Biz imzaları yox, əsərləri dərc edirik...

Film bitir, həyat bitmir – Türkan Şorayın müsahibəsi
1848
31 Avqust 2017, 07:39
  artkaspi.az Türkiyəli aktrisa Türkan Şorayın müsahibəsini təqdim edir:
 
 

  Əsl aktyor və ya aktrisa odur ki, illər keçsə də, onun bir obrazı kifayət edir ki, insanların qəlbinə yol tapıb, yaddaşlarda qalmağı bacarsın. Yaratdığı obrazlar insanların dillər əzbərinə çevrilsin. Nədənsə sizə bəhs edəcəyim aktrisa mənim yaddaşımda "Al yazmalım” filmi ilə daha çox qalıb. Yəqin anladınız ki, söhbət 200-dən artıq obraz canlandıran türk dünyasının əfsanəvi aktrisası Türkan Şoraydan gedir.
  Türkan Şorayın çəkildiyi filmlər hər kəsin yaddaşında böyük xatirələrlə qalıb desək, heç də yanılmarıq. Belə ki, filmlərin azlıq təşkil etdiyi zamanlarda onun əfsanəvi obrazları insanların beyninə həkk olunaraq milyonlarla türk vətəndaşlarının sevimlisinə çevrildi. Azərbaycana gələn aktrisa buradan məmnun halda geri dönərək vətənimiz haqqında xoş sözlərini sətirlərə tökdü. Həmin yazı Türkiyə mətbuatında böyük marağa səbəb oldu. Bu məqam aktrisanı bizə daha da çox sevdirdi. 
  Beləliklə, canlı əfsanə Türkan Şoray keçdiyi yaradıcılıq yolu ilə bağlı Türkiyə mətbuatına maraqlı müsahibə verib. Müsahibəsində qocalmaqdan qorxduğunu, yardıma möhtac qalmaq istəmədiyini deyib.

