Biz imzaları yox, əsərləri dərc edirik...

Ədəbi manifestlər – Simvolizm
1555
28 Fevral 2020, 10:44
 Sadə ilahiyyat və doqmatik metofizika elmi dövründə Dərkedilməzlər sahəsi həmişə Tanınmayanlar sahəsi ilə qarışıq düşürdü. İnsanlar onlar arasındakı sərhəddi təyin edə bilmirdi və bu bilməməzliyin dərinliyinə və ümidlizliyinə varmırdılar. Mistik bir hiss dəqiq, təcrübəli tədqiqatların hüdudlarını aşaraq onları dağıdırdı. Digər tərəfdənsə doqmatik formun kobud materializmi ilahi hissləri öz əsarəti altına alırdı.
 Ən yeni dərketmə nəzəriyyəsi dağılmaz bir bənd yaratdı. Bu bənd insanlara əlçatan olan sərt torpağı bizim dərketməmizin hüdudları xaricindəki sərhədsiz, boz okeanlardan ayırdı. Və bu okeanın dalğaları artıq məskunluq olan torpaqlara - dəqiq elmlər sahəsinə çırpıla bilməz. XIX əsr dərketmə nəzəriyyəsinin əsasını - sanki nəhəng bir binanın tikintisində ilk qranit qayaları məhz Kant qoymuşdur. Elə o zamandan da onun üzərində işlər fasiləsiz olaraq davam edir, bina daha da ucalır.
 
 

 Hələ heç vaxt elmlə dinin arasındakı münasibət bu qədər kəskin və amansız olmamışdır, hələ heç vaxt insanların gözü zülmət və işıq arasındakı dözülməz təzadı duymamışdı. Hadisələrin bu tərəfində elmin möhkəm nüvəsi parlaq işıqlandığı halda, bəndin o biri üzündə, Karleylin ifadəsinə görə "müqəddəs bilməməzliyin dərinliyi" bizim çıxdığımız və mütləq ora dönəcəyimiz gecədir. Keçmiş zamanlarda metafizika onun üstünə öz parlaq və dumanlı ürtüyünü salırdı. İbtidai əfsanə bir azca da olsa bu dərin uçurumu tutqun, lakin təsəlliverici işığı ilə aydınladırdı.
 Hazırda son doqmatik örtük əbədi olaraq dartılıb cırılmış, son mistik ruh isə sönməkdədir. Və müasir dövrün adamları köməksiz, vahiməli qaranlıqla üz-üzə, işıqla zülmət arasındakı sərhəddə dayanıblar. İndi onların ürəyini dərin uçurumdan uğuldayan dəhşətli soyuqdan heç nə ayırmırdı.
 Biz hara getsək də, elmi tənqid pərdəsinin arxasında gizlənsək də, bütün varlığımızla sirrin - okeanın yaxınlığını hiss edirik. Heç bir sərhəd olmadan! Biz azad və yalqızıq!.. Ötən əsrlərin əsarət altında qalmış heç bir mistizmi bu dəhşətlə müqayisə oluna bilməz. Hələ heç vaxt insanlar bütün qəlbləri ilə inamın vacib olduğunu duyub, idrakları ilə inamın mümkünsüz olduğunu dərk etməmişdilər. Bu ağrılı-acılı dissonansda, bu faciəvi ziddiyyətlilikdə, olmayan ağıl azadlığında, inkar cürətində XIX əsrin mistik tələbatlarının cizgiləri var.
 Bizim dövr iki əks tərəf arasındakı sərhəddi təyin etməlidir. Bu ən sonuncu materializmin və bununla yanaşı ruhun qızğın ideal coşğunluq zamanıdır. Biz dünyaya iki baxışın, iki diametrik əks tərəfdə dayanan dünyagörüşlərin dahi, çoxmənalı müharibələrinin şahidiyik. Dini hisslərin sonuncu tələbləri təcrübəli elmlərin nəticələri ilə qarşılaşır.
 XIX əsriin əqli mübarizələri müasir ədəbiyyatımıza təsir etməyə bilməzdi.
