Artkaspi.az Xatirə Nurgülün şeirlərini təqdim edir:

Tənha göyərçin yuvası
Susma,
danış.
Heç
olmasa dalaş,
heç
olmasa ağla,
ağlat,
tək
olmadığımı anlat mənə,
aldat
məni.
İndi
mən
savaş
gedən ölkədə
dünyaya
gələn körpə qədər ümidsizəm,
çarəsizəm,
ya da
tərk edilmiş göyərçin yuvası qədər
kədərli...
Susma,
"səni
sevirəm" de.
Lap
"sevmirəm" de
"nifrət
edirəm",
lap
"danışmıram" de.
Amma
danış, qurban olum,
susmağın
öldürmür məni,
danış,
heç olmasa ölüm...
Bütün yox olanlara
Yoxluq
külək kimidir...
Hərdən
yüngülcə toxunar,
hərdən
çırpılar üz-gözünə,
üst-başına...
İndicə
parkda çərpələng uçuran
uşağa
baxanda
yoxluğu
daha yaxşı tanıdım -
yoxluq
həm də uçurmağa arzuların olmamasıdır...
Həm də
anladım ki,
gözləməyə
adamım,
məktubum,
cavabım
və daha nələrimsə yoxdusa
elə mən
də yoxam...
mən də
yoxam...
Budur
yanımdan adamlar gəlib keçir,
adamlar
baxır yoxluğuma...
Mənimsə
gözlərimdə
onu
uzaqlara yola salarkən
son dəfə
gördüyüm
ağarmış
saçları var hələ də...
Bir də
dönüşün mümkün olmadığını anladan
əşyalarının
boş yeri...
Yoxluq
bir
adamın bir çamodan yeri qədər olan
boşluğudur
həm də...
o
yerin soyuqluğudur...

Bilet
Alnında
dağınıq saçların,
qolunda
qara çanta,
əlində
bilet
və
itirilən bir çox şeylər
səni
apardı bu şəhərdən,
bu
şəhəri məndən...
Anladım
ki, vağzallar
görüş
yox - ayrılıq yeridir
düşüncələri
sərxoş olmayan adamlar üçün.
Əsl
ağlamaq yeridir
qadınlar
üçün.
Silib
göz yaşlarımı
geri
qayıtdım,
hamı
qayıdırdı.
Hərəmiz
öz içimizdə
yeni
şəhərlər tikməyi düşünürdük
...üşüyürdük…
Sirr
Yağış
pıçıltı kimi
yağır
havaya,
sirr
kimi gizlənir torpaqda.
Torpaqsa
buludlara bənzəyir
udanda
yağış damcılarını.
Hər
zaman yerlər gizləyir
göylərin
acılarını.
Bir
azdan yağış heykəlinə dönür
zülmətə
uzanan işıq.
Navalçaların
uclarında döyünür
evlərin
ürəyi.
və
üzündə yağış damcısı
ağlamağı
öyrənir çiçəklər.
Sirini
torpağa açır
yağışda ağlayan qadın...
Təsəlli
Sözlər
darıxmamaq üçündür,
səslər
darıxmamaq üçün...
Filmlər,
fikirlər,
şəkillər,
daha
nələr,
daha
kimlər...
Hər
şey darıxmamaq üçündür,
hər
kəs darıxmamaq üçün...
Hərdən
də sonuncu ağacı kəsər adam,
sonuncu
pəncərəni qırar.
Dənizləri
qurudub
gəmiləri
qaytarar darıxmaqdan...
Hərdən
də daşa dönər adam...
darıxdığındın
götürüb adını yazar
daş üstünə bir yolçu
" İ M Z A S I Z ”.
Heç kim olmamaq da
darıxmaq qədər acı...
Azadlıq saatı
Üfüqlərə qoşulub
ulduzların evini arayan adam
-
gözlərin qaranlıqdı yenə,
əllərin yuxulu.
Onu bil ki, sən
həyat qədər gözəlsən,
ölüm qədər qorxulu.
Bu da mən...
Dənizlərdən uçub gəldim,
trafik qəzalarından,
metro keçidlərindən,
şəhər adamlarının qələbəliyindən
qaçıb gəldim...
və anladım ki, sevmək
qurtuluş qədər genişdir,
azadlıq qədər məhdud.
İndi də
əl-ələ üzürük fikir okeanında...
Sağda bahardır,
solda qış.
Unutmuşuq bütün yanlışların ağrısını,
ayrılıqların səbrini,
bu günü yaşayırıq - aramsız...
Çünki qovuşmaq
darıxmaq qədər sonsuz deyil,
təklik qədər zamansız...

