Artkaspi.az şair, publisist, tərcüməçi Əjdər Olun müsahibəsini təqdim edir:

– "Gücümüz
çatmırsa” adlı essenizdə "qorumamaqla”, "qoruya bilməmək” anlayışları
arasındakı fərqdən bəhs etmisiniz. Sizcə, ədəbiyyat tariximizdə kimlər qorumağa
gücümüz çatmayacaq böyüklükdə idi və onları hansı səbəbdən qoruya bilmədik?
– Müəllifi onun
əsərləri qədər qoruyan başqa heç nə yoxdur. Heç kəs mətn qədər yazarı tarixdə
saxlaya bilməz. Mümkün deyil. Çevrəmizdə bunca bəslənib qorunan, şişirdilən
müəyyən insanlar var. Sənətin də hər növündə rastlaşırıq belələriylə. Ancaq
onlar tarixdə qalmayacaq. Elələri də var həm məşhur olur, həm özünü qoruyur,
həm də əbədiyyət yolçusu olur. Sözsüz, burada talenin də, şansın da böyük rolu
var. Digər tərəfdən isə, baxın, cəmiyyətlə dil tapa bilməyən nə qədər yazıçı
olub, indi də var. Məsələn, Məhəmməd Hadi şeirlərini elə bir dildə yazırdı ki,
onu əksəriyyət başa düşmürdü. Şeirlərinin geniş oxucu çevrəsi üçün qəliz,
anlaşılmaz qalması onun sizin dediyiniz anlamda qorunmasına mane oldu. Başqa
tərəfdən isə bu cür şairlərin şəxsi bədbəxtliyi də bəzən bizə onları fiziki
cəhətdən qorumağa imkan vermir. Mikayıl Müşfiq, Hüseyn Cavid, Seyid Hüseyn,
Abbas Mirzə Şərifzadə kimi böyük imzaların bəxti yeyin olmadı, nakam ömür
yaşadılar. O dövrdə çox adamları adi bir söz üstündə, kiminləsə qohumluğuna
görə, bir telefon zəngi ucbatından və s. əsassız səbəbləri bəhanə edib aradan
götürdülər. Onların arasında elələri var ki, ədəbi irsi heç də əbədi deyil,
sadəcə nakam ömrünə, taleyinə acıyıb xatirəsini əziz tuturuq. Bir başqa nüansı
da qeyd edim, bəzən insanda kimisə qorumaq istəyi baş qaldırır. Fəqət, həmin
kəslər nə o bataqlıqdan çıxmaq istəyir, nə də ömürlərində bir dəfə belə olsun özlərinin
qədir-qiymətlərini bilirlər. Mənim aləmimdə, ən etibarlı qorunma vasitəmiz – yazdıqlarımız,
yaratdıqlarımızdır.
– "İnsanların
fikir birliyini yaratmaq heç vaxt mümkün olmayıb, heç olmayacaq da. Ancaq
bundan qorxmaq lazım deyil” yazırsınız. Sizcə, ədəbiyyat bu birliyi yarada
bilərmi?
–
Burada söhbət ümumbəşəri mənadan gedirsə, bəli, mümkün deyil. Təbii ki, zaman-zaman
dünyada yeni və ya törəmə ideyalar yaranır, ətrafına müəyyən bir kütləni
toplaya bilir. Lokal şəkildə, ayrı-ayrı toplumlarda fikir birlikləri həmişə
yaranıb. Ədəbiyyat da müəyyən dəyərlər: humanizm, vətənpərvərlik, qəhrəmanlıq,
həqiqət, estetika və s. ətrafında insanları birləşdirmək gücünə malikdir. Amma
insanlar nə mənəvi, nə də ki, fiziki anlamda eyni durumda deyil. Bəşər tarixi
yaranan gündən bu yana təbəqələşmə var, olub, olacaq da. Ona görə ki,
insanların müxtəlif məsələlərə eyni münasibət sərgiləməyə bəzən sadəcə gücləri
çatmır. Söhbət ədəbiyyatdan gedirsə, hesablamalar göstərir ki, dünyada 3-5 faiz
adam ədəbiyyat və incəsənət yeniliklərini izləyir. Planetimizdə 7 milyard adam
olduğunu nəzərə alsaq, 3-5 faiz bu şəksiz ki, balaca rəqəm deyil. Ədəbiyyat
həmişə xeyirxahlığın, sülhün, böyük sevginin tərəfindədir. Dünyada müxtəlif
toplumları başına yığan bir qurum kimidir ədəbiyyat. Ədəbiyyat ona görə
böyükdür ki, bütün toplumların içərisində ürəyi sözlə döyünən kimlərsə var.
