Biz imzaları yox, əsərləri dərc edirik...

Ədəbiyyatda tarix yazıçıya tabedir, yazıçı tarixə yox – “Sevdiyim əsər” layihəsi – İlqar Fəhmi
3050
06 Dekabr 2019, 09:37
  "Sevdiyim əsər” layihəsində yazarların, elm, sənət adamlarının ən çox sevdikləri əsər haqqında söhbət açırıq. Bu dəfəki həmsöhbətimiz yazıçı, kinodramaturq İlqar Fəhmidir. Onun sevdiyi əsərNizami Gəncəvinin "Yeddi gözəl” poemasıdır.
 
  – Nizami Gəncəvinin "Yeddi gözəl” poeması hansı məziyyətlərinə və bədii keyfiyyətlərinə görə sizin sevdiyiniz əsərdir?
  – "Yeddi gözəl” poemasını ona görə sevirəm ki, bu əsər yeni dövrə çox uyğundur. Elə əsərlər var ki, onu klassika kimi oxuyursan. Qabaqcadan da özünü hazırlayırsan ki, mən həmin dövrə aid əsər oxuyuram və o zaman xas hadisələrlə rastlaşacağam. Amma "Yeddi gözəl” əsərinin istər forma və quruluşu, istərsə də əhatə etdiyi mövzu bu gün üçün çox aktualdır. Hətta poemada elə məqamlar var ki, çaşıb-qalırsan: görəsən, bu əsər doğurdanmı həmin dövrə aiddir? Klassika oxucuya adətən iki cür təsir edir: ya sən özünü o dövrə qayıtmış hiss edirsən, ya da yazar özü bu günə "gəlib çıxır”. "Yeddi gözəl” günümüzlə uzlaşan əsərdir. Zahirən əsərdə köhnə bənzətmələr olsa da, o bənzətmələrin tozunu silib yeni gözlə baxanda, hər şey təzə-tər görünür. Bəhram Gur vasitəsilə Nizami işıqlı bir hökmdar obrazı yaradıb. Elə hökmdar ki, Xosrovdan da, İsgəndərdən də fərqlidir. O, nə Xosrov kimi eşqə, nə də İsgəndər kimi ağıla tərəf yol alan qəhrəmandır – Bəhram özünüdərkə doğru gedir. Bu məqam isə sufilikdən xəbər verir – Bəhram da sonda yox olur, fənaya uğrayır. Əsərdə sanki onun hökmdarlıqdan dərvişliyə getdiyi yol təsvir olunur. Nizaminin "Xosrov və Şirin” və "Yeddi gözəl” poemalarını hansısa müasir yazıçı götürüb yenidən roman kimi işləsə, heç də pis əsərlər alınmaz. Mən də belə romanlar yaza bilərdim, amma enerjili vaxtlarımı "Koroğlu”ya sərf elədim deyə bu əsərləri yazmağa imkan olmadı. İndi isə düşünürəm ki, "Koroğlu”nun əvəzinə gərək Nizaminin adını çəkdiyim bu iki əsərini roman kimi işləyəydim.

  – Fransız alimi D Erblo bu əsəri roman adlandırır. Arqumenti də budur ki, "Tülkünün əhvalatı”, "Teblilərin romanı”, "Troya haqqında roman”, "Eheans romanı”, "Tristan haqqında roman” və s. romanlar 9 və 12 hecalı şeirlə yazılıb. Deməli, romanlar əvvəllər nəzmlə yazılıb, bu da onu göstərir ki, roman deyərkən forma yox, məzmun nəzərdə tutulur. Amma nədənsə bizdə hələ də Nizaminin əsərlərinə poema deyib dururlar. Sizcə, bunun səbəbi nədir və bu cür təsnifatı doğru qəbul edirsinizmi?
  – Şərq klassik ədəbiyyatında həm nəsr, həm nəzm kimi yazılan əsərlər var. Məsələn, "Munisnamə”, "Gülüstan” və s. Yalnız nəzmlə yazılmış nümunələr də var. Nəzm isə şeir deyil. Şeir daha çox ruha, hissə, nəzm isə ağıla, yaradıcı ustalığa bağlı bir şeydir. Bu fərqlərə görə də nəzm yazanlar nazim, şeir yazanlar şair adlanırdı. O dövrdə nəzmə o qədər maraq vardı ki, nəinki bu cür uzun hadisələri, süjetləri, hətta hökmdarlar bir-birinə məktubları da nəzmlə yazırdılar. Yaxud vergi hesablarını belə nəzmlə qələmə alırdılar. Əksər mətnləri nəzmlə ona görə yazırdılar ki, daha sürətlə oxunsun və diqqət cəlb edən olsun, insanların beynində ilişib qalsın. Nəsrdə isə bunu etmək mümkün deyildi, çünki nəsrlə yazılan mətnləri əzbərləmək çətindir. Fikir ver, sərbəst vəzndə yazılmış sevdiyin bir şeirlə, hecada yazılmış sevdiyin şeir arasında fərq ondadır ki, sərbəstdə yazılmış şeiri yadda saxlaya bilmirsən. Nizami də həmin əsərləri nəzmə çəkmişdi, amma ümumilikdə götürəndə Nizaminin bütün əsərləri romandır, hətta "Sirlər xəzinəsi” də mozaik romandır. Ümumilikdə isə, klassik Şərq ədəbiyyatına Qərb ədəbiyyatının janr bölgüsü ilə yanaşmaq düzgün deyil. Şərq yanaşmasıyla götürsək, bu əsərlər sadəcə nəzmdir. Amma bir məqamda var. Firdovsi "Şahnəmə”si nəzm olsa da, dastan adlandırılır. Çünki orda nəzm rəvayətçiliyə tabe olur. Amma Nizamidə belə deyil.

