Biz imzaları yox, əsərləri dərc edirik...

Gözəllik və detal – Fərid Hüseyn yazır
2346
11 İyul 2019, 09:33
  Artkaspi.az saytı Fərid Hüseynin "Anna Karenina" romanı haqqında "Gözəllik və detal” yazısını təqdim edir:
 
  Rəqabət mühiti

  Və Anna Karenina ilə bağlı hər hissədə onun faciəsinə daha bir faciə əlavə olunur. Vronskini tanıyandan sonra Annanın yaşadıqlarına fikir versəniz, dediklərimin yanlış olmadığını görə bilərsiniz. Kaşin quberniyasında seçkilər olanda Vronski də ora getməli olur və təbii ki, Anna onsuz çox darıxacaq. Vronski düşünür: "Əvvəl-əvvəl indi olduğu kimi ortada anlaşılmaz, gizli bir şey olacaq, sonra buna öyrəşəcək. Hər halda, mən hər şeyi ona qurban verə bilərəm, öz kişilik müstəqilliyimi yox”.
  Bura qədər Vronski ilə Annanın məhəbbəti o qədər də məişət səviyyəsinə enmir, amma bu məqamda Vronski ona adi bir qadın gözündə baxır. Anna isə adi yox, qeyri-adi qadındır, o, ən çox verdiyi qurbanlarla – gözə aldığı nəticələrlə alidir. Məişət isə məhz qeyri-adiliyi gözdən salmağın, həyatı gündəlik yaşanan təkrarların mənasızlığına çevirməyin ustasıdır. Bu məqamda həyat həqiqəti məhəbbət həqiqətini üstələyir. Anna Karenina isə həyatını məhəbbətə qurban vermiş biridir, onun səadət tapması üçün gərək məhəbbət hökmran ola. Annanı öz məhəbbəti sıxışdırır, onu dalana dirəyir, məhəbbətin əlindən qaçıb, özünü "həyatın altına atıb öldürür”. 
  Nədənsə bir sıra hallarda ailə həyatı quran, yaxud böyük sevgi yaşayan bəzi insanların qəlbinə günün birində belə bir şübhə toxumu səpilir ki, o, öz azadlığını, müstəqilliyini məhəbbətə, ailəyə qurban verib. Sonra həmin adamlar öz azadlıqlarını nümayiş etdirmək, öz aləmlərindəki buxovdan yaxa qurtarmaq istəyirlər. Belədə azadlıq öz gücünü məhəbbətə göstərir. Vronski seçkilərə getməyi ona görə istəyir ki, evdən uzaqlaşsın – sübut etsin ki, o, ailə-məişət buxovlarından azaddır, Annadan ayrı yaşaya bilir, onun ailədən başqa da dəyərli seçimləri var. İnsanın özünü sevdiyi insana sübut etməsi onun daxilən zəifliyinin əlamətidir. Ümumiyyətlə, gücün göstərilməsi, dönə-dönə özünüsübut nümayişi zəiflik əlamətidir. Vronski nə üçün azadlığını itirdiyini zənn edir? Nə üçün o, öz azadlığını məhəbbətində görmür? Bu cür çevrilmənin kökündə nə dayanır? Tolstoy bu romanı dünyanın mahiyyəti ilə həmahəng qurub. Təbiətin, insan xislətinin qanunları əsərin mahiyyətinə, obrazların xislətinə hopub, ona görə də onlar bəzən özləri də bilmədən ona tabe olurlar. Zaman insanı insanın nəzərində adiləşdirir. Gözümüz alışan şeylər bizə çox zaman köhnə kimi görünür. İnsan qərar verəndə  əksərən zamanı unudur. Səadət ümidi insanı bəzən tamamilə çaşdırır. Vronski də Annayla səadəti öz nəzərində adiliyə çevirir. Beləcə o buna görə də özünü azadlığını itirmiş hesab edir. İnsan isə zəiflədiyini başa düşən kimi, qarşısında dayananları rəqib kimi görürlər. Beləcə Vronski özünü – azadlığını sübut etməyə çalışır: "Vronski seçkilərə ona görə gəlmişdi ki, həm kənddə darıxırdı, həm də Annanın qarşısında özünün azadlığını bildirmək... ...istəyirdi”.
 