 

 Üstünlük təşkil edən kütlənin zövqü indiyənədək realistdir. Bədii materializm elmi və əxlaqi materializmə uyğundur. İnkarın pis tərəfi, ali ideal mədəniyyətin olmaması, möhtəşəm texnika ixtiraçılarının barbarlığı müasir kütləyə və zövqə özünəməxsus möhürünü vurmuşdur.
 E.Zolya Fransanın gənc şairləriyçün, özlərini simvolist adlandıranlarçün, "L’enquête sur l’évolution en France" kitabını yazan Huret adlı biriyçün bu cür səciyyəvi sözlər demişdi: "Mais que vient-on offrir pour nous remplacer? Pour faire contre-poids à l’immense labeur positiviste de ces cinquante dernières années, on nous montre une vague etiquette „symboliste", recouvrant quelque vers de pacotille. Pour clore l’etonnante fin de ce siècle énorme, pour formuler cette angoisse universelle du doute cet ébranlement des ésprits assoiffés de certitude, voici le ramage obscur, voici les quatre sous de vers de mirliton de quelques assidus de brasserie… En s’attardant à des bêtises, à des niaiseries pareilles, à ce moment si grave de revolution des idées, ils me font l’effet tôus ces jeunes gens, qui ont tous de trente à quarante ans, de coquilles de noisettes qui danseraient sur la chute du Niagara". (Onlar təklif edirlər ki, bizi əvəz etsinlər? Son əlli ilin nəhəng pozitiv işinin müqabilində istedadsız şeirləri gizlədən naməlum "simvolizm" etiketinə işarə edirlər. Bu böyük əsrin sonluğunu qeyri-adi etmək üçün bizə sanki aşxana müştəriləri tərəfindən yazılmış aydın olmayan cikkilti, axmaq balaca nəğmələr təklif olunur! Bütün bu yaşı otuzu, qırxı ötmüş gənclər tarixi təkamülün mühüm dövründə bu cür mənasız və boş ideyalarla məşğuldurlar. Onların bu yüngüllüklərini mən Niaqara şəlaləsində rəqs edən qoz qabığına bənzədirəm.).
 "Ruqon-Makkarov"un müəllifinin şadyanalıq etməyə tam haqqı var. Yəqin ki, keçmişin heç bir dahiyanə əsəri pozitiv roman kimi bu cür maddi müvəffəqiyyətə, qəzetlərdə ildırıma bənzər parlaq reklama qədər yüksəlməmişdi. Jurnalistlər dərin hörmət, pərəstiş və həsəd hissi ilə "Nana" və "Pot bouille" kimi sarı tomlardan nə hündürlükdə piramida yaratmaq olar barəsində hesablama aparırdılar.
 Dünya ədəbiyyatının ən nəhəng əsərlərinin asan anlaşılan tərzdə rus dilinə tərcümə olunmamasına baxmayaraq, Zolyanın son romanı böyük həvəslə beş-altı dəfə tərcümə olunur. O hər şeylə maraqlalan Hüre simvolist şairlərin başçısı Pol Verleni "Saint Michel" bulvarında çox pis bir kafedə tapmışdı. Müxbirin qarşısındakı insan artıq gənc deyildi. Üz-gözü yorğun, "Favna bənizli", xəyal dolu və incə baxışılı, böyük, keçəl başlı Pol Verlen beden. Bütün məğrurluğunu və vüqarını kənara buraxaraq "l’assistance publique" - ictimai qınağı öz yeganə anası adlandırır. Əlbəttə ki, bu cür insanın yeri Zolyanın həsədlə arzuladığı P.Lotinin yanında akademik kreslolar deyil.
 Lakin "Débacle"in müəllifi əsil parisli kimi ədəbi anın müasirliyi, səs-küyü və təlaşına həddindən artıq aludə olmuşdu.
 Ədəbi idealizmin Paris dəbinin dünənki ixtirası hesab etmək böyük bir yalnışlıqdır. Bu - qədim, əbədi, heç vaxt məhv olmayan bir şeyə qayıdış deməkdir.
