Əşyaların da insanlar kimi
taleyi var: Əşyalara gözəyarı, saya baxmaq, itib-batmasını eyninə almadan
yanaşmaq çətindir. Hərəsi hansısa anın, bir dolu zamanın xatirələri ilə
bağlıdır. Əşyanı alanda, əldə edəndə bilmirsən başına nə gələcək: sahibindən az
yaşayan da olur, çox ömür eləyən də... "Əşyaların taleyi” layihəsinin budəfəki
qonağı AYB-nin katibi, yazıçı İlqar Fəhmidir. Bu dəfə İlqar bəyi öz əşyalarının
gözü ilə görək, onların təqdimatı ilə tanıyaq...

– İlqar müəllim, sizin üçün
əşyalar nə deməkdir, onlar sizin həyatınızda hansı önəmi kəsb edir?
– Ümumiyyətlə, əşya öz maddi
mövcudluğunda heç bir əhəmiyyət kəsb etmir. İstənilən əşya mifləşəndə yaşam
qazanır. Onu mifləşdirmək üçün də əşya hansısa hadisələrin içində olmalıdır.
İndiki dövrdə bir o qədər yoxdur, amma XIX əsrin sonları XX əsrin əvvəllərində
rus ədəbiyyatında Çexovdan tutmuş Turgenyevə qədər xeyli simvol əşya vardı. Elə "Albalı bağı”nı misal gətirək. Orda
söhbət, əlbəttə ki, beş-on ağacdan getmir. Burda ağac mifə çevrilib. Niyə? Ona
görə ki, onun ətrafında baş verən hadisələr, konfliklər, düşüncələr, fikirlərin
energetikasını özünə çəkir və beləcə sadəcə bir maddi əşya olmaqdan çıxır,
dönüb olur mif. Yəni orda bir ideya var.
Yaxud bizim Şuşamız var. Və bu
bir şəhərdir. Daşdan, qaladan, dağdan, meşədən, qayadan ibarət digər şəhərlər
kimi bir şəhər. Amma onu müqəddəsləşdirən, bizim üçün bir növ Kəbəyə çevirən
nədir? Ətrafında baş verən hadisələr, onun tarixi. Şuşa Azərbaycan xalqı üçün artıq arxetipdir.
Necə ki, müsəlman aləmi üçün Məkkə, Mədinə, Qüds anlayışları var. Yəni orda bir
qüdsiyyət var, müqəddəslik var. Amma
belə baxanda maddi mənada o da başqa şəhərlər kimi adi şəhrdir. Fəqət bizim
üçün mifə çevrilmiş bir şəhərdir. Bu baxımdan,
istənilən əşyalar da insanların münasibətlərinin, insanların fikir,
düşüncə, təfəkkürünün ortasında qalanda, ona müəyyən energetika yüklənəndə o
artıq əşyalıqdan çıxır. Bir nümunə
çəkim. Fransızların məşhur "Köhnə
tüfəng” filmi var. Almanları qəsri ələ keçirirlər. Və fransızlardan birinin
arvadını öldürürlər. O da babasının köhnə tüfəngini götürüb qəsrin içindəki
bütün almanları öldürür. Məsələn, o tüfəng artıq adi tüfəng deyil. O,
frasızların paslanmış, köhnəlmiş, cəsarətinə, şücaətinə, ruhuna işarədir, qisas
almağa qadir bir obrazıdır. Ona görə də deyirəm ki, heç bir maddi detal
özü-özlüyündə hansısa fərqli bir auraya, atmosferə malik deyil. Onu o hala
gətirən, mifə çevirən insanlar və ətrafındakı hadisələridir.

– Bu layihədə hər müsahib özünə doğma, daha çox da tarixçəsi olan
əşyalardan danışır. Biz sizə bu müsahibə ilə bağlı müraciət edəndə atanıza aid
təmir alətlərindən danışmaq istədiniz. Sizin üçün həmin əşyalar hansı mahiyyəti
daşıyır və nə üçün sizə bu qədər əzizdirlər?
