Biz imzaları yox, əsərləri dərc edirik...

Əmma qoymaq – Niyə belə deyirik?
128
16 May 2018, 10:23
  Artkaspi.az ədəbi dilimizdə işlədilən, ancaq mənasının dərinliyini, kökünü bilmədiyimiz ifadələri, məcazlaşan fikirləri, "qanadlı sözləri” anlamaq baxımından olduqca böyük əhəmiyyət kəsb edən Musa Adilovun "Niyə belə deyirik” kitabından bəzi parçaları təqdim edir:
 
 Müəyyən üslubi məqsədlə "amma” sözü bu birləşmədə "əmma” şəklində işlənir. İfadə bəhanə tapmaq, səbəb göstərmək, əvvəlki fikri rədd etmək mənasında istehza ilə işlədilir. 
 Bu ifadə dilimizin sintaktik quruluşuna məxsus bir xüsusiyyətlə əlaqədar həmin mənanı kəsb etmişdir. Məlumdur ki, qarşılaşdırma mənasını ifadə etmək üçün tabesiz mürəkkəb cümlənin ikinci hissəsi amma/əmma (ancaq, yalnız, lakin, fəqət və s.) bağlayıcı sözü ilə başlayır. "Əmma”dan sonrakı hissə əvvəlki hissəyə qarşı (bəzən də zidd) olur.
 

 
 R.Rzanın "Sadə və böyük insan” məqaləsində deyilir: "Elə olurdu ki, fikir mübadiləsi zamanı Üzeyir bəy başqalarının dediyini haqlı görür və adi bir şəkildə "əmma”sız, "lakin”siz, qaşını belə turşutmadan razılaşırdı”.
 Q.Xəlilovun "Atam və mən” povestində deyilir: "İdarənin dəhlizi qaranlıq idi. Mən orada dayandım ki, görən olmasın. Hər sözə bir əmma qoyanlar deyəcəklər ki, Səlim oğlunu da köməyə gətiribdir”.
 C.Bərgüşadın "Bozatın belində” romanında Səlim bəylə Xanalı arasında belə bir dialoq vardır: 
 " …deyəsən, toyu bizə qədəğən etmək istəyirsən, hə? 
 Bayaqdan bəri susan Xanalı kilidlənmiş ağzını güclə açdı:
 – Bəy, qadağan etməyə haqqım yoxdur, amma…
 – Amma-zad qoyma! Göyçəli aşıq Ələsgər sizin bu Molluda neçə gün dəsgah açacaq?”
 "Əmma qoymaq”la yanaşı "qulp qoymaq”, "qəmiş qoymaq” ifadələri də işlənir. S.Dağlının "Əmma” adlı felyetonunda deyilir: "Mən onu tanıyanda ləqəbi üstündə idi: "Əmma Əmrulla”. Belə məşhurlaşmasının da səbəbi odur ki, Əmrulla, necə deyərlər, hər şeyə bir "qulp qoyur”, "qaşınmayan yerdən qan çıxartmağa” çalışır, "ən qüsursuz” məsələlərdə də irad tutmağa bəhanə axtarır… Metroya daha əntiqə bir "qəmiş” qoyub".
Xəbər lenti