əl-Qahirə. 1959. I., s.71.

[21] Circi Zeydan. Tərixu  ədəbil-luğatil-arabiyyəti. c.I., s.212. 
Məhəmməd Xəfacə. Əl-hayətul-ədəbiyyətu fil-asr-cəhiliyyi əl-Qahirə, s.67-69.

[22] Circi Zeydan. Tərixu  ədəbil-luğatil-arabiyyəti. I., s.212.

[23] Məsudi. Murucuz-Zəhəb. I. 1303 h. s.133.

[24] Əbu Osman Cahiz. Əl-bəyan vat-təbyin I Beyrut. s.355-356.

[25] Cavad Əli. Tərixul-arab qabləl-isləm. VI, s.761.

[26] Yenə orada. s.761-762.

[27] Əbdürrəzzaq əl-Həsəni. Əs-Sabiunə… Lubnən 1918, s.14-19.

[28] Məsudi. Murucuz-zəhəb. I, s.263.

[29] Цветков П. Исламизм. Асхабад, 1912, с.43.

[30] Мифы народов мира. I. Москва. 1980, с.244.

[31] «Наука и религия». 2002, №12, с.64.

[32] Мифы народов мира. I. Москва. 1980, с.244.

[33] Москвалов С. Что принесли волхвы Иисусу. "Наука и религия". 2002. №-I.

[34] Yenə orada.

[35] Москвалов С. Что принесли волхвы Иисусу. "Наука и религия". 2002. №-I.

[36] Пиотровский М.Б. Мухаммед: пророки, лжепророки, кахины – Ислам в истории народов Востока. с.11.

[37] Yenə orada.

[38] Cavad Əli Tərixul-arab qabləl-isləm. VI s.757.

[39] Yenə orada.

[40] Cavad Əli Tərixul-arab qabləl-isləm. VI s.757.

[41] Sibai Bəyyumi. Tərixul-ədəbil-arabiyyi I. 1959, s.71.