Biz imzaları yox, əsərləri dərc edirik...

Günəş kimiydin – Moin Dehazın şeirləri
256
28 May 2020, 10:56
 Artkaspi.az saytı Moin Dehazın şeirlərini təqdim edir:
 
  Gənc şair Moin Dehaz 1991-ci il, aprel ayının 26-da İranın Kərəc şəhərində anadan olmuşdur. Əslən Zəncandan, Cənubi Azərbaycandandır. Tehranda Xacə Nəsirəddin Tusi adına Texnologiya Universitetində sənaye mühəndisliyi sahəsində təhsil almışdır. Daha sonra həmən ixtisas üzrə Tehran İqtisad Universitetinin magistraturasını bitirmişdir. Hal-hazırda Abyek şəhərində yaşayır. Ana dilini bilməsinə baxmayaraq fars dilində yazıb-yaradır. "Əsb-e mən (Mənim atım)” adlı şeir kitabı 2017-ci ildə Tehranda işıq üzü görmüşdür. Oxucuların ixtiyarına verilən şeirlərin əksəriyyəti həmən kitabdan seçilmişdir.
 
 ŞEİRLƏR
 
 ZƏNCİROTU
 
Zəncirotuna heyrət edirəm.
Öləndən sonra yola düşür
bu qəribə bitki.
 
 GÖY QURŞAĞI
 
Güldük.
Biz güldük
göy qurşağına.
Göy üzünün
yeddi rəngdə qəmlənən dodaqlarına.
 
 NARAHATAM
 
Narahatam,
çox narahatam, ana.
Hiss edirəm ki,
hər divar
arxa çevirib öz küçəsinə.
Hiss edirəm ki,
hər şey
ölmək istəyir.
Dağ öz üzünə lava çiləyir.
Rels üstündə uzanıb qatar.
Ağac boy atır ki,
illər qədər olsun
yerlə məsafəsi.
Köklərlə nə edəcək?
Böyük bir qəmə kök atmışıq
və kədərdən
su içirik.
 
 
 BİLƏYDİ KAŞ KİMSƏ
 
Dəfnimizdən
illər keçir.
Amma
biləydi kaş kimsə
niyə ölmədiyimizi.
 
 PİNOKKİO
 
Hardasan, Pinokkio?
Hansı ağacın gövdəsindəsən?
Hansı bahar, hansı cücərmə, Pinokkio?
Budaqlar, yəni
ağac yalan deyir.
 
Yarpaq gözəldir.
Gözəllik gəldi ki,
gizlətsin budağı,
gizlətsin yalanı.
 
Nəyin arxasınca düşmüsən, Pinokkio?
İnsan olmağın?!
Onun arxasınca düşmür heç kəs sənin kimi.
Ağacdan bir oğlan olaydım kaş,
bir sonu olaydı
yanmağımın.
 
Ey sadə uşaqlığım!
Nağıllar yalan idi.
Yalan gəldi ki,
gecədən qorxmayaq.
 
 BİR OVUC SU
 
Heç kəsin
xəbəri yox məndən.
Sellə axan
bir ovuc suyam.
 
 SƏN GÜNƏŞ
 
Sən işıq idin;
Səni görürdüm,
amma toxuna bilmirdim sənə.
Məndən keçib-gedirdin.
Pəncərəydim mən.
Bir xarabalıq divarındakı
mənasız bir pəncərə.
Elə bir pəncərə ki,
heç kəs anlamadı əsla
hansı tərəfinə baxdığını.
 
Sən günəş idin.
Və mənim eşqim sındırdı səni
bir prizma kimi.
Daha da gözəlləşdin.
Amma
keçib-getdin.
 
Hiss edirəm ki,
ağlamaq vaxtıdır artıq.
Və min sərçə birlikdə
sinəmə çırpır başını
pəncərəni qırıb
azadlığa çıxmaq üçün.
 
Günəş kimiydin.
Yarpaqlara axırdın.
Damlara axırdın...
Və sənin bulağında
nəsə yanırdı
ki, heç kəsin ona baxmağa
gücü çatmazdı.
 
Ey günəş!
Divar qoysaydı,
torpaq qoysaydı,
hara getmək istərdin?
 
 NİGARAN
 
Təkcə bundan nigarandım
ki, səni axtara-axtara
dünyanın ən uzaq küçəsində
gedib çatam evinə.
Sənsə bu vaxt
məni axtarmağa getmiş olasan.
 
