Biz imzaları yox, əsərləri dərc edirik...

Haqqa - ucaya and olsun – Paşa Talıblının şeirləri
192
26 Fevral 2021, 10:03
 Artkaspi.az saytı Paşa Talıblınınşeirlərini təqdim edir:
 
"...nəfəs var,
çox şükür çox şükür!"
                              (O. Vəli)
 
And olsun, and olsun, qardaş,
gülə-çiçəyə and olsun!
... and olsun şair deyiləm,
bəxtə gerçəyə and olsun!
 
...and olsun vaxtın darına,
ağaca, onun barına.
...ötən durna qatarına,
qurda, böcəyə and olsun!
 
..and olsun işığa, şama!
Şair deyiləm...oxşama!
...dünənki saleh axşama,
gələn gecəyə and olsun!
 
...eh kimsə deyir, deyirəm-
eləcə şeir deyirəm!
...and olsun şair deyiləm,
Haqqa - ucaya and olsun!
 
 
 
***
Gecənin əli yox, ayağı yoxdu...
Canıma yapışmış yosundu gecə.
...sevmək var gecənin birində hələ,
hələ dərd çəkməyə uzundu gecə.
 
...uzun gecələrdə mən kiməm, axı?—
nə elə çaparam əməlli-başlı
nə elə minməyə atım da yoxdu.
...hardasa üstümdə tanrı kölgəsi,
hardasa öz kölgəm altımda yoxdu.
 
...gecələr özümə qayıtmaq çətin,
gecələr özümdən qaçıram...olmur.
Gündüz dərdləridi gecə dərdləri...
Gündüzlər çəkməyə macalım olmur.
 
...gecələr yatıram üzü dərdimə,
özümü dərdimə bükürəm, qardaş!
...gündüzlər çəkməyə həvəsim olmur,
mən dərdi gecələr çəkirəm, qardaş.—
...mən harda gizlənim bu gecələrdən?
 
...bu dərdin əlindən hara qaçım mən,
bəlkə qaçım burdan orda gizlənim?
...mən harda gizlənim bu gecələrdən?
Mən özüm-özümdən harda gizlənim?
 
...şer yazmaq günahmı? günahlarımı
sağımda-solumda mələklər yazır.
...başımın üstündə dar ağacıdı,
altında həmişə ölümüm hazır—
...mən harda gizlənim bu gecələrdən?!
 
 
*
Tapdadı içimi atlı qarışqa,
tapmadı içimi adlı qarışqa-
Qağayı burnutək duzlaşıb içim.
 
Göylərə yaraşır elə göy adı...
Mənim şeirlərim elegiyadı,
mənim şeirlərim başsağlığıdı.
 
Öldü, sevə-sevə barama qurdu -
bəxtəvər başına, baramaqurdu,
bəxtəvər başına-hazır evin var.
 
Göynədir qafamı buz kimi sürgün...
Adsız şairləri qabaqda bir gün
atsız yəhərlərin günü gözləyir.
 
Paşa Talıblı
Rusiya...Volqoqrad şəhəri