Biz imzaları yox, əsərləri dərc edirik...

Göy üzünün diş ağrısı – Fərid Hüseyn yazır
2325
17 Aprel 2018, 13:11
 Artkaspi.az Fərid Hüseynin Leonid Andreyevin "Ben-Tovit” hekayəsi haqqında yazdığı "Göy üzünün diş ağrısı" adlı təhlil yazısını təqdim edir:

 
                                                                                                      
 
 
   Hadisə 
 
  Dünyanın ən ağır cinayəti və adidən adi bir hadisəsi: İsa Məsihin çarmıxa çəkildiyi gün və bir tacirin dözülməz diş ağrısı. İsa Məsihin çarmıxdakı işgəncələri ilə dişi ağrıyan tacir Ben-Tovitin ağrısının bir neçə oxşar və fərqli cəhətləri var: 
 
 
   Oxşarlıq 
 
·  Dözülməzlik və fiziki mahiyyət (həm də). 
·  Ağrı onların – hər iki qəhrəmanın şəxsiyyətinin mahiyyətini açır.
 
 
   Fərq
 
·  İsa Məsihin ağrısı həm mənəvi, həm də fizikidir, Ben-Tovitin ağrısı isə ancaq fiziki mahiyyət kəsb edir. 
·  İsa Məsihin ağrısı onu əbədiyyətə hazırlayır, Ben-Tovitin ağrısı isə ötəriliyin (ağrının kəsməsi ümidi) nişanıdır. 
·  İsa Məsihin fiziki ağrısına səbəb başqalarıdır, o günahsızdır, Ben-Tovitin ağrısına isə kimsə baiskar deyil.
·  İsa Məsih ağrısına (işgəncələrinə) görə heç kəsdən üz döndərmir, Ben-Tovit ağrısına görə hər şeyi unudur, kimsəni görmək istəmir. 
·  İsa Məsih ağrısını ucalıqda (çarmıxda), Ben-Tovit ağrısını "cəmiyyətin zirzəmisi”ndə çəkir.
·  İsa Məsih ağrısını əbədiyyəti (həm də günahsızlığını) düşünərək unudur, Ben-Tovit  isə tövlədəki uzunqulağını.
·  İsa Məsihin ağrısı peyğəmbərin işgəncələridir, Ben-Tovitin ağrısı tacirin can incikliyi.
·  İsa Məsih işgəncələrinə görə "onlar nə etdiklərini bilmirlər” deyib insanları bağışlayır, Ben-Tovit ağrısına görə arvadına dişinin dibindən çıxanı deyib, qadınını lənətləyir.
·  İsa Məsih ağrısı ilə məğrur görünür, Ben-Tovit diş ağrısının təsirindən ağzını sarıyıb deyə "arvad görkəmi”nə düşüb və bu vəziyyətindən utanır. 
·  İsa Məsihin ağrısı onu daha da böyüdür, Ben-Tovitin ağrısı isə qəhrəmanı kiçildir. Ben-Tovitin xanımı Sara deyir: İsa Məsih gözləri kor olanlara şəfa verə bilirmiş. Bu zaman Ben-Tovit düşünür ki, heyf, İsanı çarmıxa çəkməsəydilər, mənim də dişlərimi sağaldardı. O, peyğəmbərin varlığını, onunla əsrdaş olmağın mahiyyətini İsa Məsihin şəfa verə bilmək qüdrətində görür, müqəddəsin bəşəri ideyaları, təlimi və əqidəsi onu düşündürmür. 
·  İsa Məsih ağrısı, işgəncələri  ilə bütün xristianların sinəsinin üstünə əbədi çəkilən "müqəddəs xaç”a dönür, Ben-Tovitin qışqırtısı isə it ulartısı isə müqayisə edilir: "u-u-u...”
 