Mütləq var...
– Esselərinizdən birində qeyd edirsiniz ki,
biz düşüncəmizdə keçmişin, indinin, gələcəyin hansında çox yaşayırıqsa, o
dövrün adamıyıq. Maraqlıdır, bu mənada Əjdər Ol hansı dövrün adamıdır?
– İnsan hər gün üç zamana
bağlıdır: biz hamımız dünəni anır,
bu günü yaşayır və gələcəyə can atırıq. Balaca körpənin belə bir günlük keçmişi
var. Yaddaşım dəmir kimidir, keçmiş mənimlədir. Bu günlə yaşamıram, bu günü
yaşayıram. Təbiət etibarı ilə gələcəyə can atmayan adamam. Amma sabahın
məsuliyyətini də dərk edirəm. Yazılarımda da hər zaman bunları aşılamışam. Bəşərin
məlum mədəni tarixindən ta bu günə qədər yaradıcı insanlar ruh daşıyıcısıdır.
Bunu yazılarımda dəfə-dəfə vurğulamışam, qeyd etmişəm ki, qələm adamlarının
boynunda əbədi bir məsuliyyət var. Milli ruhu gələcək nəsillərə ötürmək. Mən
özümü Dədə Qorqudun, Tusinin, Nəsiminin, Füzulinin, Molla Nəsrəddinin,
Axundovun və onlardan üzü bəri gələnlərin ruhlarının daşıyıcısı hesab edirəm. Bir
şeirimdə demişəm:
İndi gələcəkdə yaşayıram
mən,
Adəmin, Həvvanın gələcəyində
...
Bəli,
biz kimlərinsə gələcəyində yaşayırıq, yaşlanırıq və zəncirvari olaraq gözümüzü
dikmişik gələcək nəsillərə. Düşünürük ki, gələcək insanlar daha sivil olub,
daha xoşbəxt yaşayacaq. Çünki, biz də dünənə görə sivil sayılırıq. Amma mən həm
də, məndən sonrakıların keçmişində yaşayıram. Ona görə də bu günü zərrə-zərrə
yaşamaq lazımdır. Həmişə çalışmışam faydalı iş əmsalım daha çox olsun.
– "Qarışıq
zəmanə” essenizdə "Bəzən insan elə hala düşür ki, taleyindən, arzusundan daha
çox ruzisi, bir qarın çörəyi haqqında düşünür” yazmısınız. Bəs sizcə, bizim
reallığımızda ruzi vermək baxımından xəsis olan ədəbiyyata müasir dövrdə
gənclər niyə bu qədər meyl edir?
– Ona görə ki, ədəbiyyat
çıxış yoludur. İnsan həmişə diqqət mərkəzində olmağa can atır. Ədəbiyyat bu cür
"Mən də varam”ları ortaya qoymaq vasitəsidir. Diqqət mərkəzində doğulanlar da
olur. Məsələn, yazıçı Anar. O, demək olar ki, ədəbi mühitdə doğuldu, böyüdü,
boya-başa çatdı. Atası da, anası da şair idi, hər ikisi ədəbi mühitdə fəal
çıxış edirdi. Anar hələ bələkdə ikən ona şeir yazılmışdı. Təbii ki, belə hallar
istisnadır. Ümumən isə, insan həmişə şöhrətə can atır. Uşaqlıqdan bəri
"tanınaq, sayılaq” prinsiplərimiz də bizimlə birgə böyüyür.
