Biz imzaları yox, əsərləri dərc edirik...

“Ədəbi cərəyanlar: poetikası və estetikası” adlı II elmi sessiya keçirilib
457
14 Fevral 2020, 15:44
  Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda "Ədəbi cərəyanlar: poetikası və estetikası” adlı II elmi sessiya keçirilib. Sessiyada "Azərbaycan” jurnalının əməkdaşı Südabə Ağabalayeva da iştirak edib.
 Sessiyanı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq ədəbi cərəyanlar və onların Azərbaycan ədəbiyyatındakı yeri barədə fikirlərini bölüşüb. Akademik bildirib ki, indiyə qədər az tədqiq olunduğu üçün ədəbi cərəyanlar dərindən əsaslı şəkildə öyrənilməlidir. İsa Həbibbəyli ədəbi cərəyanların öyrənilməsi istiqamətində tədqiqatları olan Məmməd Cəfər Cəfərov, Hüseyn Həşimli,  Qorxmaz Quliyev, Yaşar Qarayev  kimi alimlərin araşdırmalarına da münasibət bildirib. Problemin öyrənilməsi üçün institutda ayrıca Ədəbi cərəyanlar sektorunun yaradıldığını bildirib. 
 Akademik İsa Həbibbəyli çıxışında Azərbaycan ədəbiyyatında tarixən erkən realizm, maarifçi realizm, romantizm, tənqidi realizm, sosializm realizmi, modernizm, sentimentalizm kimi cərəyanların formalaşdığını qeyd edib. Müstəqillik dövründə isə dekadenizm, magik realizm,  neorealizm, postmodernizm cərəyanlarının Azərbaycan ədəbiyyatında müşahidə olunduğunu əlavə edib. Akademik həmçinin ədəbi məktəb və ədəbi cərəyanlar problemindən də bəhs edib. Ədəbi məktəblərin uzunmüddətli olduğunu, onlarda zaman sərhəddi olmadığını, ədəbi cərəyanların isə müəyyən bir zaman sərhəddində meydana gəldiyini deyib. Buna ictimai quruluşun, siyasi sistemin, mədəni hadisələrin də təsir etdiyini vurğulayıb. "Müşahidələr göstərdi ki, ədəbi yaradıcılıq çox metodlu olmalıdır. Müstəqilik dövründə romantizmin yenidən doğulmasını düşünürəm”. Müstəqillik dövrü ədəbi cərəyanlarının formalaşmasında BSU-nun nəzdində fəaliyyət göstərən Yaradıcılıq fakultəsinin, Kulis.az saytının, "Ulduz” jurnalının və s. rolu olduğunu da bildirib.
   Sonra filologiya elmləri doktorları Cavanşir Əliyev "Strukturalizm və poststrukturalizm metodlarının tarixi mənşəyi və ədəbi əsərlərin təhlilində mövqeyi”, Pərvanə İsayeva "Formalizm və müasir filoloji fikrə təsir mexanizmi”, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözova "Postmodernizm cərəyanı Azərbaycan ədəbiyyatı kontekstində” məruzələrlə çıxış ediblər. 
 

  Filologiya üzrə fəlsəfə doktoru, dosent Maral Yaqubova "Ədəbiyyatşünaslıqda postmodernist mətnin təhlili problemləri” adlı məruzəsində əsas toxunduğu problemlər bunlar oldu: "İstənilən ədəbiyyat əsəri, istənilən bədii mətn tədqiqi nöqteyi-nəzərdən özünə üçlü yanaşmanı labüd edir: "nə”dən bəhs etməsi; "nə”yin "necə” təqdim olunması; "niyə”, "nə üçün” təqdim olunması. Hadisə, varlıqlar, zaman, məkan, şəxslər mətnin "nə” kateqoriyasında dayanırsa, fiksasiya və təhkiyə səviyyəsi (struktur),  ifadə texnikası, dil və üslub, təhkiyəçinin baxış bucağı "necə”yə daxildir. Mətnin "nə üçün” suallarına isə mətnin əsas fikri, mövzusu (hansı məqsəd daşıyır?), ideyası və s. kimi anlayışlar cavab verir. Postmodernist mətnlərdə "nə”, "necə”, "nə üçün” arasındakı münasibətlərin ənənəvi uyğunluğu pozulur. Postmodernist mətn postmodernist estetikaya uyğun təhlil metodları tələb edir. Ədəbiyyatşünaslığın tarixinə nəzər saldıqda mətnə yanaşmanın müxtəlif paradiqmalarına rast gəlmək mümkündür. Mətn, müəllif, kontekst, oxucu dördlüyünün birinin digərlərindən dominant olduğunu üstün hesab etməklə bu paradiqmaları dörd müxtəlif qrupda təsnif etmək mümkündür. Postmodernist təhlil daha çox mətn mərkəzli nəzəriyyələrə üstünlük versə də, "müəllif ölümü” konsepsiyasında oxucunun artan mövqeyi oxucu mərkəzli nəzəriyyələri də aktuallaşdırır. Eyni zamanda keçmişə, tarixə olan ironik münasibətində pastiş və parodiyalar vasitəsilə danışmaq postmodernist mətnin səthi xəttində "başqalarına” (realizm, romantizm və s.) bənzəməklə nəticələnir. Bu da gerçəklik və mətn arasındakı münasibətlərin ənənəvi izahının postmodernist mətn təhlilinə gətirilməsinə şərait yaradır. Postmodernist mətnin təhlili Azərbaycan ədəbi nəzəri fikrində hələ də öz tam modelini tapmamış məsələlərdən biridir”. 
    Həmçinin Ədəbi cərəyanlar sektorunun kiçik elmi işçisi Şəfa Əliyeva "Tənqidi realizm və müasir ədəbi-nəzəri fikir” adlı məruzəsində müasir dövrdə tənqidi realizmə olan maraqdan, istər Şərq, istərsə də Qərb ədəbiyyatında bu ədəbi cərəyana yenidən müraciət edilib fərqli aspektlərdən araşdırılmasından bəhs edib. Məruzədə Azərbaycan tənqidi realizminin fərqləndirici xüsusiyyətləri haqqında da geniş məlumat verilib. Ədəbi cərəyanlar sektorunun kiçik elmi işçisi Dilarə Əliyeva isə "Modernizmin tipoloji xüsusiyyətləri və Azərbaycan nəsrində təzahürü” adlı məruzəsində XX əsrin 60 - illərində Azərbaycan nəsrinin milli ənənəyə söykənərək, eyni zamanda dünya ədəbiyyatının qabaqcıl nailiyyətlərindən bəhrələnərək götürmüş olduğu yeni istiqamət-modernizm cərəyanının ədəbiyyatımızda inkişaf prosesinin müxtəlif çalarları, milli özünəməxsusluqlarını işıqlandırmışdır.
  Sonda Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, professor Tahirə Məmməd, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, Türk xalqları ədəbiyyatı şöbəsinin müdiri, filologiya elmləri doktoru Məmməd Əliyev çıxış edərək məruzələrə müsbət münasibət bildiriblər.