 

 
 
   Xilas 
 
  Ağrı Ben-Toviti, əslində, qismən də olsa xilas edir. Çünki bu ağrı olmasaydı, İsa Məsihi lənətləyən, daş-qalaq etməyə hazır dayanan, çığırışan kütlənin içərisində o da özünə yer tapacaqdı, o da peyğəmbəri söyəcək, çarmıxa çəkilməsini tələb edənlərin sırasına qoşulacaqdı. Ağrı Ben-Toviti bu xüsusda iştirakçı olmağa qoymur, o, yalnız seyriçi olaraq qalır. Beləliklə, Ben-Tovitin əli birbaşa olaraq qana batmır, o, gendə dayana bilir və əgər nə vaxtsa əməlindən peşman olmaq mərtəbəsinə ucalsa, ən azı kənarda durması ona qismən də olsa təskinlik verər.
 
 
   Uzaq
 
  İnsan nəyi əldə edə bilmirsə, nədən uzaqdırsa çox vaxt həmin nəsnələr insanı özünəsirlikdən xilas edir, – o nəsnələr vasitəsi ilə günaha batmaqdan saqınır. İnsan çatdığı arzulara, can atdıqlarına görə ömürlük məsuliyyət daşıyır. Bəşər övladı əldə etdikləri, qazandıqları ilə özünü günahın qapısının ağzına gətirir. Astanasında olduğun məkanın sakininə çevrilmək isə an məsələsidir – iştirakdan asılıdır.
Ben-Tovit də dişi ağrıdığına görə günahdan qismən xilas olur, ancaq bu onun öz iradəsi ilə baş vermir, həmin günlərdəki ağrı vasitəsi ilə (tale, qismət!) reallaşır. 
 

 
 
   Xarakter 
 
  Ben-Tovitin xanımı Sara düşünür ki, əri əgər izdihama qoşulub İsa Məsihin çarmıxa çəkilməsini izləsə, dişinin ağrısı yadından çıxar. Qadın Ben-Toviti bilmədən günaha çəkmək, ağrısını unutdurmaq üçün izdihama qoşulmasını istəyir, ancaq o, kimin, hansı zirvə şəxsiyyətin çarmıxa çəkildiyini qanmır. İnsanlar məhz bu yolla – zamanının böyük insanlarını tanımamaqla əsrlərinə düşmən kəsilirlər.
 
 
   Kor
 
  Leonid Andreyev bu hekayədə insanların yaşadığı əsri duymamaq, tarixi cinayət baş verən gün bəşər övladının hansı xırda qayğılarla yaşadığını göstərir. Ən böyük korluqlardan biri öz əsrinə qarşı korluqdur. Sara ərini peyğəmbərdən uca tutur, onun ağrısını İsa Məsihin müqəddəs iztirablarından daha ali sayır. Bunu şübhəsiz ki, şüurlu şəkildə, əməlinin mahiyyətini anlayaraq etmir: çünki yaşadığı əsrə, peyğəmbərə qarşı mənən kordur və bu korluq bütün sonrakı əsrlərdə zamanın nəhənglərini, tarixi hadisələrini duymayan bütün insanlara keçən "bəşəri xəstəlik”dir. 
 
 
   Məşiət
 
  Məişət səviyyəsindəki qayğıkeşliklər insanları bəşəri məsələlərə qarşı mənən kor qoyur, nəticədə dövranın qazandırdığı bəraətlər insanların əlini daha böyük müstəvidə qana batırır. Ben-Tovit eynən Adəm kimi öz xanımı (Həvva) vasitəsi ilə günaha sövq edilir (İsa Məsihin çarmıxa çəkilməyə aparan izdihama qoşulmasını istəyir), ancaq o, Adəm qədər təmiz insan deyil deyə aldanmır – peyğəmbərin çarmıxa çəkilməsindən həzz alan kütləyə qoşulmur. Ağrı Ben-Toviti mahiyyətcə kamilləşdirə bilmir, əksinə onda həddən ziyadə eqo yaradır – o, öz ağrısını peyğəmbərin işgəncəsindən üstün tutur, özünə görə bütün hadisələri, insanları gözardı edir. Ancaq bu cinayətə seyriçi qalmaq da elə günaha batmaq deməkdir. Dostoyevskinin təbirincə desək, dünyada baş vermiş hər bir hadisənin bizə dəxli var, olanlara görə hər kəs məsuliyyət, cavabdehlik daşıyır. Haqsızlığa susmaq haqqı tapdalamağa bərabərdir. 
 