Sənət
hamının maraqlandığı və eyni zamanda maraqların kəsişdiyi nöqtədir. Əksər
gənclər bu hissin axınına düşüb ədəbiyyata gəlir. Fəqət ortaya keyfiyyətli iş
qoymaq gələndə, sənətin əziyyəti, çətinliyi başlayanda hər adam duruş gətirə
bilmir. Elələri ədəbiyyatın həndəvərində vurnuxa bilirlər sadəcə.
– Qərbdə "Hakimiyyətə hansı
yolla gəlirsən, gəl, məqbuldur”, Şərqdə isə "Son söz qələbə çalanındır” ,
"Qalib haqlıdır” kimi ifadələr işlənir. Bu fikirlər esselərinizdəndir. Sizcə,
bu fərqlər Şərq və Qərb insanının mənəvi dünyasında necə təzahür edir?
– Şərqin çox
böyük dəyərləri var. Fəqət, "demokratiya” Qərbin sözüdür. Qərb insanında bir
sistemlilik var. Onlarla əsas fərqimiz bundan ibarətdir ki, qərb insanı bizdən
götürüb, mənimsədiyi hər dəyərin texnologiyasını düzəldib. Qədim Yunanıstanda
fəlsəfə məktəbləri vardı. Yunanıstan süquta uğradıqdan sonra, Roma imperiyası
dövründə Afinada fəlsəfə məktəbləri ləğv edildi. Hakimiyyətə artıq düşünmək
yox, qələbə lazım idi. Bir də neçə əsr sonra Avropada qırılan zəncir bərpa
olundu. Fəlsəfə insanın keçdiyi yolları bəlirləyir, formalaşdırır. Qərb bundan
bəhrələnib, məktəblər, cərəyanlar, konstitusiya formaları yaratdı. Şərqdə isə insan
hüquqları, qanunlar, dövlətçilik prinsipləri sistematik şəkildə işlənib
hazırlanmayıb. Dövlətçilik prinsiplərinin indilərdə yeni-yeni pöhrələrini
görmək mümkün olur. Bu kontekstdə, kim güclüdürsə, qalib də odur.
Amma
şərqli-qərbli dünya bir həqiqətin ovcundadır: qüsursuz sistem yoxdur. Bu gün ən
inkişaf etmiş ölkələrdə belə insan hüquqları pozulursa, qətllər, təcavüzlər,
barmaq silkələmələri varsa, heç də tam demokratiyadan söhbət gedə bilməz. Bir
tərəfdən, bu, onu sübut edir ki, hələ də heç bir sistem özünü doğrultmayıb. Deməli,
qarşıda ədəbiyyatın görəcəyi işlər hələ çoxdur.
– "Rafiq Tağı ki, Rafiq
Tağı” adlı hekayəniz var. İndi onun məşhur şəklinə baxıb nələri
xatırlayırsınız?
–
Rafiq Tağı zamanın burulğanına düşdü. O, istedadlı insan, gözəl dost idi.
Xarakteri haqqında bu gün gözəl cümlələr desəm də, onu geri qaytara bilmərəm.
Xatirəsi isə daim ürəyimdədir. Ədəbi portretini yaradarkən, Rafiqi bir yazar,
ziyalı, dost, şəxsiyyət kimi təhlil edib, necəliyini açmağa çalışmışam. Çox
ziddiyyətli adam idi. Bir tərəfdən dindarlara qarşı amansız ola bilirdi, digər
tərəfdənsə, Allaha və dinin yaradıcılarına bağlı adam idi. Buna Moskva
mühitində böyüməyi də təsir etmişdi. Məsələn, mən onun qəzəbini, kinini, birini
leşinəcən çırpırmışcasına tənqid etməsini gördüm, amma yalanını görmədim. Bütün
bunlara baxmayaq, həyatda çox həlim biri idi. Həmişə kömək eləməyə adam
axtarırdı. Əvvəla bir həkim, daha sonra isə bir insan kimi. Qəribədir, çox
sadəlövhcəsinə inanırdı ki, hamını ayılda bilər, tükü-tükdən seçməyi öyrədər.
