Biz imzaları yox, əsərləri dərc edirik...

Göz alması – Günel Şamilqızının yeni hekayəsi
4319
20 Noyabr 2019, 09:50
  Artkaspi.az saytı Günel Şamilqızının yeni hekayəsini təqdim edir:
 
 

  "Ve karanlık perde-perde sönerken,
  gün seferden dönerken,
  başlar aynı tören...”
 
  Kim bilir qaranlıq necə sönür? Sonra da soruşur ki, "nerdesin, sesin nerde?” İnsan yalnız gözlərini yumaraq kiminsə səsiyçün darıxa bilər. Qalan bütün hallarda başqa darıxmaqlar da girəcək araya. Bu yumulu gözlərlə indən belə mən də ancaq səslərçün darıxacağam. Səsləri səsləyəcəyəm, səsləri axtaracağam, səsləri tanıyacağam. Mənim günəşim səfərdən dönməyəcək... 
 
***
  Soyuq maye dırnağıma yayıldıqca canımı üşütmə alırdı. "Köhnədi, qurudu, matdı” deyib birqat çəkirdi boyanı. Bilirdi, mən heç vaxt birqat qoymuram. Bu, onun başına gəlsəydi, vallah, istədiyi kimi çəkərdim. Bilirdi, səliqəliyəm, simmetriya xəstəsiyəm... Daha doğrusu, xəstəsiydim... Heç olmasa, özünü elə göstərəydi, guya diqqətlə çəkir. O ki usta deyildi, ola bilməzdi kənara çıxmasın, boyanın hamarlığı pozulmasın. Amma "çantamda pambıq da, atiston da var” deməyimə rəğmən barmaqlarımdan heç birinə ikinci dəfə qayıtmadı. Fikri özündəydi. Paltarının xışıltısından, ehtiyatla oturub-durmağından hiss edirdim, bu gün məndən də gözəldir. Bilirdim ki, qolumdan tutub məni mikrofona sarı aparanda ərim daha çox ona baxacaq. Amma nə bu "əziz” rəfiqəm, nə ona göz qoyan ərim, nə zalda oturan adamlar, nə də festivala ikicə gün qalmış seçdiyim bir Sezən şərqisini necə oxuyacağım veciməydi. İndi fikrim yalnız çiynimdəki şərfdə və onu açmağa hazır saxladığım boyası qurumaqda olan barmaqlarımda idi. 
 
***
  Hər əlilin öz çatışmazlığını sevməyə bir səbəbi var. Müharibədə ayaqlarını itirən əsgər onların kəsilmiş yerində əllərini yellədib, olmayanlarını hər "sığallayanda” əsirlikdəki torpağını bir də orda qalan ayaqlarına görə yad edir. Dəzgahda barmağı qalan usta "balalarıma çörək pulu aparırdım” deyib təsəlli verir özünə, "ömrümü yedirtdiyim əzizlərimə bir də barmaqlarım qurban olsun” deyir. Andangəlmə karlar, korlar bu hissin nə demək olduğunu heç vaxt bilmirlər, darıxmırlar o yad lamisələrçün, uzaqbaşı "hər şey başqa cür ola bilərdi” deyib üzülürlər. Yüz cür fiziki məhdudiyyət, yüz cür də səbəb, təsəlli var dünyada. Amma onların heç birinin arasında mənim səbəbim yoxdur. Məni kor edən səbəb ölüb. Bəlkə də, buna görə korluğumu sevə bilmirəm. 
 
***
  Hər gün yeni bir təsəlli fikirləşib tapıram, amma onların heç biri ölmüş əsl səbəbimi dirildə bilmir. Məsələn, düşünürəm ki, bəlkə, Adəm və Həvva da kor olublar cənnətdə? Bəlkə, Cənnət elə korluqdur. Dünyanı necə istəyirsənsə elə təsəvvür eləməkdir, öz cənnətini – görmək istədiyin cənnəti yaratmaqdır. Yasaq olana baxmamaqdır. Axı ən böyük günahları gözlərimizlə edirik. Günahı bizə çox vaxt gözlərimiz nişan verir. Bəlkə, bəşərin min illərdi "cənnət alması”, "günah alması” dediyi yasaq edilən meyvə elə göz almasıdır? 
 
