Biz imzaları yox, əsərləri dərc edirik...

Əsgərlikdə donuz, at əti yeməyi öyrəndim – Qulu Ağsəsin müsahibəsi
3203
20 Noyabr 2019, 09:54
  Artkaspi.az saytı Qulu Ağsəsin müsahibəsini təqdim edir:
 
  "Kənd uşaqları adətən, işləməyin dərdindən kitabdan ayrılmırdı. Evdəkilər də mənim oxuduğumu görüb işə göndərmirdilər. Bəlkə də kitaba olan marağım tənbəlliyimdən irəli gəlir”. Bu sözləri bizimlə söhbətində "Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəs söylədi.
 

 
  1969-cu ildə Ağdam rayonunun Gülablı kəndidə doğulan müsahibimlə ilk olaraq uşaqlıq və gənclik illərindən danışdıq: "Bu yaxınlarda bir tarixi materialda oxudum ki, 1842-ci ildə bizim kənddə 144 ailə yaşayırmış. Tarixi faktlar onu göstərir ki, Gülablı Qarabağın ən qədim kəndlərindəndir. Adi kəndli ailəsində doğulmuşam. Anam evdar qadın idi. Biz ailədə 8 uşaq olmuşuq. Bir bacı və bir qardaşım körpə ikən dünyasını dəyişib. Mən onları heç görməmişəm. Babamın adı Cəfərqulu olsa da, arxiv sənədlərində Cəfər kimi qeyd ediblər. Mənim iki yaşım olanda, yəni 1971-ci ildə atam dünyasını dəyişib. Mən onu görsəm də, xatırlaya bilmirəm. Atamdan sonra ailənin bütün ağırlığı anamın üzərində idi. Evin bütün təsərrüfat işləri ilə özü məşğul olurdu”.
 
  İndiki uşaqlar əldəqayırmadır
 
  Qulu müəllim deyir ki, o dövrün uşaqlıq illəri ilə indiki dövrü müqayisə etmək mümkünsüzdür: "O illərə qaydanda görürəm ki, bizim tək əyləncəmiz həyətdə oynadığımız müxtəlif oyunlar idi. Səhərdən axşama qədər "samokat” sürər, quşatanla oynayardıq. Hərdən kiminsə atını oğurlayıb gizlincə çapırdıq. Çox az evlərdə maşın olardı. Kənddə yalnız bir neçə imkanlı ailənin evində ev telefonu var idi. Telefonla zəng edəndə poçt idarəsində bilirdilər ki, kimin evindən zəng gəlir. Nömrəni deyirdin, poçt idarəsi səni o nömrəyə calayırdı. Təkcə rayondaxili zənglər böyük əziyyət tələb edirdi. İndiki uşaqlar bu barədə çox xoşbəxtdir. 3-4 yaşında uşaq ağıllı telefonlardan istifadə edə bilir. İndi 3 yaşındakı uşaq böyük adamlardan heç də az məlumatlı deyil. Əslində iki dövrü müqayisə etmək istəməzdim. Çünki öz dövrümün uşaqlığını tərifləsəm, qocaldığımı boynuma alacam. Məncə, hər dövrün öz gözəlliyi və özəlliyi var, amma o dövrün uşaqları daha sağlam və çevik idi. Çünki biz aktiv həyat tərzi sürürdük. Təkcə odun daşımaq idmanın ən ağır növlərindən idi. Biz təsərrüfat işlərinə uşaq vaxtlarından öyrəşirdik. Bütün kənd uşaqları mal nobatına gedirdi. Bütün uşaqlar da sağlam böyüyürdü. Özümüz yıxılıb, öz yaramızı özümüz sağaldırdıq. Hərdən fikirləşirəm ki, indiki uşaqlar əldəqayırmadır. Bir də görürsən ki, uşaq əsnədiyi yerdə qolu çıxır. Əksər uşaqların onurğa sütununda problem var. Bu da texnologiyanın gətirdiyi xəstəliklərdir”.
 
 

