Biz imzaları yox, əsərləri dərc edirik...

Həsrət insan vərdişi – Vaqif Bəhmənlinin şeirləri
1520
10 İyul 2018, 12:30
 Artkaspi.az Vaqif Bəhmənlinin şeirlərini təqdim edir:
 
 Rədif qədim – hava təzə
 (Gəraylı üstündə qımıltılar)
 
 
 
 
 Mükəmməl
 
 Hamı istəyir belə;
 qarışmasın su lilə...
 Özünü alır ələ
 hərə bir üsul ilə.
 
 Daş yarır daşa gələn,
 çeynənir dişə gələn...
 Dünyada başa gələn
 nə var ki,  asan ilə!?
 
 Artır ləpə, ötür su;
 dalğa tay-tuşudur su.
 Qayanı üşüdür su –
 bürüyür yosun ilə.
 
 Odlara atır canı 
 verir qəlb imtahanı,
 aşiq yıxır hicranı –
 qovuşur vüsal ilə.
 
 İbadətdi adəti –
 hanı bir an möhləti:
 Mömin qovur qəfləti
 üzündən qüsul ilə.
 
 Mən piyada, sən atda –
 üst qat vardır alt qatda,
 zərrə yox kainatda
 yaransın qüsur ilə.
 
  
 Fanilik
 
 Uzun ömür yolunu
 çapıb bir günə gəldim.
 Yaxın anadan oldum,
 uzaq sürgünə gəldim.
 
 Sevindim ki, azından,
 adam irqinə gəldim;
 meymun kəndirbazına,
 ayı sirkinə gəldim.
 
 Büründüm Allahı mən –
 iman kürkünə gəldim.
 Bəs hanı haqq –
 axı mən
 haqqın mülkünə gəldim!?
 
                                             
 
 Şərtləşmə
 
 Təhnədə un varımdısa,
 səfərə ehtiyac yoxdu.
 Şalvar beldə tarımdısa,
 kəmərə ehtiyac yoxdu.
 
 Sevda can üzrə  küncüt  –
 yeri ürəyin küncü,
 Cüt can birsə,
 üçüncü
 nəfərə ehtiyac yoxdu.
 
 Nadan küləklər əsir –
 hara belə tələsir?
 Başımı müslüm kəsir;
 kafərə ehtiyac yoxdu.
 
 Dərd bala...


 bürü şala!
 Əlacı göydən dilə;
 Tanrı əl çəksə telə,
 tumara ehtiyac yoxdu.
 
 Uduşuna çatdınsa –
 batdın demək, yatdınsa!
 Şuma toxum atdınsa
 qumara ehtiyac yoxdu.
 
 Azca sızılda neydə –
 miskinlik var gileydə...
 Qəlbin uçursa göydə
 qaçara ehtiyac yoxdu,
 uçara ehtiyac yoxdu,
 çapara ehtiyac yoxdu...
 
                                              
 Hanı
 
 Kiçiyi bəy, böyüyü xan –
 Vardır şahanə keçmişim;
 Amma buna sahib çıxan
 oğlum, qızım, qarım, kişim...
 söz kəsəsi, soyum hanı?
 
 Yaş tökürəm zülüm-zülüm,
 Göz bərəldir çat... qapıdan!
 Qulpu qırıq  səhəng gülür –
 su dartıram yad qapıdan;
 Kor quyuda suyum hanı?
 
 Enir göydən şabaş kimi...
 nəyə gərək sübh azanı?
 Qalaqlanır dərd; aş kimi,
 pıqqıldayır su qazanı,
 əndərməyə düyüm hanı?
 
 Eyvanımda əcəl gəzir 
 içim hazır dəli yeri!
 Cüt bükülən dizim əsir...
 Ağlamalı ölü yerim,
 oynamalı toyum hanı?
 
 Baxıram, boşdu xan taxtı –
 güc yoxdu ora çıxmağa?...
 Can qüruba axan vaxtı
 baş hanı yerə soxmağa,
 ucalmağa boyum hanı?
 
                                              
 
 Ömür yolu
 
 Ağıl kəsmir, anadan
 yavaş-yavaş olanda,
 Yekəlir cüt gözü qan,
 tək gözü çaş olan da.
 
 Zəhmət –
 təndi söyüdə;
 dənsiz qalır üyüdən,
 İştah küsür düyüdən
 süfrədə aş olanda.
 
 Fələk gəmini çalxar,
 Yelkən 
 nəm çəkib salxar...
 Ufultu ərşə qalxar
 qəmə qardaş olanda.
 
 Nə ana var, nə ata,
 tər içində yer-yataq...
 əcəl çatar imdada
 yastığın yaş olanda.
 
 Qum ömrü yuyar ləpə;
 Adam sızılar dibə.
 Üstündə qalxar təpə
 Başına daş olanda...
 
 
 Can gəraylısı
 
 
 Gah ağsaqqal bir qocayam,
 gah da nadan nəvə kimi;
 dörd divardan tutum gərək
 çatım deyə evə kimi...
 