***
  Axır ki elə, ya belə, zəlzələdən, ya vəlvələdən – mən kor oldum. Birinci səbəb o idi ki, valideynlərimiz bizdən bezib, bizdən doyub nənə, baba olmaq istədilər. "Yaşımız gedir, qocalırıq” deyib gəncliyimizin, ömrümüzün bütün əsas və asudə vaxtlarının üstündən xətt çəkərək, bizi yuxusuz gecələrə dəvət elədilər. Çətin keçən uşaqlığından, ehtiyac dolu yeniyetməliyindən, məhrumiyyətlər məngənəsi gəncliyindən doymayan adamlara heç olmasa üç-dörd il özləri üçün yaşamağı çox gördülər, "gedin indən belə də uşaqlarınızçün yaşayın” dedilər. 
  Mən kor oldum, çünki bütün giley-güzarlara kor-koranə, onlar istəyən kimi cavab verdim. Çünki həyat yoldaşı dediyim insan da planlarımıza göz yumdu. Kor oldum, çünki ətrafımdakı bütün qadınlar, ana olmuşlar, "təcrübə mücəssəmələri” axır günəcən "gözlərim zəifdi, mənə normal doğuş olmaz, keysəriyyə qaçılmazdı” sözlərinə kar oldular. Kor oldum, çünki "bircə doğum canım qurtarsın bunların əlindən” dedim. Çünki adını bilmədiyim o balaca da mənə asi çıxdı, "arzuolunmaz övlad” damğasını qəbul etmədi. Onu məcburən dünyaya gətirmək niyyətimin acığını çıxdı məndən. İşıqlı dünyaya gəlmək istəmədi. Sevdiyi qaranlıq onu boğdu, mən də gücənə-gücənə əbədiyyən onun zülmətinə qonaq getdim...
 
***
  Mən kor oldum və belə də qalacağam. Qucağıkörpəli evinə dönməli olan bir qadın ölü doğduğu o İNSANI xatırlayanda "nə yaxşı öldü, canı qurtardı, yoxsa bu kor ana ona necə baxacaqdı, onu necə böyüdəcəkdi?” deyə düşünürsə, bu da bir başqa cür korluqdur. Bir gün həkimlər mənə nicat versələr, o kor gözlərim açılsa belə, bu kor gözlərim həmişəlik kor qalacaq.
 
***
  Bəlkə, ərə getmək elə könüllü şəkildə kor olmaqdı? Baxmamaqdı ətrafındakı heç nəyə, həç kəsə, üzlərə, sözlərə. Duyğularını belə görməzdən gəlib kirpik tərpətməməkdi. Bəlkə, ərəgedən qıza "göz yummaq” öyrədən analar həm də korluğa gedən yolu nişan verirlər "davamçı”larına? Məsələn, bir hekayə yazmaq olar o adamın alnındakı xala, saçı üzünə tökülməyən şəkillərinə, sıx saqqalına, dərisinin rənginə necə çətinliklə, mərhələ-mərhələ kor olmağımdan. Danışsam, nəinki o adama, hətta, indən belə yaddaşımda həmişəlik eyni yaşda qalacaq aktyorlara, müğənnilərə görə də qınayarlar məni. 
 