– Həmin əşyalar əslində, adi,
sıradan kiçik təmir əşyalarıdır. Amma mənim üçün maraqlı və əhəmiyyətli olan
nəydi? Təbii ki, hər bir insanın gözündə atası güclüdür, böyükdür, hamıdan artıqdır. Mən dünyaya
gələndə atamın əlli yaşı vardı. Mən dünyanı dərk etnəyə başlayanda onun artıq
altmış yaşı vardı. Amma altmış yaşa rəğmən, o zamana uyğun müxtəlif texniki
avadamlıqlarla – saat, televizor, maqnitafon və sairənin iş prinsipi ilə çox
maraqlanırdı. Nəsə xarab olanda özü təmir etməyə çalışırdı. Artıq altmış
yaşlarında olmasına baxmayaraq, yenə də öyrənməyə can atırdı. Özünün də bir az
bu sahdə biliyi vardı, amma xoşlayırdı ki, özü əşyaları söküb içini tam
öyrənsin, bilsin ki, orda nə var, nə
yox. Bunu tam öyrənməyincə əl çəkmirdi. Və növbəti dəfələrdə həmin əşyalar
xarab olanda artıq onları özü təmir edirdi. Paltaryuyan maşından tutumuş
maqnitafona qədər nə sıradan çıxsa, mütləq özü baxırdı. Hətta televizorda çox ciddi problem olmasa
düzəldir və bunu mənə də öyrədirdi. Sözümün canı odur ki, altmış yaşlarında
olsa belə bilmək və öyrənmək ehtirası onda davam edirdi. Özü lap əvvəllər
rəssam olmaq istəyibmiş, sonradan fikrini dəyişib fotoqraf olub. Daha sonralar
neft və energetika sahələribdə işləyib. Onun o öyrənmək yanığısı həmişə
diqqətimi çəkirdi. Onda qəribə bir inadkarlıq vardı həm də. Deyirdi ki, axı
niyə mən bunu edə bilməyim, bacarmayım axı? Bunu edə bilənlər məndən artıq
deyil ki?! Və zamanla öyrənirdi də. Bundan başqa, evdə təmir işlərini də öyrənmişdi.
Divar kağızı çəmək, rəngləmək, suvamaq – hər şeyi öyrənmişdi. O vaxt suyumuz
gəlmirdi, özü evimizə su xətti çəkdi. Mən də ona kömək etmişdim. İşlətdiyi o alətlərdən böyüklərini yox (onlar
qalmayıb), ancaq kiçiklərini saxlamışam. Bir məsələ də var ki, o vaxt alətlər
indiki kimi rahat tapılmırdı.

Bəzən balaca bir alət üçün Moskvaya gedən olanda
xahiş edib aldırırdı. Bircə saat təmirindən başqa, bütün etdiklərini bacarıram.
Saat təmirinə girişə bilmirəm. Çox xırdaçı iş olduğundan ona səbrim çatmaz. Qalan
bütün xırda təmir işlərini evdə özüm edirəm. Amma onda olan inadkarlıq, sanki
mənə yaradıcılıqda xüsusi bir enerji verib. Eyni vaxtda kino, televizya,
ədəbiyyat... və bunların heç biri qətiyyən rahat başa gəlməyib. Hər birindən
ötrü çox əziyyətli örənmə prosesindən keçmişəm. Eynən maşın sürmək prosesi kimi... Bir dəfə
alınmır, iki dəfə alımır, axırı öyrənirsən, alınır. Həmin prosesi teatrda da
keçmişəm. Cənnət Səlimova başımın üstündə dayanıb, həmin o şeyləri təlqin edə-edə, örədə-öyrədə nəticə əldə etmişəm.
Və kinoda da həmin prosesi keçmişəm. Rəhmətlik Fikrət Əliyevin zəhməti çox olub
üstümdə. Birinci ssenarimi mən düz bir ilə yazmışam. Yazırıdım, oxuyub geri
qaytarırdı, yazırdım yenə geri qaytarırdı. Elə deyirdi ki, kinonu hiss
etmirsən, bu kino deyil, bu romandı,
povestdi – prozadı. Öyrənənə qədər xeyli zaman keçib. Deməyim odur ki, atamdakı
inadkarlıq mənə də keçib. Həmişə "mən bunu bacararam” demişəm. Həmin bu
inadkarlıq məndə həyatda da,
yaradıclıqda da özümü göstərib. Bir çox
məsələlərdə olduqca soyuqqanlıyam. Əlimdən çıxan heç nəyə görə heyifsilənmirəm.
