Biz imzaları yox, əsərləri dərc edirik...

Qanına hopub yoxluğun ağrıları – İntiqam Yaşarın şeirləri
961
15 Fevral 2018, 16:26
 Artkaspi.az İntiqam Yaşarın şeirlərini təqdim edir: 
 
 

 
 
 Əkiz ağrılar

Bəzən ağrılar da əkiz doğulur,
Məsələn,
Ürək ağrılarıyla kürək ağrıları kimi. 
Ayırmırsan heç birini,
Qolların daha geniş açılır,
Qoynun daha isti olur onlara.
Hər əsən küləkdən,
Hər yağan yağışdan qoruyursan.
Onlar boy atıb böyüdükcə,
Sən ayaq üstə quruyursan.
"Şəkər”  kimi adı şirin olur, 
dadı acı.
Bir gün də, bir gün də,
Səni "təbrik”ə gəlir  dostlar, tanışlar.
Qurtulursan büsbütün,
Çatır dadına ağrıların ən sonuncu əlacı.
 
 
 İtirmək qorxusu
 
Daima itirmək qorxusu,
Daima itirmək xofu…
Ən pisi də susmaq ağrısı,
Bu dərdi dilinə gətirmək qorxusu.
Hər gün eyni şəhər,
Eyni insanlar,
Eyni metro,
Eyni siqnalları…
Ayaqlarının əzbərlədiyi şəhərdə
ürəyinin hər gün azması, itməsi, itməsi.
Sənin deyilmiş kimi ürəyinin başından keçməyin,
Və bir gün onun hər şeydən,
hamıdan, elə səndən də küsməsi.
Əbədilik ayrı bir şəhərə getməsi… getməsi… getməsi…
 
 
 Hər gün bir az unutmaq
 

Hər gün bir az unutmaq
hər gün bir az ölməkdi.
İndi gülmək, doğrusu,
xətir üçün gülməkdi.
 
Bəzən, unutmaq olmur
ən kiçik zərrəni də.
Xatirələrə xatir
unutmuram səni də.
 
Sən də unutmamısan,
yüz rola gir, qəddar ol.
Alınır da sözdümü?
çox peşəkarsan, var ol.
 
Axı, mən özüməmmi,
sənə "özün ol” deyim.
Hansı işığa baxıb,
"getmə”- deyim, "qal”- deyim.
 
Sənin nə günahın var
nə ittiham edim mən?!
Baş ağrısı olmasın,
sözüydü də dedim mən.
 

 Bir şəhərin boşluğu
 

Bir şəhərin boşluğu
bir balaca otaqdan başlayar, dost.
Oynama sükutun ağır havasına,
sümüyünə düşmürsə.
Keçmiş görüş yerindən keçəndə asta addımla,
Düşünmə hər şey köhnəldi, unuduldu,
Orda indi sevgililər görüşmürsə.
Ürəklər qayıdan yerə ayaqlar hələ addımlayır,
Qərarsız, çarəsiz, ümidsiz, solğun...
Bax, bu cür can atır, belə addımlayır...
Sən kimsən, mən kiməm, o kimdi,
Yoxuqmu, varıqmı, nə bilim.
Kaş, kimisə qınamaq gücüm tükənəydi.
Ya mən susa biləydim, 
dərindən bir köks ötürüb,
Ya da suallarımı eşidən biri dinəydi...
 
 




 Əllərin üşüdükcə
 
Əllərin üşüdükcə
Şəkillərimi yandır.
Bu dünyada hər şeyin,
axırda yanmağına.
Həm özünü inandır,
Həm də məni inandır.
 
Son deyilən nə var ki,
bu da bir imtahandır.
Bu dünyada əzəldən,
həqiqət adlı nə var,
sən də bildin yalandır,
mən də bildim yalandır.
 
Xatırlamaq da olmur,
xatırlama, amandı...
Gizlədiləsi nə var,
Həm də ki xatırlamaq.
bir az sənə ziyandır,
bir az mənə ziyandır.
 
 
 Susmağa xeyli həqiqət

Susmağa xeyli həqiqət,
Danışmağa xeyli yalan.
Mən, bomboz küçələr...
Əyri dalan...
Şütüyən baxışlar, 
təslim ayaqlar...
Deyirlər bu yaz da gecikir,
Ötən ildəki kimi...

 
 Yağış bu gün kəsməsin 


İki nəfərin bir çətirə sığınması
Yağışdan qorunmaqdan çox təklikdən qorunmaqdı.
Bunu şimşəklər belə təbəssümlə qarşılayır.
Çətiri tək daşıyanlar həmişə islanarlar,
Həmişə xəstlənərlər.
Bizi xoşbəxt edən nələr varsa,
Kiçicik səbəblərin xatirinədi.
Külək qalxsa belə çətirimizi apara bilməz,
Əllərimiz möhkəm sıxıb dəstəyi,
Mənim sol  əlim, sənin sağ əlin.
Kaş ki, Tanrının bizə rəhmi gəlsin,
Yağış bu gün kəsməsin.
 
