Artkaspi.az saytı Sara
İbrahimin "Gözüm yollarda qalanda"
adlı hekayəsini təqdim edir:
Bir zamanlar çox məşhur bir mahnı vardı. Radioda, televiziyada tez-tez bu mahnını səsləndirərdilər.
Mahnının sözlərində aşiq sevgilisini əsən yellərdən, rüzgarlardan soraqlayıb xəbər
alırdı. Sözləri təxminən beləydi: "Əsən yellər, əsən yellər, sevgilimdən mənə
xəbər, solanda narın çiçəklər, gül yanağım solmasınmı”.
Məktəbimizdə fizika müəllimimiz həm də gözəl
tar çalırdı. Məktəbimizin tədbirlərində
ifa edəndə tarın simlərindən qopan könül oxşayan nəğmələri dinləməkdən həzz
alardıq.
O, sonralar
çalmağı, oxumağı bacaran istedadlı uşaqları bir yerə yığıb özfəaliyyət dərnəyi
yaratdı. Bizim sinfimizdən iki nəfəri – Aliyə adlı sinif yoldaşımla məni də həmin dərnəyə dəvət etmişdi.
Bayram tədbirlərinə bir ay qalmış məşqlərə
başlayırdıq. Dərsdən sonra çalıb-oxuyan uşaqların səsi məktəbi başına götürərdi.
Bəzən elə olurdu ki, eyni mahnını hamı oxumaq istəyirdi. Bu zaman "repertuar”
üstündə qırğına çıxırdıq.
Növbəti tədbirə
hazırlaşırdıq. Ansamblın rəhbəri üzünü
bizə tutub kimin hansı mahnını oxuyacağıyla maraqlananda, hamıdan qabaq mən
dilləndim: "mən "əsən yellər” i oxuyacağam”.
Sakit, utancaq
təbiətli Aliyə ondan heç gözləmədiyim inadkarlıqla:
– Bu mahnını mən oxuyacam! Müəllimlə bu barədə
razılaşmışıq, – dedi.
Üzümü sinəsinə
sıxdığı tarını kökləyən müəllimə çevirdim. O, Aliyənin dediklərini təsdiq elədi:
– O mahnını
Aliyə oxuyacaq. Onun səsinə daha uyğundur, həm də səndən əvvəl o demişdi.
Özümü bu
mahnını oxumağa hazırladığımdan,başqası haqqında heç düşünmək də istəmirdim. Evdə bütün günü səsimi başıma atıb evdəkilərin də baş-qulağını aparmışdım. İndi
mahnımı məndən alırdılar deyə, acıq edib məşqdən getdim. O gündən yaxın rəfiqəm
olan Aliyədən incidim. Ondan kənar gəzirdim. Özü məni nə qədər danışdırmağa,
mehribanlıq etməyə çalışsa da, onula barışmırdım. Mənim bu qədər inad etdiyimi
görüb bir dəfə:
– Mən
başqa mahnı oxuyaram. Onu sən oxu, amma mənimlə danış, – dedi.

Ansamblın rəhbəri
də mənim tərslik etdiyimi görüb, həmin mahnını Aliyədən alıb mənə verəcəyini
deyəndə, yumşaldım: "Daha istəmirəm, qoy Aliyə oxusun, mən başqa mahnı
oxuyaram”.
Bayram tədbirində
hamı sırayla səhnəyə çıxıb hazırladığı
mahnını, ya da şeiri ifa edərək səhnəni tərk edirdi. Mənim çıxışım Aliyədən əvvəliydi.
Həvəssiz növbəmi yola verib, zaldakı tamaşaçı uşaqların yanında yerimi tutdum. Aparıcı
Aliyəni səhnəyə dəvət edib mikrofonu ona uzatdı.
Aliyənin
tən ortadan ayırıb hördüyü qoşa hörükləri, çəhrayıya çalan, bənizinə xüsusi gözəllik
verən qapqara, yanağını döyən uzun kiprikli iri gözləri, geyindiyi ağ önlüklü məktəbli
forması ona çox yaraşırdı. Onun gözləri həmişə məni cəlb edirdi. Qapqara gözləri
bir az içəriyə batdığından, mənə köşək gözlərini xatırladırdı. Çəhrayıya çalan
üzü mərmər kimi təmiziydi. Aliyə məktəbimizin gözüydü. Mülayim təbiətinə, mehribanlığına
görə hamımız onu çox istəyirdik.
O, oxumağa
başlayanda zalda səs-küy kəsildi. Yanıqlı, ürəyəyatımlı səsiylə, boynunu azca
yana əyib gözlərini yumaraq içdən, sanki oxuduğu bu qəmli mahnının sözlərini yaşayırmış kimi, zaldakıları, onu müşaiyət edənləri
unudub oxuyurdu:
Dağları duman alanda,
Gözüm
yollarda qalanda,
Yadıma səni salanda,
Gözüm yaşla dolmasınmı...
Mahnı bitəndə zala bir anlıq sükut çökdü. Aliyənin
cingiltili, yanıqlı səslə ifa etdiyi mahnı bizi sehirləmişdi. Qəfil qopan alqış
sədaları divarları titrətdi. Onu ən çox
alqışlayanlardan biri də mən idim.