 

  Bu hərəkəti Anna anlayır və beləcə onların məhəbbət aralarında bir rəqabət mühiti yaradır. Nəticədə Anna da Vronskiyə qarşı hərəkət etməli olur – ona məktub yazır. Məktubun mətnində bilinir ki, Anna məkrinə məğlub olaraq çaş-baş qalıb. Anna Vronskiyə məktub yazır ki, qızı Ani xəstədir və halı pisdir. Eyni zamanda Vronskinin yanına gəlmək istədiyini deyir. Anlaşılmaz bir vəziyyət yaranır: Ani ağır xəstədirsə, anası niyə onu qoyub ərinin yanına getmək istəyir. Vronski bu çaş-başlıqdan başa düşür ki, Anna məktubu məkrlə yazıb. Məktubdakı düşməncə ahəng, qəzəb tonu Vronskinin ürəyini yumşaldır və o gəlib görür ki, qızı sağalıb, halı yaxşıdır. O yenidən geri qayıdır. Evdən çıxanda Annaya soyuq nəzərlərlə baxır və qadının ürəyinə şübhə toxumu səpilir: "Bu baxışlar göstərir ki, o, məndən soyumağa başlayıb”. 
  Ancaq bu qarışıq vəziyyət Annanı qəti qərar verməyə vadar edir: O başa düşür ki, əgər Vronski ilə münasibətləri kəskinləşdirərək boşansa, onda həyatı tamam nizamdan çıxacaq və o, yaşadıqlarını unutmaq üçün gündüzlər başını iş-güclə qatacaq, gecələr isə morfi içəcək. Tolstoy bu məqamda unutmağın, məhəbbət əzabından xilas olmağın məkrli yolunu seçməsini göstərir. Çünki yada salmamaq, başını iş-güclə qatmaq, dərman içib, morfi istifadə edib unutmaq kimisə həyatından məcburən çıxarmaqdır. Başqasını bu yolla tez-tələsik həyatından çıxara bilərsən, amma bu çox məkrli yoldur. Bu, kimisə beynindən təhqiramiz formada qovmaqdır. Bu gərginlik – bu üsul göstərir ki, Anna psixoloji cəhətdən vəziyyəti, yumşaq desək, olduqca gərgindir. Bu gərginlik içərisində o qərar verir ki, Vronskini namüəyyən vəziyyətdən xilas etməlidir – yəni, ərindən boşanmalı və onunla evlənməlidir. 
  Annanın gərginliyini göstərən başa bir detal isə budur: "O nə qədər çalışsa da bu qızı sevə bilmirdi, saxta məhəbbət göstərməyi isə bacarmırdı”. Anna ruhi gərginlik ucbatından qızını – Anini sevə bilmir. Eyni zamanda Annanın məkri bir başa formada da üzə çıxır: O başa düşür ki, məktubu ilə, hərəkətləri ilə Vronskini bezdirir, ancaq ürəyindən keçir ki, eybi yox, qoy o bezərək evə gəlsin, ancaq təki daim onun yanında olsun.  Onlar arasında belə bir dialoq olur. Anna deyir ki, əgər Moskvaya gedib məni də aparmasan,onda səndən boşanacağam. Tolstoy bu söhbətdə Annaya baxan Vronskinin gözlərini "təqib olunan qəzəblənmiş bir adamın baxışları” kimi təsvir etməklə, qəhrəmanın daxilən necə sıxıldığını göstərir. 
  Beləcə Anna Karenina Aleksey Alekseyevə məktub yazıb boşanmağı xahiş edir. Vronski ilə Anna Moskvaya köçüb birgə yaşayırlar. 
  Nəhayət, Vronskinin azadlıq ehtirası və onun hərəkətlərindəki əksi Annanın ruhi dincliyini əlindən alır, onu daha da məkrli edir, məhəbbət mühitinin yanında yeni bir rəqabət meydanı yaradır. Bu amil də  Anna Kareninanı faciəyə aparan yolu bir az da hamarlaşdırır...
 
