Biz imzaları yox, əsərləri dərc edirik...

Əzrailin mirzələri
2283
26 Aprel 2018, 06:56
 Artkaspi.az Əsəd Cahangirin "Aprel tezisləri" adlı essesinin I hissəsini təqdim edir:
 
 Sosial şəbəkədəki dostlardan  "Dekadans nə deməkdir?", – deyə soruşdu və bu sualı ictimai mesaj kimi qarşılayıb, anlayışın sadə və mümkün qədər qısa çözümünü vermək qərarına gəldik. Söz-sözü, fikir fikri elə çəkdi, bir də məlum oldu ki, təkcə dekadans yox, həm də və daha çox postinsandan bəhs edirik, özü də sadəcə suala cavab vermir, esse yazırıq.
 
 
 
 
 
 
Amma essedən məqsəd bu anlayışlar barədə bütün təfərrüatlarına qədər nəzəri bilik vermək deyil. İstəyirik ki, bədii fikrimizi çulğalayan neqativ axın və ondan qurtulmaq xüsusunda qeydlərimizi bölüşək. Sadəcə, fikrimiz tam aydın olsun deyə, bəzi nəzəri məsələlərə toxunmalı olacağıq. 
 

 
 Dekadans (fransızca "eniş") sənətdə eniş, tənəzzül, dekadent isə bunu ifadə edən yazıçıdır.
 Sosial məsələlər və vətəndaşlıq mövzularından imtina; normativ əxlaq tələblərinə etinasızlıq; fərdiyyətçilik; ümidsizlik və ölümün tərənnümü; şüuraltı instinktlər, xüsusən də erotizmə meyl; realizmdən imtina; mücərrəd simvollar dili ilə danışmaq. Dekadansın əsas özəllikləri bunlardır. 
 Yəni dekadent gerçəklikdən üz çevirib, özünə qapanan və çıxış yolunu ölümdə görən yazıçıdır. Ölüm onun üçün yeganə ali həqiqətdir. Ölümə təslim olmaq ruhun məğlubiyyətidir. Ölümə təslim olan istənilən ədəbiyyat ruhən ölü və məğlubdur. Dekadans bədii sözün məğlubiyyətidir.
 Bəs, onun səbəbi nədir?
 Köhnə ictimai düşüncə sistemi dağılır, yenisi hələ tam formalaşmır və böhran başlayır. Bu böhran sənətdə öz əksini dekadans şəklində tapır. Dünya ədəbiyyat və incəsənəti tarixində dekadans həmişə bir dönəmdən digərinə keçid zamanı baş verib:
 – antik ədəbiyyat özünün dekadansını bütpərəstlikdən xristianlığa keçid zamanı yaşayıb və Apuley, Petroni, Lukianın əsərlərində üzə çıxıb;
 – XIX-XX yüzilliklərin qovuşağında Verlen, Gyuismans, Uayld, Solloqub, Balmont, Merejkovski, Gippiusun yaradıcılığında üzə çıxan dekadans sənaye kapitalizminə keçid zamanı yaranıb;
 – bizdə oxşar proses SSRİ-nin dağılması və yeni topluma keçidlə bağlı ötən yüzilliyin 90-cı illərindən etibarən özünü göstərməyə başladı.
 Yəni dekadans tarixi inkişafın obyektiv gedişindən doğur. Lakin ədəbiyyat tarixin duyğusuz fotosu deyil və bədii fikrin öz daxili inkişaf məntiqi də var. Bu anlamda, dekadans romantizmdən modernizmə keçiddir. Gözəlliyə əski romantik inam dağılır, yeni, modernist fikir hələ formalaşmayıb və bu ikisi arasında dekadans yaşanır.
 Antik dekadans Olimp allahlarına inamın məhv olması ilə bağlı idi. XIX yüzillikdə dekadans Viktor Hüqo, Jorj Sand və digərlərinə məxsus romantik idealların süqutundan yarandı. Çağdaş bədii fikrimizdəki dekadans 70 il təbliğ olunan vətənpərvərlik, qəhrəmanlıq, əməksevərlik, xalqlar dostluğu, xoşbəxtlik, bir sözlə, sovet "romantika"sının iflasından doğdu. Sovet dövrü gənc yazıçıları ələmdən nəşəyə, özgürlük dönəmi yazarları isə nəşədən ələmə keçdi. Sular tərsinə axdı, süjet öz əksinə çevrildi. 
 Xalq Yazıçısı Elçin gənc şairlərdən bəhs edən "Payız ovqatının dedikləri" məqaləsində bədii fikrimizdəki bu hava dəyişkənliyi haqda yazır: "...son illərin poeziyasında ümummili poetik mənzərəni dəyişdirən... bədii-estetik hadisə baş verir: elə bil... poeziya materikimizdən kənarda... poetik ada yaranır və o poetik ada üçün fəsillər yalnız payızdan ibarətdir"
 