Bu missiya onu yaşamağa tələsdirirdi. O feil kimi daim hərəkətdə idi –
yaşayırdı. Azərbaycan ədəbiyyatının ən maraqlı simalarından biri kimi həmişə də
yaşayacaq.
– "Eynək” və "Namiq Abdullayevin axırı” adlı portret
hekayələr arasında üzvi əlaqə sezdim. "Namiq Abdullayevin axırı” ədəbi
portretində bəhs olunan şəhər "Eynək”dəki Paris ola bilərmi? Ümumiyyətlə,
rəvayətdəki o ölkədə yaşayıb, ömrün hansı həqiqətlərindən, kimlərindən,
nələrindən soyumaq istərdiniz?
–
Görünür, hamı öz suallarına cavab axtarır. Kainat sonsuz olduğu kimi insan
hissləri, duyğuları da sonsuzdur. Mənə hərdən elə gəlir ki, bir az söz
ehtiyatın, azca təxəyyülün varsa, ən xırda detal haqqında belə saatlarla düşünə
bilərsən. Bizi sabaha aparan, gələcəyə çıxaran illüziyalarımız – o xoşbəxt
ölkə, o xoşbəxt dost, o xoşbəxt həyatdır. Bəzən milyonları olan bir insanın
bircə adamın təsəllisinə ehtiyacı olur. Bu dəmdə təxəyyül adamın dadına çatır. Yaradıcı
adamların yazdıqları onların təsəllisidir. Çünki real dünya insanı axıra kimi
xilas etməyi bacarmır. Düşüncə bolluğunu, mənəviyyat zənginliyini dadan adam
bilir ki, məhz o hiss əvəzsizdir. Məsələn, aldığın bir xoş xəbər qədər insanı
hansı maddi nemət xoşbəxt edə bilər? Heç nə!
– Bir şeirinizdə deyirsiniz
ki, gedərgəlməzdən dönməyən adamın ölümünə üzülməyin. Amma digər tərəfdən "Ölümlə
zarafat”da ölüm qorxusunun onun özündən betər olduğunu bildirirsiniz. Əjdər
müəllim, göy üzündə "ölmək” necə idi?
–
Açığı
nəyi gizlədim, həmin
an düşünürdüm ki, "bu da axırı”. Ölüm insanı hər an haqlaya bilər. Amma yaradıcılığında
bədbin notlara ən az rast gəlinən şairlərdən biri kimi ölüm haqqında nadir
hallarda yazıram. Bunu isə gənclik illərimdə düşdüyüm ağır depressiya ilə
əlaqələndirirəm. Demək istəyirəm ki, mən iyirmi yaşımda ölməkdən qorxub qurtarmışam. Bir şey ki, özü gələcək, onu gözləməyin, qabağına
qaçmağın, müzakirə etməyin bir faydası yoxdur. "Üzülmə birdənəm, adam ölər də”...
– Albert Sorel dünyada iki qeyri-müəyyənliyin
var olduğunu deyir: biri qütblər, digəri isə türklər. "Börüsoy” hekayənizi
oxuduqca bir fikir diqqətimi çəkdi: Xristianların əcdadının meymundan,
türklərin isə boz qurddan yarandığının fikir ayrılığındasınız. Sizcə, bu, "Tanrı
türkü qorusun” ifadəsinə bənzəmirmi?
–
Əlbəttə, bu zarafatla deyilmiş bir
ifadə idi. Cəmiyyətdə çalxalanma gedən zaman insanlar anlamadıqları ideyanın
arxasınca gedib, küyə düşürlər. Mən, əslində, bunu ifadə etməyə çalışmışam. O vaxtlar – Sovet dövründə
insanın meymundan əmələ gəlməsini, yəni "Darvin nəzəriyyəsi”ni tədris
edirdilər. Eyni zamanda milli hisslərin coşduğu doxsanıncı
illərdə meymundan yaranma ehtimalını qəbul etmək istəmirdik. Meymundan əmələ
gəlməkdənsə, bozqurddan törəmək daha yaxşıdır deyə düşünürdük (gülür). Yəni kütlə hara, niyə varacağını anlamadan, bilmədən sona doğru gedirdi.
