Biz imzaları yox, əsərləri dərc edirik...

Ömrümün qatlanmış varağısınız – Rəşad Məcidin şeirləri
2387
21 Avqust 2019, 11:52
 Bu gün şair, yazıçı, "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcidin doğum günüdür.  Artkaspi.az Rəşad Məcidin şeirlərini təqdim edir:
 
 
 

 Əvvəl
 
 Əvvəl qəlbin çırpınacaq
 Tora düşmüş quş kimi
 Sonra gözün yol çəkəcək
 Gələnin varmış kimi.
 
 Sonra havan çatmayacaq
 Daralacaq nəfəsin.
 Sənə zindan tək gələcək
 Yaşadığın qəfəsin.
 
 Qəfil yada salacaqsan
 Səsdən gələn istini.
 Dəli kimi qaçacaqsan
 Telefonun üstünə.
 
 Tez-tələsik yazacaqsan:
 "Planlarım dəyişib...
 Bəlkə sabaha keçirək,
 Birigünkü görüşü”
 
 Sonra ağıl qalmayacaq
 Düşünməyə ardını.
 Sonra nağıl başlayacaq
 Unudassan adını.
 

 
 
 Qala – adam
 
 Hər adamın sığınmağa
 Bir qalası olsun gərək.
 Bu qaynaşan pis gözlərdən
 Bir xilası olsun gərək.
 
 Nicat yoxdu bolca vardan – 
 Hündür divar, dik hasardan!
 Adamı daş adamlardan
 Qala  – Adam alsın gərək!
 
 Bu gələn gözəl əladı
 Yeriyən, gəzən qaladı.
 Bəlkə də təzə bəladı
 Dinsin görək, gəlsin görək!!!
 
 Bir səhər
 
 Bir payız səhəri, bir payız günü
 TV-nin səsinə oyanacaqsan.
 Bərk-bərk büründüyün yorğanın altdan
 Səs gələn tərəfə boylanacaqsan.
 
 Gözün dikiləcək səs yiyəsinə 
 Yaddaşın keçmişi ələyəcəkdir!
 Pırtlaşıq xəyallar içindən biri
 Səni işığına bələyəcəkdir!
 
 Gözün qamaşacaq, nur bürüyəcək
 Beynin durulacaq sakit çay kimi.
 Axşamkı məclisin haray-həşiri
 Qeybə çəkiləcək – bitən yay kimi.
 
 Yerdən duracaqsan sevinc içində
 Elə biləcəksən körpə uşaqsan!
 Unudub keçmişi təmiz beyinlə
 Bu səhər yenidən doğulacaqsan!
 
 

 
 Yuxundakı  qonaq
 
 Bilsəydim bu gecə necə yatmısan
 Yuxunda kim olub, yatağında kim?
 Hansı yaxın idi, şipşirin idi?
 Yuxundakı, yoxsa yatağındakı?
 
 Yuxundan beyninə, qəlbinə sızıb,
 Qanında dolaşan qonaq gözəldi!
 İsti nəfəsinlə körüklədiyin
 Ruhla sığındığın qucaq gözəldi.
 
 Yaxınında olmaq, yanında durmaq
 Yatağında girmək hələ şərt deyil,
 Sənin sədaqətin, mehrin, ülfətin
 İsti nəvazişin məhəbbət deyil.
 
 Qəlbinin qapısı yuxundan keçir
 Röyandan gələn var – buyur qarşıla!
 Sən ki söz vermişdin yüyürəcəksən
 Di çıx qabağına yüyür, qarşıla.
 
 Yuxun gerçək oldu!
 Xəyalındakı 
 İndi qarşındadı – Qonaq sənindi
 Sarıl qollarınla, sığın qoynuna
 İstisi əbədi, qucaq sənindi.
 
 Gecə zəngi
 
 Telefon səssizdə, özüm yuxuda
 Gecə zəngin gəlib, eşitməmişəm.
 Küsüb incimisən, gileylənmisən
 Xəbərsiz olmuşam – kiritməmişəm.
 
 İndi ha soruşum səbəbi nəydi,
 Məramı necəydi, necə zənginin?
 Bilirəm həmişə gizləyəcəksən
 Əsil səbəbini gecə zənginin...
 
 

 
 Gələrəm
 
 Bir səhər yuxudan
 Sən oyat gələrəm!
 Çağırsan o dəqiqə,
 O saat gələrəm!
 
 Belimdə ağrı var
 İkiqat gələrəm!
 Önündə dayanıb
 Farağat gələrəm!
 
 Baxma ki, xəstəyəm
 Ya süstəm – gələrəm.
 Əmrin var – baş üstə,
 Göz üstə – gələrəm.
 
 Sözümdə dəqiqəm,
 Dürüstəm – gələrəm!
 Təki sən arzula
 Sən istə gələrəm!
 
 Getmək
 
 Sakitcə çəkilib getmək zamanıdı
 Üsyan etmədən, çığırmadan, söymədən
 Barışıb sevginin bitməsiylə
 Yox olmaq vaxtıdı.
 Duman ağır-ağır çəkildiyitək,
 Hava sakitcə qaraldığıtək
 İsti havada əl-üzünü yuduğun suyun
 Köynəyinə düşən ləkəsi quruduğutək
 Sakitcə, xəbərsiz getmək zamanıdı!
 
 Üzə çıxacaq...
 
 Hirs ki girdi araya
 qəzəb ki kükrədi
 Bütün pis sözlər, söyüşlər
 dildə cimildəşəcək
 Onda ilk dəfə corabsız,
 dabansız ayaqqabıda
 çıxacaqsan qarşıma.
 Və üzə çıxacaq bütün 
 qüsurlar –
 ayağındakı, dilindəki, 
 ürəyindəki...
 
 Gedəcəksən
 
 Ruhun gedib, özün də
 Çəkilib gedəcəksən!
 Sis kimi, duman kimi
 Seyrəlib itəcəksən.
 
 Əzablar güvə kimi
 Xoş günləri didəcək.
 Qəhər qalacaq, bir də
 Sızıltı dolu ürək.
 
 Ağrıdan qurtulmağa
 Min bir çarə gəzəcəm
 Tapmayıb qıvrılacam –
 Tab eləyib, dözəcəm.
 
 Ağrılarla qol-boyun,
 Dərdlə həyat sürəcəm!
 Başımı qarışdırıb
 Ömrü yola verəcəm!
 
 Hamınız
 
 Məni anlamağa adam tapılmaz
 Məni həzm edəcək mədə də yoxdu!
 Məni sinirməyə yepyekə ürək,
 Məni yaşatmağa ölkə də yoxdu.
 
 Hamınız bir bezin qırağısınız – 
 Mən ipək axtarıb, qumaş gəzirəm!
 Ömrümün qatlanmış varağısınız – 
 İndi baxıram ki, boşdu Xəzinəm!