Biz imzaları yox, əsərləri dərc edirik...

Ədəbiyyatçıların futbol “azarı” – Müzakirə
1535
20 İyun 2018, 09:30
 Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatının başlamasına bir həftədən də az qalıb. Dünyanın futbol ulduzlarını, məşhur yığmalarının oyunlarını izləmək üçün stadionlara axışacaq azarkeşlərlə bərabər, milyonlarla insan televizor ekranlarının qarşısında oturacaq və futbol həyəcanı yaşayacaq. Ənənəvi "Müzakirə”mizdə ədəbiyyat adamlarının idmanın bu şah növünə olan maraqlarını öyrənməyə çalışdıq.
 
 

 
 Birdəfəlik tamaşa
 Özünü futbol azarkeşi deyil, "futbol xəstəsi” adlandıran yazıçı Aqil Abbas deyir ki, bu, elə bir xəstəlikdir ki, onu sağaltmaq olmur: "Ən ağır xəstəlikləri sağaltmaq mümkündür. Ancaq futbol xəstəliyini heç bir həkim, heç bir dava-dərman sağalda bilməz. Mən futbolu təkcə sevmirəm, həm də bilirəm. "Qarabağ" klubunun prezidenti olmuşam. Bir sözlə, futbolla yaşamışam”. 
 A.Abbas futbolun gözəlliyini həm də oyun zamanı azarkeşlərin emosiyaları ilə əlaqələndirir: "Bir filmə 10  və ya 20 dəfə təkrar baxmaq olar. Bir dinləyici xoşladığı musiqini dəfələrlə dinləyə bilər. Ancaq futbolun özəlliyi və gözəlliyi ondan ibarətdir ki, bu oyuna təkrar baxmaq mümkün deyil. Oyunu canlı yayım zamanı izlədinsə, izlədin. Yoxsa, sonradan baxsan, sənə həmin emosiyaları yaşatmayacaq. Hesabını bildiyin oyuna baxmağın mənası yoxdur. Bu, birdəfəlik tamaşadır". Futbolla ədəbiyyat arasında bağlılığa gəlincə, yazıçı deyir ki, ədəbiyyat da, futbol da hamınındır: "Hər adam bir şeiri və ya romanı  oxuya bilər. Eləcə futbol oyunlarını da hamı izləyə bilər – paralellik burda ola bilər". Dünya çempionatının favoritinə gəlincə, yazıçı həmişə Braziliya yığmasını sevdiyini deyir: "Dünyanın futbol səviyyəsi braziliyalılar, ispanlar, daha sonra ingilislərdədir. Mən həmişə istəmişəm Braziliya çempion olsun. Bu dəfə almanların çempion olmasını istəyirəm. Çünki Almaniyada iki türk oynayır. Məsud Özil və İlkay Gündoğan. Həm də almanlar futbolda çox güclüdürlər. Zəif komanda dünya çempionatına vəsiqə qazana bilmir. Bu çempionatda Almaniya yığmasına azarkeşlik edəcəyəm. Qoy iki türk dünya çempionu adını qazansın".    
 

 
 "Qızım, sən də Argentinaya azarkeşlik et"  
 Yazıçı Seyran Səxavət lap uşaqlıqdan – kənddə yaşadığı illərdən futbol oynadığını deyir: "Mən o zaman özümü bir nömrəli futbolçu hesab edirdim. Kəndimizin futbol komandasının kapitanı olmuşam. Şəhər uşaqlarını çağırıb kolxozun həyətində futbol oynayır və onları udub yola salırdıq. Sonra da "biz kəndlilər şəhərliləri udmuşuq” deyib, fəxr edirdik. Futbola olan marağım da o vaxtdan yaranıb. Futbol Azərbaycana ayaq açandan sonra bu oyuna marağım daha da artdı. O vaxtkı Braziliya yığmasında oynayan oyunçuların adları dilimizdən düşmürdü”. İndi də futbola marağının azalmadığını deyən yazıçı, onu ən gözəl idman növü adlandırır: "Futbol ən gözəl idman oyunudur. Düzdür, bəzən orda da hakimlər haqsızlıq edirlər. Ancaq mənə görə, ən böyük ədalət meydanı futbol meydanıdır. Milyonlarla insanın gözü qarşısında gedən oyunun ədalətini o meydanda bərpa etmək olar. Futbol yarışı birbaşa açıq mübarizədir, separat mübarizə deyil". S.Səxavət builki dünya çempionatında, Braziliya yığmasını çox sevməsinə baxmayaraq, Argentinaya azarkeşlik edəcək: "Leonel Messi təkcə dünyanın ən yaxşı oyunçusu deyil, həm də ən böyük şəxsiyyətlərindən biridir. Onun 1.68 metr boyu var. Artıq 30 yaşındadır. Növbəti dünya çempionatında onun 34 yaşı olacaq. Messinin xətrinə bu dəfə Argentina yığmasının çempion olmasını istəyirəm. Messi dünya çempionu olmasa da, o, dünyanın ən böyük oyunçusudur. O, futbol meydançasına Pele və Maradonadan sonra gəlib. Messi iki dahi futbolçunun ən gözəl cəhətlərini özündə birləşdirib və əlavələr edərək, dünyanın ən nəhəng futbolçusuna çevrilib. Hərdən mənə elə gəlir ki, futbol da Messi ilə qurtaracaq. Qızım, sən də Argentinaya azarkeşlik et!"  
 

