Biz imzaları yox, əsərləri dərc edirik...

Gözəllik dünyanı xilas edəcək – Məmməd Qocayev
1267
25 Sentyabr 2018, 09:10
 Artkaspi.az Məmməd Qocayevin "Dostoyevski ətrafında düşüncələr" kitabından "Gözəllik dünyanı xilas edəcək ("İdiot")" adlı essenin birinci hissəsini təqdim edir:
 

 
 "Gözəllik dünyanı xilas edəcək”. Dostoyevskinin bu kəlamı oxuculara bəllidir və onu tez-tez iqtibas gətirirlər. Bəs gözəllik dünyanı necə xilas edəcək? Bu suala cavab tapmaq, özü də Dostoyevskinin ümidsizlik içində çapalayan, min bir fəlakətə düçar olan, faciələr yaşayan qəhrəmanlarının təsvir olunduğu romanlarında bu cavabı axtarıb tapmaq o qədər də asan məsələ deyil. Yazıçının "İdiot” romanı məhz bu məsələyə, yəni gözəlliyə, onun həyatdakı missiyasına və acı aqibətinə həsr olunmuşdur. Bu romanın məqsədini Dostoyevski belə izah edir: "Romanın əsas ideyası müsbət gözəl insanın təsviridir. Dünyada bundan da çətin heç nə yoxdur, xüsusilə də indi. Bütün yazıçılar, təkcə bizimkilər deyil, hətta bütün Avropa yazıçıları, müsbət gözəlliyi təsvir etmək istəyənlərin hamısı daim təslim olmuşlar. Çünki bu, hədsiz bir məsələdir. Gözəllik idealdır, ideal isə – nə bizimki, nə də sivil Avropanınki -  hələ yaranmamışdır”.
Müsbət qəhrəman, ideal insan problemi 60-cı illər rus ədəbiyyatının qarşısında bir vəzifə kimi durmuşdu. Məsələn, belə bir ideal qəhrəmanı N.Q.Çernışevski özünün "Nə etməli?” romanında Raxmetov obrazında göstərməyə çalışmışdı. Çernışevskinin qəhrəmanı dünyaya seyrçi kimi deyil, mübariz bir döyüşçü kimi gəlmişdi və onun məqsədi insanı deyil, dünyanı dəyişdirmək, insan adına layiq bir dünya yaratmaq idi. Aydın məsələdir ki, inqilabçı-demokrat Çernışevski insanın missiyasını dünyanı inqilab yolu ilə dəyişdirməkdə görürdü. Onun insanı mübariz, qurucu və yaradıcı bir qüvvədir. Materializm və ateizm fəlsəfəsi mövqeyindən dahi mütəfəkkir həyatda, dünyada insandan ali, insandan qadir, insandan yaradıcı ikinci bir qüvvə görmürdü. Bütün məsuliyyəti insanın boynuna qoymaq – bu, çox cəsarətli bir addım idi. Dostoyevski isə dindar bir yazıçı idi və heç vaxt unutmurdu ki, insandan daha yüksəkdə duran bir qüvvə vardır ki, daim ona pənah gətirmək lazımdır və bütün ümidlərin nicatı onun iradəsinə tabe olmaqdadır. Odur ki, inqilab deyil, gözəllik dünyanı dəyişdirəcək. İnsanların qəlbi gözəllik işığı ilə ziyalananda, insan ruhu gözəlliyə tapınanda insan özü bir varlıq, yaradıcı bir qüvvə kimi dəyişəcək. Gözəllik pərəstişkarı olan xeyirxah insanlardan ibarət cəmiyyət özü gözəl, kamil və ədalətli olacaqdır. Ona görə də Dostoyevski Çernışevskidən fərqli olaraq mühitin, quruluşun, cəmiyyətin deyil, insanın özünün, onun ruhunun islaha ehtiyacı olduğunu söyləyir. Bu mənada Dostoyevskinin ideal insan konsepsiyası Çernişevskinin təliminin əksidir. Ona görə də Dostoyevskinin "İdiot” (1868) romanının Çernışevskinin "Nə etməli?” (1863) romanına, Knyaz Mışkin obrazının isə Raxmetov obrazına qarşı qoyulduğunu ehtimal etmək olar. Dostoyevski daim inqilabçı demokratlarla mübahisədə və mübarizədə bulunmuş və onların insan və həyat fəlsəfəsinin əleyhinə çıxmışdı. Məhz inqilabçı demokratları nəzərdə tutaraq Dostoyevski dönə-dönə qeyd edirdi ki, dovşan ətindən raqu bişirməkçün əvvəlcə dovşanın özü lazımdır. Yəni insanların bir-birinə qardaş kimi münasibətdə olacaqları cəmiyyəti yaratmaq üçün əvvəlcə qardaşlığa qadir insanlar olmalıdır.
