Biz imzaları yox, əsərləri dərc edirik...

“Ədəbi redaktənin əsasları" kitabı təqdim edilib
681
24 May 2018, 15:30
  Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-İnformasiya Mərkəzinin təşkilatçılığı ilə universitetin Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının professoru, Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri, Azərbaycan Yazıçılar Birliyi Cəfər Cabbarlı Komissiyasının sədri, filologiya üzrə elmlər doktoru Asif Rüstəmlinin "Ədəbi redaktənin əsasları: tarixi, nəzəriyyəsi, təcrübəsi” kitabının təqdimat mərasimi keçirilib. 
 
 

  ADMİU-nun "Heydər Əliyev Mədəniyyət və İncəsənət Məktəbi”ndə baş tutan tədbirdə universitetin professor-müəllim heyəti və tələbələri ilə yanaşı Ədəbiyyat İnstitutunun alimləri filologiya üzrə elmlər doktoru Elçin Mehrəliyev və filologiya üzrə fəlsəfə doktoru, dosent Gülbəniz Babayeva iştirak ediblər. 
  ADMİU-nun prorektoru, professor Gülşən Əliyeva Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubilyi münasibətilə tədbir iştirakçılarını salamlayaraq, ADMİU-da təşkil olunan kitabşünaslıq, eləcə də kitabxanaçılıq və informasiya ixtisaslarının Bakı Dövlət Universitetində də tədris olunduğunu və hər iki universitet arasında sağlam rəqabətin olduğunu bildirib. Vurğulanıb ki, universitetin Elmi şurasının qərarı ilə nəfis şəkildə çap olunmuş kitabda əlyazma üzərində ədəbi redaktə prosesinin "mətnin ədəbi-tənqidi təhlili”, "mətnin dəyərləndirilməsi” və "əlyazmanın əyər-əskiyinin düzəldilməsi” kimi mühüm üç mərhələsi ətraflı təhlilə cəlb olunub. 
 
  

  Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müdiri, filologiya üzrə elmlər dok-toru, professor Aqşin Babayev çıxış edərək nəşrin kafedranın böyük uğuru olduğunu diqqətə çatdırıb. Dərs vəsaitini elmi-nəzəri təhlilə cəlb edən professor A.Babayev onun çapını ədəbi bədii redaktə sahəsində dəyərli məxəz olacağını qeyd edib. 
  Digər natiqlər bildiriblər ki, bu kitab redaktorluq sənətində təhsil alan gənclərin peşəkar mütəxəssis kimi yetişməsində, elm və mədəniyyətimizin inkişafında daha uğurlu fəaliyyət göstərmələrinə işıq saçacaqdır. 
  Son olaraq çıxış edən müəllif, professor Asif Rüstəmli tədbir iştirakçılarına təşəkkür edərək kitabın ərsəyə gəlməsindən, bu şərəfli yolda qarşılaşdığı çətinliklərdən söhbət açıb.