 Doludu can dağarcığım,
 Ürək – 
 sevən sığırçınım...
 Qanımda qan qabarcığı
 nüvə gəzən nüvə kimi.
 
 Beca söz xalqı doldurub
 Fırladır çarxı doldurub...
 Axıram, parçı doldurub
 köpüklənən pivə kimi.
 
 Boşalır, dolur gedirəm – 
 ləpirim qalır,  gedirəm!
 İlan yol çalır – gedirəm;
 dözümlüyəm dəvə kimi.
 
 Səbr hanı səbrim həddə - 
 Hirs qoşundu, sinəm səddi!
 Su qaynar yüz hərarətdə,
 Mənsə, qırxda...
 civə kimi.
 
 Yuxu sözü mənə çatmır,
 Yuxusuz həyat həyatmı?
 Diz yorulur,  fikir yatmır
 Axşamdan taa...
 sübhə kimi.
 
 Dövran gedər tutsan necə
 Vaqifə nə gündüz-gecə?
 Yeyirəm ömrümü beləcə
 Xalçayeyən güvə kimi.
 
 
 
 Ayrı
 
 Oğlum eylədi isbat
 can olur candan ayrı.
 Hökmünü verdi həyat – 
 qan axdı qandan ayrı.
 
 Firqət fələyin işi,
 Həsrət insan vərdişi...
 Dolaşır qadın, kişi
 yaranan gündən ayrı.
 Qəbr qutu, can nəzir;
 Hamı haqqa tələsir.
 Müsəlman Allah gəzir 
 imandan, dindən ayrı.
 
 Birlik hara, biz hara? –
 Zənzirbəndik şahlara!
 Uzanar günahlara
 boğaz – 
 ipindən ayrı.
 
 Qat-qarışdı dərə, dam,
 Xeyir adam, şər adam...
 Düşüb dilənər adam
 düşsə cibindən ayrı.
 
 Sünbül zəmidə çin-çin – 
 Oraq biçər,  ya da çin.
 Budaq haçadı, 
 çünki
 qalxmış dibindən ayrı!
 
                                         
 Gözlənti
 
 
 Nə qədər çəkib köçünü
 Qohum təşrif buyuracaq?
 Hamı tərk etsin içimi
 Şahım təşrif  buyuracaq!
 
 Arzu, həvəs, canımdan çıx,
 Şeytan, iblis, canımdan çıx,
 Ey son nəfəs, canımdan çıx,
 ahum təşrif  buyuracaq!
 
 Vaqif ayrı bəşər oldu,
 qazanlarda bişər oldu,
 Varım itkin düşər oldu,
 yoxum təşrif  buyuracaq!
 
 Gen qəbrimi yarım qazar,
 Adımı dik daşa yazar,
 Ağzını aç, gözəl məzar,
 ruhun təşrif buyuracaq!
                                             
 
 
 Eşq gəraylısı
 
 
 Yerə endim qanadında
 Göyüzündə uçan eşqin.
 Övladı var mən adında
 atam-anam qucan eşqin.
 
 Qəfəs içrə ev dustağı
 saxlamadım ağzıbağlı;
 onçun oldu min budaqlı
 kökü dərin, uca eşqim.
 
 Gözəl gördüm, istiləndim,
 odu vurdu,  xəstələndim,
 "Yox” söylədi, 
 tüstüləndi
 bəyaz saçlı baca eşqim.
 
 Günə bir qurban eylədi,
 qəmi yanbayan eylədi.
 Çox ürəyi qan eylədi –
 döndü zalım taca eşqim.
 
 Çəkdim heçin cəfasını,
 Heç görmədim səfasını...
 Hanı səndən vəfalısı
 Qoca qarım, qoca eşqim?!
 


 Dərviş
 
 Min acını yeyər həssas
 bir şirinin xatirinə,
 Qara daşı oyar qəvvas
 gövhərinin xatirinə.
 
 Dərviş tanınar nəyindən? –
 Tutar haqqın ətəyindən,
 qorxmaz cəllad kötüyündən
 bir dərinin xatirinə...
 
 dərdli başa tac qoyar o,
 canı yalavac qoyar o,
 tox bəxtini ac qoyar o
 kədərinin xatirinə.
 
 Vətən candı, səfər köynək,
 Əl boşluqda gəzər ətək,
 Qürbət ölüm olsun, neynək
 səfərinin xatirinə.
 
 Bir səcdədi hər əyimi;
 Söz dikəldər dirəyini;
 qələm deşər ürəyini
 dəftərinin xatirinə.
  
 Zəncirlənmiş dəli olar,
 ölsə, üzüsulu ölər...
 Min tanrının qulu olar
 dilbərinin xatirinə.
 
 Tut
 
 Sənə dərin sözüm var,
 qulağını bəri tut.
 Duru göldə sazan var,
 əlini at, diri tut.
 
 Qəltan eylə qanları,
 mələyi qov, pəri tut.
 Qaçağan ceyranları
 hünərin var,  yeri, tut.
 
 Çox da ki, qalxıb dizə
 yatarını geri tut,
 otluq quldu dəryaza –
 əsas odu, vəri tut.
 