  Gözəllik və detal
 
  Tolstoy Anna Karenina obrazını o qədər mükəmməl yaradıb ki, əsər irəlilədikcə sanki oxucu da ona heyran, bəlkə də, bir az da irəli getsək, deyə bilərik ki, oxucu da Annaya aşiq olur.  Romandakı bütün kədərin, ağrının, ailə faciəsinin içində – əsərin bir neçə yerində müəllif Annanın gözəl simasını təsvir edir. Bununla da yazıçı sanki bizi ayıldır.  Ayıldır ki, əziz oxucular, kədərə, ayrılığa, ortalıqda qalmağa alüdə olmayın, Annanın timsalında gözəlliyi, özü də mükəmməl gözəlliyi seyr edin. Sanki müəllif bununla həm Annaya xanım olduğunu hiss etdirir, həm də bizim yadımıza salır ki, o, bir qadındır və özü də qeyri-adi dərəcədə gözəl qadındır. Sual oluna bilər ki, axı burda məxsusi nə var, məgər dünyada gözəl qadın azdır? Xeyr, gözəl qadın çoxdur, amma tamamlanmış qadın azdır. Tolstoy bütöv şəxsiyyətin simasında gözəl bir varlığın faciənin mahiyyətinmi açır.
  Bəs Annanı bunca gözəl edən nədir? Annanı bu qədər gözəl göstərən onun ruhunun azadlığı və zənginliyidir. O, uşaqlar üçün kitab yazır, çoxlu jurnallar oxuyur, dəbdə olan nəşrləri mütaliə edir, bir sözlə, bütün problemlərin məngənəsində belə dünyanın mahiyyətini bacardıqca dərindən anlamağa çalışır.  Tolstoy detalları ilə də möhtəşəmlik yaradan yazıçıdır, bir nümunəyə nəzər salaq: "Aldığı xarici qəzet, jurnallarda təriflənən kitabları gətizdirib yalnız tənhalıqda mümkün olan xüsusi bir diqqətlə oxuyurdu”. Doğurdan da, tənhalıq anlarımızda oxuduğumuz kitablara başqa vaxtlar mütaliə etdiklərimizlə müqayisədə daha artıq bağlanırıq, onları daha dərindən anlayırıq. Vronskinin seçki üçün getdiyi günlərdə Annanın tənhalığını Tolstoy bu cür dolğun bir detalla – kitabları xüsusi diqqətlə oxuması ilə əlaqələndirir.
  Annanın mütaliə edən, müzakirə aparan, dünyanın gərdişini düşünən obrazı onun yalnız fiziki gözəllik deyil, eyni zamanda mənəvi gözəllik sahibi olduğunu göstərir. Gözəlik bağışlanılmaz bir şeydir. Xüsusən də, əgər fiziki və mənəvi gözəllik bir adamda cəm olursa, onun əzabı ikiqat, düşmənləri birə min artır. Tolstoy varlığın – gözəlliyin insana qənim kəsilməsini də Anna obrazının başına gələnlərin timsalında göstərir. 

  İradə asudəliyi

  Müəllif əsər boyunca iradəsinin gücüylə seçimlər etmək haqqını oxucunun özünə verir. Və bu seçimlər, bu cür iradə asudəliyi romanın dinamikasını artırır. Nəticədə biz oxucular məntiqimizin gücüylə romanın hansı axara yönələcəyini tam müəyyənləşdirə bilmirik, çünki Anna öz həyatının qərarlarını özü verir və həmin qərarlar son dərəcədə gözlənilməzdir. Bu obrazın yox, insanın gözlənilməzliyidir. İnsanlar (oxucular) isə praqnozagəlməz adamlara qarşı daim maraq duyurlar. Anna müəllif üçün də, oxucular üçün də gözlənilməz qəhrəmandır. Ona görə də Tolstoydan soruşanda ki, "Annanı niyə öldürdün”, cavab verib ki, onu mən öldürmədim, o, özü özünü qatarın altına atdı. Yəni Tolstoyun əsas qəhrəmanı obraz olmaqdan çıxıb – o sanki canlı insandır və onu heç kəs idarə edə bilməz. Anna Karenina obrazı yaradıcılığın sırf müəllifdən asılı olmayan, təbii bir qanunauyğunluğa tabe qəhrəmandır.