 



 
 ***

Mən həqiqətə yaxın olduğum qədər yaxın idim, 
Sənin gözlərindəki yalana.
Bilirəm, ürəyin də gözlərin deyəni deyir daha.
İnanmıram, mənə kimsə inana.

Ayaqlarımın ucunda addımlamışam 
hər gün bulanıq xəyallarda.
Səksəkəli keçib ömrüm, ömür qatarımda.
 
***
 
Damarlarımdan üşüməyə başlayıram 
gecələrin boşluğunda,
Həkimlər deyir, 
qanına hopub yoxluğun ağrıları.
İndi bircə təsəlli var sabaha,
Bilirəm ki, sabah da yalandı.
Bilirəm ki, keçmişə dəfn etmişik doğruları.

 
***
 
İlləri qoy kənara, 
sanki, dünən getmisən.
Otağımda nəfəsin,
otağımda gülüşün,
Necə də şən getmisən.
 
Yağışlar yuyan zaman,
pəncərəni gecələr.
Hamıdan əl üzürəm,
Susuram, düşünürəm
yenə səni gecələr.
 
Bir yandan bu lal payız,
Bir yandan ağrı-acı.
Bəlkə ölsək çıxardı,
ölüm-zülüm, birtəhər.
Bu candan ağrı-acı.
 
Məncə, ağır dərd deyil,
"Gəlməyəni gôzləmək".
Ən ağır dərd bax, budur:
Güzgüdəki adamdan,
göz yaşını gizləmək.
 
Budur dinir telefon,
Yenə də zəng etmisən.
Üzülmə, elə san ki,
Nə mən bunu yazmışam,
Nə də ki, sən getmisən.
 
 
 Mən yenə də, hamını sevirəm
 
 
Bu gün də ürəyim sözümə baxmadı,
Bu gün də ondan şikayətçiyəm.
Bir payız fəsli qədər səssiz, 
bir fəsli kimi yorğunam.
Nəfəsimdə düyünlənən o qədər söz var ki,
Hansı birini susum, 
hansı birini gizlədim?
Bilirsənmi,
Mən həmişə kimisə və ya nəyisə gözlədim.
Təqvimlər və dostlardan başqa nə dəyişdi ki?
Ümidlər məni yaşatdıqca,
içimdə çox şeyi öldürdü.
Dərdim kimsənin dərdinə bənzəmədi,
Dərdim də təkrarsızdı, 
dərdim də birdi.
Mən ayaq ucunda yeridikcə həqiqət tərəfə,
Ən doğma bildiklərim üçün çevrildim hədəfə.
Dostum, gəl sağollaşaq, 
baş qoşma mənə,
Mən yenə də, hamını sevirəm.



 Şeir kimdi?
 
Şeir təkcə, mənəmmi,
Şeir təkcə sənsənmi,
Şeir təkcə bizikmi?
Şeir bəzən yağışlı gündüzlərdi,
Şeir bəzən zəhər dadan gecələrdi.
Şeir sussuz səhralardı,
Saçlarını küləklərə öpdürdüyün bozqırlardı...
Şeir içində qəfəslənmiş sualdı, 
Barmaqları nəfəslik istər sinəmin sol küncündən.
Bu qış gecəsində ürəyim necə alovlanardı,
Şeir kimdisə, nədisə şeirə halaldı.
 
 
 
 ***
 
Öz qanadlarım yandıqca,
kəpənək qanadlarına ağladım.
Söykəndiyim divarlar o qədər soyuq oldu ki,
Nə mən deyim, nə siz soruşun.
Günəş iki olsa belə xeyri olmazdı...
Üşümək alın yazımız idi.
 
 ***
 
Məni hər gün öldürürlər,
Bir gün dostum öldürür, bir gün düşmənim.
Məni hər gün öldürürlər,
Bir gün sən öldürüsən, bir gün sənsizlik.
Mənim yuxularımdakı dünya yumru yox,  
edam kötüyü formasında.
Mən hər gün intihar edirəm, 
içimdəki üsyan eşqinə.
Bax, gördünmü mən
 yaşamaqdan çox ölürəm, addımbaşı.
 
 
 ***

Gör nə qədər adam uduzdu
ömrünü alın yazısına.
Üsyan etməyə nə vaxtı çatdı, nə cürəti.
"Bir gün"ə bel bağlaya bildi, təkcə.
Ümidini çox uzaqlara apardı zaman.
Nəfəs yerinə ümidlər qabartdı köksünü.
Qismətdən əkiz doğuldu hər günü.
Yaddaşının hər küncündə bir qəlpə saxladı.
Bir gün də o susdu, o dayandı...
Ümidlər utandı, ümidlər ağladı...