 Ötəri söhbətdi tost,
 haqqı dil əzbəri tut.
 Dünya qonaqlıqdı, dost
 tutsan bir nəfəri tut.
 
 Zillət dəvədi canda –
 demirəm ki, nəri tut.
 Aləm kefə cumanda
 sən yüyür kədəri tut.
 
 Cüt dolur, tək azalır –
 göz yaşını iri tut.
 Dəriyə ləkə salır
 gözdən düşən iri tut.
                               
 
 
 Özümə qalsa
 
 
 Şirə verib bitənə
 Susaram kötük kimi.
 Paylaram yol ötənə
 balımı pətək kimi.
 
 Özümə qalsa çinar,
 gavalı kimi susaram.
 Cabbar oxuyub uçunar –
 qavalı kimi susaram.
 
 Nə sirdi yaxşı yuxu;
 mələyimə deyərəm.
 Pis sözümü axıcı
 küləyimə deyərəm.
 
 Özümə qalsa burub
 hörərəm birçəyimi.
 Dilimə tikiş vurub
 udaram dilçəyimi.
 
 Di gəl açılan sabah
 aralığı qarışdırır.
 Allah dindirir, vallah,
 məni Allah danışdırır...
 
                   
 
 Adi qorxu
 
 
 Deşərsən qalın divar,
 bürcümü oxlayarsan.
 Səni sevməyə nə var –
 Qorxuram, "yox” deyərsən!
 
 Dilində şəkər, zəhər –
 Allaha oxşayırsan.
 Can dartıram birtəhər,
 ölərəm, yox sayarsan...
 
 Cinlər şivən qoparar,
 kimsə qapımı döyməz.
 Mənim bircə qorxum var –
 əlim əlinə dəyməz...
 
 
 Şükran
 
 
 Böyüdü oğlum –
 Toğludu oğlu,
 varımdı oğlu,
 yoxumdu oğlu!
 
 Böyüdü qızım
 Quzumdu qızı;
 Qızıl qızımın
 Özüdü qızı!
 
 Dünyanın payı
 nəyimə lazım?
 Qızıl babayam –
 Allahdan razı...
 
                               
 
 Rəhiləyə
 
 
 Olur,
 hərdən həddimi aşıram –
 həddimə yenib...
 ucalırsan!
 Mən sənə görə
 cavanlaşıram,
 Sən, mənə görə 
 qocalırsan!
 
 Yeddi yana yeriyir Xəyyamlar,
 Şahzadə olur Gülgünlər...
 Ucala-ucala keçir əyyamlar,
 Qocala-qocala keçir günlər...
 
 
  Zarafat 
 
 Getmə gözümdən,  gedərəm özümdən.
 El deyimi.
 
 
 Eşitdim gəzməkdəsən –
 bulvar üstümə gəldi.
 Qu keçən, bəzgək keçən
 yollar üstümə gəldi.
 
 Eyvan asdı özünü,
 qapı çırpdı dizinə,
 güzgü yumdu gözünü –
 divar üstümə gəldi.
 
 Ütü, dəsmal, "urbaşka”,
 qırağı güllü "çaşka”,
 dünyada sənnən başqa
 nə var, üstümə gəldi.
 
 Haray çəkdim hirsimdən
 Xəbər tutmadın ki, sən...
 Kül oldum, cin, əcinnə
 uçub tüstümə gəldi.
 
 
 
 Nə vaxt dincələrəm
 
 
 Əvvəlim heç...
 sonum nə?  
 biləndə dincələrəm,
 qəm qoşunu üstümə
 gələndə dincələrəm.
 
 Kim deyir ki, haramsan?
 Halalsan, mən varamsa...
 Bulud tək ağlaram, sən
 güləndə dincələrəm.
 
 Afiyət olsun de ki,
 çoxu olsun səninki...
 ömrümü nartək iki
 böləndə dincələrəm.
 
 Canım çıxar göz qırpsan,
 sən üzülən son sapsan...
 üzümə qapı çırpsan
 dalanda dincələrəm.
 
 Rəhm et vida anında! –
 mərhəmət var qanında...
 bir gecəlik yanında
 qalanda dincələrəm.
 
 Sən sonuncu yolumsan,
 həm daşlıqdı, həm qumsal!
 Ayıb olar yorulsam...
 öləndə dincələrəm.
 
 
 Yazı tərzi
 
 
 Başına kəmənd atıb
 ram edirəm zamanı...
 Kişnəyir ilham atım,
 nal tutur dörd məkanı –
 mismarı
 canda yazıram!
 


 
 Qələmlə
 xəyanətin
 çıxardıram gözünü,
 Ətdən kəsilir ətim –
 qara bəxtin sözünü
 qırmızı qanda yazıram!
 
 Düşürəm zəmin qata,
 enirəm zirzəmiyə...
 Ruzuya bata-bata
 uzanıb bir zəmiyə
 sünbüldə,
 dəndə yazıram
 
 Vergi belə verilib
 Ya qoyma qol,
 ya qoy qol...
 Gündə yüz yol dirilib
 ölürəm gündə yüz yol –
 onçun da 
 gündə yazıram.