Biz imzaları yox, əsərləri dərc edirik...

Ədəbi uğur yolunda həlledici faktorlar
282
11 İyul 2018, 09:18
  "DailyMail”də Cek Londonun "Ədəbi uğur yolunda həlledici faktorlar” adlı məqaləsi dərc olunub. Müəllif məqalədə doğulduğu San Fransiskodan başlayan macəra dolu yolda başına gələnlərdən bəhs edir. Ömrünü macəra yaşamaq ehtirasının ağuşuna atmış Cek London ona beynəlxalq məşhurluq qazandırmış yolda həlledici saydığı faktorları diqqətə çatdırıb. 
 
 

  Məqalənin əvvəlində qitənin dörd bir yanında keçirdiyi çətin, keşməkeşli günlərdən bəhs edən müəllif, başına gələn bütün hadisələrin, qaldığı hər məkanın, tanıdığı əksər insanların qazandığı ədəbi şöhrətdə payı olduğunu vurğulayır. Olduqca çətin həyat şəraitində yaşamasına, məşəqqətli ömür yolu keçməsinə baxmayaraq, ona ədəbi karyera yolunda zirvənin dadını yaşadan və hamı üçün keçərli olduğuna inandığı faktorları səmimi bir dillə "uğurun sirri”ni axtaranlarla paylaşıb. Sözügedən məqalədəki əsas başlıqları təqdim edirik: 
  * Çox şanslı olmağım – Həyatda pul, nüfuz, bilik hər şeyi həll edə bilmir. Bütün həlledici məqamlarda işiniz şansa qalır. Həyat yoluma nəzər salsanız, görərsiniz ki, mən bugün varamsa, bu şansın nəticəsindədir.
  * Sağlam olmağım – Bəzən insanlar bunu həyatda onuncu, on beşinci faktor hesab edirlər. Ona görə də sıradan biri kimi ölürlər. 
  * Zehnimlə bədənim arasındakı balansı qorumağım – Əsla yazı prosesi əla gedir deyə, özümü fiziki baxımdan zorlamamışam. Bədənimi dinləyib, ehtiyaclarını qarşılamışam.
  * Səfalətdən keçməyim – Səfalət məni tələskən elədi. Həyatda heç nəyi öz axarına buraxmamaq vərdişi aşıladı.
  * Uidanın (Laria Lui Ramen) "Siqna"sını oxumağım – Onda hələ səkkiz yaşım vardı. Bu hekayə zehnimin sərhədlərini genişləndirdi, göstərdi ki, bəzən sadəcə cəsarətə ehtiyac var. Mən də sadəcə cəsur davrandım.
  * "Tərzin fəlsəfəsi”ni ("Pylosophy of style") oxumağım – siz də bu kitabı oxuyun. O məndə maraqlı düşüncələr, dərin duyğular oyatdı, zövq aşıladı, seçimlərimi ağ kağızda canlandırmaq bacarığı formalaşdırdı.
  * Ağıldan nəsibimi almağım – Ağıllı olmaq mənim nəzərimdə şanslı olmağın önünə keçə bilmir. Amma çox vaxt sizi xoşbəxt təsadüflərə aparan yolu da ağıl seçdirir.