Yanvar ovqatı
O
qədər,
o qədər kədərliyəm ki,
əlimə keçən daşla vura bilərəm quşları,
həyətimizə gələn ikicanlı pişiyi qova bilərəm.
Qonşu evin pəncərələri kimi
uşaqların da qəlbini qıra bilərəm, məsələn…
Məsələn,
kimisə birdəfəlik unuda bilərəm,
yadıma sala da bilmərəm,
bu adamı harda,
nə vaxt gördüyümü
və ya əslində, görüb-görmədiyimi…
Hə,
çox kədərliyəm,
o qədər çox ki,
ağlamağa bəhanə də yox…
Zaman da keçmir,
quşlar da görünmür,
pişik də gəlmir,
qonşu evin pəncərələri taxtadandı…
uşaqlar günahsızdı…
Uşaqlar
günahsızdı…
13-cü hissə
Günəşi
5 yerə böldüm
1-i sübhün
1-i zöhrün
1-i əsrin
1-i məğribin
1-i işanın
Savaşı
4 yerə böldüm
1-i şimalın
1-i cənubun
1-i qərbin
1-i barışın
Dünyanı
3 yerə böldüm
1-i hamının
1-i heç kəsin
1-i uşaqların
…Bölünməyən
təkcə azadlıq oldu.
Qayıq
Geridə qoyub suları,
dalğalanmış sualları,
mübarək duaları -
gedirəm dənizlərin
sonuna qədər.
Arxamca susan əşyalara,
ağlayan uşaqlara
baxa bilmirəm,
baxmıram
”əlvida” yerinə
göz vuran işıqlara.
Sahildə ayağa durub yollar
görənlər deyir "dəlidir”.
Amma həyat
qum üstündə qoyduğum
izlər kimi
qəmlidir...
qəmlidir…
Gedirəm
suların sonuna qədər,
sualların sonuna qədər…
Hüznlü sular
Günlər hüzn
daşıyır sabaha,
saatlar ölümü göstərir yenə...
Sonuncu qatara
gecikmiş kimiyəm...
perronda durmuşam
əlimdə çamadan...
Ya da
limandayam
qucağımda bəyaz çiçəklər...
Gözlədiyim gəminin
gəlməyəcəyini bilirəm indidən.
Günlər hüzn
daşıyır sabaha,
saatlar ölümü göstərir.
Sabah qəzetlər
yeni faciəni yazacaq.
Kimsə terrora bağlayacaq bunu,
kimsə uduzacaq həyata
neçəncisə dəfə.
Orda
uzaqlardasa
batan gəminin geridə buraxdığı
hüznlü suları
yoxsullar paltarlarıyla bəzəyəcə ,
qağayılar səsiylə.
Günlər hüzn daşıyır,
saatlar ölüm...
Gecə qaralaması
Gecə , saat 3:50,
yenə yuxusuz şair.
Hüznlü dodaqlarım
sükuta şeir deyir...
Gecə, saat da keçmir
qar da yağır bayaqdan...
Üşüyən pəncərələr
uğuldayır bayaqdan.
Tənhalığın əlindən
yalnız üzülmək olar.
Bu fevral gecəsinə
qoşulub ölmək olar.
Ya da ki, kölgə kimi
səhərə yox olasan,
xırda-xırda bölünüb
havaya dağılasan.
Hər kəs də elə bilsin
gizlənmisən hardasa.
Çağırsınlar astadan
"Nurgül, Nurgül hardasan?”