Azərbaycan Dövlət Gənc
Tamaşaçılar Teatrı çağdaş dünyanın ən böyük bəlası olan koronavirus ilə
mübarizə üçün müəyyən miqdarda vəsaiti ölkə başçısının "Azərbaycan
Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına
qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2020-ci il 19
mart tarixli Fərmanına əsasən yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna
köçürüb.

Teatrın mətbuat
xidmətindən verilən məlumata görə, teatr rəhbərliyi və kollektiv ölkə Prezidentinin
başlamış olduğu bu nəcib təşəbbüsə məmnuniyyətlə qatılıblar. Həmçinin teatrın rəsmi internet
səhifəsində tamaşaçıları həmrəyliyə, Operativ Qərargahın sosial izolyasiya
qaydalarına əməl etməyə çağıran müraciət yayımlanıb. Müraciətdə dövlətimiz və
onun strukturlarının virusa qarşı yönəli tədbirlərinin öz müsbət nəticələrini
verəcəyinə və xalqımızın tezliklə bu bəladan xilas olacağına inam ifadə olunub.
Yaxın
günlərdə isə teatrın sevilən aktyorlarının iştirakı ilə sosial şəbəkələrdə
#evdəqal aksiyası çərçivəsində video-çarxların yayımlanması nəzərdə tutulur.