Şovinizm bir sıra
hallarda məqsədli şəkildə həyata keçirilir. Bunu yayanlar azadlığı hansı
istiqamətdə görürlərsə, kütləni də o tərəfə səsləyirlər. "Bürüsoy” da o dövrü əks etdirən bir hekayədir, burada
şovinizmdən əsər-əlamət yoxdur.
– "Namiq Abdullayevin
axırı” ədəbi portretinizdə "bütün kişilər qadınsız yarımcandır” deyirsiniz.
Yaradıcılığınızda zərif cinsi seyrək görməyimizin xüsusi səbəbi varmı?
– Düzdür, bu
haqda özüm də düşünmüşəm. Pyeslərimdə də qadın obrazları azdır. Görünür,
kişilərin arasında çox oluram (gülür). Həm də axı Namiq Abdullayevin özü də
qadınsız idi. Amma çap etdirəcəyim romanımın qəhrəmanlarından biri qadındır.
Sanki 1988-1993-cü illərin hadisələri onların evində baş verib. Elə adamlar var
idi, həmin hadisələrin şahidi olsa belə, faciələr onların şəxsi həyatından yan
keçib. Amma bu qadında tam əksidir.
– Ölərəm səninçün!
Yaşa mənimçün...
Sizi bir yazıçı və bir
insan kimi, sözün həm müsbət, həm də mənfi mənalarında kimlər (nələr) öldürür,
kimlər (nələr) yaşadır?
– Bizim
dilimizdə tez-tez istifadə etdiyimiz, hərçənd mənim təbiətimin qəbul etmədiyi
bir söz var: "Ölərəm sənin üçün.” Mənim missiyama görə, biri üçün yaşamaq daha
çətin, daha məsuliyyətli və daha gözəldir. Ümumiyyətlə, bu günə qədər
yazdıqlarımda həyata hər zaman işıqlı tərəfdən baxmağın tərəfdarı olmuşam.
Səhvləri, boşluqları, problemləri çox böyütməməyə, təmkinlə davranmağa
çalışmışam. Çünki bilirəm, çətinlik, bir balaca təlatüm adama hər addımı atdıra
bilər. Çətin məqamda adamlar mövqeyini itirməmək üçün hər vasitəyə cumurlar.
Tək-tük adamlar var ki, o şəxslər həqiqət anlarında özünü, təmkinini,
bəyliyini, əfəndiliyini qoruya bilir.
Sevdiklərimiz
üçün ölməyə yox, yaşamağa hazır olmalıyıq. Bu misra həyatda gəldiyim əsas qənaətimi
əks elətdirir. Bütün şeir, hekayələrimdə yaşantılarımı qələmə almışam. "Yaşa!”
sözü enerjidaşıyıcıdır. Ona görə kitabımı da belə adlandırmışam.
– Şeir daha çox nə zaman
gözəldir: dinlənəndə, yoxsa oxunanda? Bir az da "Əjdər Ol və dostları”
audio-layihəsindən danışaq. Sonradan bir çox saytlarda həm şairin öz dilindən,
həm qiraətçilərin ifasında şeirlər səsləndirilməyə başlandı. Amma o dövrdə bu
layihə bir ilk idi...
–
Bəli, o müəlliflərin bəzisi sağ deyil, amma səsləri qalıb. Yaxşı ki, onda o
layihəni başa gətirmişik. Təşəbbüs şair dostum Səlim Babullaoğlundan gəlmişdi. Ürəyimizin
tellərinə toxunan şeirlər var, onları oxumaq da, dinləmək
də gözəldir. Fəqət, yaxşı şeiri gərək uyğun ovqatda oxuyasan. İnsan qəlbi
gərək o şeirdən su içsin, oxşansın, hisslərini təzələyib, saflaşdıra bilsin. Mən həyatdan köçmüş şairlərin şeirini ucadan
səsləndirəndə öz səsimdə onları dinləyirəm.
