Biz imzaları yox, əsərləri dərc edirik...

Elmlər Akademiyasında “Nəsimi ili”nin yekunlarına həsr olunan elmi sessiya keçirilib
460
13 Yanvar 2020, 15:58
  Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda AMEA-nın Humanitar Elmlər Bölməsinin təşkilatçılığı ilə "Nəsimi ili”nin yekunlarına həsr olunan elmi sessiya keçirilib.
  AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Nəsimiyə həsr olunan kitablardan ibarət sərgi ilə tanış olublar.
  Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli "Azərbaycan Milli Elmlər Akademiyasında "Nəsimi ili”nin elmi töhfələri” mövzusunda məruzə ilə çıxış edib.
  İsa Həbibbəyli Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd olunması və 2019-cu ilin Azərbaycan Respublikasında "Nəsimi ili” elan edilməsi haqqında sərəncamlarını xatırladıb. Qeyd edib ki, sərəncamlara əsasən ölkəmizdə, onun hüdudlarından kənarda və AMEA-da böyük Azərbaycan mütəfəkkiri İmadəddin Nəsimiyə həsr olunan silsilə tədbirlər keçirilib. Bu sərəncamlar müstəqillik şəraitində insanlarda Nəsimi ideyaları əsasında azərbaycançılıq təfəkkürünün inkişaf etdirilməsi, bu böyük sənətkarın dünyaya tanıdılması baxımından özünəməxsus əhəmiyyət kəsb edir. Həmçinin Heydər Əliyev Fondu tərəfindən keçirilən Nəsimi-şeir, incəsənət və mənəviyyat festivallarını xüsusi qeyd etmək lazımdır.
  Akademik bildirib ki, hələ sovet dövründə ulu öndər Heydər Əliyevin qərarı ilə ölkəmizdə ilk dəfə Nəsiminin heykəli ucaldılıb, Bakıda rayonlardan və metrostansiyalardan birinə dahi şairin adı verilib. Nəsiminin vəfatının 600 illiyinin UNESKO-da qeyd olunması, Azərbaycan mədəniyyətinin təbliği, Nəsiminin dünyaya təqdim olunması baxımından böyük rol oynayıb.
  Diqqətə çatdırılıb ki, "Nəsimi ili” çərçivəsində AMEA-da yerli və beynəlxalq tədbirlər, konfrans, simpozium və dəyirmi masalar keçirilib, böyük mütəfəkkirə həsr olunan 36 kitab nəşr edilib. Dahi şairin irsi ilə bağlı geniş araşdırmalar aparılıb, onlarca monoqrafiya ölkəmizdə və xaricdə çapdan çıxıb, müxtəlif dillərə tərcümə edilib. Nəsimiyə həsr olunan çoxlu sayda əsərlərin yazılması, fundamental tədqiqatların aparılması dövlətimiz və alimlərimiz tərəfindən dahi şairin yaradıcılığına, xatirəsinə verilən böyük qiymətin təzahürüdür.
  Akademik İ.Həbibbəyli "Nəsimi ili” çərçivəsində Ədəbiyyat İnstitutunda da həyata keçirilən silsilə tədbirlər, yeni nəşrlər barədə məlumat verib. Bildirib ki, belə tədbirlər Nəsimi yaradıcılığının, onun dövrünün daha dərindən öyrənilməsinə, dünyaya tanıdılmasına böyük təkan verib.
 
 

  İsa Həbibbəyli ölkəmizdə Nəsiminin 650 illik yubileyinə həsr olunan "Ey Nəsimi, cahanı tutdu sözün...” mövzusunda II beynəlxalq elmi konfransın keçirildiyini xatırladıb. Konfransda xarici və yerli alimlərin, tanınmış ziyalıların iştirakını dahi Nəsimiyə xalq sevgisinin təzahürü kimi dəyərləndirib.
  AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov Nəsimi irsinin təsir dairəsindən söz açıb. O, tarixə nəzər salaraq sovet dövründə Nəsiminin 600 illik yubileyi ərəfəsində görülən işlərdən danışıb. Azərbaycan ədəbiyyatşünaslarının tədqiqatlarını qeyd edən məruzəçi həmin dövrdə Nəsimi yaradıcılığı ilə bağlı ölkəmizin mədəni mühitində bir çox işlərin görüldüyünü xatırladıb.
  Akademik R.Hüseynov 2017-ci ilin may ayında Parisdə UNESKO-nun baş qərargahında Nəsiminin vəfatının 600 illiyinin qeyd edilməsini və 2018-ci ilin sentyabr ayında ölkəmizdə Nəsimi şeir, incəsənət və mənəviyyat festivalının təntənəli şəkildə keçirilməsini ölməz şairin xatirəsinə dərin ehtiramın ifadəsi kimi dəyərləndirib. Bildirib ki, Nəsimi mahiyyəti, düşüncəsi, fəlsəfəsi etibarilə insan ruhunun azadlığı deməkdir.
  "Nəsiminin dünyası bu gün bütün Yer kürəsini əhatə edir” – deyən alim ötən il Nəsimi ilə bağlı tarixdə qalacaq mühüm işlərin həyata keçirildiyini qeyd edib. Bildirib ki, "Nəsimi ili” dahi şairin və digər klassiklərimizin irsinin daha dərindən öyrənilməsinə və araşdırılmasına təkan verdi. Bu ilin nəticələri göstərdi ki, klassiklərimizə daha da yaxınlaşmalı, onları miqyaslı şəkildə bütün yönləri ilə öyrənməliyik.
  Rafael Hüseynov qarşıdakı illərdə Nəsiminin anadilli "Divan”ını nəşr və təhlil etməyin zəruriliyini bildirib.
  Akademiklər Teymur Kərimli, Möhsün Nağısoylu və digər çıxış edənlər "Nəsimi ili” çərçivəsində AMEA-da görülən işləri yüksək dəyərləndiriblər.
  Sonda Nəsimiyə həsr olunan kitabların müəlliflərinə fəxri fərman və təşəkkürnamələr təqdim edilib.