Biz imzaları yox, əsərləri dərc edirik...

Frida Kahlonun səs yazısı tapılıb
3069
11 İyul 2019, 14:39
  Dünyaca məşhur meksikalı rəssam, nakam eşqlərin qadın üzü Frida Kahlonun irsindən ictimaiyyətə təqdim edilmiş yeganə nümunə olduğu düşünülən bir səs yazısı aşkarlanıb. "Guardian”-da yer alan xəbərə görə, səs yazısı Meksika Beynəlxalq Səs Yazıları Kitabxanasında aparılan araşdırma zamanı aviasiya səsləri bölməsində tapılıb. Belə ki, "El Baçiller” radio proqramının pilotlara həsr olunan sayında Frida Kahlonun olduğu iddia edilən səs "Diyeqonun portreti” essesini səsləndirir. Təbii ki, onun ictimaiyyətə bəlli bir səs yazısı olmadığından bu iddia hələ ki, qətiləşməyib. Fridanın səsi haqqında yeganə məlumat fransız fotoqraf Gisel Freundun: "Melodik və ilıq səsi var” təsviridir. Bu radio proqramın rəssamın həyatını itirdiyi vaxtdan bir il sonraya – 1955-ci ilə aid olması isə müəyyən təzadlar doğurub. Lakin Kahlonun rəssam həyat yoldaşı Diyeqoya yazdığı məktubu başqa bir qadının belə coşğu və həyəcanla oxuması da olduqca zəif ehtimaldır. Səs yazısının Kahloya aid olduğuna işarə edən digər bir nüans isə Diyeqo haqqında şəxsi təsvirlərin olmasıdır. "France-Press” agentliyinin tərcüməsində Fridanın həyat yoldaşı haqqında olduqca mübaliğəli təsvirlər verdiyi qeyd edilir. Lentin 1954-cü ildə qeydə alındığı deyilir. 
 
 

  Meksika Mədəniyyət naziri Alexandra Frausta: "Bu, Meksika mədəniyyətinin pop starı Kahloya aid yeganə səs yazısıdırsa belə, bunu geniş araşdıracayıq. Onun irsinə aid hər bir xırda nümunə bizim üçün dəyərlidir. Artıq bu məqsədlə geniş bir qrup işə başlayıb. Yaxın günlərdə araşdırmanın nəticəsi ilə bağlı ilkin rəy veriləcək”.
 
  Elcan Salmanqızı