Bəzən
biz
oxucularla görüşə gedirik. Ora müxtəlif yaş təbəqələrindən olan insanlar gəlir. Belə olanda
çox vaxt Azərbaycana aid şeirlər oxuyuram. Ona görə ki, vətənpərvərlik
7-dən 77-yə qədər hamını birləşdirən dəyərdir.

– Portret hekayələriniz
daha çox hansıdır: insanları olduğu kimi yadda saxlamağımıza yardımçı olmaq, ya
adamları faş etməyin asan yolu?
–
Yox, mən ifşa etmək
anlayışını ədəbiyyata yaraşdırmıram. O demaqoqların, xırda insanların
işidir. Ədəbiyyat heç vaxt "faş edə” bilməz. Ədəbiyyat – insanı sevə-sevə
tanıtmaqdır.
– Şair-tərcüməçi
Səlim Babullaoğlu sizin haqqınızda yazdığı "Sənət əsirliyində” kitabında deyir:
"Əjdər Ol milli ədəbiyyatımızın tarixi boyu, həm də çağdaş ədəbi prosesimizdə
portret yazıların əvəzolunmaz ustasıdır, yazdıqları isə həqiqi şedevrlərdir”.
Portret yazılarınız davam edirmi?
– Əvvəllər konkret adamlardan
yazmışam. Sonralar isə "Qromafan”da otuz iki nəfəri bir qəhrəmanda birləşdirib
ümumiləşdirmişəm. Çapa hazırladığım yeni kitabımda isə daha çox zamanın portretini
yaratmağa çalışmışam.
– "Yazıçı yaratdığı
obrazların məcmusudur” deyirlər. Bu qədər adamı özünüzdə cəmləmək, fikrinizdə,
ürəyinizdə gəzdirmək çətin deyil?
– Əslində, yazdıqlarımız yazmaq istədiklərimizin heç
iyirmi faizi deyil.
Ümumən,
mən yazıb çap etdirdiklərimi özümünkü hesab eləmirəm. Düşüncələrim vərəqlərə
köçübsə, demək ki mənimki olmaqdan qurtulmaq istəyiblər. Mən yazıram, yola
salıram, arxasınca da əl yelləyib, "Yaxşı yol!” deyirəm. Kitab çapdan çıxdısa,
elə bil övladını sərbəst həyata göndərirsən. Onsuz da biz həyatdan köçəndən
sonra ədəbi mirasımız yetim qalır. Yetimsə, gərək başını saxlaya bilsin, tək
başına yaşamağı öyrənsin.
Yüzüncü
babamın itmiş adı tək,
adları
ya torpaq, ya göy udacaq.
Köhnə
divardakı qədim bir yazı,
suvaqlar
altında itib batacaq.
Onu
kim uçurub, bunu kim tikib,
düşərmi,
dənizin dağın yadına?
Axırda
adları unudacaqlar,
hər
şey çıxılacaq İnsan adına.
Bax
belə, axırda hamı unudulacaq. Məsələn, Füzuli deyəndə, ağlıma müəyyən bir kod
gəlir, onu insan olaraq xatırlamaq iqtidarında deyiləm. İnsanlar bizdən uzaqlaşdıqca
onların fiziki görkəmini düşünmək, xəyalda canlandırmaq müşkül olur.
– "Sağ qolumuzu
itirmişiksə, sol əllə yazmağı öyrənməliyik” deyirsiniz. Belədə sağ əlimizin
keçmişi könlümüzü rahat buraxacaqmı, buraxmalıdırmı?
