Biz imzaları yox, əsərləri dərc edirik...

Janvaljan inamı – Asif Ata
62
11 İyul 2018, 14:51
 Artkaspi.az Asif Atanın "Janvaljan inamı" adlı yazsını təqdim edir:
 
 İnsana məhəbbət üstə katorqaya düşmüş İnsan zülmət gecədə insanlar arasında özünə məskən tapmır. Ona heç kəs qapı açmır. Çünki onun sifətində dustaqxana möhürü vardır. "Nəyə görə, kimə görə dustaqxanaya düşmüsən”, – deyə soruşan yoxdur. "Dustaq olmusan, deməli, qanunu pozmusan”, – deyənlər var.
 Belə anda İnsan amansız canavara dönər.
 

 
 Belə anda onun sifətindən, gözlərindən insanlara sonsuz nifrət, sonsuz hiddət yağar.
 Adi insani hörmətdən məhrum olan İnsan insanlığa inamını itirər. Lakin onun qarşısında mehriban insan, nurani qoca dayananda, gözəl bir şəxsiyyət ona əziz bir qonaq kimi nəvaziş, hörmət göstərəndə insan yenidən İnsana çevrilər, İnsana inamını yenidən bərpa edər.
 Bu müqəddəs İnsan ona adi və ülvi bir inam təlqin edər.
 "İnsanı ən böyük bir sərvət kimi qiymətləndirmək lazımdır. Əsl insan özündən çox başqasını düşünməlidir”.
 Nə yaxşı ki, bu zülmətli gecədə, bu biganə, daşqəlbli adamlar içərisində Janvaljan insanlıq timsalına rast gəldi.
 Nə yaxşı ki, yüz min insanabənzər məxluq arasında bəzən bir nəfər insana rast gəlirsən. Belə insanlar şəxsi mahiyyətlərindən kənara çıxaraq, rəmzi məna kəsb edirlər. Onlar öz mövcudluqları ilə sanki sübut edirlər ki, insan hələ İnsan olaraq qalır. Bəşəriyyət hələ iflasa uğramamışdır.
 Belə insanlardan biri Janvaljanı insan, özü də kamil bir insan etdi.
 Bundan sonra Janvaljan öz işığıyla işıqlanan insanpərvərliyə xidmət edəcəkdir. Bundan sonra Janvaljan bir həqiqətə – İnsana məhəbbət hikmətinə xidmət edəcəkdir.
 Öz yeni əqidəsinə sonsuz inam bəsləyən Janvaljan insanpərvərlik imtahanından şərəflə çıxır.
Birinci imtahan:
 Janvaljan şəhərin nüfuzlu, hörmətli meridir. Bu hörməti o öz qabiliyyəti, əməyi sayəsində qazanmışdır. Əvvəlki həyatla vidalaşmış, hətta adını da dəyişmişdir. Lakin əzazil zor qanunu Janvaljanı unutmamışdır.
 Zahirən Janvaljana bənzəyən bir adam həbs edilmişdir, onu edam gözləyir. Əgər Janvaljan ədaləti bərpa etmək istəməsəydi, heç bir kəs onu günahlı saymazdı.
 Lakin günahsız adamın qətl edilməsi insanpərvərliyə ziddir. Ona görə də Janvaljan məhkəmədə həqiqəti söyləyir və özünü qanunun ixtiyarına verir.
 İkinci imtahan:
 Janvaljanın Javer adlı antipodu, düşməni vardır.
 Janvaljan insana, Javer isə qanuna pənah gətirmişdir. Janvaljan – "İnsan hər şeydir”, Javer isə – "Qanun hər şeydir” əqidəsinə xidmət edir.
 Janvaljan İnsan üçün özünü unudursa, Javer qanun üçün İnsanı unudur.
 Janvaljan "Qoy hər şey məhv olsun, təki İnsan xilas olsun” prinsipinə əsaslanırsa, Javer "Qoy hər şey məhv olsun, təki Qanun təsdiq edilsin” prinsipinə əsaslanır.
 Javer Janvaljanın əlinə keçib. Janvaljan inqilabi tribunalın əmrinə əsasən Javeri güllələməlidir.
 Javer ölümünü gözləyir. Dəqiqələr keçir. Lakin qətl mərasimi uzanır. Bu nə oyundur? Xeyr, oyun deyil. Janvaljan yoxdur. Janvaljan düşmənini xilas etmişdir.
 

 
 Bununla o, Javeri sarsıtmış, öldürmüş, didib-parçalamışdır. Demişdir ki, dünyada sən bədbəxt Javerin pərəstiş etdiyi zor qanunlarından başqa qəlb qanunları da vardır. Sən Javer bir heçliksən! Dünyada sənin görmədiyin, duymadığın ülvi kəlamlar, həqiqətlər var. Ömrünü çox iyrənc bir ideala həsr etmisən. Sənin idealın qəlbində yaranan şübhənə tab gətirə bilməz. Bu şübhəni qəlbində kimsə yaratmalıydı. İndi öz gününə ağla. Ömür nəyə həsr edilib, nəyə qurban verilib?
 

 
 Javer intihar edir. Humanizm böyük, ibrətamiz qələbə çalır.
 Nə qədər ki həyatda böyük, yaxud kiçik Janvaljanlar var – yaşamağa dəyər.