 
  
 Beləliklə, "İdiot” romanında Dostoyevskini məşğul edən əsas məsələ müsbət insan məsələsidir. M.Y.Saltıkov-Şedrin yazırdı: "O (yəni Dostoyevski – M.Q.) nəinki cəmiyyəti narahat edən maraqların qanuniliyini qəbul edir, hətta bundan da qabağa gedir, elə öncəgörmə və öncəduyma sahəsinə daxil olur ki, bu da bəşəriyyəti bilavasitə deyil, ən uzaq gələcəkdəki axtarışlarını təşkil edir”.
 Knyaz Mışkin obrazını, yəni ideal insan obrazını yaratmağa başlayanda Dostoyevskinin gözləri önünə iki obraz gəlirdi. Onlardan biri İsa, digəri Don Kixot idi. Dostoyevskinin İsaya münasibəti bəllidir. Don Kixota olan münasibəti barəsində isə biz artıq bir qədər əvvəl söz açmışdıq. Dostoyevskinin qəhrəmanı mənəvi-ruhi kamillik mücəssəməsi olaraq İsa qədər mərhəmətli, az qala müqəddəsdir, lakin real həyatda o, Don Kixot qədər gülüncdür. Nədən Servantes və Dostoyevski öz sevimli və ideal qəhrəmanlarını gülünc vəziyyətlərdə təsvir edirlər. Məsələ burasındadır ki, mühit, cəmiyyət, insanlar bu ali saflığı, bu ideallığı dərk edə və dəyərləndirə bilmirlər. Məhz naqis cəmiyyətin fonunda ideal insan gülünc vəziyyətə düşür, gözəllik faciələrə düçar olur. İdealın faciəyə düçar olmasına onun gülünc vəziyyətə düşməsindən daha asan dözmək olur. Hamletin faciəsi də, Don Kixotun gülünc vəziyyətlərdəki rüsvayçılıqları da eyni kökə bağlıdır. Hamletin faciəsində heç olmasa bir katarsis vardır, Don Kixotun komediyası sonsuz ümidsizliyin ifadəsidir. Hamletin faciəsi qaranlıqdakı zəif işıq ziyasına, Don Kixotun komediyası isə günün günorta çağındakı zülmətə bənzəyir. Dünya qaranlığında işığı görmək, dünya işığında kor olmaqdan daha asan yaşanır. Ona görə də Don Kixotun komediyası Hamletin faciəsindən daha acınacaqlı, daha acı, daha ümidsizdir. Eynilə də Mışkinin komediyası. İsa xislətli bir şəxs XIX əsrin Peterburqunda Don Kixot qədər gülməli və acınacaqlı bir vəziyyətə düşür.
 Əsər bütün əsas qəhrəmanların (Mışkin, Nastasya Filippovna, Parfyon Raqojin) Peterburqa gəlişi ilə başlanır və onların qarşılıqlı münasibətləri əsasında inkişaf edir.
 Mışkin İsveçrədə ruhi xəstəlikdən müalicə olunurdu. Onun Rusiyadakı himayədarı vəfat etdikdən sonra və müalicənin pulunu ödəməyə adam olmadığından Mışkin Peterburqa qayıdır.
 Nastasya Filippovna, bu gözəl qadın əyalətdə yaşayırdı və knyaz Totski deyilən zəngin bir kişinin cariyəsi idi. Eşidəndə ki, Totski evlənir, Nastasya Filippovna Peterburqa gəlir və sadəcə olaraq nifrətdən Totskiyə mane olmaq, onu kübar cəmiyyətində rüsvay etmək istəyir.
 Parfyon Roqojin – bu ehtiraslı, primitiv tacir oğlu atasının qorxusundan xaricə, Polşaya qaçmışdı. İndi atasının öldüyünü eşidib Peterburqa qayıdır və milyon yarımlıq vərəsəyə sahib olur.