 
 Qorxuram ki, hamı nəticəyə oynasın
 Ümumiyyətlə, Azərbaycan və Türkiyə yığmalarına azarkeşlik etdiyini deyən "Ulduz" jurnalının baş redaktoru Qulu Ağsəs millimizin, eləcə də Türkiyə yığmasının DÇ-nın təsnifat mərhələsini adlaya bilməməsini təəssüflə qeyd edir: "Təəssüf ki, Azərbaycan millisi bu çempionata vəsiqə qazana bilmədi. Eləcə də Türkiyə. Azərbaycan olmayan yerdə gözümüz Türkiyəni axtarır. Əlbəttə, ilk növbədə Azərbaycanı bu çempionatlarda görmək istəyirik. Dünyanın məşhur yığmaları içərisində gözüm həmişə Argentina, Braziliya, Almaniya və İspaniya yığmalarını axtarır". Q.Ağsəs bu çempionatda İngiltərə yığmasına azarkeşlik edəcəyini deyir. Amma gizli favoritlərin də olduğunu bidlirdi:  "Belçika Misirlə yoldaşlıq oyununda yaxşı təsir bağışladı. Gizli favoritlərdən biri də Danimarka yığmasıdır. Belə komandalar güclü rəqibləri mübarizədən uzaqlaşdırırlar. Ancaq sonradan özləri də heç nəyə nail olmurlar. Danimarka kimi komandalar çempionatı maraqlı edirlər. Polşa yığmasına da azarkeşlik edəcəyəm. Çox təəssüf edirəm ki, Hollandiya yığmasını mundialda görə bilməyəcəyik. Çempionatı İtaliyasız da  təsəvvür etmək çətindir. İspanlar Buffona öz "hədiyyə"lərini verdilər. İtaliyasız, Türkiyəsiz çempionat maraqsızdır. Türkiyə son oyunları ilə çempionatda təmsil olunmağı haqq edirdi. Təbii ki, dünya çempionatında iştirak etmək hər bir ölkə yığmasının arzusudur. İspaniyanın son yoldaşlıq oyunlarını izlədim. Düzü, yığma mənə zəif təsir bağışladı. Gərək ki, 2010-cu ildə ilk oyunda məğlub olub finala yüksələn və qalib gələn yığma da məhz ispanlar oldu. Bəlkə də yoldaşlıq oyunlarında rəqiblərini aldadırlar. Braziliya da favoritlər arasındadır. Hazırkı oyunları ilə onlar çempionluğa ən real namizədlərdən hesab olunurlar. Ancaq onu da deyim ki, əvvəlki Braziliya yığması ilə müqayisədə zəifdirlər. Mənə elə gəlir ki, onlar Almaniyadan, 0-7 hesablı məğlubiyyətin əvəzini çıxacaqlar». Futbol kimi sərt oyunun ədəbiyyat adamlarına təsirinə gəlincə, Q.Ağsəs hesab edir ki, oyun zamanı sanki meydanda ədəbiyyatdakı obrazları görür: "Futbolda həyat var. Mənə elə gəlir ki, o obrazlar canlı, dinamikdirlər. Futbolda iqtisadiyyat, siyasət - həyatın bütün sahələri var. Məsələn, Portuqaliya ilə Fransa oynayanda FİFA da, UEFA da, hakimlər də  Fransanın tərəfində olur. Çünki Portuqaliya balaca ölkədir – bu, artıq siyasətdir. Transfer qiyməti yüksək olan oyunçuya bir balaca toxunan kimi rəqibə dərhal sarı vərəqə verirlər. Bu, artıq iqtisadiyyatdır. Bu oyunda proza da, poeziya da”. Qulu Ağsəs Misir yığması haqqında proqnozunu da bildirdi: "Misirin Belçika yığması ilə oyunu xoşuma gəlmədi. Bu yığma liderə çox köklənir. Məhəmməd Salah olmayanda komanda sınır. Bir futbolçudan bu qədər asılılıq düzgün deyil. Salah zədələnəndə "Liverpul" da axsadı. Misir də həmin aqibəti yaşayır. Salah zədəsinə görə birinci oyunda iştirak etməyəcək. İkinci oyuna çıxsa, Misir yığması düzələcək. Əgər növbəti bir ispan oyunçu onu zədələməsə, Misir onun liderliyi ilə irəli gedə bilər. Təbii ki, Salaha görə Misir yığmasının oyununu izləyəcəyəm”. Q.Ağsəs komandaların nəticəyə oynaya biləcəyindən də ehtiyat edir: "Qorxduğum bir şey var, istərdim ki, bu proqnozum düz çıxmasın. Bütün yığmaların məşqçi heyətinə baxanda görürəm ki, əksəriyyəti nəticəyə oynamağa çalışan praqmatik adamlardır. Qorxuram ki, hamı nəticəyə oynasın. Onda heç kim oyundan zövq almaz. Onda Braziliya ilə Nigeriya və ya Argentina ilə İranın oyunu arasında heç bir fərq olmaz”. 
 