  – Türkan xanım, hələ də türk filmlərində sultanlığı qoruyub-saxlamağı bacarırsınız. Bunun sirri nədir?
  – İndiyə qədər çalışdığım filmlərdə əlimdən gələni etdim ki, mükəmməl bir iş ərsəyə gəlsin. Mənim yaşam meyarım hər an işimə, çevrəmdəki insanlara sevgi ilə yanaşmaqdır. Gördüyüm işi isə sevərək etmişəm. Ona görə bu qədər uğura sahib olmuşam. 
  – Olubmu ki, aktrisalıq sənətini seçdiyiniz üçün peşmançılıq hissi keçirəsiniz?
  – Xeyr. Yaxşı ki, aktrisa olmaq üçün Allah mənə belə şans verib. Düşünürəm ki, mənim üçün bundan böyük hədiyyə ola bilməzdi. Nə yaxşı ki, mən aktrisa olmuşam və bu sənəti seçmişəm. Sənətin zirvəsinə qalxmış biri olaraq, mən necə belə bir hissi dilə gətirə bilərəm? 
  – Çəkildiyiniz filmlərdə tərəf müqabillərinizlə hər hansı bir problem yaşamızsınız?
  –  İndiyə kimi 200-dən artıq filmə çəkilmişəm. Oynadığım filmlərdə ən kiçik obrazlardan tutmuş, böyük obrazları canlandıran aktyorlara qədər heç bir sənət yoldaşım ilə mübahisə belə etməmişəm. Çünki çəkiliş zamanı bir ailəyik. Eyni sənətin sahibiyik. Təsəvvür edin ki, ən çətin vəziyyətlərdə, şəraitsiz yerdə, yaxud da uçurumun qırağında filmlər çəkdiyimiz zamanlar olub. O zaman biz aktyorlar bir-birimizə dəstək olurduq. Birlikdə deyib, birlikdə gülürdük və bir-birimizin arasında möhkəm bir yaxınlıq, münasibət formalaşırdı. Film bitir, ancaq həyat bitmir. Film çəkilişlərində özümü ailə şəraitində hiss edirəm. 
  – Deyəsən, illərdir dillərdə gəzən əfsanə gerçək olmağa başlayır. Eşitdiyimizə görə, çəkildiyiniz filmlərdə ifa etdiyiniz mahnılardan ibarət albom da hazırlayırsınız.
  – Düz eşitmisiniz. Ancaq müğənnilik iddiasında deyiləm. Buna baxmayaraq, illərdir mənə albom hazırlamaq üçün müxtəlif təkliflər gəlir. Bildiyiniz kimi, bir çox filmlərimdə səhnədə mahnılar ifa etmişəm. Gələn təkliflərdən sonra mən də albom çıxarmağa qərar verdim. Adıma layiq albom olması üçün də musiqi dünyasının önəmli isimlərindən Metin Özülkü ilə studiyada çalışdım və məşqlər etdim. Ümumiyyətlə, mən gənc yaşlarımda musiqini çox sevirdim. Mahnı oxumaq istəsəm də, elə düşünürdüm ki, bu istək mənim içimdə qalıb. İlk filmi oynadıqdan sonra uzun müddət film təklifləri gəlməyəndə düşündüm ki, bəlkə müğənni olum. Hətta 15 yaşımda Ebcioğludan musiqi dərsləri də aldım. Bir musiqi şirkəti ilə müqavilə bağlayıb, albom hazırlatmağı da düşünürdük. Müqavilə bağlayacağımız günün səhəri mənə bir film təklifi gəldi. Mən də musiqini buraxıb, aktrisalıq sənətimə davam etdim. Bu gün isə o arzumu gerçəkləşdirmək üçün çalışıram.
  – Şou əhli sizə bir sıra mahnılar həsr edib. Həmin mahnıları bəyənirsinizmi?
  – Əlbəttə. Misal üçün, Demet Akalının oxuduğu "Türkan” mahnısını çox bəyəndim. Mənə məktəblərdən, universitetlərdən təklif gələndə düşünmədən gedirəm. Gənclərin çevrəsində özümü çox xoşbəxt hiss edirəm. Gənclər də "Türkan” mahnısını çox sevirlər. Demetdən öncə Nükhet Duru mənim üçün "Türkan Şorayın gözləri” adlı bir mahnı oxuyub. Çox möhtəşəm bir mahnıdır. Mənə həsr olunan bütün mahnıları bəyənirəm. 
  – Türkan xanım, müasir filmlərə baxanda, "o rolu kaş ki, mən də oynasaydım”, dediyiniz anlar olubmu?
  – Belə hallar daha çox xarici filmlərdə olub. Xüsusilə də heyran olduğum Meril Stripin filmlərinə baxanda "kaş ki” sözünü çox işlədirəm. Onun filmlərinə baxmağa getdiyim zaman evə çox bədbin halda dönürəm. Düşünürəm ki, nə üçün mən belə bir obraz canlandırmayım? Onun oynadığı kimi bir filmdə oynamadığım üçün çox təəssüf edirəm. 
  – Aktrisa kimi sizi nə zaman yeni filmərdə görə biləcəyik?
  – Uzun müddətdir ki, filmlərə çəkilmirəm. Amma Allah sağlıq və ömür verərsə, bu il mənim üçün çox bərəkətli olacaq. Türkiyə filmlərində bir həqiqət var ki, bəlli bir yaşdan sonra aktyorlar üçün ssenari tapmaq çox çətin olur. Çəkilən filmlər və seriallarda mövzular daha çox gənc nəsil üçün düşünülür. Ona görə illərdir yeni obraz barədə düşünürəm. Filmlərə çəkilməməyimin əsas səbəbi bu idi. Ancaq bu il mənim bugünkü vəziyyətimə, dünyabaxışıma uyğun ard-arda 3-4 layihə təklif ediblər. Bu layihələrdən ikisinə rejissorluq edəcəm. İki fərqli layihədə isə baş rolda oynayacam. Bunun üçün çox həyəcanlıyam. Əslində mənim illərdir düşündüyüm bir layihə var. Layihə həqiqi bir hekayədən bəhs edir. Buradakı mövzu cəmiyyətdəki bütün qadınları maraqlandırır. Həmin layihənin rejissorluğunu etməyi düşünürəm. 
 