  Həmsöhbətim deyir ki, dəcəl uşaq olmayıb: "Mən o qədər də dəcəl uşaq sayılmırdım. Hətta indi fikirləşəndə deyirəm ki, ağıllı uşaq olmuşam. Anamı çox istədiyimə görə həmişə onun sözünə qulaq asmışam. Çünki gözümü açandan anamın mənə olan qayğısını görmüşəm. Bu da yəqin ki, atamın yoxluğundan irəli gəlib. Hələ uşaq yaşlarımdan radioya qulaq asmağa böyük marağım var idi. Televiziyada göstərilən verilişlərə baxanda, özümü o verilişlərin qəhrəmanı hesab edirdim. Hərdən özümü aparıcı obrazında görürdüm. Tez bir zamanda yazıb-oxumağı öyrəndim. Kənd uşaqları adətən, işləməyin dərdindən kitabdan ayrılmırdı. Evdəkilər də mənim oxuduğumu görüb işə göndərmirdilər. Bəlkə də kitaba olan marağım tənbəlliyimdən irəli gəlir. Arada ərköyünlük etdiyim vaxtlar da olub. Hərdən uşaqları dərsdən qaçmağa həvəsləndirirdim. Sonradan sinif rəhbəri və müəllimlər uşaqlara deyirdi ki, heç utanırsınızmı, Qulu kimi oxuyan uşağı da dərsdən qaçmağa məcbur edirsiniz? Halbuki dəstənin başçısı mən idim, amma heç kim məndən şübhələnmirdi. Məktəb vaxtı sinif yoldaşlarımızla çox dəcəlliklər etmişik. Amma orta məktəbi həmişə çox sevirdim. Məktəbə getmək mənim üçün xüsusi bir ritual idi. Sinif otağında özümü öz qabımda hiss edirdim. Müəllimlərin məni tərifləməsi xoşuma gəlirdi. Çalışırdım ki, müəllimlərimin etimadını hər zaman doğruldum”.
 
  Bir həftə yemək yemədim 
 
  Müəllimlərindən hər zaman hörmət görən müsahibim məktəbi qurtaranda, həyatın ilk zərbəsini alır: "İki müəllimim mənə qarşı böyük haqsızlıq etdi. Jurnalistika fakültəsinə sənədlərimi verməyim deyə, Azərbaycan dili və ədəbiyyatdan qiymətimi qəsdən kəsdilər. İndi o müəllimlər həyatda deyil, amma mən bunu heç vaxt unutmuram. Bu da qısqanclıqdan irəli gəlirdi. Çünki rayon qəzeti mənə zəmanət vermişdi ki, universitetə qəbul olsan, səni işlə təmin edəcəyik. Mən də sevincimdən bu xəbəri hamı ilə paylaşmışdım. Amma bu sevincim ürəyimdə qaldı. İllər sonra "Son zəng” adlı yazımda da bu haqda yazmışdım. Bu, mənim həyatdan aldığım ilk zərbə idi. Evə gəlib bir həftə yemək yemədim. İndi başa düşürəm ki, aclıq aksiyası keçirirmişəm. Ən çox təəccübləndiyim isə sinif yoldaşlarımın məni dəstəkləməməsi idi. Onda başa düşdüm ki, insan həyatda təkdir və onun tək güman yeri də özüdür”.
 
  Məktəbi bitirdikdən sonra sənədlərini jurnalistika fakültəsinə təqdim edən Qulu Ağsəs fakültəyə qəbul edilmir: "Çünki iki il iş təcrübəsi tələb olunurdu. Mənə məsləhət gördülər ki, Politexnik İnstitutuna gedim, çünki fizika və riyaziyyatdan qiymətlərim beş idi. O vaxtı bir nəfər xeyirxah adam məni qəbul komissiyasının katibinin yanına saldı. Həmin adam Misir Mərdanov idi. İki qabiliyyət imtahanından yaxşı qiymət aldım. "Kommunist” qəzetindən yoxlama gəldi. Dedilər ki, kim özünə arxayındırsa, qabağa çıxsın. Mən çıxdım və sorğu-sual etdilər. İmtahanım haqqında "Kommunist” qəzetində reportaj dərc olundu. Ballar hesablananda iş təcrübəsi məsələsi yenidən gündəmə gəldi. Beləcə, mən fakültəyə qəbul ola bilmədim. İmtahanda şpalqalkadan köçürən uşaqlar isə tələbə adını aldı”.
 
  Oğurluğu ilk dəfə orada görürdüm
 
Universitetə qəbul ola bilməyən baş redaktor 1987-ci ildə hərbi xidmətə yollanır: "Anam əsgər getməyimi heç istəmirdi. İngilis dili müəlliməm dərsdə şübhələnmişdi ki, mənim gözüm lövhəni görmür. Amma mən bunu heç kimə demirdim. Qardaşımın həyat yoldaşı ilə həkimə getdik. O vaxtdan eynək yazdılar. Anam elə bilirdi ki, məni əsgər aparmayacaqlar. Komissarlıqda məndən hərfləri soruşdular. Həkimə yalandan dedim ki, hərfləri tanımıram. Beləcə əsgər getdim. Hərbi xidmət illərim Rusiyada keçib. Yayın bir ayı 50 dərəcə isti olurdu, qalanı isə 25-30 dərəcə şaxta. Dayanmadan külək əsirdi. Əsgərlikdə olduğum mühitdə tam fərqli bir mənzərə ilə rastlaşdım. Mən elə bilirdim ki, ruslar bir-birilərinə "siz” deyə müraciət edir, ədəb-ərkanla rəftar edirlər. Amma gördüm ki, hər kəs jarqon və söyüşlərdən istifadə edir. Kim tez yatırdısa, onun paltarını oğurlayır, yeməyini yeyirdilər. Bir neçə ay bu mühitə öyrəşə bilmirdim. Sağ qalmaq üçün hamıdan az yatmalı, hamıdan erkən oyanmalı idim. Əsgərliyə gedənə qədər heç vaxt qonşuda çörək yeməmişdim. Amma əsgərlikdə donuz, at əti yeməyi öyrəndim. Hərbi xidmətdə sovet ordusunu müşahidə etmək imkanım oldu. Başa düşürdüm ki, bu ordu tezliklə dağılacaq. Bir dəfə səhrada gözümə qar düşmüşdü. Həkimə müraciət edib dedim ki, gözüm ağrıyır. Məndən soruşdu ki, pulun var? Pulumun olmadığını deyəndə, məni qovdu. Mübahisə etmək istəyəndə, dedi ki, raport yazıb heç nəyinin olmadığını bildirəcəyəm. Buna görə mənə cəza verə bilərdilər. Rüşvətxorluğu, oğurluğu ilk dəfə orada görürdüm. Orduda əsgərin malını talayırdılar. Xüsusilə türk xalqlarına olan münasibət çox pis idi”.
 
