Biz imzaları yox, əsərləri dərc edirik...

Həqiqəti ala bilmədim yalanın əlindən – Maya Angelounun şeirləri
2958
16 Mart 2020, 08:56
  Artkaspi.az saytı Fərid Hüseynin tərcüməsində  Maya Angelounun  şeirlərini təqdim edir:
 
  Maya Angelou
 
  Maya Angeleou (1928-2014) Zəncilərin Azadlıq Hərəkatının ən fəal təmsilçilərindən sayılan qadın şair və aktivistdir. O, ABŞ-ın Missouri əyalətinin Louis şəhərində dünyaya göz açıb. Şairin əsl adı Marguerite Annie Johnsondur. Onun dünyaya göz açdığı yerlərdə insanların kölə olması qanuni idi. Bu köləlik vaxt-bivaxt vətəndaş müharibələrinə səbəb olurdu, dava-dalaş, qan-qada gündəlik həyat normalarından idi. Ata-anasını vaxtsız itirən Maya sonralar ona bu adı verən qardaşı Bailay ilə birgə Stamps vilayətinə köçürlər – nənəsinin yanına. 
  Erkən yaşda analıq statusu qazanan şair oğlunu güzəran boğanağından qurtarmaq üçün gecə klublarında rəqqasəlik, müğənnilik edib, hətta qabyuyan işlədiyi vaxtlar da olub. Qələmini fərqli istiqamətlərdə "yorub”: Ssenarilər, pyeslər, hətta kulinariya kitabı da yazıb.  Bir müddət rejissorluq edib. Ömrünün böyük bir hissəsini irqi ayrı-seçkilik yolunda mübarizəyə və qadınların hüquqlarının qorunması məsələlərinə sərf edib. Amerikada onun şəxsiyyətinə və yaradıcılığına həddən artıq böyük rəğbət var. 
  Həmin dövrdə zəncilərin hüquqları olmadığına görə onları qoruyan da yox idi, onlar Allaha təvəkkülü idilər. Zəncilərə təcavüz etmək, az pula, ya havayı çətin işlərdə işlətmək, bir sözlə, ağır həyat Mayanın qəlbində uşaqlıqdan güclülərə qarşı kin-küdurət yaratmışdı. Və beləcə cavanlıqdan onun şeirlərində ictimai məzmun, etirazçı ruh formalşmışdı. O, gənclik illərindən səhnəyə atılıb "Miss Calypso” adlı albom da buraxdırır. Afrika mənşəli olduğuna görə – vətəni daim onu özünə çəkirdi. Maya irqçi Cənubi Afrika rejimi tərəfindən sürgünə göndərilən, "Birləşmiş Afrika” siyasətinin liderlərində olan Vusumzi Maka ilə ailə qurur və Afrikaya gedir. Maka ilə Misirə yollanan Maya, ondan ayrılandan sonra Qanaya gedir. Onun şeirlərində Afrika sevgisi sadəcə o yerlərə cənnət nəzərində baxmaqdan ibarət deyil, xalqını, keçmişini və onlar vasitəsi ilə daxili dünyasını tanımağa yönəlikdir. 
  O, zaman-zaman Amerikaya qarşı etiraz edib: "Heç bir kommunist mənim babamı kölə etməyib, anamı zorlamayıb, atamı linc eləməyib”. Amma  bu cür mövqeyinə baxmayaraq, Amerikada daim sevilib. Bin Kilinton 1993-cü ildə andiçmə mərasimində onun "On the Pulse of morning” ("Səhərin nəbzində”) şeirini oxuyub. 1960-da "İ know why the caged bird sing” ("Bilirəm qəfəsdəki quş niyə mahnı oxuyur”) kitabı çap olunub, nəşr əl-əl gəzib. Həmin kitabda uşaq vaxtı cinsi zorakılıq yaşamasını, liseydə oxuduğu illərdə uşaq doğmasını, bir sözlə, qaradərili olmasına görə üzləşdiyi təzyiqlər, şiddətlərlə bağlı hər şeyi açıq-aydın qələmə alıb.
  Modern ədəbiyyatın nümayəndəsi sayılan bu şair sosial şeirlər yazaraq məşhurlaşıb. Zəncilərin azadlığı uğrunda yazdığı çoxsaylı şeirlər böyük oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanıb. O, XX əsrdə şeirləri ən çox dünya dillərinə tərcümə edilən şairlərdən sayılır.
  İlk şeir kitabı "Ölüb getməmiş mənə bir stəkan soyuq su verin” adlanır. Kitab oxucular tərəfindən böyük məhəbbətlə qarşılanıb, amma ədəbiyyatşünaslar tərəfindən tənqidlərə məruz qalıb, "adi” yazmasını, poetiklikdən uzaq olmasını ona irad tutublar. "De görək qanadlarım mənə necə yaraşır” adlı şeir kitabı isə onu oxuculara məhəbbət şairi kimi tanıdıb – bu xətt onun yaradıcılığının tamam fərqli istiqaməti kimi yadda qalıb. "Niyə mahnı oxumursan, Şaker” şeir kitabında məhəbbət melonxoniyası lap qatılaşır. Amma "Ayağa qalxıram” kitabı ilə ictimai məzmunlu şeirlərini daha kəskin intonasiyada davam etdirir. "Tərpənməyəcəyəm” adlı kitabı ilə də zəncilərin hüquqları, səfil-sərgərdanların şəhər həyatı kimi məsələlərə şeirlərində yeni poetik məna qazandırıb. Onun şeirlərini oxuculara ən çox avtobioqrafik məzmun daşıması sevdirir, hətta onun azadlıq ruhlu şeirləri "Amerika zəncilərinin milli marşı” adlandırırlar. 
  O, sadəcə şair deyildi, həm də sözçü idi: Afrikadan Qərbə zorla gətirilən kölələrin, irqi ayrı-seçkiliyi körükləyənlərə qarşı çıxanların, ağasının dinini qəbul etməyə məcbur olanların sözçüsü idi və şeirlərində bu problemlərə bəs qədər yer ayırıb. Əslində, o, tarix səhnəsindən silinmiş azad qadının ruhlarını şeirlər vasitəsi ilə özlərinə qaytarıb, belə demək mümkündürsə Həvvadan üzü bəri güclü qadınların simvolu mövqeyindən çıxış edib. Onun poetik ritm seçimləri, məcaz sistemləri, "həbsxana nəğmələri” üslubundakı bəzi poeziya nümunələri özünəməxsusdur və bu indivuduallıq onun şöhrətinə şöhrət qatıb. Onun şeirlərində həm də Amerika zəncilərinin, narkomanların arqolarına rast gəlinir... O, bir şair kimi öz poeziyasına fərqliliklərin zənginliyini yaşadıb.
 