Deyirəm, "oldu, oldu da". Amma yaradıcılıqda nəsə etmək istəyəndə
inadla sonuna qədər getmişəm. Atamla bircə fərqimiz var. O, dəhşətli dərəcədə
səliqəli idi. Mən isə pintiyəm, səliqəsizəm. O, bir iş görəndə əvvəlcədə hər
şeyi ölçüb-biçirdi, işini tər-təmiz görürdü. Amma mən yox. Pinti, əyri-üyrü
düzəldəcəm, amma işləyəcək. Mənim fikrimdə bir fikir vardı ki, onun düzəldə
bilmədiyi bir əşya yoxdur, bacarmadağı, əlindən gəlmədiyi bir şey yoxdur. Yadımdadır
ki, bir dəfə, bu elektron saatların təzə çıxan vaxtları idi, sinif
yoldaşlarımdan birinin saatı xarab olmuşdu, mən də dedim ki, atam hər şeyi
düzəldə bilir. Gətirdim evə ki, baxsın, düzəltsin. O da baxdı, dedi ki, yox,
mənim elektronikadan başım çıxmır. Və mənə onu bu sözləri çox qeyri-adi gəldi.
Yəni necə ola bilər ki, atamın nədənsə başı çıxmasın, bilməsin. Böyüyəndən
sonra başa düşdüm ki, onun içi mikrosxemdi, ona görə atam düzəldə bilməyib. Amma
mənim gözümdə atam hər işi bilən adam idi. Və o alətlər də sanki hər şeyin
təmirinə yararlı idi.

Atam Neft daşlarında –
buruqlarda usta köməkçisi işləyirdi.
Onun öz işi ola-ola krançının da işini görürdü, ona kömək edirdi. Çörək
orda bişirilirmiş, atam da, başqaların da bəyənmirlərmiş. Çörək hər dəfə bir
cür alınırmış. Atam o işə də əl qoyub. Gündüz buruqlarda işləyib, axşam da
çörək bişirib. Bunu özü deməzdi, danışmazdı. Dostları danışanda eşitmişdim.
Təsəvvür edin bu adam eyni zamanda həm usta köməkçisi işləyib, həm krançının
işini görüb, həm də gecələr çörək bişirib. Hamı da onu bişirdiyi çörəkdən istəyirmiş. Bax,
atamın bu inadkarlığı mənim üçün böyük bir şey idi. Mənim nəzərimdə ata o
obrazdı ki, o hər şeyi bacarır.
– Sizcə,
atanız sağ olsaydı həmin alətlər sizdə bu qədər duyğular, düşüncələr
oyadardımı, yaxud sizin üçün bu qədər önəm kəsb edərdimi?
– Yox, məsələ onun yoxluğu
deyil. O həftələrlə işləyirdi. Özü də səliqəli
olduğundan alətlərini qutularda hamısını ayırca, sahmanla yığırdı. Kimsə
dəyib qarışdıranda əsəbiləşirdi. Əlimdə nəsə sınanda məni danlayırdı. Amma o
işdə olanda alətlərini baxırdım. Düzdür,
sonradan hamısnı bacardığım qədər eynən onun kimi yığırdım. Amma o gələn kimi
bilirdi, hirslənirdi. Mən o alətlərə o
həyatda olan vaxtlarda nəsə etməyə çalışırdım. Nəsə alınırdı, nəsə yox.
Məktəbdə uşaqlarda da nəsə xarab olanda deyirdim gətirin mən düzəldim. Mən
Dağlı məhəlləsində böyümüşəm. Oralarda da bıçaq gəzdirmək prestij sayılırdı.