Necə də qəmlidir
bilməyəndə
itirmisən,
ya itmisən.
 
 CÜMƏ
 
Hələ cümə günüdür;
Necə də asta hələ,
necə də yalqız hələ...
 
Getmiş uşaqlığımı düşünürəm.
Getmiş gəncliyi.
İllər keçdi.
İllər keçdi.
Dəqiqələr amma
keçmək bilmir.
 
 QARANQUŞ BƏZƏK ÜÇÜNDÜR
 
Qaranquş bəzək üçündür.
Şam ağacı bəzək üçündür.
Tərk edilmiş qatar dayanacağında
oturmuşam.
Bəzəmişəm ümidi.
 
Bütün ömrüm boyu
çəmənlik arxasınca düşdüm,
çöllük arxasınca...
Onu tapanda
atım qocalmışdı.
Buğdanı göyərdən günəş
saraltmışdı sünbülləri,
göndərirdi dəyirmana...
 
"Cənab... Bağışlayın...
Düzəltdiyiniz pəncərələr
hansı tərəfə açılır?”
Qaçırdım
və bütün cavablar
duman məsafəsi saxlayırdı mənimlə.
 
Göz üzü mavidir
quşu bəzəmək üçün;
Köçsüz, bircə baharım vardı, ah...
Çamadandakı iki qanadım, ah...
Saymaq bəsdir, açıram gözlərimi.
Yarpaqlar tökülüb
ölümü bəzəmək üçün.
 
"Cənab, Ay adamlar kimi olub;
Mənlə yol gedəndə
düşmənimlə də yol gedir.
Sizlə, hətta başqa dülgərlərlə də,
hamıyla yol gedir.
Amma, vallah,
o ağacın yanında dayanıb,
ya da o biri ağacın.
Arxdakı suyla axıb
atımın yanına düşüb”.
 
 TUT ƏLLƏRİMİ
 
Tut əllərimi.
Bəlkə,
getməmiş olasan hələ.
Bəlkə,
ölməmiş olam hələ...
 
 CƏNNƏT
 
Bütün cənnətdən
üstünə ayaq basacağımız
bir səth istəyirəm.
Bir neçə dəqiqə istəyirəm.
Bir axşamçağı.
Onca yağışın söndürməyəcəyi
bir siqaret.
Və kaş
sıxılmaya ürəyim
cənnətdə yanan siqaretin halını görüb.
 
 GEDİŞİNDƏN İLLƏR SONRA
 
Gedişindən illər sonra
hər baxanda küçədən pəncərəyə
əl edirsən mənə.
Əlində bir çamadan –
hər şeyi yığıb apardığın,
hətta həmin küçəni də,
həmin pəncərəni də,
gözlərimi də,
bu şeirin davamını da...
 
 AMMA
 
Gülürəm,
eləcə gülürəm,
amma
sevinmir ürəyim.
Bunca ulduzla
işıqlanmayan
gecə kimi.
 
 
 VƏSİYYƏT
 
Gözlərimi qazıya verin
ki, rahat yatsınlar.
 
Qoca bir kişi ağlayır dayanacaqda.
Fəryadımı ona bağışlayın,
qulaqlarımı
qatara...
 
Şirin yuxularımı
babama tapşırın
ki, unudulsunlar.
Göz yaşlarımı...
Yox,
göz yaşlarım
ən mənasızıdır.
 
Yaxşı bilirəm,
hər yerdə olan adam
heç yerdə yoxdur...
Adımı bütün daşlara yazın.
Artıq tapmaz məni.
Artıq
gec olmaz.
 
Ölüm üzücüdür;
Ölümüm
heç kimi tənha qoymursa,
ölümüm
heç kimi
tənha qoymursa,
həyat daha üzücüdür.
 
 NECƏ?
 
Necə qalım,
mənə sarılan hər kəs
bıçaq vurdusa böyrümə?
 
Gecə yarısını qorxudan
o müqəvvadan
necə qorxmayım?
Necə təhəmmül edim,
təhəmmül edilmədimsə?
 
Ancaq daşların üstündə yanırsa şamlar,
torpaqdan oraq cücərirsə,
necə cücərim?
Necə cücərim
ən yaşıl budağımız
payızı salırsa yadıma?..
 
 Fars dilindən tərcümə edən: Məhəmməd Nuri