  – Maraqlı bir məqam da var. Nizaminin bir sıra əsərlərindəki süjet Firdovsinin "Şahnamə”sində var, Nizami isə daim Firdovsinin yazmadığı məqamları qabartmağa çalışıb. Məsələn, "Yeddi gözəl”də Nizami yazır:
 
Şahların çox uzun tarixi vardı,
Birindən bir əsər yazmaq olardı.
Bir dərin fikirli varmış ki, o tək,
Yazmış bu şeyləri nəzmə çəkərək.
Yerdə qırıntılar qalmış o ləldən,
Onu da çoxları buraxmaz əldən.
 
  Bu barədə isə iki fikir var: bəziləri Nizami böyüklüyünü kölgəyə salaraq düşünür ki, o tarixi təhrif edib; bəzilərinə görə isə, Nizaminin qəsdi tarix yazmaq yox, ədəbiyyat yaratmaq olub.
– Heç bir yaradıcı insandan tarixi olduğu kimi yazmağı tələb edə bilmərik. Onsuz da, tarix yaxşı-pis olduğu kimi yazılıb, yazıçı onu mirzə kimi niyə köçürməlidir ki? İndi də belə hallar olur; tarixi roman yazan müəlliflərə irad tuturlar ki, filan tarixi hadisəni niyə olduğu kimi yazmamısan? Bu düzgün deyil, yaradıcı insan tarixə öz gözüylə baxır, ö versiyasını təklif edir. Belə bir söz var ki, yaxşı yazıçı üçün tarix plastilin kimidir, ondan özü nə istəyirsə, onu da düzəldir. Ədəbiyyatda tarix yazıçıya tabedir, yazıçı tarixə yox. "Yeddi gözəl” əsərində isə Bəhram Gur elə bir obrazdır ki, onun tarixi kimliyi tam mənada bəlli deyil. Firdovsini farslar ona görə göyə qaldırır ki, təmiz farsca yazan və heç bir milli qarışığı olmayan yeganə klassik şairləri odur. Firdovsi dastançı idi, dastançılıqsa nazimlikdən həmişə aşağıda dayanıb. O mənada ki, nəzmdə müdrikliklə şairlik birləşir. Məsələn, "Şahnamə”dən aforizmlər tapmaq olmur, çox çətindir, orda ancaq hadisələr nəql edilir, amma Nizaminin əsərlərində saysız-hesabsız müdrik fikirlər var. Əgər "Xəmsə” kitab kimi dağılsaydı, biz onun bəzi qarışıq səhifələrini tapmış olsaydıq, elə az qala "Xəmsə”nin özü qədər Nizaminin müstəqil müdrik fikirləri bizə gəlib çatardı.

  – Əsərin adı orijinalda "Həfti peykər” (Yeddi planet, ulduz, cisim) olsa da, "Yeddi gözəl” kimi tərcümə edilib. Sizcə, əsərin adının təhrif edilməsi nə dərəcədə doğrudur?
  – Sətri tərcümə kimi sözbəsöz tərcümədən söhbət gedirsə yeddi ulduz, yeddi planet kimi tərcümə edilməlidir. Amma mən belə şeylərə irad tutanda ilk öncə düşünürəm ki, mən tərcümə etsəydim neyləyərdim? Müasir Azərbaycan dilinə isə "Yeddi gözəl” daha uyğun gəlir, həm də bədii tərcümə baxımından maraqlı görünür. Mən də tərcümə etsəydim, əsərin adını "Yeddi gözəl” qoyardım.