 

  Həyat dərsi
 
Hə, bax, bu dəfə də ölürəm: 
Damarlarım tutulur, 
sonra da yatmış körpələrin
bapbalaca ovucları kimi açılır.
Qədim məzarların xatirələri,
ətin çürüməyi,
qurd basmış bədən
məni çəkindirə bilmir
həyata meydan oxumaqdan.
Keçən illər 
və qaçılmaz məğlubiyyətlər
üzümün dərin qırışlarında yaşayırlar.
Gözlərimin parlaqlığını əlimdən alırlar,
mənsə bu dəfə də ölürəm
həyatı belə sevdiyimə görə.
 
  Əvvəldən axıra
 
Yumşal ey zaman, məxmər kimi yumşal.
Əziz sevgilim yoldadı,
parılda var gücünlə, ey solğun günəş,
qızıldan miniklərini hazırla.
 
Yumşal ey külək, ipək kimi yumşal
Danışır hamıdan əziz sevgilim.
Susun quşlar, ey gümüş hülqumlar,
onun qızıl səsini eşidəcəyəm.
 
Gəl ey ölüm, tez-bazar gəl,
qara kəfənim dalğalanır.
Sus ey qəlbim, ölüm kimi sus.
doğmaca yarım məndən ayrılır.
 
  Xatırlamaq
 
Boz xəyalatlar dırmanır qollarıma,
mən təhdidləri görməzdən gələndə
və onlara yalan cavablar verəndə 
zilləyirlər gözlərini gözlərimə.
 
Dini nəğməyə çevrilir dodaqlarımda
didilmiş xəritələr.
Mən daşlaşmış ümidsizliyin pəncəsindəyəm
və ruhumu qəddarlar dilim-dilim doğrayırlar.
 
  Gəl. Və sevgilim ol
 
Yollar iri maşınlarla doludu,
var sürətləri ilə naməlumluğa gedirlər.
İnsan yana bilən hər şeyin axırına çıxır,
bəzisi də həyatını dolayır bir qədəhin belinə.
Və sən hansı səmtə gedəcəyini bilmədən
oturub gözləyirsən.
Belədir, bilirəm.
Gəl. Və sevgilim ol.
 
Bəzi kahinlər deyir ki, 
sabah qiyamət günüdür,
bəzilərisə deyir ki, 
hələ iki həftəmiz də var.
Qəzetlər "növbənöv” 
bədbəxt xəbərlərlə dolub.
Və sən 
hansı səmtə gedəcəyini bilmədən
oturub gözləyirsən.
Belədir, bilirəm.
Gəl. Və sevgilim ol.
 
  İnamsızlıq
 
Həqiqəti ala bilmədim yalanın əlindən,
başa düşə bilmədim xəyallarım gerçək idimi?
Ancaq bircə adam yanıtlmadı gümanımı, – 
o da sən idin.
Üzünün bütün cizgilərinə toxunmuşdum
eşqin tamını dadmışdım
və hazır idim bəlalarına cavab verməyə.
Tilsimli sözlərinlə alt-üst olmuşdum,
ağlım çoxdan çıxmışdı başımdan.
 
  Tək-tənha
 
Dünən gecə uzanıb düşünürdüm:
Suyun heç vaxt susuzlamaqdığını
və çörəyin heç kimə möhtac olmadığını.
Görəsən, özümə sığınmağa bir yer tapa bilərəm?
Bircə fikir gəldi ağlıma:
və qətiyyən yanılmamışam:
Heç kim,
heç kəs
tək baş saxlaya bilməz burda?
 
