Biz imzaları yox, əsərləri dərc edirik...

Lermontovun ölümü – duel, yoxsa qətl? - Xanım Aydın yazır
1278
12 Yanvar 2021, 10:52
 Artkaspi.az Xanım Aydının "Lermontovun ölümü – duel, yoxsa qətl?" adlı yazısını təqdim edir:
 
 Dahi rus şairi, prozaik, dramaturq və rəssam, cəmi 26 il ömür sürmüş Mixayıl Lermontovun (1814-1841) yaradıcılığı ilə bütün dünya tanışdır. Əsərləri olduqca məşhur olan Lermontov deyilənlərə görə çox mürəkkəb xarakterli, təzadlı bir şəxsiyyət olub. Onu yaxından tanıyanlar deyirdi: "Olduqca kaprizli və əsəbi xarakteri vardı. Gah ifrat dərəcədə nəzakətli, gah dalğın, diqqətsiz olurdu. Tez-tez əhvalı dəyişirdi: gah şən olurdu, gah da kədərlənirdi. Saatlarla susa bilərdi, kimsə həmin vaxtda ona müraciət etsə, sərt və kəskin cavab eşidərdi".
 

 Bəlkə də, Lermontovun ölümü elə xarakterinin bu qədər təzadlı olmağının nəticəsiydi. Bəli, bunun da müəyyən bir rolu olmuşdu. Lakin burada şairə əl qaldıran adamın da psixoloji obrazını nəzərə almaq lazımdı. O da mələk deyildi. Gəlin, nəticə çıxarmağa tələsməyək, hadisələrin xronologiyasına birlikdə nəzər yetirək.
 Mixayıl Yuryeviçin anası gənckən – 21 yaşındaykən vərəmdən dünyasını dəyişib. Balaca Mişanın o zaman 3 yaşı olub. Atası Yuri Petroviçsə elə də abırlı adam olmayıb. Elə hey könlünü oxşayan qadınların dalınca qaçıb, bu da, əlbəttə ki, həyat yoldaşının ölümünü daha da tezləşdirib. Qadının ölümündən sonra o, balaca Mişanı nənəsinin qəyyumluğuna buraxaraq çıxıb gedib və 1831-ci ildə 44 yaşındaykən dünyasını dəyişib.
   Mişanın tərbiyə və təhsiliylə nənəsi Yelizaveta Alekseyevna Arsenyeva məşğul olub. Onu təhsil almaq üçün Moskva Universitetinin nəzdində oğlanlardan ibarət nəcib pansionata verir. 1830-cı ilə kimi orda təhsil alıb və sonra Moskva Universitetinin siyasət şöbəsinə daxil olsa da, sonradan sözçülük şöbəsinə keçib. O, Belinski və Stankeviçlə eyni vaxtda oxuyub. Ali təhsil ocağında bəzi professorlarla münasibəti korlanıb. Elə bunun özü də onun necə çətin xarakterli olduğunun göstəricisidir. Müəllimlərlə yola getməyən Lermontova 1982-ci ildə Universiteti tərk etməyi məsləhət görüblər.
 Gənc Mixayıl Sankt-Peterburqa köçüb və burada təhsilini davam etmək qərarına gəlib. Lakin ona Moskvada aldığı 2 illik təhsilin üstündən xətt çəkib yenidən 1-ci kursda oxumağı təklif ediblər. O razılaşmayıb, I Aleksandrın 1823-cü ildə yaratdığı elit hərbi məktəbə qəbul olunub. 1834-cü ildə hərbi məktəbi bitirən kimi onu Qusar alayının leyb-qvardiyasına korney kimi xidmətə göndəriblər. Bu dövrlərdə şairin yaradıcılığı ancaq dar bir çərçivəyə – dost-tanışına məlum idi. Lermontov dueldə ölən şair Aleksandr Sergeyeviç Puşkinə həsr etdiyi "Şairin ölümü” şeirindən sonra məşhurlaşır. Bu şeir cəmiyyətdə "partlayış” yaradır və gənc şairin adı bütün Rusiyaya yayılır.
 