 Qatarda Mışkinlə Roqojin bir vaqonda gəlirlər və yolda tanış olurlar. Mışkin Roqojindən Nastasya Filippovna barəsində eşidir. Süjet hadisələrinin ilk düyünü burada bağlanır.
 Dostoyevski öz qəhrəmanlarını oxuculara təqdim edir. Mışkin ucaboylu, arıq, yüngül plaş geymiş, sarışın saçlı və açıq-mavi gözlü cavan bir oğlandır. Sanki onun vücudu ətdən və sümükdən deyil, işıqdan və havadan yaradılmışdı. Onu yerə bağlayan, yerlə onun arasında əlaqə və assosiasiya yaradan heç nə yoxdur. O sanki öz vücudu ilə də, ruhu ilə də göylərə can atır, göylər sakinidir, ruhun mücəssəməsidir.
 Parfyon Roqojin alçaqboylu, enlikürəkdir, əynində quzu dərisindən tikilmiş, parçadan üz çəkilmiş uzun kürk var. Saçları qapqara, alnı enli və alçaq, gözləri balaca və bozrənglidir, burnu yastı və enli, alt çənəsi iridir. İşıqlı Mışkinin fonunda qara və qaranlıq Roqojin sanki yerə pərçimlənmiş kimi görünür. O, yer əhlidir. Onun ehtirasları və mənəviyyatı da sanki göylərdən xəbərsiz olan adi yer əhlinin ehtirası və mənəviyyatıdır. Sonra görəcəyik ki, həm Roqojin, həm də Mışkin gözəl Nastasya Filippovnanı sevirlər. Amma bu ayrı-ayrı sevməkdir, bir-birinə bənzəməyən məhəbbətdir. Mışkin Nastasya Filippovnanın gözəlliyində bir ilahi hikmət, insana şərəf gətirən bir dəyər görür və bu gözəlliyə təmənnasız olaraq vurulur. Mışkin bu gözəl qadını gözəlliyin xatirinə sevir. Bir də ona görə sevir ki, bu gözəl qadın həyatda ruhi müsibətlər çəkib. Mışkin onun iztirablarını da sevir, sevir və halına acıyır, rəhmi gəlir. Onun məhəbbətində sevgi və rəhm birləşir.
 Amma Roqojin Nastasyanı ağır, ağrılı bir ehtirasla sevir. Onun məhəbbətində ehtiras da var, sevgi də. O, gözəl qadına da tacir kimi yanaşır, ona gözəl və qiymətli bir əşya kimi baxır, bu gözəlliyi pulla almaq istəyir. Mışkinin məhəbbətinə layiq xəlq edilmiş gözəl Nastasya bu cəmiyyətdə Roqojinin məhəbbətinə layiq kimi dəyərləndirilir. Acınacaqlısı odur ki, o daha çox Roqojinə layiqdir, nəinki Mışkinə. Mışkin üçün, onun sonsuz məhəbbəti üçün, bu məhəbbətə layiq yaradılmış gözəllik Roqojinə qismət olur. Lakin bu gözəllik Roqojininki olmaq istəmir. Mışkinin də ola bilmir. Faciəvi situasiya yaranır. Buradan isə bircə çıxış yolu qalır – ölüm yolu.
 Beləliklə, əsərin süjet xətti iki güclü dəyərin – gözəlliyin və pulun – toqquşması şəklində başlayır və davam edir. Gözəllik ilahi və insani dəyərdir, pul isə ictimai dəyərdir. Cəmiyyətdə pulun gücü və səlahiyyəti gözəllikdən üstündür. Pul cəmiyyətdə yaramazı da birinci insan kimi təqdim edir. Ona görə də əsərin digər personajı – Qanya İvolgin, heç nəylə seçilməyən iddialı bir gənc, varlanmaq və milyonçu olmaq yolu ilə nəinki seçilmək, hətta cəmiyyətdə ən yüksək mövqelərdən birini tutmaq istəyir. Ona görə də general Yepançin və knyaz Totski ona Nastasya Filippovnayla evlənməyi təklif edəndə o buna razı olur. Ona görə razı olur ki, Totski öz cariyəsinə yetmiş beş min həcmində pulu cehiz kimi verir. Burada da pulla gözəllik əks dəyərlər kimi qarşılaşır.
