Biz imzaları yox, əsərləri dərc edirik...

Fırça vasitəsi ilə yayılan mikrob
1150
14 Avqust 2020, 07:28
 Gigiyenik qaydalar dedikdə, təkcə əllərin yuyulması nəzərdə tutulmur. Uzun müddətdir, diqqət etdiyimi bir məqam da var ki, bunu daha çox film və serialların çəkiliş prosesində müşahidə etmişəm. Belə ki, bir serialda ən azı 20-yə yaxın aktyor rol alır ki, gündəlik serialın çəkiliş prosesində bu aktyorlar hər gün qrimlənir. Qrimyorlar aktyorları qrimləyərkən eyni fırçalardan, süngərlərdən və kosmetik ləvazimatlardan istifadə edilər. Hətta bir neçə dəfə  aktrisanın "Mənim üzümdə ləkə, yara əmələ gəlib, onu tonlaşdırıcı ilə qapadarsınız” dediklərinin də şahidi olmuşam. Qrimyor sifətinə ləkə düşən aktrisanın üzünü qrimlədikdən sonra həmin fırça ilə digər aktyorların da üzünü tonlaşdırdığına şahidlik etdim. Hətta deyim ki, keçəl bir aktyorun başının parıltısını aradan qaldırmaq üçün  istifadə etdiyi fırça ilə digər aktrisanın gözlərini və dodaqlarını qrim etdi. 
 Bu o deməkdir ki, bir aktyorun üzündə və dərisində hər hansı problem varsa, elə məhz ümumi istifadə edilən fırça və süngər vasitəsi ilə həmin kollektivdə eyni mikrob yayılır və daha da çoxalır.  Bəs görəsən aktrisa və mütəxəssislər bu barədə nə düşünürlər? 
 
 

 Aktrisa Zülfiyyə Qurbanova deyir ki, serial sektoru inkişaf etməyə başlayandan seriallarda rol alır və qrimdən yaranan gigiyenik problemlər elə  o  zamandan aktual məsələlərdən biri kimi müzakirə edilir: "Çəkilməyə başladığım bu 10 ildə Azərbaycanda bir çox serial və filmlərin çəkiliş meydançasında olmuşam. Bu illər ərzində bir çox qrimyorlarla işləmişəm. Mənimlə çalışan qrimyorlar bilirlər ki, aşırı dərəcədə gigiyenik qaydalara önəm verən insanam. Belə ki, özümün makiyaj etmək üçün istifadə etdiyim süngərlər, fırçalar, kremlər, tonlaşdırıcılarım var. Hansı ki,  onlar mənim özümə məxsusdur. Mən onları nə çəkiliş meydançasına qoyuram, nə də qrimyora təhvil verirəm. Onlar mənim özümə məxsus olduğu üçün hər çəkilişdə özümlə gəzdirirəm. Bu baxımdan tənbəllik etmirəm. Bir dəfə, illər öncə, baxmayaraq ki, özümün fırçalarım və tonldaşdırıcılarım olduğu halda, rol aldığım seriala əvəzləyici kimi gələn bir qrimyor xanım səhvən başqasının süngərini mənim üzümə vurmuşdu və bu da üzümdə səpki yaratmışdı. Bu səpki uzun müddət üzümdə qaldı və mən buna görə müalicə aldım. O gündən sonra çox qorxmuşdum. Açığı, üz, aktyorun silahıdır və sən onu qorumalısan”.
 Aktrisa qeyd edir ki,  serial sistemi yeni başlayan zaman daha peşəkar qrimyorlar olub: "Sonra  serailların iş saatının uzanmasından asılı olaraq, biz o qrimyorları itirdik,  onlar bu sahədən uzaqlaşdılar. İndi də yaxşı qrimyorlar olsa da, bir çoxlarının işi məni qane etmir. Ancaq biz aktrisalar vəziyyətə tabeyik, ona görə də ehtiyatı əldən verməməyə məcburuq”. 
 
 
 Aktrisa, aparıcı Günel Həmidova isə bildirir ki, bu, çox aktual və bir o qədər də vacib məsələdir: "Bu, mənim ən yaralı yerimdir. İnsanın gigiyenik normalara riayət  etməsi də burdan başlayır. Elə məhsullar var ki, onlar birdəfəlik istifadə üçün nəzərdə tutulub. Həmin məhsuldan dəfələrlə istifadə etdikdə zərərləri ilə qarşılaşırıq. Kosmetik vasitələr də onun kimi. Film və serial sistemi elədir ki, burda bir nəfər çəkilmir, kollektiv geniş olur, bir serialda ən azı 15 nəfər də iştirak edə bilir. Bu sahədə çalışanlara təklif edirəm ki, bütün aktyor və aktrisalar buna qarşı çıxsın, səslərini ucaltsınlar. Bu, belə davam edə bilməz”.
 G.Həmidova qeyd edir ki, onun qrim ləvazimatları məhz özünə məxsusdur: "Baxmayaraq ki, serial və film çəkilişləri başlayanda qrimyor üçün onun qrim ləvazimatları təşkil olunur. Ancaq bu ləvazimatlar fərdi deyil. Bəlkə aktyorun birinin dərisi normal deyil, bəlkə qarışıq dəri tipinə məxsusdur və onun dərisinə vurulan məhsul başqasında allergiya verəcək. Bunların heç biri  çəkiliş prosesində nəzərə alınmır. Nəzərə alsaq ki, aktyorların sayı çoxdur və qrimyor təkdir, onun da  ləvazimatları hamı üçün istifadə edilir. Heç olmasa, aktyorlar özləri öz ləvazimatlarını gətirməlidirlər ki, burda gigiyenik normaya da riayət olunsun. Ancaq istənilən halda, bu prosesdə gigiyenik normalar qorunmayacaq. Ona görə ki, qrimyor bir aktyorun qrimi zamanı istifadə etdiyi ənlikdən başqasında da istifadə edəcək. Hər kəsin öz qrim ləvazimatlarının olmasının tərəfdarıyam. 15 ildir, film və seriallarda rol alıram, artıq bilirəm ki, yaradacağım obrazlarda hansı pudralardan istifadə olunur. Onların hamısını - rəng tonunu, çalarlarını əldə etmişəm.  Qqrimyor da mənim ləvazimatlarımdan istifadə edir. Bəlkə mənim üzümdə elə dəri problemi var ki, yoluxucudur”. 
 