 
 22 yaşlı heç kimin tanımadığı Qusar alayı leyb-qvardiyasının kornetini bir anın içində məşhurlaşdıran "Şairin ölümü” şeirini indi oxuyanda onu Lermontovun ölümünə də aid etmək olduğunu düşünürəm. Puşkinin ölümünə səbəb olan Dantesin Martınovla oxşarlığı çoxdur. Zahiri görünüşcə hər ikisi ucaboy, yaraşıqlı, sarışın idilər. Xarakterlərində müəyyən oxşarlıqlar var. Hər ikisi də qadınların çox xoşuna gəlir, zəfərləriylə öyünürdülər. Və hər ikisi də Kavalerqard alayında xidmət edib, elə hər ikisi də dahi insana "əl qaldırıblar” Bircə fərq budur ki, Dantes əcnəbi, Martınovsa rus idi. Martınov haqında daha sonra danışacağıq.
 
 Lermantov və duellər
 Çətin xarakterinin olmasına baxmayaraq, qeyd etməliyəm ki, Lermontov 1840-cı ilə kimi heç bir dueldə iştirak etməyib. 1840-cu il şairə yeni həyəcanlar gətirir. Fevralın 16-da qrafinya Lavalın evində şairlə fransız səfirinin oğlu Ernest de Barant arasında mübahisə düşür. Və mübahisə Ernestin Mixayıl Yuryeviçi duelə çağırmasıyla nəticələnir. Fevralın 18-i baş tutan duelin birinci hissəsində Lermontov sinəsindən qılınc yarası alsa da, ikinci – tapançayla olan hissəsində fransızı vurmaq imkanı tapsa da gülləni havaya açır. Bundan sonra rəqiblər bir-birinin əlini sıxıb gediblər. Lakin Lermontov fransız Ernest de Barantla duelinə görə həbs edilərək, hərbi məhkəməyə verilir. Hökmdarın istəyi ilə onu Qafqaza göndərirlər, bu dəfə Tengin piyada polkuna. General A.V.Qalafeyevin çeçen alayında o, hərbi ekspedisiyada iştirak edir, Çeçenistan və Dağıstanda olur. Bu dövrün parlaq və kəskin təəssüratları "Valerik" və "Vəsiyyət" şeirlərinə öz təsirini göstərir.
 Lermontov 1840-cı ilin aprelində Qafqazda gedən döyüşlərdə qəhrəmanlıq göstərib. Komandanlıq cəsarətinə görə "qızıl qılınc” və orden almaq üçün ondan ötrü dövlətə müraciət etsə də, çar bütün bu təqdimatları rədd edib. Məsələ burasındadır ki, I Nikolay cavanların canını alan duellərin qəti əleyhinəydi. Dueldə hər bir iştirak şahın gözündə ciddi qəbahət, günah sayılırdı. Buna görə də, şairin qəhrəmanlığı qiymətləndirilmədi. 
 Nikolay Solomonoviç Martınovla (1815-1875) dueli lap əvvəldə – Verzilinlərin evindəki mübahisədə heç kim ciddiyə almayıb. Evin qonaq otağında Lermontovun Martınovla – şairin Yunker məktəbindən olan keçmiş yoldaşı, həmin vaxtda isə Qrebensk kazak polkunun istefada olan mayoruyla sözləri çəp gəlib. Lermontov onu xanımların yanında ələ salıb və bu, onun heysiyyətinə toxunub. 1841-ci il iyulun 15-də yaranan mübahisə Martınovun axşam saat 6-7 radələrində Lermontovu duelə çağırması ilə bitib. Lakin dostları kimi Lermontov özü də bu dueli ciddiyə almayıb: axı onlar yaşıdıydılar, Peterburqda Yunker məktəbində tanış olmuşdular, dost idilər. Martınov da atıcı kimi "çəpgözün biriydi”, sərrastlığı və cəsarəti ilə də xüsusi seçilmirdi. Dueldən qabaq Lermontov dostlarıyla birgə piknikdə arxayıncasına, heç bir həyəcansız-filansız nahar edib. Elə dostlar da dueldə onların barışacağına əmindilər. 
 Lakin iyulun 15-də Maşuk dağının ətəklərində sekundantlar M.P.Qlebov və A.İ.Vasilçikov, A.A.Stolıpin və S.V.Trubetskinin şahidliyi ilə duel baş tutub! Mixayıl Lermontov Nikolay Martınovun gülləsnə tuş gələrək dünyasını dəyişib...
 Lermontovun dəfni dueldən bir gün sonra – iyulun 17-də keçirilib. Xidmət göstərdiyi dörd polkun nümayəndələri şairi son mənzilə yola salıblar. Lermontovun meyiti olan tabutu qaldıran zabitlər onu Maşukun ətəyinə – köhnə Pyatiqorsk qəbiristanlığına kimi çiyinlərində aparıblar. Lermontov səkkiz ay köhnə Pyatiqorsk torpağında uyusa da, şairin nənəsi Yelizaveta Alekseyevna Arsenyevanın uzun sürən əziyyətlərindən sonra cəsədin qalıqlarının Tarxandakı doğma malikanələrinə aparılmasına icazə ala bilib. Şairin cənazəsini ailə sərdabəsində, anasının məzarının yanında dəfn ediblər. Qəribə faktdır ki, Lermontovun "duasız, xaçsız, qanlı qəbir” öncəgörməsi reallaşdı: Tarxana köçürülməsi üçün qəbir və qəbirüstü abidə götürüləndə tamamilə ovulub getmişdi. Onun ancaq dostu şair Arnoldi tərəfindən çəkilmiş şəkli qalıb. 
                                                                                                                 
