Biz imzaları yox, əsərləri dərc edirik...

Gənc klassik musiqi ifaçılarının müsabiqəsi başa çatıb
508
16 Aprel 2018, 17:35
 Xəbər verdiyimiz kimi, Bakıda "Kainat” Gənclik Mərkəzinin ənənəvi layihəsi üzrə, ISESCO-nun, Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) iştirakı ilə İslam dünyası gənc klassik musiqi ifaçılarının VII Beynəlxalq Müsabiqəsi keçirilib.


 
 Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görkəmli bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş müsabiqə qalibləri mükafatlandırılıb.
 Mərasimdə çıxış edən gənclər və idman nazirinin müavini Fərhad Hacıyev bildirib ki, Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda "İslam həmrəyliyi İli” elan etməsi və ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunları müsəlman ölkələri arasında münasibətləri, xüsusilə də mədəni əlaqələri daha da möhkəmləndirməyə xidmət edib. Son illər ölkə rəhbərliyinin böyük dəstəyi sayəsində Azərbaycan iri beynəlxalq mədəniyyət tədbirlərinə - festivallara, müsabiqələrə, forumlara uğurla ev sahibliyi edir. Nazir müavini mədəniyyətimizin dünyada təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirib.
 Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Yaşar Əliyev çıxışında ənənəvi olaraq keçirilən müsabiqənin əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, ölkəmizdə gənc nəslin istedadının ortaya çıxarılması üçün müxtəlif müsabiqələr təşkil olunur, onların bilik və bacarığının artırılması istiqamətində dövlətimiz öz dəstəyini əsirgəmir.
Sonra Y.Əliyev ISESCO-nun baş katibi Әbdüləziz Osman əl-Tuveycrinin müsabiqə iştirakçılarına ünvanladığı məktubu oxuyub.
 

 
 Tədbirdə çıxış edən "Kainat” Gənclik Mərkəzinin direktoru Rahib Rəsulzadə və münsiflər heyətinin sədri, BMA-nın prorektoru, professor Yeganə Axundova yeddinci dəfə keçirilən müsabiqənin coğrafiyasının ildən-ilə genişləndiyini diqqətə çatdırıblar.
 Vurğulanıb ki, layihə təkcə gənclərin istedadını nümayiş etdirmək cəhətdən deyil, həm də onları bir-birinə yaxınlaşdırmaq baxımından əhəmiyyətlidir.
 Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb.
 Qeyd edək ki, müsabiqəyə 9 ölkənin – Azərbaycan, Türkiyə, Misir, Rusiya Federasiyası (Tatarıstan), Qazaxıstan,  Özbəkistan, Mərakeş, İran və Əlcəzair təmsilçiləri qatılıb.