***
  Hər şey bir yana, mən kor oldum, çünki bunu arzulamışdım. Hə, ləkələrim çoxalanda həqiqətən istəmişdim. Xoşbəxtlikdən o ləkələr üzümə toxunmurdu, amma bədənimi bürüdükcə əsəblərim gərilirdi. Elə, bəlkə də, əsəbdən yaranırdı onlar. Dəyişdiyim üç həkimin heç biri səbəbini tapa bilmədi. Saysız-hesabsız analizlər, gah yersiz qorxutmalar, ümidsizliklər, gah həkimvari "düzələcək” yalanları, hər dəfə bir orqanımın nasazlığından şübhələnmələr, təzələnən reseptlər və s. Bir gün işdən gəlib üzümün makiyajını siləndə sol gicgahımdakı kölgəyə sataşdı gözüm. Qorxdum. 
  Əslində, uşaq vaxtı yediyim bir qoğalın yadigarıydı o ləkə. Anam bizə tez-tez şorqoğalı bişirirdi. O da ovulandı axı. Yeyəndə bütün qırıntılar yerə tökülməsin deyə, bir də əlavə dəsmal bağlayardı yaxamıza. Yadıma güclə gəlir həmin gün. Dəsmalımıza isti qoğal qoyub eyvanda oturtdu bizi. Mən acgöz yenə qardaşımdan tez bitirdim, dəsmalı büküb qaçdım pilləkənlərə sarı. Ovuntuları aşağıda eşələnən toyuq-cücəyə tərəf çırpmaq istəyirdim. Amma ovuntularla birgə özüm də yerə çırpıldım. Qardaşım itələmişdi. Niyə belə eləmişdi, bilmirəm. Yeməkdən başqa hər məsələdə astagəl idim, bəlkə də, hövsələsi çatmamışdı məni gözləsin. Onda ağlımız kəsmirdi... Günü bu gün də həmin ağrıdan başqa heç nə sızlatmır məni onsuz da. Bircə onu xatırlayıram ki, sol gicgahım al-qana bulaşmışdı. Həmişə qardaşımın tərəfini saxlayan anam belə narahat idi, deyirdi qız uşağıdır, üzünə bir şey olsa, neyləyərəm? Həqiqətən də gec sağaldı o yara. Məşhəd ziyarətinə gedən nənəm İrandan mənimçün xüsusi maz gətirdi. Onu çəkəndən sonra dərim hamarlaşdı, əvvəlki vəziyyətinə qayıtdı. Bircə ləkəsi getmədi. O hissənin dərisi azca tünd qaldı. 
  Həmin gün makiyajımı siləndə aynada gözümə sataşan ləkə, əslində, qoğal ovuntularından qalma gülməşəkər idi. Heç özüm də bilmirəm, niyə panikaya düşdüm. Bədənimdəki ləkələr bundan tünd idi axı. Qarışdırmamalıydım. Amma yəqin ki, "üzümə düşsə neylərəm?” faciəsi üçün öncədən məşq kimiydi bu. Yoldaşıma zəng elədim. Həmişəki kimi yenə fikrimi dağıtmağa çalışdı, onunçün necə görünməyimin heç bir əhəmiyyət daşımadığını dedi. Bir az güldürdü də məni. Axırda da bilərəkdən, ya bilməyərəkdən bundan sonra makiyajsız yaşamağın mümkün olmayacağına eyham vurdu. Telefon sussa da səsi qulağımdan getmirdi: "Tonal kreminin canı sağ olsun. Örtərsən üstünü, vəssalam da. Niyə bu qədər dərd eləyirsən? Hər şeyin çarəsi var...” 
 
***
  Ərimin bu təmkinli məsləhətlərindən sonra o adamı xatırladım. Görəsən, o da belə deyərdi? "Kosmetikanın canı sağ olsun!” O da kosmetikasız bəyənməzdi məni? Onda rahatlıqla darıxdım onunçün. Heç bir günah hissi keçirtmədən, vicdan əzabı çəkmədən. İndi də darıxıram. Noolsun koram? Artıq görə bilməyəcəyim günahlarım üçün də darıxıram. Darıxa-darıxa başa düşürəm ki, sən demə, sonradan kor olmaq belə, insanı göz zinasından xilas eləmir. Sən o adamı yenə təsəvvüründə canlandırırsansa, deməli, günahın gözləri həmişə açıqdır. Sən demə, Cənnətdəki o almanı Adəm dərməsəydi, Həvvaya verməsəydi, lap alma çürüyüb məhv olsaydı belə, qadınlığın aqibəti eyni olacaqdı. O alma artıq arzulanmışdı! Adəm dərməməklə xilas ola bilərdi. Amma Həvva üçün artıq gec idi. O, istəmişdi... Kor xanım, günahın gözləri həmişə açıqdı, sənin göz alman xarab olsa, çürüsə belə...  Bəlkə də, elə bu günahlar yedi mənim "alma”mı. 
 
