Biz imzaları yox, əsərləri dərc edirik...

Eşqdən bixəbərlər
3363
21 Fevral 2018, 16:26
   Artkaspi.az Fərid Hüseynin "Məcnunlar və Leyli" silsiləsindən dördüncü yazını təqdim edir:

 
 
 
 IV yazı
 
 Füzulinin "Leyli və Məcnu”nu o qədər düşünülmüş, ölçülüb-biçilmiş bir əsərdir ki, müəllifin ustalığı peşəkar oxucunu da heyrətə gətirir. Baxaq: Məcnun səhrada olduğu müddətdə heyvanlara  o qədər də yaxın olmur, elə ki o Kəbədən qayıdır, yəni müqəddəs məkanda sağalmaq əvəzinə eşq diləyir və atası da başa düşür ki, oğlu tutduğu yoldan çəkiləsi deyil, məhz ondan sonra heyvanlarla söhbətləşir, həmdərd olur. Bundan sona bu mövzuda hissələrə əsərdə nisbətən geniş yer verilir. O, ceyranla, göyərçinlə, çeşməylə danışır. Məcnun artıq cəmiyyətlə ünsiyyətini kəsir, yəni daha insanlardan imdad istəmir. 
 
Olmuşdu bəşərdən elə bizar
Kim, öz əksini sanırdı əğyar.
 
 
 Yəni qəhrəman insanlardan elə bezmişdi ki, öz kölgəsini də yad bilirdi. Bu məqamda Məcnun cəmiyyətlə ünsiyyətini tam itirir. Şüurla dərk etməyin mümkünsüzlüyü bu yerdə ona tam aydın olur. Bu səbəbdən onu "şüursuz” adlandırdığımız heyvanat, təbiət "başa düşür”. Daha ona cəmiyyət kömək edə bilmir və bu məqamdan sonra səhra dünyanın bir parçası kimi yox, Məcnunun dünyası kimi təsvir edilir...

 ***

 Məcnun zəmanəyə sığmamasında, vaxta uyuşmamağına görə "dəli” adlandırılır. Ona görə də geniş mənada məhz öz dövründən sonra aşiqlik zirvəsi kimi qəbul edildi. Yəni Məcnunu tam anlamaq üçün yaşadığı dövrün bitməsi lazım idi. Əsərdə buna bir yerdə açıq misal var: Deməli, Məcnunun atasının oğluna əlac axtarması ilə bağlı hissədə valideyn müxtəlif yerlərə pənah aparır, çox qapıya üz tutur, bəxşiş verir, nəzir paylayır. Ata oğula deyir ki, ağılını başına cəm eləsən Leylini sənə ərə verməyə razı olacaqlar. Məcnun isə atasına belə cavab verir: sən aqil adamsan, çarə tap ki, mən Leylini yada salmayım. Təbii ki, bu, mümkünsüz idi. Məcnun bu şərtdən sonra başqa bir şərt də qoyur atasına:
 
 Mən aqili-vəqt olum, sən azad.
 
 Yəni elə et ki, mən zəmanənin ağıllısına çevrilim, sənin də canın "dəli” oğuldan qurtarsın. O, zəmanənin "dəlisiydi”, həmin dövr və zaman içərisində onu başa düşmürdülər. Əgər  o, "aqili-vəqt” – zəmanənin ağıllısı olsaydı, çağının adi bir insanına çevrilsəydi, Məcnunluğunu itirəcəkdi. Məcnun cəmiyyətin ona qoyduğu adı öz üzərinə götürmürdü. O, özünü vaxtın əlindən ala bilmişdi... Məcnunu qəhrəmana çevirən də bu idi – özünü zəmanənin əlindən ala bilmək müstəsnalığı... 
 