  – Əsərdə özünüdərk problemi önə çəkilib. Qədim Yunanıstanda məşhur fraza vardı: "Özün özünü tanı”. Neman özünü dərk eləyib şahlıqdan əl çəkir, Bəhram Gur isə dünyanın gərdişini, şahlığı dərk edib qeyb olur. Nizaminin ideal hökmdar ideyası bu mənzum romanda özünü göstərmir, insan anlayışı ideyası insanın özünü dərk etməsi ilə əvəzlənir. İstərdim söhbətimiz bu yöndə davam etsin.
  – "Xəmsə”, əslində, tam olaraq bütöv bir əsərdir – Nizaminin dünya görüşünü, həyat axtarışlarını əks etdirən bir topludur. Bu səbəbdən ona vahid bir əsər kimi yanaşmaq lazımdır. Nizami o əsərləri yazaraq həm də özünü dərk edib, qənaətləri dəyişib, ta ideala – utopiyaya çatanacan. "Xosrov və Şirin”də Nizami eşqlə müəyyən mərhələyə ucalmağın mümkünlüyünü göstərir, amma tam arzusuna çatmır, "Yeddi gözəl”də isə Bəhram tam ideal ola bilmir, ona görə də qeyb olur. Nizami öz dövründə bir neçə hökmdar, müharibələr görüb, mənə elə gəlir ki, o, əsl hökmdarın necə olacağını öz dövrü ilə müqayisə edərək içində axtarırdı. Düşünürdü ki, necə bir adam hakimiyyətə gəlsə, bütün bu qanlı müharibələr baş verməz. O, beynində model qururdu, sonra görürdü ki, bu tam uyğun deyil, başqa əsərində ideal hökmdarı tamam ayrı cür təsvir edirdi. İsgəndər obrazı vasitəsilə o, öz ideal hökmdar qəhrəmanını tapdı... Nizami güclü, ideal hökmdar obrazına yaxın bir şahın hakimiyyəti illərində yaşasaydı, bəlkə də, ideal şah obrazı axtarışında olmayacaqdı... Özünü tanımaq məsələsinə gəldikdə isə, Bəhramın yeddi mərhələdən keçib özünü tanımasının nəticəsi budur: o, başa düşdü ki, şah olmamalıdır, qeybə çəkilməlidir! Bununla da Nizami sanki özü-özünə etiraf edir ki, mən bu əsərdə də doğru modeli qura bilmədim. Bu isə təkcə hökmdarlıq məsələsi deyildi. Bəhram insan kimi də özünü dərk edirdi. Özünü tanıyan insan isə, hətta gücsüz də olsa, ideal olur, onun gücü ilə imkanları üst-üstə düşür.

  – "Xosrov və Şirinin”, "Leyli və Məcnun”da əsas obrazlar eşqin gücü ilə dəyişirlərsə, bu əsərin qəhrəmanı zəmanənin iç üzünü görərək başqalaşır. Əsərdə baş qəhrəmanın sevgi hissi barədə, demək olar ki, ciddi mənada heç nə deyilmir. Bu məqamlar barədə fikriniz necədir?
  – "Yeddi gözəl” əsərində baş qəhrəman eşqdən müdrikliyə doğru yol gedir. "Xosrov və Şirin”, "Leyli və Məcnun”da isə Nizami daha çox eşqə üz tutmuşdu. Bütün insanlar belədir, cavan vaxtı hisslərin, yaşlanandan sonra ağlın gücü ilə hərəkət edirlər... Ona görə də cavanlarla qocalar heç vaxt yola getmir. Nizami əvvəlki əsərlərində düşünüb ki, eşq insanı dəyişdirə, müdrikləşdirə bilər, amma sonralar ağılın insanı kamilləşdirəcəyinin fərqinə varıb. "Yeddi gözəl” eşqdən ağıla adlamaq mərhələsidir. "İsgəndərnamə”də isə ağlın gücünün qələbəsi göstərilir.
 