Tənha, tək-tənha
heç kəs,
heç bir Allah bəndəsi 
baş saxlaya bilməz burda?
 
Bəzi cibidolular var,
amma qıymazlar pullarına.
İfritələr kimi gəzirlər arvadları.
Daşlaşmış qəlblərinin şəfa tapmaq üçün
"bahalı” həkimlərə gedirlər.
Amma heç kim,
yox, yox, heç kim 
tək baş saxlaya bilməz burda?
 
Tənha, tək-tənha,
heç kəs,
heç bir Allah bəndəsi 
baş saxlaya bilməz burda?
 
Əgər diqqət kəsilsən,
mən hər şeyi sənə danışacağam:
Fırtına buludları bir yerə cəm olur:
tufan qopmaq üzrədir.
Adəmoğlu iztirab məngənəsindədir:
Eşidirəm, iniltiləri gəlir qulağıma.
Çünki heç kəs,
hətta heç kim
tək baş saxlaya bilməz burda?
 
Tənha, tək-tənha,
heç kəs,
heç bir Allah bəndəsi 
baş saxlaya bilməz burda?
 
  Elan
 
Zəngi bas,
yeməyi hazırla,
gümüş medalı as boynuna.
Ev sahibi qapını döyür,
kirayə pulunu düzəltmişəm,
verəcəyəm bir az sonra.
 
İşıqları söndür,
nəfəs alma,
ürəyimi qoy ovuclarına.
Qovulmağımdan cəmi iki həftə keçib,
artıq kirayə pulunu ödəməyin vaxtı çatıb.
 
  Nyu-Yorkda yuxudan oyanmaq
 
Pərdələr küləyə sinə gərir,
uşaqlar yuxularında mələklərlə
dəyiş-düyüş edirlər xəyallarını,
bütün şəhər özünü sürüyür 
metro stansiyalarında.
Mənsə bir təhlükə işarəsinə,
"müharibə  başlayacaq” 
dedi-qodusuna yuxudan oyanıram,
dan yeli sökülənə qədər uzanıram,
nə halımı soruşan var,
nə də bir maraqlanan.
 
  Qadın işi
 
Uşaqlara baxmalıyam,
çoxlu pal-paltar var yumağa,
döşəməni silməliyəm,
gərək toyuğu da qızardam,
uşağın altını dəyişməliyəm,
əlimə baxan acları doyurmalıyam,
bağçadan otları yolmalıyam,
köynəklər mütləq ütülənməlidi,
uşaqların əynini geyindirməliyəm,
uzanan otları yolmaq vaxtıdı,
komamı da təmizləməliyəm,
hələ gedib xəstələrə də baxacam,
sonra da tarladan pambıq yığacam.
 
  Deyirlər ki...
 
Biri maraqlanıb soruşur ki,
mənim kimi ağıllı-kamallı bir qız
niyə özünə düz-əməlli bir iş tapıb,
normal maaşa işləmir,
ona xırdalıqlarına qədər başa salıram ki,
lap balacalar belə
adam kimi yaşaya bilməz burda
pul qazanmasa.
 
Maraqlanıb soruşur ki,
səni niyə bir həftədi gözləyirəm,
amma mənə nələr elədiyini deməyə
sözlərin gücü çatmır.
Suların, sellərin axışı var sənin yerişində – 
bunları danışıram onlara.
Nə hissləri keçirdiyimi o dəqiqə bilir –
gözücu üzümə baxmaqla.
 
 
 
  Nağıl
 
Həmişə qorxardı kişilərdən,
ən çox da gecələrin sövq elədiyi 
günahdan və kef-damaqdan.
Nə vaxt ki, bir yataq görürdü
o saat beynindəki kilid
şaqqıltıyla bağlanırdı.
 
Qaşlarını çatdı
və bircə nəzərlə bağladı
o açar deşiyini.
Çalın-çarpaz bir zəncir asdı qapısına –
fikrini möhürlədi.
 
Sümükləri tapıldı
hardasa otuz il sonra.
Yerində maşın dayanacağı
tikmək üçün evini uçurdanda.
 
Ölüm səbəbini sənədləşdirdilər:
dozasından artıq insanlıq.
 
  Evlərinə qayıtdılar
 
Evlərinə qayıtdılar – arvadlarının yanlarına.
Dedilər ki, mənim kimi bir adamı 
heç vaxt tanımayıblar.
Amma... Qayıtdılar evlərinə...
 
Mənə dedilər ki, "evin nə yaxşı təmizdir”,
dilimin şirinliyindən dəm vurdular,
Aydındır: bir az da sirli görünmüşəm gözlərinə.
Amma... Qayıtdılar evlərinə...
 
Bütün kişilər tərif yağdırardılar mənə:
"necə gözəl gülüşüm, ağlım və yancaqlarım var”.
Yenə də bircə gecə keçirdilər mənimlə, ya da iki.
Amma...