 

  Yeganə sevgimiz vətən sevgisi idi
 
  Amma müsahibim qısa müddət ərzində orduda seçilməyi bacarıb: "Bir şeyi də deyim ki, yazıb-oxuma qabiliyyətimə görə digər əsgərlər arasında seçilirdim. Oradan məni Orsk Pedaqoji Universitetinə oxumağa göndərirdilər. Çünki komsomolun üzvü olan yeganə müsəlman əsgər idim. Divar qəzetinin müxbiri idim. Buna görə mənə hörmətlə yanaşırdılar. Amma Orskda oxumağıma anam razı olmadı. Buna görə də sonradan Kişinyov Dövlət Universitetinə getdim”.
 
  Həmsöhbətim deyir ki, gənclik illəri Qarabağ müharibəsinə, meydan hərəkatı ərəfəsinə təsadüf edib: "Bütün tay-tuşlarımız ya müharibədə döyüşür, ya da meydan hərəkatında idilər. Belə bir dövrdə hansı gənclik illərindən danışmaq olar ki… Hər gün şəhid xəbərləri alırdıq. Bir dəfə "Sahil” metrosundan bulvara çıxanda gördüm ki, hamı təəccüblə mənə baxır. Çünki bütün gənc oğlanlar müharibədə idi. Həmin vaxt mən özümdən utandım. SSRİ-nin çöküşü, aclıq, anarxiya hökm sürürdü. Bizim gəncliyimiz bu hadisələrin qurbanı oldu. Yaşıdlarım şəhid, əlil oldular, bir çoxları da mənəvi zədə aldı. Biz gəncliyimizi yaşamadan uşaqlıqdan orta yaşa adladıq. Belə bir dövrdə bizim yeganə sevgimiz vətən sevgisi idi. Ən böyük arzumuz Azərbaycanı müstəqil görmək idi. Müstəqillik qazandıqdan bir müddət sonra gözlərimizə inana bilmirdik. O dövrdə gənc qızlarımız könüllü olaraq batalyonlara qoşulur, müharibədə döyüşürdülər. Kimisə sevməyə belə adam utanırdı. Cavan qızlar topçu, snayperçi idi. Onların 60-70 deyil, cəmisi 20 yaşları var idi. Onlar da öz sevgisini vətən torpağı uğrunda qurban verdi”. 
 
  Uşağa öyrətməklə tərbiyə vermək olmaz
 
  Bir qədər gec ailə quran Qulu Ağsəs bir qız övladı atasıdır: "Qızımın 15 yaşı var. Mənə elə gəlir ki, övlad tərbiyəsində önəmli olan genetikadır. Elə şeylər var ki, uşağa öyrətməklə deyil, gərək öz qabında olsun. Düzdür, ailədən də çox şey asılıdır. Qızım evin tək uşağı olduğuna görə, bir qədər ərköyündür. Amma dərslərini yaxşı oxuyur. Müəllimləri ilə tez-tez danışıram, razılıq edirlər. 10 yaşı olanda yazdığı hekayələrindən ibarət bir kitabı çıxdı. Çalışıram ki, ona özünə hiss etdirmədən nəzarət edim”.
 
  Sonda rubrikanın ənənəsinə uyğun olaraq gənclərə tövsiyəsini də soruşduq: "İndi gənclərə nəyisə tövsiyə etmək mənasızdır. Biz gənclərə öz tövsiyəmizi əməllərimizlə verməliyik. Səsini qaldıraraq danışırsansa, kimdənsə nəzakətli olmağı gözləmək olmaz. Biz özümüz öz əməllərimizlə gənclərə örnək olmalıyıq”.
 
  Şəbnəm Mehdizadə