Biz imzaları yox, əsərləri dərc edirik...

Ömrün üçüncü onluğunu yaşayan Fərid Hüseyn – Sona Vəliyevadan təbrik yazısı
1450
10 Oktyabr 2019, 09:32
  Bu gün gənc şair Fərid Hüseynin doğum günüdür, onun 30 yaşı tamam olur. Artkaspi.az saytı filologiya elmləri doktoru Sona Vəliyevanın Fərid Hüseyn haqqındakı təbrik məqaləsini və şairin "Yuxu...Yuxusuzluq...”  adlı poetik silsiləsini təqdim edir:
 
  Oktyabrın 10-da şair Fərid Hüseynin doğum günüdür – deyə redaksiyada jurnalistlər öz aralarında danışırlar. Çağırıb özündən soruşuram: 
  – Fərid, oktyabrın 10-da doğum günündür, neçə yaşın tamam olur?
  Güclə eşidiləcək bir tərzdə:
  – 30 olur, – deyir. 
  İnana bilmirəm, elə bil, dünən idi. Fəridin "Kaspi”dən mənə istedadlı şair kimi təqdim olunması… Elə bil, dünən idi işə başladığı gündən istedadı və əxlaqı ilə hamının hörmət və ehtiramını qazanması… Elə bil, dünən idi sevincək halda Təbrizdə şeir müsabiqəsinə dəvət olunmasını bizə xəbər verməsi…
  Amma bu xəbəri şəxsən mənə çatdıranda, gedəcəyi zamanı deyəndə daxildən keçirdiyim narahatlıq bir ana hissiyyatının duyduqları idi. 
  Bir neçə gün sonra İran təhlükəsizlik orqanlarından birinin onu və dostu şair Şəhriyar del Geranini həbs etməklərini eşitdik. 
  "Kaspi” olaraq "Fəridə azadlıq” şüarı o qayıdanacan qəzetin səhifəsində qaldı. Azərbaycan dövləti bu istedadlı övladlarının haqsız həbsinə qarşı mübarizəyə qalxdı və onların azadlığına nail oldu.
  O vaxt mən "301-ci azərbaycanlı Fərid” adlı məqaləmin sonunda onu həbs edənlərə müraciətlə  yazmışdım: "Gənc bir şairi şeir məclisi adına aldatmaq çox asandı… Tanrı qədər müqəddəs olan sözün, şeirin ardınca uça-uça gələn o gənc şairlərin qəlbi və düşüncəsi dağ çiçəyi kimi tər-təmiz olduğu halda onları aldatmaq, bu tələni quranlara çox asan başa gəldi”.
  Həmin məqalədə onu da vurğulamışdım ki, Fərid qayıdanda söyləyəcəyəm ki, şeirlərində taleyinlə, başına gələcəklərlə bağlı öngörümlü məqamlar var. Bu, həqiqətən, belə idi…
  İllər arxada qalıb… İlk görüşdüyümdə sakit, bir az da qapalı, yüksək əxlaqlı, utancaq təsir bağışlayan Fərid elə bil, bir dəfə qocalıb, təzədən gənc olmuş kimi çoxlarına müdrik ağsaqqal təsiri bağışlayır. İndi daha dolğun yaradıcılıq prosesinə malik gənc kimi ömrün üçüncü onluğunu haqladı. 
  Azərbaycan ədəbi mühitində kifayət qədər çəkiyə malik olaraq, həm də bir gənc şair kimi yaradıcılıq ödülləri ilə mükafatlandırılıb. Öz yaşıdları arasında yüksək zəhmətsevərliyi, istedadı, həm də daim elmi, bədii axtarışlarından yorulmazlığı ilə seçilməyi bacardı.
  Fərid, Tanrının sənə bəxş etdiyi ömrün halal qazancı olan üç onluğun mübarək! İnşallah, qarşıda səni çox uğurlu onilliklər gözləyir. Xalqımızın milli-mənəvi xəzinəsinə bəxş etdiyin söz cavahiratın bol olsun. Eləcə də müstəqil Azərbaycan Dövlətinin tərəqqisini işıqlandıran media rəhbəri kimi qələmin kəsərli, sözün iti, fikrin daim işıqlı olsun!
 
  Sona Vəliyeva
 

 
  Fərid Hüseyn
  Yuxu... Yuxusuzluq...
 
  Yuxusuz qaldığım gecələrdəki,
  Yuxular yığışsa bəşər uyuyar.
 