 
 

   Paralel 
 
  İsa Məsih çarmıxa çəkilən günün gecəsi Ben-Tovitin dişinin ağrısı kəsir, o yenidən həyata həvəslənir, qonşusu Samueli darta-darta tövlədəki eşşəyinin yanına aparır, ona uzunqulağı haqqında uzun-uzadı ağız dolusu danışır, öz "varidatı” ilə öyünür. İsa Məsihin çarmıxa çəkildiyi gün Ben-Tovit öz eşşəyi haqqında danışır, bəşəri cinayət haqqında söz salmır, həmin hadisə onun üçün sıradan bir olaydır və ona görə də sağalan kimi çarmıxdakı peyğəmbərin aqibətini görməyə yox, tövlədəki eşşəyinə baxmağa gedir.
  Nəhayət, onlar İsa Məsihin çarmıxa çəkildiyi yerə gəlirlər, yol boyu Ben-Tovit ağzını büzüşdürə-büzüşdürə, üz gözünü əyişdirə-əyişdirə qonşusu Samuelə dünən dişinin necə ağrımasını nağıl edir, olanları bütün təfsilatı ilə danışır. Onlar çarmıxa çəkilmiş peyğəmbərə sadəcə maraq xatirinə baxıb geri qayıdırlar, Ben-Tovit yenə də yolboyu dişinin necə ağrıması haqqında dil-boğaza qoymur.  
  Yazıçı insan eqosunun dəhşətli mənzərəsini amansızlıqla yaradır, eyni zamanda ağrının insanda eqonu daha da artırdığını bütün dəqiqliyi ilə göstərir – insanın canı ağrıyanda o, öz ağrısını dünyanın ən vacib xəstəliyi hesab edir, o, bütün cahanı unuda bilir.  
  Əsər boyunca bəşəriyyətin ən böyük cinayəti ilə adi məişət hadisəsi müqayisə edilir və sadə insanların qulağının dibində baş verən tarixi məsələlərə primitiv, saya münasibətləri, şahidlik etdikləri olayların mahiyyətindən xəbərsiz olmaları bədii boyalarla göstərilir. 
 
 
  Təsvir
 
  Leonid Andreyev yaratdığı qəhrəmanın – Ben-Tovitin mahiyyətini açmaq üçün ağrının şiddətini, dözülməzliyini göstərir, onu ağrının dili ilə ifadə etməyə çalışır. Ben-Tovitin ağrısının dözülməzliyi ilə bağlı iki təsvirə fikir verək: 
·   "Baş-beyni dəhşətli ağrı ilə dolu idi: sanki ağzında bir ovuc qıpqırmızı közərmiş mismar çeynəyirdi”.
·   "Bütün sifəti qırışıb iri burnunun ətrafına yığılmışdı”. 
 
  Yazıçı obrazı üçün ağrıların dözülməzlərindən birini və beyin (sinir) ilə birbaşa bağlılığı olanını – məhz diş ağrısını seçir. Bu detalla göstərir ki, bu ağrıya görə bir insan dünyada baş verən ən ağır cinayəti də heç sayar, yalnız özünü düşünə bilər. Eyni zamanda İsa Məsih obrazı isə cəmiyyətin saf dişidir, ancaq onu cəmiyyətin həkimi olmalı olan insanlar (kahinlər və hökmdar) çəkib çıxarırlar, sağlam (saf) ola-ola məhv edirlər. Cəmiyyətin, insanlıq tarixinin sağlam dişi çıxarılır – cəmiyyət həmin vaxt, isti-isti, dişin ağrısını duymur, ancaq iyirmi əsrdir ki, o çəkilmiş dişin sonradan incidən yerinin dözülməz ağrısı bəşəriyyəti ağrıdır. 
 