 
 

  – Mütəxəssis kimi türk filmlərinin dünya kino tarixində yerini necə xarakterizə edərdiniz?
  – Xarici kino mütəxəssisləri illər öncə bizim filmlərin keyfiyyətsiz olduğunu deyirdilər. Əslində o illərdə türklər çox gözəl filmlər çəkirdilər. Əvvəllər italyan filmlərinə daha çox maraq var idi. Həmin ərəfədə bizdə film sahəsi tam formalaşmadığı üçün festivallara qatıla bilmirdik. Hər hansı bir ölkəyə aid filmin həmin ölkəni tanıtmaq üçün nə qədər önəmli olduğu fikri bizdə yox idi. Festivallar sayəsində Amerika filmləri bütün dünyanı öz mədəniyyəti ilə heyran etdi. Bizdə isə festivallar son 5-10 ildə tərşkil olunur. Ona görə dünya hələ indi-indi bizim filmlərimizi tanımağa başlayır.
  – Keçmiş illərə dönməyə şansınız olsaydı, nələr etmək istərdiniz?
  – Yəqin ki, həmin illərin məsum sevgilərini istərdim. Mən uşaqlığımı doya-doya keçirməmişəm. Gənclik dövrüm isə tez bitib. Həyatın yükünü tez bir zamanda çəkməyə başladım. Bizim yaşadığımız dövr çox çətin idi. Atam məni evdən çölə çıxmağa qoymurdu. Ancaq aktrisa olandan sonra hər kəs mənimlə böyük insan kimi davrandı: "Türkan xanım” dedilər. Çox istəyirdim ki, sevdiyim insanla əl-ələ parkda gəzim. O istəyim mənim içimdə qaldı. Mən sevgilimlə gəzməyi, sadəcə, filmlərdə və ssenarilərdə yaşadım. Bəlkə də içimdə qaldığı üçün həmin səhnələr çox uğurlu oldu. Gənclik illərimi xatırlayanda çox üzülürəm. Filmlərdə yaşadığım o romantizmi gerçək həyatda dadmadığım üçün heyfsilənirəm. 
  – Ancaq filmlərdəki eşq səhnələrində çox uğurlusunuz.
  – Doğrudan da kamera mənim üçün tamamilə başqa bir duyğudur. Onun içində milyonlar var. Sanki o kiçik kameranın arxasından milyonlarla insan sənə baxır. Kameraya baxanda sevdiklərim, cəmiyyət, tamaşaçılarım gözümün qarşısından keçir. Əslində kamera onlara baxmağım, özümü nümayiş etdirməyim üçün bir vasitədir. Kamera mənim əlim, ayağım, üzümün hər hansı bir hissəsidir. 
  – İlk sevgi macəranızı eşitmək istərdik. 
  – 7 yaşında olarkən Semih adlı birini sevmişəm. Bilmirəm bu, sevgi idi, yoxsa başqa bir duyğu. Onun sarışınlığına aşiq olmuşdum. Deyəsən o, mənim uşaqlıq sevgim olub. 
  – İndi eşqə baxışınız necədir?
  – Mənim eşqə baxan vaxtlarım çoxdan keçib. Getdikcə insan yaşlaşır və eşqin yerini başqa şeylər alır. Yaşlandıqca eşq öz yerini qayğıya verir. Eşq doğrudan da gözəl hisdir. Mən də bir zamanlar belə bir hissi yaşadım. 
  – Yaşlanmaq sizi qorxudur?
  – Yaşlanmaq deyil, əldən-ayaqdan düşmək məni çox qorxudur. Yaxınlarıma yük olmaq istəmirəm. 
  – Bu illər ərzində həyat sizə nə öyrətdi? 
  – Həyat mənə hər şeyin gəlib-keçici və bir sonu olduğunu, eyni zamanda şöhrətin bir gün bitəcəyini, hər anın qədrini bilməyi, insanların qəlbini qırmamağı, nəfəs almağın gözəlliyinə vararaq yaşamanı öyrətdi. İnsan yaşayarkən gözəl anların fərqinə belə varmır. Əslində hər şey qismətdən asılıdır. Amma qismətdir deyib, sakit oturmaq da olmaz. Hədəflərimiz olmalıdır ki, ona qarşı irəliləyək. Mənə görə, həyat sahib olduqlarımızın dəyərini bilərək, dadını çıxararaq sevgiylə yaşamaqdır. 

  Hazırladı: Xəyalə Rəis