  Marina Svetayeva
 
 
Yuxumdan bir at qaçır,
onu yormamaq üçün
oyanıram yuxudan.
Ayılıb görürəm ki,
behişt üzündə günah,
nəsə xısınlaşırsan,
hiyləli gələcəklə,
əbədi döyüşdəsən
yenə də öz içində–
bir əməli şeytanla,
bir uyuyan mələklə…
 
***
 
Oyanıram yuxudan,
evimdəki saatlar
düz gəlmir bir-biriylə,
mən ömrümü itirdim
bu vaxtlar arasında –
qurammadım saatı
"Allahın əlləri”ylə.
Ondadır ki, gecikir,
heç cür çata bilmirəm,
qaçan "qismət”lərimə.
 
***
 
İlahi, çox ağırdı,
bir ayrı cür zülmdü
sevdiyin insanları
günahından tanımaq.
Alnımıza yazılıb
bir vaxtlar sürdüyümüz
döyüş arabasının
təkəri altda qalmaq.
 
***
 
Lap erkəndən oyanıb
keçirəm bir küçədən,
səni sevmək görünmür,
səni sevmək bilinmir,
eşidilmir, duyulmur, 
hamı yatmış, mən oyaq.
Səni sevməklə birdir –
ayılmayan xəstənin
yuxusunda yaşamaq.
 
***
 
Atam girir yuxuma,
deyir "nə dərdin var de”.
Susuram, heç dimmirəm,
ümiddən gizlətdiyim,
bu dünyaya sığmayan
sənsizlik xəbərini
o biri dünyaya da
qıymıram – göndərmirəm.
 
***
 
Yuxuma girisən sən, –
necə şənsən, xürrəmsən.
Elə bir nur içində
alışırsan, yanırsan,
yanında da kimsə var.
Nədənsə çox uzundu
həmişəkindən kölgəm.
Birdən nəsə düşünüb
mənə doğru qaçırsan,
əlindəki qayçıyla
ətrafıma dolanıb
kölgəmi budayırsan.
Kaş biləsən, duyasan
necə ağırdı mənə
yanındakı adamın
üzün, simasın görmək,
necə ki bax, ağırdır
bir uşaqsız qadının
gözünün önündəcə
körpə paltarlarıyla,
döşəmə, tavan silmək.
 
***
 
Pəncərəmin önündə
baxıram bu dünyaya,
düşünürəm, görəsən,
hansı həvəs ilə biz,
tikirik gecə-gündüz
uçulacaq evləri.
Bu yuxusuz adamın
çiyninə toxunurlar,
deyirlər ki, "sən, get yat,
heç əlini bulama
belə-belə işlərə,
yorma, yazıq, özünü,
silənməzsən dünyanın
alnına həkk olunmuş
əbədi faniliyin
pozulmaz möhürünü”.
 
***
 
Axır ki  mən oyandım,
məhdudluq yuxusundan.
Xilas oldum içimdən,
min bir zülmlə aldım
özümü öz əlimdən.
Daha heç kəs siləmməz,
xeyri ürəyimdən,
şükürü, həmdi dilimdən,
doymaram yaxşılıqdan,
əl tutmaqdan doymaram, –
daha mən bundan sonra
yaxşılıq zalımıyam.
 
***
 
Yuxumda da oyağam,–
yatmır ruhum, varlığım.
Üzümü söykəyirəm
vaxtın yorğun üzünə,
beləcə calayıram
gecəmi gündüzümə.
Mən qorxuram, qorxuram,
sən olan yuxuları
danışsam gur çaylara
çay da ayrılıq dadar – 
qovuşmaz dəryalara.
 
***
 
Xəzinə Allahıtək
xəbərsizsən dünyadan,
qəm içimi talayıb,
qüssəm yaman varlanıb.
Nə sevinc qahmar çıxır,
nə səadətdi köməyim,
Tanrının gözü kimi
yuxusuzdur ürəyim.
 
***
 
Allah hər şey görür,
anımız nəzərində.
Çiynimdədir mələklər, – 
gözləri üzərimdə.
Özündən də xəbərsiz
boylanaraq içimə
sənə mələklər baxır,
səni şeytanlar görür –
çiynimdə, ürəyimdə.
 
***
 
Necə çətin ömürdü,
necə çətin imtahan,
bir səmanın altında
bir-birindən xəbərsiz
yaşamaq – ömür eləmək.
Bu elə bir tale ki
elə bil, su səpirsən,
dibi doymuş güllərə 
dodağı suya təşnə
bir səhra yolçusunun
gücdən düşən əliylə.
 
***
 
Necə kordu bu aləm,
necə gözdən zəlildi,
Dünya niyə dərdlidi,
niyə qaşı çatılıb,
qoy üzündən oxusun
aləmlər şənliyini
bircə mənə görünmək,
sonra da itmək üçün
Allah sənə bəxş edib
ilğım gözəlliyini...
mənəsə bağışlayıb
yuxu təskinliyini.