 

 Həmin gerçəklikdə Leyli ilə Məcnunun vüsalını ummaq Məcnunun zəmanəyə təslimiyyətini arzulamaq deməkdir. Əsər boyunca onların vüsalına çalışanların heç biri nəticə əldə edə bilmir. Çünki Məcnun içindəki Məcnunu satmır, onu zəmanəyə təslim etmir. Cəmiyyət Məcnunluğun – ali sevginin yerini ancaq öləndən sonra aşkarlayır – qəbirlərindən... Məcnun zəmanəsini dəyişəcək gücdə deyildi və bunu yaxşı dərk edirdi. O, ona görə də xoşbəxtlik üçün dünyasını dəyişir, zəmanəsinin sərhədlərini aşır və əsas qəhrəmanların başqa bir dünyada səadətli təsvir edilməsi də məhz buna işarədir: Başqa zaman və məkana keçidə... 
 
 ***
 
 Leylinin ərə getməsini, onu hələ də sevməsini, nəhayət, ölümünü gəlib Məcnuna xəbər verirlər. Məcnun demək olar Leyli haqda ancaq başqaları vasitəsi ilə xəbər tutur. Özü Leyli barəsində nəsə öyrənməyə cəhd etmir. Məcnun xəyalında qurduğu aləmdə "xoşbəxtdir”, Leyli haqda xəbərləri çatdırmaqla onu səadətdən – yalnız xəyallardan ibarət olan aləmdən ayırıb, bir daha bu dünyanın adi reallıqları ilə hesablaşmağa (ərə getdi, görüşmək istəyir, əri öldü, Leyli vəfat etdi və s.) vadar edirlər. Məcnun sevgilisinin xəyalı ilə bir dünya qurur, ancaq gətirilən xəbərlər onu real Leyli ilə hesablaşmağa çağırır. Leylinin ölümü Məcnunun sevgilisi barədə aldığı sonuncu xəbər olur və bundan sonra başa düşür ki, daha Leyli onun xəyal dünyasına adlayıb, heç kəsin keçə bilmədiyi əraziyə – ancaq özünün bələd olduğu aləmə qovuşub. Və yalnız bundan sonra Məcnun heç kəsdən çəkinmədən Leyliylə son görüşə –  onun qəbrini – dünyasını ziyarətə gəlir. 
 
 
 ***
 
 
 

 Məcnun baxımsız biridir, səhrada yaşayır, heyvanların əhatəsində təsvir olunur. 
 
Muyində ğübar olub fərahəm,
əşk ilə çəkib zaman-zaman nəm,
 
 yaxud:
 
bel olmuşdu əlində dırnaq,
yerdən sovurardı başa torpaq. 
 
 – Məcnun bu sifətdə, üz-gözdə, əl-ayaqda təsvir edilir. Ancaq bizlər – oxucular ondan iyrənmirik, onu səfil, yiyəsiz insan kimi xəyalımızda canlandırmırıq. Çünki Məcnunu təmiz saxlayan eşqdir və onun mənəvi paklığı bizdə belə çevrilmiş dırnaqlarına qarşı ikrah hissi oyatmağa qoymur. Ortada aşiqləri ayrı salan bir eşq varsa, bu zaman insanlar sevəndən də, seviləndən də qorxurlar, ancaq heyvanlar yox. Məcnun eşqlə, nəvazişlə heyvanları ram edir, dağ keçisi şirdən süd əmir. 
 
Dövründə dirəndələr olub ram,
Tutmuşdu biri-birilə aram.
 
 Məcnunun eşqini, təhlükəsizliyini duyan heyvanlar onun ətrafına toplanır, ancaq onun eşqindən xəbərdar olan insanlar Məcnundan uzaqlaşırlar. Eşqlə heyvanları ram etmək olur, ancaq insanlar sevənlərə düşmən kəsilirlər. Bu məqamda eşqin həm də şüursuluq aktı olduğu sanki qabardılır. Aşiqlərin danışdığı cansız əşyalar, yaxud heyvanlar onların təcridliyinin simvoludur. Əsərdə Məcnunu anlayanların hər biri onun ətrafında birləşir, – Zeyd, Nofəl, heyvanlar və s. – eşqi anlamayanlar isə Məcnundan uzaqlaşırlar, hətta ölümlə bu sıraları seyrəldənlər də olur. Beləliklə, Məcnun sevgisinin gücü və eşqinə münasibətilə bütün cahanı iki yerə bölmüş olur: Eşqi anlayanlar və sevgidən bixəbərlər...
 