Adətən, bıçaqlar yanakı, içəridən açılırdı. Amma bizdə bir oğlan vardı, onun
bıçağı içəridən düz çıxardı. Bunun yay sistemi xarab olmuşdu. Dedim, ver atam
düzəldər. Atamın başı qarışdı, vaxt edib düzəldə bilmədi, sonra da dənizə
getdi. Mən də axı oğlana söz vermişdim. Özüm onu söküb sistemin əsas mahiyyətini
öyrəndim. Və hansısa alətin yayını çıxardıb buna saldım, onu buna, bunu ona
caladım, axırı ki, düzəltdim və oğlana atamın düzəltdiyini dedim. Amma o
vaxtacan bıçağı göstərdiyi heç bir usta onu düzəldə bilməmişdi. Sözümün canı odur ki, o həyatda olan vaxtlarda
da məndə ona bənzəmək ehtirası vardı. Ona görə də alətləriylə nəsə bir iş
görəndə özümü onun kimi hiss edirdim. İnsanın atayla özünü identifikasıya etmək
hissi ki var, məndə bu hiss elə o vaxtdan var. Düşünmürəm ki, indi o həyatda
yoxdur deyə onun yadigar əşyaları mənə bu qədər əzizdir. Xeyir. Əksinə hesab
edirəm ki, ona indi edə bildiklərimi
göstərə bilsəydim, bununla fəxr edərdi.
– İndi soruşacağım məsələ
gələcəyə ünvanlıdır, anlayıram ki, gələcəyi dəqiqliklə heç kəs bilmir. Sualıma
ailə üzvlərinizin, xüsusən övladlarınızın bugünkü maraqlarını nəzərə alaraq
cavab verə bilərsiniz. Sizə uzun və sağlam ömür arzulayaraq soruşmaq istərdim:
Necə düşünürsünüz, uzaq gələcəkdə övladlarınız üçün də sizin qoruduğunuz
əşyalar əziz olacaqmı? Yoxsa sizə aid başqa yadigarlar onlara daha məhrəm təsir
bağışlayacaq?
– Kiçik oğlumu deyə bilmərəm,
onun yaşı azdı və xasiyyəti də məndən fəqlidir. Amma böyük oğlum kitablarla
böyüyüb. Hiss edirəm ki, kitablarım olan yer onun üçün çox əzizdir. O da özünü
orda rahat hiss edir. Həm də evdə indi mən nəsə düzədəndə o da mənə kömək edir,
maraqlanır. Çalışırıq ki, bir yerdə
edək. Mənə elə gəlir ki, mənim atamın təmir işlərinə göstərdiyim həvəs qədər nəsə etməyə həvəsi
yoxdur, amma kitabxanam onun üçün bir həyat mənbəyidir. Mən işlərlə bağlı çox
evdə ola bilmədiyimdən yazı masamda daha çox o oturur və bilirəm ki, orda –
mənim yerimdə oturanda özünü mənə bənzədir. Bu il universitetə qəbul oldu. O
hazırlıq dərslərini həmin masada öyrənirdi. Hiss edirdim ki, ora ona daha
doğma, daha rahat gəlir. Özüm evdə olanda belə şərait yaradırdım ki, orda
oxusun. Mənə elə gəlir ki, mənim yazı masam və kitablarım oğlum üçün həmişə
dəyərli olacaq.
– Hansı doğmalaşdığınız, daim
karınıza gələn əşyanın yoxa çıxması sizin üçün böyük itki olardı?