 
 

 
 
   Bəlkə
 
  Əsər oxucuya çoxlu yozum, dərk imkanları verir; onlardan biri də budur: Bəlkə də İsa Məsihin çəkdiyi iztirablar bir tacirin canından diş ağrısı, sinir ağrısı kimi cəmiyyətə yayılır. Ancaq dişi şiddətlə ağrıyan Ben-Tovit canındakı ağrıların səbəblərini bilmir, necə ki, cəmiyyət, zamandaşlar necə bir zirvə şəxsiyyətə qarşı cinayət törədildiyini tam mahiyyəti ilə anlamırlar. İnsan ağrılarının səbəbini həkimə gedəndən sonra bilir. Ancaq cəmiyyətin həkimi olmalı insanlar (hökmdar və kahinlər) İsa Məsihi məhv edirlər, onlar müqəddəsi məhv etməklə cəmiyyəti və saflığı yaralamış olurlar.
  İsa Məsihin çarmıxa çəkilməsinin səhəri gün Ben-Tovitin dişinin ağrısı çəkilir. Sanki cəmiyyət, vicdan və iman İsa Məsihin ölümü ilə siniri çıxarılmış dişə bənzəyir: Yəni o (diş – cəmiyyət) var, ancaq onun insanın bədəni ilə (din, əqidə dürüstlüyü) heç bir əlaqəsi yoxdur. O, cansız bir varlığa (insan bədənində "yaşayan”) çevrilib, əslində, onu çarmıxa çəkənlərin hər biri cansız – ruhsuz varlığa dönüblər. Cəmiyyətin "siniri çıxarılıb...”
 
 
   Sonradan
 
  "Qaranlıq elə bil bu gün yer üzündə baş verən o dəhşətli cinayəti göy üzündən gizləmək istəyirdi”. – Əsər bu cümlə ilə bitir. Bu cümlə artıq yazıçının məsələyə birbaşa müəllif müdaxiləsi kimi başa düşülür. Ümumiyyətlə, Leonid Andreyevin digər əsərlərində də müəllifin məsələlərə açıq münasibəti, obrazlarının dili ilə dediklərinə, müəllifin də qayıdışı yad hal deyil. Hərçənd bu metod, mətndə müəllif mənini qabardan, əlavə izah kimi görünən, oxucunu istiqamətləndirməyə, yazar kimi düşünməyə yönələn çox da yaxşı qarşılanmayan üsuldur. Ancaq Andreyevin oxucunu saldığı psixoloji dərinliklər, labirintlər, gözlənilməzliklər bu cür məsələləri gözardı etməyə, bəzən həmin məqamlara yerli-dibli fikir verməməyə şərait yaradır. 
 
 
  İttiham
 
  Fəqət yuxarıda misal çəkdiyim cümlədə – açıq fikirdə belə mənası dərində olan məqam var: Andreyev XIX-XX əsrlərin yazıçısıdır, belə olan halda, onun yazdığı (çatdığı) həqiqət də sonradan anlaşılmış, dərk olunmuş həqiqətdir. Deməli, bəşəriyyət öz həqiqətlərini dərk etməyə həmişə gecikir, hər əsr öz uca şəxsiyyətlərini sonradan anlamaqla çarmıxa çəkir. Sonra çarmıxa çəkilənlərin (çırağı söndürülənlərin) nuru bütün əsrlərə yayılır. Amma Yer üzünün qaranlığında baş verən heç nə Göy üzünün gözlərindən yayınmır – hər şey onun gözləri qarşısında baş verir, heç bir qaranlıq Göy üzünün gözlərinə hopan həqiqəti örtə bilmir. Yaşadığı dövrü nəzərə alsaq, Andreyev Göy üzünə yazılan həqiqəti (on doqquz əsr gecikməklə) köçürən xəttatdır... İsa Məsihin çarmıxa çəkilməsi bəşəri cinayətdir və bu mənada XIX əsr sonra xəttatın (yazıçı) taciri (Ben-Tovit) ittiham etməyə qəti "haqqı yoxdur...”