 
 ***
 
 Əsərin əsas qəhrəmanı Məcnundur. Bu məqama diqqət edək: atasının ölümündən xəbər tutan Məcnunun onun qəbri üstünə yollandığı hissədən sonra Təmamiyi-süxən – fikrin sonu, yekunu verilir. Həmin hissədə Məcnun haqqında bir rəvayət danışılır. Qeyd edilir ki, Məcnun səhrada gəzəndə daşın üzərində Leyliyə və Məcnuna oxşayan iki şəkil görür, sevgilisinin əksini silir, özününkünü saxlayır. Hərəkətinin səbəbini soruşanda deyir ki, bizim həqiqətimiz birdir, ikilikdən uzağıq, vahidik, ona görə də birimizin şəkli bəsdir. Soruşurlar ki, axı yarın şəkli olmayan yerdə sənin şəklinin qalması ayıbdır, heç olmasa öz şəklini siləydin, onun rəsmi qalaydı. Məcnun cavab verir ki, can cismin içində gizlidir, Leyli də mənim könlümdə gizli qalmalıdır, məşuqə aşiqə niqab olmamalıdır. Deyir məşuqə gizli qalmalıdır, aşiqi hamı tanımalıdır və aşiqin gözündən axan yaşdan məşuqun kimliyi bəlli olmalıdır. 
 
Bir gün Məcnuni-dilşikəstə
Səhradə gəzirdi zarü xəstə,
Bir səfhədə gördü iki peykər,
Leyli Məcnun ilə müsəvvər.
Məhv eylədi nəqşi-dilsitanın,
Qoydu özünün həmin nişanın.
Sordular ona həqiqəti-hal:
– Kim, nişə bir oldu iki timsal?
Dedi: – "Bizə birdürür həqiqət,
Birlikdə yaraşmaz iki surət.
Olmaq gərək əhli-danış agəh,
Kim, biz ikilikdəniz münəzzəh".
Sail dedi: – "Bu deyilmidir ar
Kim, yar ola yox, sən olasan var?
Sən netə qalırsan, ol olur həkk?
Bari onu qoy, sənə qələm çək!"
Dedi: – Rəhi-eşqdə nə layiq,
Məşuqə ola niqabi-aşiq.
Üşşaq tənü həbib candır,
Tən zahirü təndə can nihandır.
Məşuqə nə bak, olursa məstur,
Aşiq gərək el içində məşhur
Kim, aləmə aşiq axıdan yaş
Məşuq kim olduğun qılır faş".
 
 Bu hissədə Məcnun öz dili ilə (Füzuli) dominat qəhrəmanı nişan verir. Klassik ədəbiyyatda baş qəhrəmanın sonda ölməsi simvolu var. Bu  həm də əsərlərdə yaranan və dağılan dünyanın, aqibətin qaçılmazlığının, hər şeyin sonunun olmasının, dünyanın faniliyinin simvoludur. Leylinin Məcnundan irəlicə ölməsi digər simvolik məqamdır. Sevlinin tam mənada baş qəhrəman olmadığına göndərmədir. Məcnun daş üzərində öz şəklini saxlaması – iki qəlbdə pərvəriş tapan eşqin bir əsas obrazda birləşməsinə, Məcnunun vahid qəhrəman olmasına nişandır.
 