 Əsərin kulminasiya nöqtəsi Nastasyanın ad günündə baş verən hadisələrdir. Bu gün gözəlliklə pulun ölüm-dirim mübarizəsi başlanır. Bu gün, nəhayət ki, Nastasya Filippovnanın müqəddəratı həll olunmalıdır: o, Qanya İvolginə ərə getməyə razılıq verməlidir. Bu qərardan çox şey asılıdır: birincisi, Totski azad olur və general Yepançinin qızlarından birilə evlənir; ikincisi, general həm qızını varlı adama ərə verir, həm də öz tabeliyində olan Qanya İvolginin gözəl arvadını özünə məşuqə kimi seçir; üçüncüsü, Qanya yetmiş beş minə sahib olur. Burada uduzan Parfyon Roqojin olur. Amma, deyəsən, o təslim olmaq fikrində deyil. Bu ərəfədə Roqojin Qanyanın evində Nastasya Filippovnayla görüşür və onlar belə şərtləşirlər ki, axşam Roqojin yüz min gətirsə, bəlkə də Nastasya ona ərə getməyə razılıq verdi. Burada yaddan çıxan, heç kəsin hesaba almadığı, hətta ad gününə dəvət olunmayan knyaz Mışkindir. Onun dərdi hamısından böyükdür. O, faciənin yaxınlaşdığını hiss edir, qonaqlığa özü çağrılmamış gəlir.
 Nəhayət, həlledici məqam yetişir. Nastasya Filippovnaya söz verilir. O, son sözünü deməlidir. Burda birdən onun gözləri knyaza sataşır və bir andaca qərar qəbul edir: knyaz necə desə, eləcə də hərəkət edəcəyəm. Mışkin isə ona Qanyaya ərə getməyi məsləhət görmür. Nastasya da öz qərarını verir. Bu, Totski və Yepançin nüfuzuna vurulmuş ilk ağır zərbəydi. Burada onların sözü deyil, hansısa idiotun sözü həlledici rol oynayır. Generalın incidiyini görən Nastasya Filippovna onun bağışladığı bahalı hədiyyəni generala qaytarır və deyir ki, aparıb öz arvadına bağışlasın. Bu cür hörmətsizlik generala bərk toxunur.
 Bu səhnənin mahiyyəti ondadır ki, daim pulun və var-dövlət sahiblərinin sözü keçən cəmiyyətdə bir axşamlığına hakimiyyət gözəlliyin əlinə keçir. Axı bu gün gözəl Nastasyanın ad günüdür və heç kəs də onun dediklərinin əleyhinə getməməlidir. Gözəlliyin hakim olduğu bu axşam sanki cəmiyyətdəki bütün dəyər­lər öz yerlərini dəyişir: hamının ikrahla üstünə güldüyü və adam yerinə qoymadığı Mışkin hökmdar seçilir, onun sözü həlledici olur. Hamının sayıb-seçdiyi general və knyaz Totski sanki əsilzadəlik və kattalıq pilləsindən salınır və gülməli bir vəziyyətə düşürlər. Dünyanın yeni modeli, yeni düzəni yaradılır. Dünya başqa bir çırağın, gözəlliyin parlaq işığı ilə işıqlandırılır və hər şey öz rəngində, öz əsl mahiyyətində görünür. Amma bu hal uzun sürmür, sürə də bilməzdi. Əks təqdirdə, əgər gözəllik əbədi qələbə çalsaydı, bu, Nastasyanın gözəlliyilə Mışkinin xeyirxahlığının təntənəsi və harmoniyası ola bilərdi. Bu isə pulun hökmranlıq etdiyi dünyada mümkün deyildi.