 
 "Xəstələndim də, sağaldım da”
 Şair-yazıçı Baba Vəziroğlusonuncu dəfə futbol oyununu 1966-cı ildə "Neftçi" komandası bürünc medal qazananda izlədiyini deyir: "Mən birdən-birə futbolun mənasızlığını dərk etdim. Özüm birbaşa oyunda iştirak etmirəm. Oturub saatlarla tamaşa etmək isə mənasız görünür. Həyatda o qədər mənalı şeylər var ki, futbol onların fonunda mənə çox mənasız göründü. Yəni bu, bir xəstəlik idi, uşaq xəstəliyi. Bu cür xəstəlik tez sağalır. Mən də o xəstəliyi keçirdim. Ancaq 80 yaşında insanlar var ki, bu xəstəlikdən əziyyət çəkirlər. Hətta, bəziləri futbola baxanda infarkt və ya insult keçirirlər. Düzü, bunlar mənə çatmır. Mən isə xəstələndim də, sağaldım da.  
 
 
 

 Ədəbiyyatda uğur qazanmaq daha çətindir 
 Uşaqlıqdan futbolu sevən yazıçı Varis Yolçuyev indi də futbol oynadığını deyir: "Uşaqlıqdan futbola maraq göstərmişəm. Yeniyetməlik illərində məktəblilər arasında "Sevinc kuboku" uğrunda yarışlar keçirilirdi. Bizim komanda həmin yarışların çempionu olub. Respublika üzrə 3-cü yeri qazanmışıq. Bu gün də futbol azarkeşiyəm. Təbii ki, əsas Azərbaycan yığmasına azarkeşik edirəm. Keçən həftə Qazaxıstana 0-3 uduzmaları çox üzücü oldu. Fransaya, Almaniyaya böyük hesabla uduzmağa birtəhər dözürük, ancaq millimizin Qazaxıstana uduzması ayıbdır". Yazıçı dünya çempionatlarında həmişə İtaliya yığmasına azarkeşlik etdiyini deyir: "Bu da Azərbaycanla İtaliya arasında bir bağlılıq hiss etməyimlə əlaqədardır. Təəssüf ki, bu il İtaliya yığması çempionatda olmayacaq. İspaniya yığması çox güclüdür. Ola bilər ki, çempion olsunlar. Almanlar bir qədər zəifləyiblər. Son vaxtlar Braziliyanın bəxti gətirmir. Onlarda komanda futbolu alınmır. Meydana 11 "ulduzu" buraxacaqlar – onlar da komanda şəklində oynaya bilmirlər. Nəticə, oyunların keçirildiyi ölkədən də asılı olur. Bu il çempionat Rusiyada keçirilir. Stadionlar arasında da böyük məsafələr var. Stadionun biri Sankt-Peterburqda, biri Soçidədir. Ona görə favoriti göstərməkdə çətinlik çəkirəm”. Ədəbiyyatla futbol arasında harmoniya yaratmağa çalışan yazıçı deyir ki, futbol komanda oyunudur: "Rəqibi məğlub etdinsə, qalibsən, ancaq bu, ədəbiyyatda çox çətindir. Ədəbiyyatda çox şey subyektiv fikirlərdən, başqalarının yanaşmasından asılı olduğuna görə, ədəbiyyatda uğur qazanmaq daha müşkül məsələdir”. 
 

 
 Yazar Cavid Zeynallı isə futbola maraq göstərmir:  "Futbola marağım yoxdur, heç vaxt da olmayıb. Yalnız ötən il "Qarabağ"ın oyunlarını izləyirdim. Bir dəfə də marağa düşüb Tofiq Bəhramov adına stadiona getdim. Əslində, bir neçə dəfə özümdə futbola sevgi yaratmağa çalışmışam, amma bu süni münasibət heç vaxt effekt verməyib”.
 
 Təranə Məhərrəmova