Biz imzaları yox, əsərləri dərc edirik...

Eşq barədə gecə şeiri və sairə – Bojidar Proroçiçin şeirləri
1627
30 İyul 2020, 12:44
 Artkaspi.az saytı çağdaş Monteneqro şairi Bojidar Proroçiçin şeirlərini təqdim edir:
 
 Bojidar  Proroçiç (1979)  Monteneqroda, Setinedə anadan olub.  Jurnalist, publisist, tərcüməçi və şairdir, tarix, fəlsəfə, din və ədəbiyyat üzrə yüzlərlə məqalənin müəllifidir. Əmək fəaliyyətinə  18 yaşındaykən ötən əsrin 90-cı illərində populyar olan „Onoqoşt"  gündəlik qəzetindən başlayıb. Hal-hazırda  „Vijesti", „Avlija", „Odzivi", „Kult", „Kulturişta", „Gledişta" kimi qəzet və dərgilər, habelə elektron mətbuatla əməkdaşlıq edir. „Şairin payızı" (2019) şeir kitabının müəllifidir."Gecə çaparı" nəsr kitabı nəşrə hazırlanır.
 Bojidar  Azərbaycanın dostu və Azərbaycan mədəniyyətinin və  həqiqətlərinin yorulmaz təbliğçisidir.  O,  Podqoritsada fəaliyyət göstərən Azərbaycan–Monteneqro Mədəniyyət və İqtisadiyyat Mərkəzinin Azərbaycan mədəniyyətinin təbliğat -əşviqat məsələləri üzrə xüsusi müşaviridir.
 
 
 

 Məhbus
 
Kölgələr məni tutdular,
gecə, qalanın zülmət qaranlığında
tənhalığın 
çoxlu orduları yenmiş gözətçiləri  
həbs etdilər məni,
atəşli qəlbimi aldılar.
Yox, kölgə gözətçisinə
hisslərimi verəsi deyiləm,
onları əsir olmağa qoymayacam,
əlbəttə, gecə mütləq keçəcək.
Eşidirsən, gözətçi,
sən də yox olacaqsan,
sənin kölgələrin də
bu qala, bu qandallar,
ardınca sürünən  bu ordu da.
Biz gözləyərik
sabahı.
Təslim olmayacam,
dayanmayacam.
 
 

Ay işığında
 
Gün bitməkdədi,
gəzintiyə çıxıram təkcənə,
gecə düşənə qədər
səssiz-gizlicə gəzişirəm.
Görəsən mənə elə gəlir,
ya doğurdan da ulduzlar 
arxamca düşüblər,
bəlkə mən bu gec vaxtı
şeirlə dua edirəm
və bu gecə Ay 
varlığın çevrəsindəki
sirri bölüşür mənimlə –
parlaq, parıltılı sirri;
göyüzündə yazı oxuyuram:
eşqin sükanı arxasındakı
dənizçi
öz solğun, 
amma gözdeşən təbəssümünü 
və təkliyini gizlədir.
 
 
Eşq barədə gecə şeiri və sairə
 
Soruşursan, görən axı, nədir məhəbbət:
Quru sözdür, yoxsa qədim qayda və hikmət?
 
Xəyalpərəst hər ürəkdə onun izi var
Hər fəsildə bir ayrı cür gözlənişi var. 
 
Masalarda badə olar ya boş, ya dolu.
Yalnız  eşqin badəsidir boşalmaz , dolu.
 
Tez-tez məni üzür, sıxır səbəbsiz kədər,
 Hər dəfə də söyləyirəm, hə, bu da keçər.
 
Bu şeiri yazdım qəmin örtüyünə mən,
Gecə atdı örtüyünü üstümə həmən.
 
 
 
 Mənim gözəl bəlam
 
 
Mənim gözəl bəlam, dəlicə tutqum –
Setinemin əsrarəngiz  gecələrinin birində
cökələrin xoş ətrinin ətrafa yayılan vaxtı
bənzərsiz gözəlliyindən məst olub
sənə yazıram.
 
Gecə səni hər kəsdən gizlədir və təkcə
mənim xəyalpərəst baxışlarıma qonaq edir səni;
tənhalıqdakı uzun, sirli düşüncələr;
yenə də sən, ey mənim ilğım gözəlim,gah mənim olursan, 
yenə də  gah sənin gözlərini gəzirəm bu gecə vaxtı...
 
Tərcümə edən: Səlim Babullaoğlu