 
 Yazıçının müşahidəsi dəqiq, metaforası yerindədir – payız təbiətin dekadansıdır. Və, doğrudan da, bu gün:
 – solğun misralar şairlərin, ümidsiz cümlələr yazıçıların qələmindən saralmış xəzan yarpaqları kimi tökülür; 
 – əksər əsərlərin finalında qəhrəmanlar ya vəlvələ, ya zəlzələdən hökmən ölür, yazarlar ölüm mələyinə mirzəlik edir; 
 – ictimai-siyasi mövzulardan üz çevirən bədii söz vətəndaşlıq qeyrətini itirir, "sənət sənət üçündür" səfsəfəsinə yuvarlanır; forma məzmunun fövqünə qaldırılır; 
 – gerçəkliyə nifrət və etinasızlıq ifrat fərdiyyətçiliyə, əxlaqa etiraz immoralizmə aparır;
 – şairlər bülbül yox, qarğa, mələk yox, şeytanla dərdləşir, bədii fikirdə qara magiya, satanizm əlamətləri görünür.
 S.Baycan, A.Yenisey, G.Mövlud və digərlərinin trafaret məzmunlu, antidini, antimilli və antiinsani səciyyə daşıyan köşə yazılarında da bütün zahiri dovtələbliyinə baxmayaraq, mahiyyətcə eyni pessimist ruh hökm sürür. Öz uğursuzluqlarının günahını zavallı milli mentalitetin üstünə yıxan bu nihilistlərin bir qismi şöhrət ardınca qərbə üz tutsa da, arzuladıqlarını orda da tapmayıb, apatik duruma düşürlər. Sığırçın və onun çirkli yuvanı yenisinə dəyişmək istəyən balası haqda məşhur lətifə yada düşür. Əgər ölüm ruhu sənin içindədirsə, hara getsən, onu da aparacaqsan. Ya düşüncəni, ya dünyanı dəyişməlisən. Üçüncü yol yoxdur. 
 Bəs, bu proses qərbdən fərqli olaraq bizdə niyə yüz il ləngidi? Çünki biz qərb düşüncəsi müstəvisinə vur-tut iki yüz ildir – Axundovdan sonra keçmişik və bu yöndən Avropadan geri qalmağımız məntiqidir.
 Fərdiyyətçilik və pessimizmi rədd edən, yazıçıdan ictimai məzmunlu, gələcəyə inam dolu əsərlər tələb edən sovet ideologiyası bu prosesi daha 70 il geri atdı. Sovetlər olmasaydı, o dövrün S.Vurğun, S.Rüstəm kimi ən tribun şairləri də M.Hadi kimi dekadansa yuvarlanacaq, "ölüm, eyvah, o nemətdir, o bir şanlı səadətdir" ruhunda şeirlər yazmaqda davam edəcək, "ələmdən nəşəyə" keçə bilməyəcəkdirlər.
 Milyonlarla insanı repressiya ətçəkənindən keçirən Stalin rejimi "ölüm" sözünü işlətməyi yazıçılara qadağan etmiş, bu anlayışı öz monopoliyasına almışdı. Təsəvvür edin ki, "Qarabağ şikəstəsi" oxuyan xanəndələrə ifa zamanı "ölürəm" demək yasaq edildiyindən, X.Şuşinski onu "sevirəm"lə əvəzləmək zorunda qalmışdı. Əksər xanəndələr indinin özündə də sovet ənənəsi üzrə "sevirlər". 
 Altmışıncılardan ölüm mövzusuna ardıcıl müraciətləri ilə seçilən V.Səmədoğlu, R.Rövşən və V.B.Odər kimi şairlərin sosrealist tənqidin hədəfinə çevrilməsi də eyni məntiqdən doğurdu. Ölüm mövzusuna müraciəti ideoloji yasaqlara qarşı etirazın, mənəvi azadlığın ifadə formasına çevirən bu şairlər "ölürəm"i "sevirəm"ə belə asanlıqla dəyişmək istəmirdilər.
 Bütün bunlardan sonra ədəbiyyatımız öz payızını sovet rejiminin süqutundan dərhal sonra yaşamalı deyildimi? Bəs, onun soyuğunu niyə indi daha kəskin hiss edirik?
 Çünki 90-cı illərin başlanğıcında meydan hərəkatından doğan və ictimai şüuru bürüyən inqilabi eyforiya, romantik qəhrəmanlıq eşqi, qəfil siyasi müstəqilliyin gətirdiyi ümummilli sərməstlik dekadans əjdahasının başını kəsdi. Amma bir azdan ictimai şüur oyanacaq, gerçəkliklə göz-gözə duracaqdı. Əjdahanın kəsilmiş başının yerindən yenisi çıxırdı. 
 2000-ci illərin başlanğıcında milli bədii fikirdə baş verən unikal, bir az da gözlənilməz hadisə – səciyyəvi ifadəsini Elçin, K.Abdulla, H.Herisçi, M.Köhnəqala, İ.Fəhminin yaradıcılığında tapan və sürətlə genişlənərək ədəbi-bədii prosesə ton verən postmodernizm bu dekadansı daha on il ləngitdi. Əjdahanın başı ikinci dəfə kəsildi.
 Amma bu da hələ final deyildi. Son bir neçə ildə postmodernist dalğanın səngiməsi ədəbiyyatı yenidən dekadansa sürüklədi. Maraqlıdır ki, bu hüznlü ovqat postmodernist meylin təmsilçilərində də müşahidə olundu. Postmodernist romanın ən tipik örnəyini ("Yarımçıq əlyazma") yazan və bununla da milli ədəbiyyat tarixində ilk dəfə Nobelin qapısını döyən K.Abdulla, bədii cəhətdən bütün uğuru ilə yanaşı, həm də dekadans ruhlu romana ("Unutmağa kimsə yox") imza atdı.
 Bəs, bu labirintdən çıxış yolu nədədir? Aydındır ki, gediləsi ünvan olanda yol gedə bilərsən. Dekadansdan çıxmaq üçün də ünvan lazımdır. Geniş zaman müstəvisində baxsaq, son üç min il ərzində insan düşüncəsinin üç əsas ünvanı olub:
 – kosmos;
 – Allah;
 – insan.
 Antik düşüncənin əsas ünvanı kosmos idi. Antik insanın pərəstiş etdiyi Olimp allahlarının əksəri bu və ya digər planeti (Zevs – Yupiteri, Afrodita – Veneranı, Hermes – Merkurini, Ares – Marsı və s.) simvolizə edirdi. İsanın zühurundan sonra bu düşüncə dekadansa uğradı.
 Orta çağda etiqadın ünvanı kosmik obyektlərdən metafizik subyektə yönəldi. İndi düşüncənin əsas ünvanı bütün kosmik aksessuarları ilə birgə kainatı yaradan Allahın özü idi. Xristian dünyası min il Allaha can atdı və bu ali ünvana Dantenin "İlahi komediya"sında çatdı. Dante öz "komediya"sında sevgi himnləri oxuyan doqquz qat mələklər orbitinin tən ortasında işıq saçan Tanrını seyr etdi.
 Amma düşüncə nəinki bundan o yana gedə bildi, hətta seyr məqamında belə dayanmayıb, aşağı endi. Dantedən dərhal sonra başlayan İntibah düşüncəsinin (Petrarka, Bokkaçço, Çoser, Rable, Şekspir, Servantes) ünvanı nə kosmos, nə də Allah yox, daha çox insanın özü idi. İnsanpərvərlik erası başlayırdı.
 