Səhnədən
düşüb mənə yaxınlaşdı. Qarşımda dayanmışdı. Mən
hələ də onunla danışmırdım. İndi hiss elədim ki, onun üçün nə qədər
darıxmışam. Onu nə qədər sevdiyimi də indi anladım. Yox, onu nə qucaqlayıb
bağrıma basdım, nə də gözəl yanaqlarından öpdüm. Günahsız, məsum baxışlarıyla məndən
üzr istəyirmiş kimi baxan gözlərinə baxıb sadəcə gülümsədim. Biz onunla belə
barışdıq.
O gündən sonra
Aliyəylə dostluğumuz daha da möhkəmləndi. O, məndən heç nəyi gizlətmirdi. Sirlərini
yalnız mənə etibar edirdi.
Sonuncu tədbirdəki
möhtəşəm ifadan sonra Aliyə hamımızın gözündə başqalamış,məktəbimizin ulduzuna
çevrilmişdi.Son zamanlar onda bir dəyişiklik
hiss edirdim. Çox şən olmuşdu. Gözlərində bir parıltı,sevinc hiss olunurdu.
Bir dəfə dərsdən
çıxıb evə gedəndə, çantasından dörd qatlanmış bir kağız çıxardıb mənə göstərdi.
Bu, bizimlə bir sinifdə oxuyan Sulduz adlı oğlanın ona yazdığı sevgi məktubuydu.
O gündən, Aliyə ona yazılan məktubları mənimlə birlikdə oxuyurdu. Bir dəfə mənə
dedi: "İstəyirəm bunlar səndə
qalsın, evə apara bilmirəm, çantamda da saxlaya bilmirəm. Birdən kiminsə əlinə
düşər. Bir yerdə gizlət,sonra imkan olanda verərsən özümə”.
Mən onu başa düşürdüm: evlərinin sonbeşiyiydi, qardaş-bacıları
özündən yaşca çox böyük idilər. Yəqin, onlardan çəkinirdi. Məktubları ondan
alıb atamın kitabxanasında – qalın cildli kitabların lap arxasında gizlətdim.
Orta məktəbin
son sinfində oxuyurduq. Bir aydan sonra son zəngimiz olacaqdı. Son zəng şənliyinə
hazırlaşırdıq, məşqlərimiz başlamışdı. Hamı Aliyənin yenə də həmin mahnını oxumağını istəyirdi. Bu mahnı onun
vizit kartı olmuşdu.
May ayının əvvəlləri,
yazın gözəl vaxtıydı. Məktəbimizin həyətində, sinif otaqlarının qarşısındakı ləklərdə
əkilmiş qızılgüllərin ətri, şövqlə oxuyan quşların səsi bizi həyətə çağırırdı. Belə
havada dərsdə oturmaq bir az canımızı sıxırdı.Zəng vurulan kimi həyətə axışdıq. İki-iki, üç-üç bir yerə toplaşıb deyib-gülür, zarafatlaşır,
on dəqiqəlik tənəffüsün dadını çıxarırdıq.
Aliyəylə uşaqlardan bir az aralıda yenə pıçıldaşırdıq,
Sulduzun ona yeni yazdığı məktubundan
danışırdı. Yanaqları allanmış rəfiqəmin gözləri xoşbəxtlik saçırdı. O, həyəcanlıydı.
Çiyinlərindən sinəsinə düşən hörüklərinin ucunu açıb,gah barmaqlarıyla darayır,
gah da onları yenidən hörürdü. Çəhrayı rəngli
yanaqlarına, köşək gözlərinə baxaraqonu dinləyirdim.
Birdən
onun burnundan dodaqlarının üstünə doğru qan sızdığını gördüm.Özü də bunu hiss
edib əlini burnuna tutdu. Qan getdikcə çoxalırdı. Barmaqlarının arasından
damcılayan qan, ağ önlüyünün üstündə qızmızı ləkələr salırdı. Biz nə olduğunu
anlayana qədər bayaqdan damcılarla axan qan fəvvarə verdi; indi qızın burnundan
axan qan qarşısı kəsildikdən sonra birdən açılan çay kimi köpüklənib fışqırmağa
başladı. Ömrümdə insan burnundan bu qədər qan axdığını görməmişdim:kəsilmiş
başın yerindın axan qan gölünə bənzəyirdi. Qışqırıb ətrafdakıları köməyə
çağıranda Aliyə kökündın qopmuş ağac kimi yerə yıxıldı.Qız yerdə qan içində çırpınırdı.
O, indiyə
qədər heç vaxt xəstələnməmişdi. Biz soyuqdəymə, zökəmlə tez-tez xəstələnsək də,
Aliyənin necə deyərlər, burnu da qanamamışdı. Amma indi o qanamayan burundan axan qanı kəsmək
olmurdu.