                              
 III
 
 
 İbn Səlamın ölümü və bu xəbərin Məcnuna çatdırılması – bu hissə olduqca mürəkkəbdir. Füzuli eyni məsələyə – İbni Səlamın ölümə bir neçə rakursdan yanaşır: 
1. Yazır ki, İbn Səlamı göylər Məcnunun ahının oxlarının hədəf ünvanı elədi. Yəni iki sevgilinin arasına girən insan göylərin qəzəbinə gəldi, səmaya ucalan ahlar bir gün onun canına çökdü, o, sağalmaz bir xəstəliyə düçar oldu və əli əcəlin əlinə çatdı.
 
Kim, İbni Səlami etdi gərdun
Amaci-xədəngi-ahi-Məcnun.
 
 2. Müəllif yazır ki, dünyaya gələn bir gün gedəcək, başqa bir yol varmı? Kamala yetən insanın zavaldan qaçmağı mümkünsüzdür, heç kəs əcəlin nəzərindən yayına bilməz. Dünya bina olandan hər baharın öz payızı olur.
 
 
Dünyaya Kimdir ki, gəlib cəhana getməz?
Kim kamil olur, zəvalə yetməz?
Budur rəhü rəsmi ruzigarın
Kim, ola xəzani hər bəharın.
 
 Bir-birinə daban-dabana zidd olan bu rakurslar diqqət çəkir, qəhrəman həm öz əməlinin cəzasını çəkmiş kimi göstərilir, həm də sadəcə hər insan kimi öz aqibətini yaşaması, ömrünü yaşayıb başa vurması əks olunur.  
 Eyni zamanda ölümə əsas qəhrəmanların münasibəti də fərqli olur. Əri ola-ola başqası yolunda ağlamağın pis qarşılanacağını düşünüb ayrılığına, həsrətə doyunca, göz yaşı tökə bilməyən, həmişə dərdini ürəyində saxlamağa məhkum olan Leyli, İbni Səlam öləndə ağlamaq üçün bir növ fürsət tapır: saçını yolur, üzünü cırır, ah-fəğan edir.
 
Ol vaqeə oldu bir bəhanə.
Matəm tutub etdi ol giriftar,
Dırnağı ilə üzünü əfkar.
Çak etdi fərağət ilə camə,
Faş etdi fəğani xasü amə.
Yandırdı evin, qopardı təxtin,
Taraci-fənayə verdi rəxtin.
 
 Məcnun da İbn Səlamın ölüm xəbərini eşidəndə ağlayır. Zeyd onun bu hərəkətindən təəccüblənir ki, sən niyə əğyarın ölümündən nalə elədin, ürəyinə şadlıq dolmadı? Məcnun ona cavabı belə olur: Biz ikimiz də eyni varlığı sevirdik deyə, dost idik, axı eyni varlığı sevənlər düşmən ola bilməzlər, biz düşmən deyildik, sadəcə o, sevgisini sübut elədi – öldü, mən isə hələ də yaşayıram.
 
Ol dostum idi, deyildi düşmən,
Həm ol ona aşiq idi, həm mən.
Ol canını verdi vasil oldu,
Öz mərtəbəsində kamil oldu,
Nəqsim mənim irmədi kəmalə,
Eyb eyləmə ağlasam bu halə".
 
 İbn Səlamın ölümü əsas qəhrəmanların heç birini sevindirmir. Bu ölüm qəhrəmanların birinə göz yaşlarını axıtmaq üçün bəhanə olur, digərinə sevgisini sübut etmək üçün nümunə. Bu, məqam sevənlərin ölümə münasibətlərinin aliliyidir. Əsas qəhrəmanların göz yaşı axıtmaları üçün müəllifin seçdiyi yol, o qəhrəmanları anlayanlar üçün inandırıcı görünür. Leyli və Məcnunu, onların eşq fəlsəfəsini başqa düşməyənlər isə İbn Səlamın ölümünə iki sevgilinin arasında bitən qaratikan kolunun quruması kimi dərk edirlər. 
Xəbər lenti