 Duel, yoxsa qətl?
 
 "Bu duel deyildi, qətl idi!” Bunu Lermontovun dostu, müharibə qəhrəmanı, duellər "şahzadəsi”, Tolstoyun "Hərb və sülh” əsərindən Doloxovun prototipi olan Rufin Doroxov əminliklə deyirdi. Lermontovun ölümündən sonra bu faktı onun digər dostları da təsdiqləyib: "1841-ci ilin 15 iyununda baş tutan qanlı dueldə şair rəqibinə atəş açmaqdan imtina edərək nümayişkarcasına tapançanı yuxarı qaldırıb. Lakin Martınov bu jesti dəyərləndirməyib, şairə güllə açıb”.
 Maraqlıdır ki, Lermontovla Martınovun duelindən yazmağa düz 30 il qadağa qoyulub. Sonradansa bu barədə cild-cild yazılar yazılıb. Lakin bu günə qədər də praktiki olaraq dəqiq heç bir şey məlum deyil. Hətta mənbələrdə qeyd olunsa da, duelin baş tutduğu məkan və Lermontovun Pyatiqorsk qəbiristanlığında ilkin dəfn olunduğu yer də dəqiq deyil. 
 
 
 

 Dueldən sonra nə baş verdi? Lermontovun ölümü cəzasızmı qaldı? Əslində, Nikolay Solomonoviçi qətldə günahlandırmaq olar. O, atəşini havaya açan adama güllə atıb. Yəni, silahsız adama atəş açıldığı üçün bunu duel yox, artıq cinayət adlandırmaq lazımdır. 
 İstintaq zamanı duel iştirakçıları hərəsi bir cür ifadə verib. Ümumiyyətlə, qeyd edim ki, bu işdə bir-birini təkzib edən bir çox məsələlər var. Məsələn, "Lermontov tapançadan atəş açıbmı?” sualına Martınov heç bir cavab verməyib. Qlebov atəş açmadığını, Vasilçikovsa tapançanı boşaltmaqdan ötrü dueldən sonra özü atəş açdığı deyib. Amma istintaqa onların düzgün ifadə verməsi olduqca vacib idi!
 O dövrdə hökm sürən qanunlara əsasən, dueldən ötrü verilən ən ağır cəza edam idi. Martınovsa törətdiyi əmələ görə çox yüngül cəza alıb. Cəmi 3 ay qaupvaxtada (hərbi qulluqçular üçün dustaqxana) dustaq həyatı yaşayıb. Günahkarı, həmçinin kilsə tövbəsinə də məhkum ediblər və o, 5 il müddətində Kiyevdə dini cəza çəkib. Martınov altmış il var-dövlət içində, əla yaşayıb. 
 İndiyə qədər Lermontovun, doğrudan da, havaya atəş açıb-açmadığını dəqiq bilən yoxdur. Amma hər halda o, bu dueli, həqiqətən də, istəmirdi. Axı dostuna atəş aça bilməzdi. Lakin onun taleyi başqa cür yazılıb və təəssüflər olsun ki, duel qanlı faciəylə sona yetib.