 Bu ədəbi qiyamçılardan Zolya qorxmaldır. Nəyimə gərəkdir ki, ikisindən biri kasıb, ömrünün yarısını qazamatda və xəstəxanalarda keçirmiş, digəri isə bu gün olmasa da sabah akademiyanın üzvü olası ədəbi hökmdardır? Nəyimə gərəkdir ki, birində sarı rəngli tomlardan piramida, simvolistlərdə isə "quatre sous de vers de mirliton"dur? Dörd lirik şeir bir seria nəhəng romandan daha gözəl və doğru ola bilər. O xəyalpərəstlərin gücü onların hiddətində, qiyamındadır.
 Əslində, ürəyimizdən daş kimi asılmış boğucu ölü pozitivizmə qarşı qiyamı XIX əsr sonlarının nəsilləri də öz qəlblərində daşıyırlar. Çox güman ki, onlar heç nə edə bilmədiklərindən məhv olub gedəcəklər. Onlardan sonra gələnlər bu işi davam etdirəcək, çünki bu canlı işdir.
 "Bəli, tezliklə müəyyən müddətə qovulmuş, kənarlaşdırılmış təmiz və alicənab insanlar axtarılacaqlar. Məhz bunu 60 il bundan qabaq "Faust"un müəllifi bizə demək istəyirdi. Biz isə hələ indi onun dediklərinin həyata keçdiyini görməyə başlayırıq. "Bəs reallıq özü nə deməkdir? Onun bəzi şeylər haqqında daha dəqiq məlumat verə biləcəyi doğru təsvirləri bizi məmnun edir. Lakin şairin qəlbindən gələn ideal ən ali hisslərimizə xeyirli olanıdır". Sonralar Höte bu fikri daha düzgün formullaşdırır: "poetik əsər nə qədər ortaq məxrəcə gəlməyən və ağlasığmaz olarsa, bir o qədər də gözəl olar".
 Əgər Zolya bu sözlərin özbaşına xəyalpərəst simvolistlərə, Niaqara sularında üzən yazıq qoz qabıqlarına yox, XIX əsrin dahi naturalist şairinə mənsub olduğunu xatırlasaydı heç də pis olmazdı.
 Bunları deyən Hötenin özü bu fikirdə idi ki, poetik əsər simvolik olmalıdır. Simvol nə deməkdir?
 Akropolda Parfenonun arxitravının üstündə görünür ki, adi, gündəlik, mənasız bir hadisə səhnəsininin müəyyən izləri olan barelyefin qalıqları bu günümüzə kimi qalmaqdadır: qamətli, çılpaq gənclər məmnuniyyətlə əzələli əlləri ilə cavan atları ram edərək çəkib aparırlar. Bütün bunlar böyük realizmlə, hətta naturalizmlə - insan bədənini və təbiətini bilərək həyata keçirilib. Misir freskalarındakı naturalizm heç də bundan böyük deyil. Lakin onlar tamaşaçıya başqa cür təsir göstərir. Siz onlara maraqlı etnoqrtofik sənəd kimi, eynən müasir bir eksperimental romanın səhifələrinə baxdığınız kimi baxırsız. Nəsə başqa bir şey diqqətinizi Parfenonun barelyefinə çəkir. Siz onda ideal insan mədəniyyətini, ellin ruhunun azad simvolunu duyursunuz. İnsan heyvanı ram edir. Bu, təkcə gündəlik həyatdan bir səhnə deyil, ruhumuzun ilahi tərflərinin tam bir əksidir. Buna görə də bu məhvedilməz əzəmət, sakitlik və həyatın bütövlüyü üzərindən minilliklər ötmüş şikəst mərmər parçalarındadır. Bütün yunan incəsənətində həmin simvolizm görünür. Məgər ərini xilas etmək üçün ölümə gedən Alkestis Evripida qadın və kişi məhəbbətini ruhlandıran ana mərhəməti deyilmi? Məgər Antiqona Sofokla nəticədə orta əsrlər Madonnalarına təzahür etmiş qadın xarakterlərinin bakirə gözəlliyinin simvolu deyilmi?