– İtirilmiş sağ əlin keçmişi
adamı heç vaxt rahat buraxmır. O
şeirdə fikir vermisinizsə, "əsir getdi Qarabağ”
ifadəsini işlətmişəm. "Əldən
getdi” yox, məhz əsir getdi. Əsiri
qaytarmaq olar, əldən gedəni isə çətin... O ki qaldı
"sağ qolumuzu itirmişiksə, sağ əllə yazmağı öyrənməliyik” misalına, mən burada
da mövqeyimi dəyişməmişəm. Qəhrəmanım vətən yolunda sağ
qolunu itirib, amma yenə də təmkinini qoruyur:
Tək
qol təkcə qanaddır
yetməsə də uçmağa,
Amma ki, bəs eləyir
tək balamı qucmağa...

– Daha nə gizlədim?
Məni gözləyənlər bağışlasınlar,
Onları gözlədib, səni gözlədim.
Əlimi üzmədim,
Kimi gözlədimsə harada, nə vaxt,
Həm onu, həm də ki səni gözlədim.
Yoruldum, bezmədim,
Uzaq bir şəhərdə bilmirəm niyə,
Dayanıb küçədə səni gözlədim.
İndi
ömrünüzün hansı mərhələsindəsiniz? Səbrinizin bəhərini dərir, yoxsa hələ də
gözləyirsiniz?
– Hərdən
oxucular elə zənn edir ki, şair şeirlərini
başqa-başqa qadınlara
yazır. Halbuki, şeir
təxəyyülümüzün vahid qadının simasında
mətnə çevrilməsidir. Tutaq ki, Füzulinin üç
yüz əllidən çox qəzəli varsa, onun hərəsi bir qadına necə yazıla
bilər? Düzdür ədəbiyyat tarixində bir qıza çoxlu şeir yazan şairlər
də var. Amma məsələnin mahiyyəti o mətnlərdə
öz sevgi modelini yaratmaqdadır.
Həmin şeirə gəldikdə isə, doğrudan da, qürbət bir şəhərin ortasında dayanıb kimisə gözləmişəm. Bu
da mənim sevgi modelimdir. Məncə, mətndə səndən bir iz
yoxdursa, onu yazmağa
dəyməz.
– Bir neçə əsərinizlə
yanaşı "Usta Yusifin kamançası” hekayəniz əsasında da film çəkilib. Filminssenari
müəllifi də özünüzsünüz. Filmin sonunda, qızını sevindirən ata, səkidə qürurla
yeriyən ailə görürük. Əjdər Ol necə, bir ata kimi özündən razıdırmı?
–
Razıyam.
Deyərdim
ki, mən
ata kimi
doğulmuşam. Hətta özümdən 10-15 yaş böyük adamlara da ata qayğısı ilə yanaşıb, onlara öz övladım
kimi baxmışam. Ata olmaq qayğı göstərmək, qorumaq,
tərbiyə etməkdir. Qorqud ata kimi, Qorio ata kimi, Əjdər ata kimi... (gülür)
– Yaşınızın elə məqamıdır
ki, zənnimcə, hər iki halda bu sualı sizə vermək olar. Sələf-xələf ənənəsi
danılmazdır. Əjdər Olun sələfləri kimdir və kimi (kimləri) xələfi hesab edir?
–
Azərbaycan
ədəbiyyatına, mədəniyyətinə, mənəviyyatına söykənirəm. Elə buna görə
də bütün yazarlarımızın yaradıcılığına bələdəm. Özü də elə belə yox ha... Hər müəllifin üç-beş şeirini, hekayəsini
oxumamışam, bütün külliyyatını öyrənmişəm. Bu mənada, ustadım birinci növbədə Azərbaycan ədəbiyyatı,
sonra isə dünya ədəbiyyatı sayıla bilər. Hərdən öz özümə düşünürəm ki, kaş
adamın üç yüz il ömrü ola, iki yüz ilini oxuyub, qalanını oxuduqları
üzərində yaşaya... Xələflərimsə sizsiniz. Bizim vəzifəmiz nəsillər
arasındakı telləri bir-birinə bağlamaqdır.
Söhbətləşdi:
Fərid Hüseyn, Günel Şamilqızı, Aysu Kərimova