  Bağışlamaq

  Tolstoy bir müəllif kimi (insan kimi) Anna Kareninanı sevir, fəqət bağışlamır. Çünki Tolstoyun nəzərində din sevgidən yuxarıda dayanır. Yəni əsərin nəticəsi kimi müəllifin qənaəti belədir ki, ailə müqəddəsdir və onu heç nəyə – heç bir istəyə, ehtirasa qurban vermək olmaz, nəticəsindən asılı olmayaraq bu cür hərəkətlərin bəraəti yoxdur. Müəllif romanı haqqında "bir qadının hekayəti”dir deməsi də bu fikri təsdiqləyir. Bəs Annanı, doğurdan da, bağışlamaq olarmı və Anna özü bunu istəyirmi? Əsərin VII bölməsində Levin Annanın yaşadığı evə gəlir, aralarında səmimi söhbət olur. Sonra Levin gedərkən Anna onun arvadına – Kitiyə keçmişdə olan hadisələrlə bağlı bir ismarıc göndərir: "Arvadınıza deyin ki, mən onu əvvəlki kimi sevirəm, əgər o indiki vəziyyətimə görə məni bağışlamaq istəmirsə, məni heç vaxt bağışlamasını arzu etmirəm. Bağışlamaq üçün mənim çəkdiyim əzabları yaşamaq lazımdır, qoy Allah onu belə əzablardan qorusun”. Əslində, Anna bu sözləri Kitinin timsalında onu bağışlamayan bütün insanlara deyir. Bu məqamdan aydın olur ki, Anna ona qarşı münasibətlərə görə heç kəsi ittiham etmək fikrində deyil. O başa düşür ki, onu yalnız onun yaşadıqlarını yaşayanlar tam mənada anlaya bilərlər. "Anna Karenina” haqqında yazdığım bu kitabı heç kəsi ittiham etməyənlərə – günahlandırmayanlara ithaf etməyimin bir səbəbi də Annanın bu mövqeyi, alqışlanası cəsarətidir. O, istəmir ki, biz onun halına düşək, onun yaşadıqlarını yaşayaq və yalnız bundan sonra onu bütün reallığı ilə anlayaq. Bununla – belə sərrast mövqeyi ilə Anna həm də özünü qoruyur, əməllərinə daha alt qatda bəraət qazandırır, yəni onun fikrinin ikinci tərəfi ondan ibarətdir ki, mənim yaşadıqlarımı yaşamayanların məni ittiham etməyə haqqı yoxdur. Başqasını özü kimi duymaq bacarığı isə hər adama verilmir. Haşiyə: Avropa xalqlarına aid nağılların birində nəql olunur ki, bir gün camaat gəlir sehrbazın yanına və sehrlə müharibələri dayandırmağı xahiş edirlər. Sehrbaz bütün silahları məhv edir. Müharibə etmək istəyənlər bu dəfə ağacları kəsib silah düzəldirlər. Sehrbaz həmin ağacları da məhv edir. İş o yerə çatır ki, dünyada lazım olan hər şeydən silah düzəldə bilən insanların əlindən sehrbaz hər şeyi alır. Belə olan təqdirdə onlar