Aliyə son zəngimizə gələ bilmədi. Valideynləri onu
paytaxtdakı xəstəxanaların birində müalicə elətdirirdilər. Sonradan eşitdim ki,
Aliyədə çox nadir rast gəlinən irsi qan xəstəliyi aşkar olunub. Bir aydan sonra
xəstəliyi müalicəyə tabe olmadığından, onu
xəstəxanadan evə buraxdılar. Bir də heç vaxt ayağa qalxa bilməyəcəkdi. İflic
idi, ömürlük çarpayıya məhkum olmuşdu.
Aliyənin
yanına getmək istəsəm də, gedə bilmirdim. Onu ümidsiz, çarəsiz vəziyyətdə görmək
istəmirdim.
Bir gün özümü
toplayıb onu görməyə getdim. Evlərimiz bir-birindən xeyli aralıydı. Yol
uzunu özümü möcüzə görəcəyimə
inandırırdım. Ürəyimdə yalvarırdım: "Kaş mən içəri girəndə ayağa qalxa biləydi, eşitdiklərim
yalan olaydı!”
Pəncərənin
qarşısındakı dəmir çarpayıda uzanıb qapıya baxırdı. Mənim sevimli rəfiqəmin çəhrayı
yanaqları solmuşdu. Sevdiyim gözəl köşək gözləri çuxura düşmüşdü. O qədər
arıqlamışdı ki, yumru, dolu üzünun sümükləri qalmışdı.
Məni görəndə
üzünə kədər qarışıq təbəssüm qondu, uzandığı yerdən dikəlməyə çalışıb:
– Ah, nə yaxşı gəldin, elə indi səni düşünürdüm, –
dedi.
Onunla görüşüb yanında oturdum. Sinif yoldaşlarımızı, müəllimlərimizi,
son zəngimizin necə keçdiyini bir-bir məndən soruşdu. Sonra dərindən nəfəs
alıb:
– Yadındadı, o mahnıya görə məndən küsmüşdün. Mənimlə
neçə vaxt danışmadın. Hərdən fikirləşirəm, o mahnı mənim taleyimə təsir etdi. Bax,
mənim günüm o gördüyün pəncərəyə baxıb əsən yellərdən, hər gəlib-gedəndən
soraq, bir xəbər gözləməklə keçir. Qapıdan kimsə girəndə sevinirəm, çıxıb gedən
kimi yenə kiminsə gələcəyini gözləyirəm. Ona təsəlli vermək istədim, danışmağıma imkan
vermədi:
– Yox, heç nə demə! Bu xəstəlik, sağalan xəstəlik
deyil. Bir daha ayağa durmayacağımı bilirəm, amma bir şeyə şükür edərək
yaşayıram: bu xəstəliklə doğulan gündən yaşayanlar var. Tanrı mənə on yeddi il
vaxt verdi. Oxumağı öyrəndim. İndi kitab oxumaqla təsəlli tapıram, günümü başa
vururam. On il məktəbə gedə bildim, sizin kimi dostlar qazandım. Elə bunlar da
mənə bəsdir. Anam əziyyətimi çəkir, ona yazığım gəlir. Hər gün bir az qocalır. İstəmirəm
ki, illərlə mənə qulluq edib əziyyət çəksin. Allaha hər gün yalvarıram ki, məni
yanına tez aparsın, anam əziyyət çəkməsin.
Bu mənim onunla son görüşüm oldu. Bakıda universitetə
qəbul olmuşdum, dərslərim çox çətin idi. Vaxtın necə keçdiyini hiss etmirdim. Başım
elə qarışmışdı ki, hamını, hər şeyi unutmuşdum. Bir də kəndə yaz tətilində
qayıda bildim. Anamdan Aliyəni xəbər alanda bir az susub, sonra hüznlü səslə:
"Şəhərdə heç kimin yoxdu, təkiydin, dərslərin də çətiniydi, ürəyinə salıb
xiffət edərsən deyə, sənə demədik .”
Aliyə üç
ay bundan əvvəl, bu dünyanı tərk edib
özü istədiyii kimi, Tanrının dərgahına köçmüşdü.
...Onunla üz-üzə
dayanmışdım. Kədərli, intizarlı, yol çəkən gözləriylə qara mərmərdən mənə
baxırdı. Bəlkə də, sevdiyini soruşmaq istəyirdi. Məndə onun əmanəti qalmışdı. Kim
bilir, bəlkə son anında onları xatırlamışdı.
"O mahnını məndən
aldın,məni oxumağa qoymadın. Mən oxusaydım, bu soyuq daşdan, bəlkə yollara mən boylanacaqdım. Bu kədərli
tale, bəlkə məni yaxalayacaqdı. Kim bilir, bəlkə də sən özünü qurban vermisən. Sən
günahsız mələksən,əzizim. Bax, əmanətini gətirdim. Onu burda qoyub gedirəm. Daha
yollara baxma! Uyu, öz cənnətində.”
Məktubları məzarının
yanında "dəfn etdim”. Mənə elə gəldi ki, bir az bundan qabaq kədərlə baxan
qara, köşək gözləri indi gülümsəyir, cingiltili, yanıqlı səsiylə yenə o
mahnısını oxuyub mənimlə vidalaşır: "Yadıma səni salanda,gözüm yaşla dolmasınmı...”