 

  – Nizaminin heç bir əsərində bu qədər təşbehlər, metaforalar, bənzətmələr, bədii təsvir vasitələri ulduz, planet, bürc adları ilə eyniləşdirilmir. Məsələn, YEDDİ QARDAŞ (yeddi planet), GÖYÜN İKİCƏ ÇÖRƏYİ (günəş və Ay), GECƏNİN XƏLİFƏSİ (Ay), ÜSTÜRLAB (Astrolobiya – qədimdə ulduzların yerləşdiyi yüksəkliklər), ZİC (astronomiya cədvəli) ZÖHRƏ (Venera), MÜŞTƏRİ (Yupiter), SUR (Öküz bürcü) və s. Belə məqamlara fikir vermisinizmi?
  – Nizaminin dövrünə qədər bir sıra islam alimləri dəqiq elmlərin inkişafına çalışırdılar. Həm də o dövrdə bir ensiklopediklik vardı, şairlər bir neçə elmi mükəmməl bilirdilər. Nizaminin bütün əsərlərində müxtəlif elmlər barədə dolayısı ilə məlumat var. Hətta Nizami haqqında tədqiqat yazanlar onun əsərlərində astronomiya, coğrafiya, tibb və s. elmlərini də araşdırırlar. Bütün bu elmlərin içində astronomiyaya Nizaminin xüsusi rəğbəti olub. Tamamilə düz deyirsən ki, "Yeddi gözəl”də astronomik bənzətmələr daha qabarıq verilib, bu elmə daha çox müraciət olunub. Əsər özü də astronomik bölgüylə əsaslanır, yeddi gözəlin hərəsi bir iqlimdən gətirilib. Bəlkə də ona görə ki, göylər həm də Allahın məskəni kimi dərk olunurdu.

  – Sizcə, poemada yeddi hekayənin danışılması, müasir cərəyanlardakı "roman içində roman” texnikasına nə dərəcədə uyğun gəlir?
  – Roman içində roman texnikası "Yeddi gözəl”də ən çox bəyəndiyim bədii üsuldur. Özü də təkcə hekayələr yox, hekayələrin də içində ayrıca hekayələr var. Məsələn, Bəhramın şənbə günü qara günbəzə getməsi... Orda bir hekayənin içində 4-5 süjet var. Roman içində roman texnikası həmin əsərdə reallaşıb artıq, sadəcə müasir ədəbiyyatşünaslıq bədii texnikalara yeni adlar qoyub. O, bədii texnika əvvəllər də olub, sadəcə Avropa yazıçıları şərq yazıçılarını şərqin özündən yaxşı oxuyublar və yaxşı bilirlər. Biz özümüzü onların bizi tanıdığı qədər tanımırıq deyə, köhnələrimizi yeni təqdimatda yazıb bizə sata, sevdirə bilirlər.

  – Əsərdə yeddi hekayə danışılır, yeddi günbəz var, yeddi əsas gecə var, sonda yeddi məzlumun şikayəti... Sanki əsər rəqəmlərlə şifrələnib.
  – Şərq ədəbiyyatında numeralogiyaya maraq həmişə olub. Onlar rəmzləri şəklə və rəqəmə yükləməyə maraqlı olublar. Yeddi rəqəmi isə demək olar ki, bütün mədəniyyətlərdə hansısa formada müqəddəs sayılır. Bu baxımdan bu rəqəm dünyanın simvol dilinə çox uyğundur. Nizami bu rəqəmi təsadüfü seçməmişdi.

  – Nizami haqqında danışdığımız poemada qəribə bir çevrə qurub. Şah ov ovlayır, ad çıxarır, ona Bəhram Gur deyirlər – sanki qəhrəman gur məsələsi ilə yaranır, sonda da gurun arxasınca gedib yoxa çıxır. Romanın əvvəlində sonluğun necə olacağına dair aydın işarələr var.
  – Nizaminin heç bir əsərində əvvəldən sona bu cür açıq işarə yoxdur. Bəhram gur ovuyla məşhurlaşır və gur ovunda da yoxa çıxır. Nizami bununla qəzavü-qədərin qaçılmazlığına işarə edir. Yəni sən özün bilməsən də, bilən sənin əvvəlini də, sonunu da bilir. Nizaminin başqa əsərlərində isə belə deyil, onlarda iradə azadlığına üstünlük verir.

  – Hər rəngin öz mənası var. Bəhrama danışılan hekayətlər qara gümbəzdən başlayır ağ gümbəzdə bitir. Sanki Bəhram qardan, çirkabdan, ağa, paklığa qovuşur.
  – Bəli, Nizami bu əsərdə xeyrin qələbəsini göstərir. Yəni Bəhram qaradan ağa doğru, dünyagirlikdən qeybə doğru yol gedir. İndiki əsərlərdə həmin bu cür işıq, müsbət enerji çatışmır. İndi yazıçıların əksər qəhrəmanları ağdan qaraya doğru yol gedir, bəlkə də ədəbiyyatın gücünün azalmasına da həmin mənfi enerji səbəb olur. Sonda onu deyim ki, mən ədəbiyyatda nikbinliyin, işığın tərəfdarıyam.
 
  Söhbətləşdi: Fərid Hüseyn