Biz imzaları yox, əsərləri dərc edirik...

Əsərlərinin uğurlu olduğunu necə bilirlər? – Sorğu
841
13 Sentyabr 2017, 09:02
 artkaspi.az yazıçılar arasında keçirdiyi "Əsərinizin uğurlu alınıb-alınmadığını mətndəki hansı boşluqlar və ya üstünlüklər sizə hiss etdirir?" adlı sorğusunu təqdim edir: 



   Emin Piri: Şeirlərimi bütün hallarda kağıza yazıram. Hansısa hiss onları məndən kompüterə köçürməyə vadar etməyənə kimi alınmadığını düşünürəm. Misalçün, indi kağızda 5-6 şeir var. Amma kompüterə köçürməyə həvəs yoxdur. Bu əslində həvəs yox, təhtəlşüur olaraq ruhumun istəmədiyini göstərir. Yəni ruhum bu çapa hazır deyil, və ya mən öz ruhumu deyil, süni beyin işləri görmüşəm. Amma bu da son deyil, əvvəllər atama oxumadan, o razılıq vermədən çapa verməzdim. Son illərsə sevgilim olanda ona oxuyuram. Yəni bu şəxsər də "əladır" deməsə şeirlərimin alınmadığını düşünürəm. İndi isə sevgilim olmadığından inanmıram ki, yaxın həftə və aylarda nəsə çap etdirim.


 
 Sahilə İbrahimova: Açığı, hazırda əsərin alınıb-alınmamasını onun məhz oxucu tərəfindən alınıb-alınmaması üzərində ölçürəm. Mən İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisəm, digər işim Marketing, PR sahəsindədir, mən məhsulun, dəyərin, xidmətin alınması üzərindəki işləri araşdırıram. Əsər dəyər yarada bilməyibsə, yaxud yaradılan dəyər yaxşı təqdim olunmadığı üçün alınmırsa, cəmiyyətə yaramırsa, onu faydasız hesab edirəm. Mən ədəbiyyatla daha praktik yanaşıram.


   
  Aslan Quliyev: Əsərimin alınıb alınmadığını mənə mətndəki boşluqlar və ya üstünlüklər hiss elətdirmir. İsti-isti, çap olunan kimi əsərin qüsurlarını, çatışmamazlıqlarını, artıq, əskik yerlərini görə bilmirəm. Çünki bu arada bütünlüklə mətnə köklənirəm və kənar oxucu gözü ilə mətnə baxa bilmirəm. Baxanda da heç nə görmürəm. Əsər çap olunur, üstündən iki-üç ay keçir, yalnız bundan sonra mətndən, yazı texnikasından, yazı haqda düşüncələrdən uzaqlaşandan sonra əsərin bütün qüsurlarını görə bilirəm. Ona görə də gənc yazçılara da məsləhət görürəm, əsərlərinizi yazan kimi çapa verməyin. Azından dörd-beş ay gözləyin, sonra təkrar oxuyub qərar verin. Bunun sizə böyük faydası dəyər.



  Sərdar Amin: "Mətnimin alınmadığını bildiyim halda onu kütləyə təqdim etmirəm. Və təbii ki, mətni zəiflədən məqamları görmüş olsam, onları aradan qaldırmağa çalışıram. Porodoksal sual qarşısında yalnız onu deyə bilərəm ki, mənə möhtəşəm enerji verən mövzuların öhdəsindən gələcəyimə əminlik hissim olur. Və mətni yazmağa başlayıramsa, onun alınmayacağına cüzi şübhəm qalır və irəlidədikcə bu şübhə də aradan qalxır. Sadəcə hansısa dərc olunmuş mətnimi illər sonra oxuduqda orada müəyyən boşluqlar görməmiş deyiləm. İllər sonra müəllifin mətnində zəif hissələr görməyi labüddür. Düşünürəm ki, yazıçı düşündüyünü bişirdikdən sonra yazmalıdır, onun çox bişməsini gözləsə mövzu artıq ötür. Eyni zamanda yazıçı yalnız yazdığı kitabları ayağının altına qoyaraq yüksələ bilər. Sadəcə illər sonra mətnindəki boşluqları etiraf etmək də bir işə yaramır. Çünki hər mətnin öz dövrü və oxucusu var. Bu gecikmiş etiraf oxucuya hörmətsizlikdən başqa bir şey deyil. Təsəvvür edin, müəllif olaraq mənim "Qaratoyuq nəğməsi" romanında ciddi boşluqların olduğunu deməyim, bu romanı bəyənmiş bir oxucuya necə təsir edə bilər? Yaxud müəllifdən bu sözü eşitmiş digər bir oxucu o kitabı əlinə alarmı?"
  
  
  Hazırladı: Aysu Kərimova