 Nastasya Filippovna knyaz Mışkindən soruşanda ki, bəs o, kimə ərə getsin, onda Mışkin özünün Nastasya Filippovnayla evlənməyə hazır olduğunu bildirir və bu da hamının gülüşünə səbəb olur. Nastasya Filippovna isə nifrət etdiyi bu dünyanın nüfuz sahiblərini bir daha alçaltmaq, məhv etmək üçün buna razı olur, hamının qarşısında Mışkinə ərə getməyə söz verir, yəni rəsmi olaraq bu gündən etibarən onun nişanlısı hesab olunur. Sanki gözəllik özünün qələbəsini bayram edir. Amma bu bayram uzun sürmür. Yenə də ortaya pul söhbəti düşür. Nastasya Filippovna Mışkindən soruşur ki, bəs onlar hansı vəsaitin hesabına yaşayacaqlar? Onda Mışkin işləyəcəyini və pul qazanıb ailəsini dolandıracağını söyləyir. Bu da hamıya gülməli görünür. Bu yerdə Mışkin cibindən bir məktub çıxarıb göstərir və söyləyir ki, deyəsən, ona hansısa qohumundan vərəsə çatacaq. Bu işdən başı çıxan bir nəfər məktubu oxuyub, hamıya elan edir ki, bu məktubun əsasında knyaz ən azı bir milyon yarım pula sahib olacaq. Belə çıxır ki, Nastasya Filippovnanın gələcək əri milyonçudur. Burada hamının və ilk növbədə üç cavan qız atası olan general Yepançinin Mışkinə olan münasibəti tamamilə dəyişir. General onu kənara çəkib deyir ki, knyaz ağlını başına yığsın, ona Nastasya Filippovna kimisi gərək deyil. İndi general öz qızlarından birini, bəlkə də gözəl Aqlayanı Mışkinə ərə verməyə etiraz etməzdi. Nastasya Filippovna hər şeyi görür və onun qəlbində yeni etiraz, yeni nifrət dalğası baş qaldırır. Milyonçular dünyasını atıb yoxsul Mışkinə ərə getmək istəyən Nastasya Filippovnanın qarşısında yenə də milyonçu dayanmışdı. Milyonlar və milyonçular dünyasına qarşı öz dərin nifrətini bildirmək istəyən Nastasya Filippovnanın ağlında yeni bir plan baş qaldırır: o, Mışkinin milyonundan da imtina etmək qərarına gəlir.
 

 
 Bu yerdə Roqojin gəlib çıxır. Söz verdiyi yüz mini də götürüb gəlir. "Birjevıye vedomosti” qəzetinə bükülmüş və üstündən kəndirlə bağlanmış çirkli pul dəstəsini Roqojin masanın üstünə qoyur. Deməli, bu yüz min Nastasya Filippovnanın, onun qadın ləyaqətinin, onun gözəlliyinin dəyəridir. Burda sanki qadın gözəlliyi hərraca çıxarılmışdı. Bu hal Nastasyanı son dərəcə qəzəbləndirir. Əgər onun gözəlliyini alıb-satırlarsa, onda bu gözəlliyin dəyəri çox böyük olacaq. Burada çirkli pul paçkaları ilə yaxa qurtarmaq, üstəlik də qalib gəlmək və gözəl qadına sahib olmaq baş tutmayacaq. Nastasya Filippovna qərar qəbul edir və sonuncu dəfə bu cəmiyyətə öz nifrətini bildirmək istəyir. O, Qanyaya müraciət edərək deyir: bu pulları o indi yanar sobaya atacaq və əgər Qanya onları yalın əllə hamının gözləri qarşısında alovun içindən çıxarsa, pullar onunku olacaqdır. Bu hərəkət gözəlliyin pula sitayiş edənlərdən aldığı ən amansız bir intiqamdır. O, dediyi kimi də edir, pulları yanar ocağa atır. Pullar yanmağa başlayanda bu cəmiyyətin üzvlərinin özlərini necə aparması çox maraqlıdır və bu səhnə özündə dərin bir məna ehtiva edir. Otaqdakılar hər tərəfdən "Pullar yanır!” deyə qışqırırlar. Hamının sifətində sanki mistik bir dəhşətin ifadəsini görmək olar. Onlar üçün pulun yanması dinin və imanın yanması kimi bir şeydir. Lebedev deyilən birisi Nastasya Filippovnanın qarşısında diz çöküb yalvarır ki, ona icazə versin və o, bu pulları odun içindən dişlərilə çıxarmağa hazırdır. Bir nəfər pəhləvan cüssəli bir cənab da dişlərilə çıxara biləcəyini söyləyir. Amma Nastasya Filippovna yalnız Qanyaya icazə verir. Qanya sobaya yaxınlaşır, tərəddüd içində sobanın qarşısında dayanır, yanmağa başlayan pullara baxır və birdən huşunu itirərək yerə yıxılır. Əgər əclaflıq etmək lazımdırsa, gərək onu sonacan edəsən deyən Qanya, deyəsən, başladığı əclaflığı sonacan edə bilmədi, onun qəlbinin dərinliyində baş qaldırmış hansısa mənəviyyat duyğusu onu bu yolla sonacan getməyə qoymadı. Səhnə bədii və emosional cəhətdən son dərəcə güclü və realistik bir səhnədir. Bu səhnəni başqa cür bitirmək mümkün deyildi.