 
 İntibahı əvəzləyən Yeni dövr ədəbiyyatı məsələyə mahiyyətcə yeni bir şey əlavə etmədi. Düşüncənin əsas predmeti əsrlər boyu yenə də insan olaraq qaldı, sadəcə, bədii idrak insanpərvərliyin konkret sahələri üzrə "ixtisaslaşdı":
 – klassisizm (Kornel) insanın ağlını;
 – maarifçilik (Didro) elmini;
 – sentimentalizm (Stern) duyğusunu;
 – romantizm (Höte) xəyallarını;
 – realizm (Balzak) güzəranını;
 – naturalizm (Zolya) ehtiraslarını – 
 ünvan seçdi.
 Ədəbiyyatı yüzillər boyu dekadansa yuvarlanmaqdan qoruyan bu ünvanlar oldu. İnsanın daha elə bir yeri qalmamışdı ki, ədəbiyyat ora ünvanlansın. Homo sapiens özü öz gözündə bitmiş, tükənmişdi. İndi yeganə ünvan ölüm idi. XIX yüzilin sonu, XX yüzilin başlanğıcındakı dekadans bu proseslərin sonucu, milli bədii sözmüzün "payızı" isə onun yüz il sonrakı analoqu kimi meydana çıxdı.
 Bəs, indi yolumuz hayanadır?