Biz imzaları yox, əsərləri dərc edirik...

"Ədəbiyyat qəzeti"nin "Müzakirə saatı" kitab oldu
2093
17 Sentyabr 2019, 11:44
 "Elm və təhsil” nəşriyyatında "Müstəqilliyin ədəbiyyatı müzakirə diskursunda” kitabı çap olunub. Kitab filologiya elməri doktoru, tənqidçi-ədəbiyyatşünas Elnarə Akimovanın moderatorluğu ilə təşkil olunan "Ədəbiyyat qəzeti”nin Müzakirə saatı”nın layihəsi əsasında gerçəkləşib. Ədəbi-elmi ictimaiyyətə qəzet vasitəsilə təqdim olunan bu müzakirələrin sistemli və tam şəkildə bu kitabda toplanması oxuculara, tədqiqatçılara Azərbaycan ədəbi tənqidinin, ədəbiyyatşünaslığının və nəzəri-estetik fikrinin bir çox məsələlərini yeni təfəkkür işığında dərk etməyə, onun səviyyə və mənzərəsini dəyərləndirməyə, eləcə də ədəbi-nəzəri fikrin tarixiliyi və müasirliyini görməyə imkan yaradacaqdır.
 
 

 Kitab 13 müzakirə mətnini ehtiva edir: "Ədəbiyyat yazılı və elektron mətbuatda”, "Çağdaş ədəbiyyatşünaslıqda klassik irs məsələləri”, "Bədii  tərcümə məsələləri: Real mənzərə və problemlər”, "Çağdaş Azərbaycan ədəbiyyatşünaslığı: nəzəri-metodoloji problemlər və mülahizələr”, "Mühacirət ədəbiyyatının professional araşdırılması lazımdır...”, "Uşaq ədəbiyyatının problemləri”, "Azərbaycan ədəbiyyatında cərəyanlar”, "Ədəbi tənqidimizin çağdaş durumu və yaradıcılıq problemləri”, "Repressiya: gizlin və gerçəkləri ilə”, "Azərbaycan cümhuriyyəti:  Tarixi,  siyasi və ədəbi-fəlsəfi aspektləri ilə”, Kərkük və Azərbaycan ədəbiyyatı  soylu, köklü bir ədəbiyyatdır”, "Uşağa yaxşı insan olmağı öyrədə bilsək, sonrakı həyatında yolunu özü seçəcək”, "Cənubi Azərbaycan ədəbiyyatı:  tarixdən bu günə”. Tanınmış müəlliflərin müzakirə təriqi ilə bir yerə cəm olub predmet seçilən mövzuya köklənmələri həm ədəbiyyatımızı tarixdən çağdaşlığa qədər görüb tanımağa imkan yaradır, həm də elmi analizin mərkəzinə çəkilən müstəqillik dövrünün ədəbiyyatı ilə yanaşı, ona yönələn ədəbiyyatşünaslıq baxışının səviyyəsini də  aydınladır.
 Kitabın elmi redaktoru "Ədəbiyyat qəzeti”nin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru Azər Turan, rəyçilər AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, filologiya elmləri doktorları Cavanşir Yusifli, Rüstəm Kamal və Şirindil Alışanlıdır.