– Əlimdə qələm olmayanda
əsəbiləşirəm. Çox başıma gəlib ki, müəyyən çəkilişlərdə, müzakirələrdə baxmışam
ki, üstümdə qələm yoxdur. Çıxıb özüm üçün, qələm almışam. Ağır qələmlərə
üstünlük verirəm. Yüngül qələm sevmirəm. Film çəkilişləri zamanı olub ki, əlimi
atmışam ki, çantamdan qələm götürüm, olmayıb, beynimdəkilər, fikrimdəkilər
hamısı qarışıb. Qələm əlimdə fırlanmasa, onu əlimdə hiss etməsəm, sanki
duruxuram. Onu mənim üçün heç nə əvəz edə bilmir. Nəsə bir iş görəndə mütləq təsbeh timsalıda
əlimdə qələm olmalıdır. Və müzakirə vaxtı
kağızların üstünə şəkillər çəkirəm. Hərçənd ki, son dövrlərdə qələmlə
yazılası, demək olar ki, heç nəyimiz qalmayıb. Amma yenə də olsun, mənim gərək
əlimdə qələm ola. Çox böyük qələm kolleksiyam var. Müxtəlif cür qələmlər
toplayıram. Çox möhkəm əsəbiləşəndə özüm üçün maraqlı, fərqli bir qələm alıram.
Ona baxıb əsəbilərim sakitləşir. Bütün dost-tanışım da qələmə olan sevgimi
bilir və mənə çoxluq qələmlər hədiyyə edirlər. Yəni əlimdə qələm olmayanda elə
bil psixikam pozulur. Özümü yaxşı hiss etmirəm.
– Həmin qələmlərin arasında sizin üçün xüsusi əziz olanı varmı?
– Yox. Tez-tez dəyişirəm. Bu,
daha çox mənim əhvalımla bağlı olur. Birdən qızılı rəngli qələm əlimdə gəzir.
Bir müddət sonra qara... və ya başqası. Amma ümumən ağır qələm sevirəm.
Qələmim əlimdə olmasa heç bir iş görə
bilmirəm.
– Sizi həm Şərq, həm də Qərb mədəniyyətlərinə bələd yazıçısınız. Sizcə,
bu iki mədəniyyətin fərqləri əşyalara münasibətdə də təzahür edirmi?
– Mənə elə gəlir ki, biz burda
Aristotel və Platon fərqini önə çıxara bilərik. Şərq mədəniyyətində həmişə onların əflatunçu olduğunu görmüşəm.
Yəni onlar üçün əşyanın özü yox, onun ideyası əhəmiyyətlidir. Amma Avropa
aristotelçidir. Bu o demək deyil ki, onlar üçün əşyanın qiyməti maraqlıdır,
ideyası yox. Sadəcə onlar əşya və ideyanı bir yerdə qəbul edirlər. Məsələn,
əgər qədim Bibliyanı götürsələr, kağızı, cildi və məzmunu bir yerdə
qavrayırlar. Və ya bir müqəddəs insan dünyasını dəyişibsə, onun qəbri, türbəsi
də onun varlığının bir hissəsi kimi qəbul edilir. Yəni maddiyyatla ideya
birləşir. Aristotelin dediyi kimi,
əşyadan ayrı ideya yoxdur. Şərqdəkilər daha çox əflatunçudur. Fikir versək,
Şərqdə bir dənə müqəddəsləşdirlən şey var, o da Qurandan gələn Kəbədir.
Kəbədəki qara daşdır. Bizim üçün müqəddəs olan
bizim əsərlərimiz, bizim gözəl kəlamalırımızdır. Yəni bizdə daha çox
ideya əhəmiyətlidir. Nəyinki onun nümunəsi, detalı. Ona görə mənə elə gəlir ki,
Şərq indiyə qədər əşyalara qarşı münasibərlərində əflatunçu qalıb.
– Əgər mümkün olsaydı, hansı əşya omaq istərdiniz?
– Bıçaq olmaq istərdim. Mən
əsəbiləşəndə bıçaq itiləyirəm. İtiləmə prosesində nə varsa, məni sakitləşdirir.
Bundan başqa, taxta yonmağı da çox sevirəm. Bilmirəm niyə, amma mənim üçün
müqəddəs sayıla biləcək, böyük mənəvi psixoloji, mənəvi yükü olan predmetlərdən
biri bıçaqdır. Çünki bıçaq həm ölüm gətirir, həm həyat gətirir. Onunla çörək də
kəsə bilərsən, adam da öldürə bilərsən. Ərafımızda çox predmetlər var. Amma
fikrimcə onların içində ən metafizik əşya bıçaqdır.
Söhbətləşdi: Fərid Hüseyn