 Stilist Elyanə Abdulhüseynova indi çox həssas dönəm olduğunu xatırladır və bildirir ki, çox nadir hallarda ümumi istifadə edilən fırçalardan xanımların üzünə ləkə düşdüyünü şahidi olub: "Elə bir dövrdə yaşayırıq ki, maddi vəziyyəti çox aşağı olan bir insan da, qrim etdiyimiz kremləri, fırçaları və süngərləri almaq gücündədir.  Hərə öz cibinə uyğun olaraq öz tələbatlarını təmin edir. Bizə elə insanlar müraciət edəndə, onların gətirdikləri ləvazimatlardan istifadə edirik. Ancaq hər xanım üçün ayrıca süngərdən istifadə etməyə çalışırıq. Hesab edirəm ki, burda fırçalardan daha çox tonlaşdırıcı kremlərin ləkə salma ehtimalı daha artıqdır. Çünki film və seriallarda ağır qrimlərdən istifadə olunur. Belə ki, onlara parik taxılır, əlavə burun düzəldilir, üzlərində yara effekti yaradılır. Bunların özü də dəriyə böyük zərər verir. Bu proseduralarda insanın  dərisi nəfəs almır.  O effekti almaq üçün üzə  bərkidici yapışqanlar  vurulur ki, onların da qoxusu və dəriyə birbaşa təması təbii ki, aktyorun üz dərisinə zərər yetirir. Bəzən görürük ki, yaşlı insan effekti almaq və  üzü qocaltmaq üçün ağır salfetlərdən istifadə edilir ki, bunların hamısı üzə ziyandır. Onların yanında başqasının fırçasını istifadə etmək, artıq ikinci-üçüncü plana keçir. Onların hamısını yumaq üçün dərmanlar, mayelər var, o dərmanlarla sterilizə olunduqdan sonra başqasında istifadə olunur. Əvvəllər çox çətinliklə bu vasitələri tapsaq da, indi hər yerdən ucuz qiymətə almaq olar”. 
 
 Kosmetoloq Qəmər Əhmədova bizimlə söhbətində kosmetikanın keyfiyyətinin, dərinin o vasitəni qəbul etməyindən asılı olduğunu bildirdi: "Ola bilər, hansısa üzə düşən kosmetik vasitə başqa üzdə allergiya yaratsın. Ləkə bu fırçalardan da keçə bilər, daxili xəstəliklərdən də qaynaqlana bilər.  Bir çox daxili xəstəliklər dəridə ləkələr yarada bilir. Amma heç bir xəstəlik olmasa belə, dəri həssasdırsa, insan günəş şüası altında olursa, qoruyucu kremdən istifadə etmirsə və ümumi fırçalardan istifadə edilirsə, ləkə yaranması mümkündür. Həssas dərili xanımlar daha diqqətli olmalıdır. Ümumiyyətlə, kosmetik vasitələrin aşırı istifadəsi dəri üçün tez qocalma deməkdir. Tonal kremlər, pudralardan danışırıqsa, onlar məsamələrin arasına dolaraq, məsaməni genişləndirir, tıxaclar əmələ gətirir, piy vəzilərinin funksiyasını pozur. Tıxac əmələ gətirdiyi üçün dəridə iltihab proses yaradır. İltihab prosesi varsa, dəridə mikroorqanizmlərin inkişafı üçün şərait də var. Bu zaman sızanaqlar, səpkilər, qara nöqtələr, kamidonlar qaçılmaz olur”.
 Qəmər Əhmədova kosmetoloji fırçaların makiyajda işlənilən fırçalardan fərqli olduğunu bildirir: "Kosmetoloji fırçalar işləndikdən sonra  başqa birinin üzündə istifadə olunmur.  Biz kosmetoloqlar o halda istifadə edirik ki, onlar yenidən sterilizə edilir. Belə ki, fırçalar  tamamilə sterilizə edildikdən sonra qurudulur, təmiz hala gəldikdən sonra biz onu ikinci dəfə istifadə edirik. Dəri üzərində müxtəlif səpkilər, xəstəliklər bu yolla yayıla bilər və bunun üçün xanımlar daha diqqətli olmalıdır.  Kosmetologiyada istifadə olunan fırçalar sırf maskalarda istifadə olunur.  Dəri üzərində olun infeksiyalar məhz bu şotkalar vasitəsi ilə keçir”.
 
 
 
  Xəyalə Rəis