aclıqdan ölməli idilər. Bir uşaq sehrbaza məsləhət görür ki, sən bütün məhv etdiklərini geri qaytar, əvəzində insana Özgəsini Özü Kimi Duymaq Bacarığı ver, qoy kim kimə neyləsə həmin ağrını da, sevinci də özü yaşasın. Sehrbaz uşağın dediyini edir və başqasının ağrısını öz ağrısı kimi duyan insanlar bir də silaha əl atmırlar. Dünyada sülh, əmin-amanlıq bərqərar olunur.
  İttiham etmək başqalarını özün kimi duymamaqdan doğan nöqsandır. Əgər ən müxtəlif məqamlarda özümüzü başqalarının yerinə qoya bilsək, onların nələr çəkdiyini bütün ağrısıyla duya bilsək, özümüzü qarşı tərəfin düşdüyü vəziyyətdə və onunla qarşılıqlı münasibətdə olan insanların yerinə qoysaq, bir anlıq da olsa ittiham etdiyimiz adamın xarakterinə sahiblənə bilsək, onda heç zaman başqalarını ittiham etməyə, onun əməllərinə yarlıq yapışdırmağa tələsmərik. Çünki ittiham etmək, günahlandırmaq tələskənlik – əlüstü cəzalandırmaq xarakterindən irəli gəlir. Bağışlamaq isə daim sonrakı mərhələdir, sonuncu instansiyadır. Bağışlamaq Allahdan bir addım irəlidə dayanmaqdır. Əməlləri Tanrının ittihamından daha əvvəl qiymətləndirib, günahlara azadlıq verməkdir. Bağışlamaq Allaha xas əlamətdir, ona görə də bizi dəfələrlə bağışlamış insana (xeyirxah müəllimə, anaya, sadiq dosta və s.) daim sığınırıq, onların bizim günahlarımızı bilməsi bizi alçaltmır. Ancaq bizi bağışlamayanların önündə günahlarımız özümüz üçün belə alçaldıcı mahiyyət qazanır. Cənnət ilə cəhənnəmin yolu da məhz bu məqamda ayrılır. Cəhənnəm bağışlanmayacaq günahların cəzalandırıldığı, insanın əməlinə görə cəzalandırıldığı yeridir, cənnət isə əksinə. İnsan cənnətdən qovulub deyə, daim cənnətə (onun müxtəlif formalarına, onun insanda təcəlla edən məqamlarına) can atır. Bizi bağışlayanlar bizə cənnət, bizi ittiham edənlər isə cəhənnəm vəd edirlər. Cənnətə can atan insanların bağışlayan insanlara can atmasının əsas səbəbi budur. Anna Karenina isə onu ittiham edənlərin – ona cəhənnəm düzəldənlərin arasında yaşayırdı, ona görə də onun ölümündə haradasa xilasa canatma var. O sanki onlarla adam tərəfindən ittiham edilməkdən, düşdüyü ağır vəziyyətlərin əlindən cana doyaraq şüuraltı olaraq bir kəs – Yaradan tərəfindən ittiham olunmağı seçir və ona görə də özünü qatarın altına atır...
 
