Biz imzaları yox, əsərləri dərc edirik...

Fəlsəfə daşı – Niyə belə deyirik?
1999
01 Aprel 2020, 10:34
 Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:
 
 Orta əsrlərdə dünyanın bir çox ölkələrində süni yolla qızıl və gümüş almaq üçün böyük cidd-cəhdlər göstərilmişdir. Hər şeydən əvvəl qızıl və gümüşü başqa metallardan düzəltmək məqsədi ilə xüsusi bir maddə, iksir əldə olunmalı idi. Buna görə alimlər əsrlər boyu inadkarlıqla çalışmış və ümumiyyətlə, bu sahədə aparılan tədqiqatlar nəticəsində kimya elmi yaranmışdır. "Elmi-kimya" ilə məşğul olanlara şərqdə "güruhi əhli-kaf" deyilirdi.
 
 

 
 "Kimya" ərəb sözü olub, əslən kim (həm) sözündəndir. Sözün qeyd olunan son variantı "Misir" və ya "torpaq" mənasına gəlir. Kimya elminin əsasları qədim Misirdə meydana gəlmişdir.
 Əvvəllər kimya şeylərin bir-birinə çevrilməsi haqqında fantastik təsəvvürləri ifadə edirdi. Kimyagərlərin son və yeganə məqsədi digər metalları qızıla çevirmək idi. Kimyagərlər iksiri (yunancadan olan bu söz kseros, yəni "quru" anlamına gəlir) quru toz, təmiz, saf ovuntu şəklində təsəvvür edirdilər. Avropada həmin ecazkar maddəyə "eliksir" və ya "fəlsəfə daşı" adı verilmişdi.
 İksir müxtəlif maddələrdən (qan, qıl, yumurta, nəcis) istehsal edilərmiş. Bu maddələr bərk daş üstündə möhkəm əzizlər, lazımi tərkibə qatılar, qurumaq üçün gün altına və ya oda yaxın bir yerə qoyularmış. Nəticədə əldə edilən maddə iksir olarmış ki, bunu odda əridilən gümüşə qatdıqda qızıl almaq, miss və ya qalaya qatdıqda gümüş almaq mümkün imiş. 
 Bu arzuya, fantastik xəyala çatmaq mümkün olmadısa da, hər halda müxtəlif şeyləri əzmək, əritmək, qarışdırmaq, alınan nəticələri yoxlamaq, tutuşdurmaq və s. nəticəsində həqiqi elm-kimya elmi meydana çıxdı.
 Rus dilində müvafiq ifadənin kalka edilməsi ilə düzəldilmiş "fəlsəfə daşı" ifadəsi dilimizdə qədimdən bərk işlənən "iksir" (və ya "fəlsəfə daşı") "orta əsr kimyagərlərinin təsəvvürüncə bütün metalları qızıla çevirə bilən, həmçinin bütün xəstəlikləri guya sağaldan ecazkar maddə, daş şəklində təfsir edilir.
 Xudu Məmmədov "Qoşa qanad" əsərində yazır: "Kimyagərlər "fəlsəfə daşı" axtara-axtara kimyanı nə qədər zənginləşdirdilər… Onları yolundan dönməyə qoymayan qoymayan, axtarış əzmini gücləndirən və qanadlandıran ecazkar, əfsanəvi "fəlsəfə daşı" arzusu idi.
 Cəlal Məmmədovun "Nuranə" kinopovestində belə bir dialoq vardır: "Sulduz, Nuranə xanım, keçmişdə kimyagərlər fəlsəfə, daşı olduğunu güman edirdilər.
 Mahnur, Fəlsəfə daşı nədir, ay Sulduz? Səndən də sözlər çıxır ha!..
 Sulduz. Deyirlər guya o elə bir daşdır ki, hansı metala sürtsən, onu qızıla çevirər".