 Daha bir fakt: Lermontov təxminən saat 18:30 radələrində öldürülüb. İştirakçıların hamısı bir ağızdan deyirdilər ki, şair atəş açılandan dərhal sonra dünyasını dəyişib. Ona görə də onlar yağışın altında ya həkim, ya da araba dalınca gediblərmiş. Amma bu heç bir nəticə verməyib. Belə havada (hava yağışlı, küləkli olub) heç kim ora getmək istəməyib. Və ancaq saat 21 radələrində araba tapılıb və sel kimi yağışın altında qalan Lermontovu qulluqçular evə aparıblar. Lakin qulluqçu Xristofor Sanikidzenin belə bir ifadəsi var: "Biz Mixayıl Yuryeviçi aparanda o hələ sağ idi və güclə eşidilən tərzdə deyirdi: mən ölürəm. Sonrasa yolun ortasında səs kəsildi və öldü”.
 Tutalım ki, baş tutan dueldə Lermontov ya ölmüş, ya da yaralanıbmış. Bəs onda niyə müharibə görmüş döyüş zabitləri dostlarını yağışın altında ölümcül vəziyyətdə qoyub küçəbəküçə mifik həkim və ya araba axtarmağa gediblər? Axı o adamların hər biri imkanlı idi. Özlərinin atları, adamları vardı və onlar şairi tibbi yardım almaqçün daha tez xəstəxanaya çatdıra bilərdilər. Bundan başqa, dağ adamlarının və ordunun yaralıları və meyitləri sadə, köhnə üsulla – yəhərdə aparmaq qaydası da var. Və onlar da, əlbəttə ki, bunu bilirdilər. Hər halda qan itirən adama belə daha çox köməklik göstərmək olardı. Bəlkə də, Lermontovun sağ qalmağı onlara sərf etmirdi. Niyə belə etdikləri sual altındadır. Təəssüf ki, indi bunu araşdırmaq mümkün deyil.
 

 
 İstintaq sənədlərində bir-birinə uyğun gəlməyən, bir-birini təzkib edən ifadələr bəs deyincədir. Hətta dustaqxanada olan Martınova gələn və özünün duel şahidlərinə yazdığı məktublar da araşdırmaqdan ötrü ayrıca bir materialdır. Məktublarda şübhəli yazışmalar var. "Məhkəmədə sən belə deyərsən, mən bu cür ifadə vermişəm" tipli sözləşmələr də açıq-aydın görünür. 
 Mən bircə buna əminəm ki, istintaqçıların Lermontovun ölüm səbəblərini araşdırıb açmağa, 15 iyul 1841-ci ildə, doğrudan da, nəyin baş verdiyini öyrənməyə bütün imkanları vardı. Lakin onlar nədənsə hadisəni, sanki ört-basdır eləməyə daha çox meylliydilər. 
 Ömrünün son aylarını Pyatiqorskda keçirən Lermontov rus ədəbiyyatında keçilməz zirvə sayılan bir sıra şeir yazıb. Sofiya Karamzinaya məktubunda yazır: "Bilmirəm bu nə qədər sürər, amma bura köçəndə məni poeziya, yəni şeir iblisi ələ aldı..." Dostoyevskinin diliylə desək, "Martınovun atəşi dahiyanə yaradıcılığın bütöv bir selini, nahəyətsizliyini qırdı". 
 Maşuk çəmənliyinə yıxılan Lermontov ölmədi. Həmin an o, ölümsüzlük qazandı...
Xəbər lenti