 İbsenin "Nora" obrazında səciyyəvi təfsilat var: dramın ən vacib məqamında iki nəfərin dioloqu zamanı əlində lampa bir qulluqçu içəri daxil olur. Həmin anda işıqlanmış otaqda söhbətin tonu dəyişir. Naturalist fizioloqa uyğun əlamətdir. Fiziki qaranlıqla işığın əvəzlənməsi bizim daxili dünyamıza təsir edir. Realist təfsilatın altında bədii simvol gizlənir. Niyəsini demək çətindir, lakin siz hələ çox uzun müddət axşam alatoranlığını aydınladan bu çoxmənalı dialoq və lampanın bir-birinə müvafiqliyini unutmayacaqsınız.
 Simvollar təbii və qeyri-ixtiyari olaraq həqiqətin dərinliklərindən süzülməlidirlər. Əgər müəllif onları süni şəkildə hər hansı bir ideyanı ifadə etməkdən ötrü fikirləşib tapırsa, onlar ikrah hissindən, ehtiraslandıra, maraqlandıra bilməyəcək bütün məhv olunmuşlar kimi ölü alleqoriyalara dönəcəkdir.
 Madam Bovarinin son əzablı dəqiqələri şarmanka çalanın məhəbbət mahnısıyla müşayiət edilən faciəvi "Gespenster" gecəsindən günəşin ilk şölələri saçarkən təsvir olunmuş dəlilik səhnəsi - hər hansı pozitiv romanının ən cəsarətli insan hekayətlərindən də daha çox amansız psixoloji naturalizmlə, real həqiqətlərlə yazılmışdır. İbsen və Floberdə sözlərlə ifadə olunmuş fikirlərin axınıyla yanaşı, siz qeyri-ixtiyari olaraq başqa, daha dərin bir axını hiss edəcəksiniz.
 "Fikir - söylənilmiş yalandır". Poeziyada deyilməyənlər deyilənlərdən daha çox simvolun gözəlliyini yarıb keçərək işıq saçır, ürəyə güclü təsir göstərir. Simvolizm poeziyanın bədii cismini, tərzini ruhlandıcı, şəffaf, işıqlı edir.
 Xarakterlər də simvol ola bilər. Sanço-Pansa və Faust, Don-Kixot və Hamlet, Don-Juan və Falstaf, Hötenin diliylə desək - schwankende Gestalten.
 Bəşəriyyəti rahat buraxmayan yuxular bəzən əsrdən əsrə təkrarlanır, nəsillərdən nəsillərə ona yoldaşlıq edir. Bu cür simvolik xarakterlərin ideyalarını heç bir sözlə ifadə etmək olmaz. Çünki sözlər fikri təyin edir, məhdudlaşdırır, simvollar isə fikirlərin sərhədsiz yönlərini ifadə edirlər.
 Buna baxmayaraq, biz kobud fotoqrafik eksperemental surətlərlə kifayətlənə bilmərik. Biz Floberin, Mopassanın, İbsenin eyhamlarından yeni, hələ açılmamış dünyaların təəssüratlarını duyur və onları tələb edirik.
Bu hələ sınaqdan keçirilməyənlərə qarşı tamahkatlıq, sezilməyən çalarların, hissiyyatımızdakı bu zülmət və şüursuzluğun arxasınca qaçış ideal poeziyanın səciyyəvi əlamətidir. Hələ Bodler və Edqar Po deyirdi ki, gözəllik nadir və gözlənilməz olub bir az təəccübləndirməlidir. Fransız tənqidçiləri bu əlaməti uyğun olsa da, olmasa da impressionozm adlandırmışlar.
 Yeni incəsənətin üç başlıca elementi bunlardır: mistik məzmun, simvollar və bədii təəssüratın genişlənməsi...

 D.S.Merejkovski - 1893-cü il
 Bədii manifestlər - Simvolizmdən "Oktyabra" qədər
 Rus dilindən tərcümə edən: Xanım Aydın