***
  Gün bununla bitmədi. Gecə yuxumu qarışdırdım. Gördüm ki, o adam da, mən də kasıblamışıq. Elə kasıblamışıq ki, çörəyi güclə tapırıq. Həqiqətən "tapırıq”. Bomj kimi yaşayırıq. O bir qəsəbənin zibilliklərini gəzir, mən də qonşu kəndin. Günlərlə görüşə bilmirik. Bəzən də bir-birimizi axtarmaqçün öz "məkan”larımızın sərhəddini aşırıq, amma axşam xarabalara əlimiz dolu, günümüz xatirədən kasad yollanırıq. Bu yuxu məni üfunət iyinə qonaq eləyirdi. Bu yuxu mənə darıxmağı bomj təkliyi sousuyla daddırırdı. Bu yuxu məni növbəti görüşə hazırlaşdırırdı. Neçə günlük ayrılıqdan sonra yenə görəcəkdim onu. Hətta bu bomj həyat tərzimlə belə ona xoş gəlmək, gözəl görünmək keçirdi ürəyimdən. Qəribə bir qorxu, həm də şiddətli istəklə kosmetika dükanından oğurluq eləməyə gedirdim. Sabah görüşəcəkdik. Gecəydi, fürsətdi. Tanıdığım kiçik bir mağaza vardı yaxında, işçilər gecə bağlayıb gedəndə şüşə qapının üstündən dəmir barmaqlıqları bağlamırdılar. Kimin ağlına gələr axı kosmetika mağazasını soysun? Nə pul var ki orda? 
  Asta-asta yaxınlaşıb şüşə qapıya marıtladım. Əlimdə ağır nəsə vardı. Şüşəyə çırpan kimi çilik-çilik olub burdakı hər şeyi mənə əlçatan, əlimisə qanına qəltan elədi. İndi mən mağazanın ortasında dayanıb, səs-küy salmış siqnalizasiyanın müşayiəti ilə, qanım şoruldaya-şoruldaya bir iylənən bomj-qadın istəyi ilə ətirlərə tərəf, ləkəli-qadın istəyi ilə isə kremlərə tərəf baxırdım. Axırda da bir qucaq tonal kremlə mağazadan çıxıb qaçdım. 
Yuxudan ayılanda təngnəfəs idim. Elə bil, doğrudan da, nəsə oğurlayıb qaçmışdım. Əl atıb güzgüyə sarıldım. İndi gözlü vaxtlarımdakı üz ifadələrimi xatırlamağa çalışanda ən birinci həmin səhər növbəylə evin bütün güzgülərinə baxmağım yadıma düşür. Baxa-baxa ağlayırdım. Ağlaya-ağlaya da deyirdim: 
  Kaş kor olaydım, bu günü görməyəydim. 
  Hə! Mən kor oldum ki, ləkələrimi görməyim. 
 
***
  İndi, bax bu konsert zalında, pərdə arxasında, döyünən ürəkləri, çəkilən ahları, udulan tüpürcəkləri, quruyan dilləri hiss edə-edə üstümə çökən ağırlıq heç də kor olmağın əzabı deyil. Çoxdandır sınamaq istədiyim, bu gün üçün hazırladığım xüsusi planım var. Nəhayət aydınlaşdırmaq istəyirəm ki, ləkələrim həqiqətən gedib, ya yox? 
  Özümə xüsusi bir paltar tikdirmişəm. Sinəsi və kürəyi həddən artıq, heç vaxt geyinmədiyim tərzdə açıqdır. Yoldaşımın vecinə deyil. Yox, yalan dedim, bir dəfə maraqlanıb. Soruşub ki, kimə göstərirəm özünü? Düz deyir də. Kimdir axı bundan sonra məni bəyənən? Lap bəyənən olsa belə, hardan xəbərim olacaq? Gəzməyin, toxunmağın dilini öyrənmişəm. Noolsun? Bəzən eşitməyin əvəzinə görmək bəs edir, amma görməyin əvəzinə eşitmək olmur. Görməyin səsi var, amma eşitməyin gözləri yoxdur.
 
***
  Yanımda oturan rəfiqəm çiynimdəki şarfı düzəldir. Hə, paltardan danışırdım axı. Özüm onu açıq-saçıq tikdirmişəm. İstəyirəm mənim adım elan edilən an, səhnəyə çıxmağa saniyələr qalmış şarfı açıb "ürəyim sıxılır, bunu istəmirəm” deyim. Onda rəfiqəmin reaksiyasından hər şeyi anlayacağam. 
  Kor olandan bəri yaşadıqlarımın içində ən dəhşətlisi budur: o qədər müalicələrdən sonra nəticəni (varsa) görə bilməmək. Görmürsən deyə, inanmamaq. Öz bədənindən nigaran qalmaq... Ətrafındakı hamını yalançı hesab eləmək. Hə, yalançıdırlar hamısı! Onlar görmürlər, görməyi bacarmırlar! Həmişə görməzdən gəldilər məni. İndi hardan görsünlər? Necə deyirlər ki "hər şey keçib-gedib, təmizlənib”? Məndəki ləkələr heç vaxt təmizlənənə oxşamırdı axı... Məndəki ləkələr dərin idi, tünd idi, sərt idi axı... Məndəki ləkələr daha çox, daha böyük idi! 
 