 

  Sualın qoyuluşu

  Əgər "Anna Karenina”nın ilk cümləsi[1] xoşbəxtliklə bədbəxtliyin sərhədlərini müəyyənləşdirən fikirdirsə, əsərin Yeddinci fəslinin XXIII hissəsinin ilk iki abzası dağılmağa doğru yol alan ailələrin ümumi faciəsinin əksidir: "Ailə həyatında qəti qərara gəlmək üçün ya ər-arvad arasında çəkişmə, ya da razılıq olmalıdır. Ər-arvadın münasibəti qeyri-müəyyən olduqda, yəni onların arasında nə nifrət, nə də məhəbbət olmadıqda hər hansı bir qərar vermək mümkün deyil. Ərlə-arvadın bir-birini təngə gətirmələrinə baxmayaraq, bir çox ailələr illərlə ona görə dağılmır ki, bu ailələrdə nə tam nifrət, nə də razılıq olur”.
  Tolstoy əsərin ilk cümləsində dediyi fikrin, sanki, əvvəlinə keçir bu fikirlə, – gələcək faciəni qarşılayan fikrin daha zəruri, vacib hissəsi ilə məhz bu məqamda rastlaşırıq. Anna və Vronski qərar vermək anına gəlib yetişiblər: Anna boşanmalıdır, oğluna sahib çıxmalı, cəmiyyətin ona olan münasibətini qəbul etməli, olanları unutmalı, ora-bura köçmədən bir evdə oturaqlaşmalı, Vronskiyə olan məhəbbətini bədbəxtlikləri ilə əlaqələndirməməli, əsər boyu bir-birini üstələyən ana-qadın qarşıdurmasının axırına çıxmalı, taleyini bütünlüklə anlayıb qəbullanmalı və ən nəhayət yeni həyatına uyğunlaşmalıdır. Vronski də öz növbəsində tutduğu mənsəbdə sabitqədəm olmalı, Annanı bütün problemləri ilə qəbul etməli, ailə problemlərinin həlini yekunlaşdırmalı, bir yerdə binə tutmalı, özgəsinin uşağına öz balası kimi baxmalı, cəmiyyətin ailəsinə olan rəyini gözarı etməli, bütün yaşananlara "bu da mənim həyatımdır” nəzəriylə baxmağı bacarmalıdır. Bütün bunlar Annadan və Vronskidən, onların fərqli xarakterlərindən (od və su) asılıdır, amma bu problemlər əsər uzandıqca çözülmür ki, çözülmür. Məhz bu havadan asılı qalmaq ovqatı, "nə oyanlıq, nə buyanlıq olmaq” vəziyyəti tərəfləri daha da çıxılmaz vəziyyətə salır və bütün proseslər sonucda psixoloji sarsıntılar kimi meydana çıxır. Yəni Anna Karenina belə demək mümkündürsə, artıq dəliliyin astanasına gəlib yetişir. Anna bu hissədən sonra artıq qadın kimi yox, ittihamçı kimi çıxış edir, o, daha öz şəxsi faciələri ilə yola gedə bilmir, dərdləri, problemləri onun  amansız düşməninə çevrilir. 
  Məhəbbətin çoxlarını yanıldan ittihamçı bir sualı var. Həmin sual haçansa tərəflərdən çoxlarının qəlbində "peyda olur”: "O daha məni sevmir?!" Əgər bu sualın toxumu qəlbə səpilibsə, deməli, daha o sualı verən deməli, əvvəlki kimi sevmir, yaxud sevəni öncəki sayaq dərindən duya bilmir. Çünki insan özündən çox zaman ya şübhələnmir, ya da iş-işdən keçəndən sonra qızırğalanır. Şübhə həqiqi hissləri, saf duyğuları məhv edən başlanğıc virusudur. Anna Kareninanın qəlbində bir vaxtlar canı qədər sevdiyi Vronski haqqında "onun həyatında bir qız var?", "Məni əvvəlki kimi sevmir?" sualları yarananda o, həmin sualların cavabını özündə axtarmırdı. O, özünə sual vermirdi ki, "mən daha onu əvvəlki kimi sevmirəm?", "Ona əvvəlki qədər bağlı deyiləm?". Məhəbbət xoşbəxtliyinin əsas şərtlərindən biri (həm də) "sevgi boyunca" düzgün sual verib, doğru cavab almaqdır. (Çexovun yaradıcılığını yüksək qiymətləndirənlərdən biri deyirdi ki, Çexov ona görə böyük yazıçı deyil ki, o əsərində hansısa problemi qoyur və həll edir. Xeyr. Çexovun böyüklüyü ondadır ki, o əsərlərində sualı düzgün qoyur). Necə ki içəridəki hadisədən xəbərsiz biri otağa daxil olan kimi qarşısına keçən hər kəsi günahlandırır, eləcə də öz qəlbindən xəbərsiz insan... Anna Karenina da belədir. O, şübhəyə qapılır, – günahkar axtarır. Nəticədə özünü – varlığını unudur. Öz günahını unutmaq öz varlığını unutmaqdır... Günah bizə cəhənnəm, günahsızlıq isə cənnət vəd edir. Deməli, xoşbəxtlik üçün insanın ən böyük seçim qabiliyyəti günahını və ya günahsızlığını tanımaqdır. Dolsayısı ilə desək, öz həyatına verdiyin sualı düzgün qoymaqdır. 

[1] "Bütün xoşbəxt ailələr eyni cür xoşbəxtdirlər, bədbəxt ailələrin isə hərəsi bir cür bədbəxtdir”.