Biz imzaları yox, əsərləri dərc edirik...

Gənc Ədiblər Məktəbində Orxan Fikrətoğluyla görüş
409
18 Noyabr 2019, 11:04
 Noyabrın 16-sı Azərbaycan Yazıçılar Birliyinin "Natəvan klubu”nda 4-cü "Gənc Ədiblər Məktəbi”nin üzvləri ilə yazıçı Orxan Fikrətoğlunun görüşü keçirildi.
 Adətən, şənbə günləri Yazıçılar Birliyində iş olmadığı üçün qapılar və qapıçı bir qədər yuxudan gec oyanmış, bizi  – tədbir iştirakçılarını və AYB-nin katibini gözlədirdi. Rəşad Məcidlə görüşüb bir az hal-əhval tutandan sonra söhbət bu ilin trend mövzusuna gəlib çıxdı – Nəsimiyə. Xumar Qədimovanın ifasını bəyənmədiyimi, daha çox füzulivari ifa olduğunu deyəndə Rəşad müəllim etiraz etdi: "Nəsimidə də var o cür həzin nəfəs, mən bəyəndim Xumarın ifasını, bir az klip adamın fikrini yayındırır”.
 
 

 Qapılar, nəhayət, Yazıçılar Birliyini bizə etibar etməyə qərar verir. Bir az uzaqdan da köhnə azərbaycanlı Orxan Fikrətoğlu gəlir. Elə "Zorxana”dan tanıdığımız stildə, asta-asta. Gələn kimi də qol vurur: "Yalnız Azərbaycanda imamın da adı Əlidir, maşına baxanın da. Birinə imanımızı etibar eləyirik, birinə maşınımızı”.
Hələ bu cümlələrdən çox olacaq reportajda. 
 Tədbiri Rəşad Məcid açdı. 
 "Gənclər gecikir, amma mən vaxta qənaət edəcəm, onlarsız başlayacam. Azərbaycan Yazıçılar Birliyində artıq on ildir ki, "Gənc Ədiblər Məktəbi” fəaliyyət göstərir. Birinci məktəbin məzunları artıq ədəbi mühitdə öz sözünü demiş imzalardandı. Digərləri də özünəməxsus yer tutub. İki aydı ki, bu məktəbin dördüncüsünü təşkil edirik. Bu dəfə gənclər istədi sizinlə görüşsün”.
 
 

 Daha sonra günün həm də Fikrət Sadıqın anım günü olduğunu qeyd edən Rəşad Məcid bir qədər öz xatirələrindən, bir qədər də AYB-nin divarlarının dilindən şair haqqında danışıb məşhur tərcüməsini – Şəhriyarın "Azərbaycan” şeirini əzbər dedi. Anım nitqindən sonra Fikrət Sadıqın şeirlərindən, ironiyasından, maraqlı əhvalatlarından danışıb mənə də gələcək yazılarımdan biri üçün mövzu verir: "Rəvan Cavid də Fikrət Sadıqın "Minatür şeirlər”indən esse yaza bilər”.
 Mesaj alınmışdır.
 Rəşad Məcid tədbirin postunu Orxan Fikrətoğluna təhvil verir: "Çox sağ olun ki, bu təması təşkil etmisiniz. Mənim üçün insanlarla təmas çox önəmlidir. Daha çox elektron KİV-də ünsiyyətdə olduğum üçün gəncliyi tam hiss edə bilmirəm. Əgər ədəbiyyat haqqında danışanda sizə tövsiyələrim olsa, üzr istəyirəm. Söhbət bizi oralara apara bilər, ancaq heç kim düzgün yaşamağın nə olduğunu bilmir. Hər kəs səhv edə-edə öyrənir. Hamımız yıxıla-yıxıla nələrinsə fərqinə varırıq. Ancaq heç birimizin həqiqəti doğru həqiqət deyil, çünki həqiqət özlüyündə nisbidir. Yaxşının və pisin nə olduğu hələ bəlli deyil. Yazıçılar Birliyi mənim üçün doğma məkandı. İlk dəfə bura beş-altı yaşımda gəlmişəm. Və mənə nəinki, bura elə dünya da Fikrət Sadıq pəncərəsindən görünüb. Artıq üç ildir ki, o, ruhdur. Mən deyərdim, atam səksən altı il idi ki, ruh idi. Onu həmişə hiss etmişəm. Mən bir şeyi etiraf edim ki, nə yazmışamsa, hamısını atama görə yazmışam. Çünki o mənimlə fəxr edirdi. İdmançı olmuşam, yazmağa həvəsim olmayıb, ancaq yazanda atamı məmnun edə bilirdim deyə yazırdım”.
 
 

 Hər kəs sakitcə dinləyir, gələn-gedən artıq yoxdur. Zalda az adam var. Ucsuz-bucaqsız azlıq. Orxan Fikrətoğluna lazım olan azlıq. Mənim reportajım üçün  xammal olacaq azlıq. Başqa bir adam gəlsə, nizam pozulacaq. Yazıçı isə orijiinallığını qoruyub davam edir: "Zaman bilirsinizmi nədi? Ədəbiyyat zamanı keçmək cəhdidi, 25-ci saatda olmaqdı. Xatırlayın, Prustu, Coysu, Kafkanı, Kamyunu. Onlar ədəbiyyatdan sarpmadı. Ekzestensial proseslər zamanı yarıb keçir. Ədəbiyyat insan və zamandır. Əgər bu yolu seçmisinizsə, zamanın xaricində olmağa da hazır olmalısınız. Bizlər eyni müstəvidə deyilik...”
 Daha sonra mövzu tamamilə ədəbiyyata köklənir və ictimai-sosial problemlərin ədəbiyyatda necə təsvir olunması ilə bağlı diskusiya yaranır. Orxan Fikrətoğlu gənc ədiblərin suallarına cavab verərkən köhnə SSRİ çempionunun vurduğu qollar mənim reportajımın hesabına yazılır: "Fərdi öldürən kütlə üçün müqəddəs heç nə yoxdur”, "Hüseyn Cavidi oxumamaq xəyanətdir”, "Ənənələrə toxunmadan yeni ənənə yaratmalıyıq”, "Ədəbi mənzərə yoxdur”, "Nəsimi bizim siyasi düşüncəmizin əsasını qoydu” və s.
 
 

 Şəfaqət Cavanşir  "Ərazi” filmindən, gənc jurnalist Rəhman "Paxıl” hekayəsindən, digər ədiblər "Zorxana”dan danışdı. Tədbir boyunca köhnə azərbaycanlı yeni nəsildən narahat olduğunu, pessimist yanaşdığını desə də, bir ümid var imiş kimi həvəslə danışır, hekayələrinin mahiyyətini açıqlamağa çalışırdı. Feyzbukdan eventi görüb gələn qonaqlardan biri isə Orxan Fikrətoğlunun yaradıcılığından, televiziya sahasindəki fərqli obrazlarından danışdı. Hər cümlə aforizm kimi ilişib qaldı gənclərin qulağında.
 Növbə şəkil çəkdirməkdə idi. Xatirə şəkli çəkdirib "Sahil” metrosuna tərəf tələsdim. Orxan Fikrətoğlu da Birliyin binasından çıxıb tənqid etdiyi və edəcəyi kütlənin içinə qarışmaq istəmədən, özünü onlardan qorumaq yox, onları özü kimi görmək istəyi ilə maşınına tərəf gedəcəkdi. Hər şey zamanın xaricində idi. Hər şey mürgülü idi. 
 
 Rəvan Cavid