Biz imzaları yox, əsərləri dərc edirik...

Cənnətə – Fazıl Hüsnü Dağlarcaya məktub – Sona Vəliyevanın şeiri
2977
03 Aprel 2020, 15:38
Artkaspi.az saytı Sona Vəliyevanın "Cənnətə - Fazıl Hüsnü Dağlarcaya məktub" adlı şeirini təqdim edir: 
 
                                 Şu anda mesela bir saklanbac oyunu var 
                                 Kuşlar gibi saklanıyorum senden.
                                                                      F.H.Dağlarca
 
 
Həyat bir gizlən qaç oyunu,
dünən mart, 
bu gün aprel.
Bu gün dünyada "koronavirus” adlı 
bir bəlanın təvəllüd tarixidi. 
Biz gizlənqaç oynayırıq, 
ölümlə,
dərdlə. 
Kimimiz ruhumuzu, 
kimimiz özümüzü, 
kimimiz övlad adlı Tanrı payımızı 
qorumağa çalışırıq. 
Bəla, deyəsən, çox adamlardan insaflıdı, 
gizlənqaç oyununda səslənir bizə: 
"Evdə qal! 
armud desəm gələrsən, 
alma desəm gəlmərsən”.
Başımız üstə bəla,
üzümüz bahara doğru gedirik... 
Xəstəhal insanlar,
virusdan qorxduğu kimi 
sarı, 
mavi,
körpə çiçəklər, 
ala-calpo havada 
çox cəsarətsiz, 
quşlar yer üzünü 
bürüyən bəladan xəbərsiz, 
ağacların üstü atlas çiçək,
gizlənqaç mümkündürsə, 
Gəl çiçəklər arasında gizlənək.
Ölüm qıyarmı insana görək,
ya da küknar ağacını bürüyən 
dumana bükülüb
palıd qoynuna çəkilək. 
Gizlənqaç əsl həyat oyunu, 
ölüm çox hiyləgər,
indi gərək sabah üçün gizlənək.
Ələ keçməməyi öyrənək. 
bəzən görrəm, 
ölüm kiminsə qapısını 
çalar, səslər: 
"Mənəm gələn” - deyər. 
Evdə qalanın bəzisi öz işində, 
öz xislətində. 
Allahdan, 
duadan, 
bəladan xəbərsiz, 
Evdə necə deyərlər,
"Onlayn kiminsə evini yıxmaqda”, 
Zəngi eşitməz,
ölüm qapı arxasında gizlənər, 
ölümü gözlənən,
adam fürsətdə,
tələsik ev yıxar, 
bir ev, 
iki ev, 
kinlə od vurar könüllərə, 
qəlblərə... 
Min-min ürək dağlanar, 
kin-küdurət ocağında... 
Ölüm səbirlə qapı arxasında gizlənər.
gizlənqaç oyunu qonşu qapıdan davam edər, 
dualar yüksələr, 
yer üzü nurdan libas geyinər, 
bir dua min kini üstələyər. 
Ey, ev yıxan, ev yiyəsi, 
qapında gizlənqaç oyunu, 
qapı arxasında ölümün səsi:
"Armud desə açma, 
alma desəm aç”. 
Ruhun paklanınca
içində gizlən, 
təmizlən. 
Günəş doğanda,
Yer üzü nurla bəzənəndə, 
ay ev yiyəsi, 
Ölüm urvatla gələndə, 
alma deyincə aç qapını 
alma cənnət meyvəsidi.