***
  Hansı ləkə nə vaxt düşmüşdü, niyə düşmüşdü, hər hüceyrəmlə hiss eləyirəm. Ax, həkimlər, həkimlər... Böyrəyimdən şübhələndilər, amma heç kim bilmirdi ki, mən o "yasaq meyvə”ni hər dəfə görəndən sonra stəkan-stəkan suyu niyə içirdim. Ödün yaxşı işləmir dedilər, amma heç kimin xəbəri yox idi, içimdə hər gecə damla-damla artan zəhərdən. Heç kim bilmirdi ki, bir qadının sinəsini bürüyən ləkələr birbaşa onun ürəyindən keçən xam istəklərlə bağlı ola bilər. Heç kim düşünmürdü ki, niyə məhz bədənimi bürüyür bu ləkələr? 
 
***
  İfaçılar azaldıqca səbrim tükənir. Dırnaqlarımın boyası quruyub artıq. Barmağımdakı üzüklə oynayıram. Üzük taxmaq vacibdirmi mənə? Hər məşqə gələndə əl fəhmiylə onu tapmaq, taxmaq, yalnız bundan sonra qapıdan çıxmaq lazımdı. İndi açdığım bütün qapılardan kiminsə müşayiəti ilə çıxıramsa, nə mənası var bu üzüyü taxmağın? Mənə baxanlar üzüyümdən əvvəl korluğumu görəcəklər. Onsuz da, bu cıqqılı üzüyün car çəkdiyi qoşalıqdan daha gur çıxır səsi qoşa gözlərimin anlatdığı təkliyin. 
 
***
  Artıq bircə ifaçı qalıb. Sonra mənim növbəmdi. Görəsən, həqiqətən ləkələrimə görə açacağam bu şarfı, yoxsa sadəcə qadın şeytanlığıdır, hələ də tərk eləmir məni? Axı onsuz da, mənə zillənən baxışları hiss etməyəcəyəm. Bəs hardan doğur bu göstərmək ehtiyacı? Yox, mən həqiqətən camaatın reaksiyasını yoxlamaq istəyirəm. İndi yanımda oturub saç-başıyla oynayan rəfiqəmin dilindən çıxacaq "açma o şarfı, eləmə belə, ləkələrin görsənir” cümləsini gözləyirəm. 
  Görəsən, o adam da gəlibmi? O sıx kirpiklərinin arasındakı qaranlığı, qaralığı zalın son skamyasında əyləşsə belə, necə hiss edəcəyimi bilirmi?
 
***
  Əslində, görməklə-görməmək arasında elə də fərq yoxdur. Mən görə bilmədiyim şeyləri indi daha yaxşı "görürəm”. Başqa cür görürəm. Başqa cür görmək bəzən olduğu kimi görməkdən daha çox sərf eləyir. Məsələn, gözlərim kor olandan sonra bir gecə səhərə qədər düşünmüşdüm ki, görəsən, onun sinəsindəki xal sağ döşünün üstünə idi, yoxsa sol? Yadıma sala bilmirdim. Nə vaxtsa şəkillərindən birində görmüşdüm. O köynəyin yaxasının açıqlığı, rəngi, üstündəki şəkillər, küləyin hansı istiqamətdən saçlarına vurması, fotoda hansı tərəfə baxmağı – hər şey yadımdaydı, bircə o xaldan başqa. Belə şeylər dilinin ucunda olan, sözlərini, musiqisini tapa bilmədiyin mahnı kimi incidər səni. Kimə desən bilməz hansı mahnıdan bəhs eləyirsən. Qəribədir, həm yadında olar, həm də olmaz. Varlığını xatırladar sənə, amma tam yox. Sonra hissə-hissə, not-not, hərf-hərf düşər yadına. O yadına düşənəcən nə qədər onabənzər mahnı gəlib-keçər dilinin altından, o an özünü araya dürtən bütün melodiyalardan zəhlən gedər. Birini itələyərsən, o birini silməyə çalışarsan beynindən, elə bil fikir cəngəlliyini yara-yara çatmaq istəyərsən o mahnıya, axırda tapandan sonra ondan da zəhlən gedər, sənə niyə bu qədər əziyyət verdi deyə. Hə, olur arada belə şeylər. Mən də həmin gecə xatırlaya bilmədim onun xalı hansı tərəfdəydi? Gözlərim vəfa etsəydi, girib şəkillərinə baxardım. Ax, telefonumdakı gizli qovluqlar... Həmin gün səhərə kimi beynimi yordum, heç kimə deyə bilmədim, heç kimdən soruşa bilmədim. Sonra "cəhənnəm olsun” deyib, öz aləmimdə qərara aldım ki, sinəsindəki xalı da elə alnındakı ilə simmetrik təsəvvür edim. Artıq indən belə o xal harda olur-olsun, mənimçün sağ döşünün üstündə idi. 
  Bir rəssam dostumdan eşitmişdim ki, insan heç vaxt nəyinsə rəsmini baxıb çəkmir. Əvvəlcə baxdığımız nəsnə beynimizə hopur, sonra biz yalnız beynimizə hopanı çəkirik, gözümüz görəni yox. Mən də elə hesab eləyirəm ki, artıq bu dünyada sadəcə bacarıqsız bir rəssamam: nə vaxtsa baxmışam, olanlar beynimə hopub, indi beynimə hopanla yaşayıram – həyatın rəsmiylə. Dünyada əksər insanlar həyatlarının rəsmiylə yaşayırlar. Onların arasında gözlülər də var, korlar da. Mən kor ikən anladım bunu. Onlar bəlkə də heç vaxt dərk eləməyəcəklər... 
 
***
  Bəlkə d,ə mən çoxdan kor olmuşam. İndi arın-arxayın nəğmə söyləməyimə icazə verən çevrəm məni çox-çox əvvəldən kor eləməyə çalışıblar. Ta balaca olandan. Bəlkə də ağlımın diktəsi ilə istəklərimə saxta "işıq”lar tapdıqca, hər deyiləni kor-koranə qəbul elədikcə bu hala gəlib çıxmışam. 
  Hər birimiz yeni, daha böyük hissləri basdırıb köhnələrlə baş qatdığımız, əsl günəşimizi gizlədib saxta işıqlara aldandığımız gündən bədənimizdəki bütün gözlərə xəyanət edirik... Edirik...
 
***
  Məndən əvvəl çıxış edən qızın ətri sürətlə yanımdan ötdü. Rəfiqəmin paltarı özündən qabaq dilləndi. Rəfiqəmin paltarı xışıldaya-xışıldaya səhnə arxasında bizimçün ayrılan oturacaqdan durdu. Rəfiqəmin paltarı məndən də qabaq atıldı irəli. 
  "Ya indi, ya da heç vaxt!” – deyib əlimi şarfa atdım. İncə şifonun altında anamın paltarın ipinə sancaqladığı gözmüncuğuya toxundu əlim. Deyəsən, şarf da ona sancaqlanmışdı. Anam düşünürmüş ki, mən gözə gələrəm, eləmi? İlahi, adamlar mənim nəyimi gözə gətirsin? Mən görməyincə o gözlər mənə dəyərmi? Gözmuncuğu! Anam düşünürmüş ki... Düşünürmüş ki, mən gözə gələrəm... Deməli, həyatda bircə nəfər belə səni qüsursuz, olduğun kimi qəbul edən insan varsa, onda...  
Ovcum yanırdı. 
  – Özüm gedəcəyəm! – dedim rəfiqəmə. Biləyimdən tutmuşdu. İtələdim, istəmədim əllərimdəki istidən ona da pay düşsün. Şərfimə bərk-bərk bürünüb səhnəyə qaçdım.  
 
***
  Olmaq istədiyim yerdəyəm. Müəllimlərim həmişə irad tutardı ki, oxuyanda gözlərini yumma, tamaşaçı ilə kontaktı itirmə. İndi rahatlıqla yuma, ya da yummuşam kimi davrana bilərəm. Çünki bilirəm bu zalda bütün yaxınlarımdan başqa bir "yad” da var. O da gözlərini yumub dinləyir məni. O da səsimçün darıxır, səsimin izinə düşüb gəlir arxamca. Bilirəm ki, indi gözlərimi açsam, bu zalda, lap uzaqda, onun oturduğu qaranlığı görə biləcəyəm. Gözlərimə and olsun ki, görəcəyəm... 
 
  "Ve karanlık perde-perde sönerken,
  gün seferden dönerken,
  başlar aynı tören...”