Biz imzaları yox, əsərləri dərc edirik...

Əbədiləşən ölüm tarixi – Bülbülün ev muzeyindən reportaj
1688
18 İyul 2017, 13:06
  artkaspi.az Bülbülün ev muzeyindən reportajı təqdim edir:
 
 
 

  Azərbaycan professional vokal sənətinin banisi Bülbülün ev muzeyi Rəssamlar İttifaqının binasında yerləşir. O, bu evdə 1937-ci ildən ömrünün son gününədək yaşamışdır. Muzey Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin şəxsi təşəbbüsü ilə yaradılmışdır. Açılışı isə 1982-ci il iyul ayının 10-da olmuşdur. Onun doğulduğu Şuşa şəhərindəki ev muzeyi isə 1983-cü ildə açılmışdır. Hal-hazırda ermənilərin işğalı altında olduğuna görə muzey dağıdılmış, heç bir əşya götürülə bilməmişdir. 4 otaqdan ibarət olan muzeydə Bülbülün həyat və yaradıcılığına aid 8 mindən çox ekspozisiya və material saxlanılır. 
 
 

  Xüsusi zövqlə bəzədilmiş yataq otağı insanı qəribə əhval-ruhiyyəyə kökləyir. Burada Bülbülün əsrarəngiz səsiylə harmoniya təşkil edən zövqünün də şahidi oluruq. Otağı bəzəyən mebellər xüsusi olaraq Almaniyadan gətirilmiş və onların hazırlanmasında bircə dənə də mismardan istifadə olunmamışdır. Yataq dəstinin üzərində məşhur alman şairi Hötenin "Faust” əsərindəki obrazların taxtadan yonulmuş fiqurları yerləşir. Çarpayının üzərində rəssam Nadir Əbdürrəhmanov tərəfindən çəkilmiş Şuşa şəhərinin təsviri olan rəsm əsəri asılıb. Otaqda, həmçinin, Bülbül dünyasını dəyişdikdən sonra götürülmüş ölüm maskası da nümayiş olunur. Yataq otağının qiymətli eksponatlarından biri də Bülbülün deputat işlədiyi vaxtlarda geyindiyi kostyumudur. Qapının ağzında isə onun Şuşa şəhərində doğulduğu evin maketi qoyulub. Bülbül 1897-ci il iyun ayının 2-də Şuşa şəhərində dabbağ Məşədi Rzanın ailəsində anadan olmuşdur. Əsl adı Murtuza Məmmədovdur. 8 yaşından Qarabağ quşu olan bülbül quşunu təqlid etdiyi üçün  xalq arasında ona "Bülbül” deyiblər. Bütün sənədlərdə də adı Bülbül Məmmədovdur. O, Şuşadan Gəncəyə getməmişdən əvvəl mollaxanada təhsil almışdır.  Gəncədə "Qarğa” ləqəbi ilə tanınan və mehmanxanası olan Məşədi Müseyib adında biri Bülbül haqqında eşidib Şuşaya gəlir. O, Bülbülə Gəncəyə gedib orada işləməyini təklif edir. Lakin Bülbül qəbul etmir. Müseyib gedəndən sonra dərsdə fikirli-fikirli oturduğu zaman müəllimi onu dərsə diqqətli olsun deyə çağırsa da, eşitmir. Bu zaman müəllimi onun əllərinə çubuqla vurur. Bu hadisədən sonra Bülbül bir daha mollaxanaya getmir və Gəncəyə Məşədi Müseyibin yanına yollanır. 1909-cu ildən burada həm xanəndə kimi, həm də Gəncə İncəsənət Həmkarlar İttifaqında işləyir.  
 
 

  Bülbül 1920-ci ildə  "Əsli və Kərəm” tamaşasında oynamaq üçün Bakıya gəlmiş, 1921-ci ildə isə Azərbaycan Konservatoriyasına daxil olmuşdur. 1927-ci ildə buranı bitirdikdən sonra hökumət nümayəndələri onun istedadının fərqinə vararaq təhsilini davam etdirməsi üçün İtaliyaya göndərir. O, Azərbaycan Konservatoriyasında ilk Azərbaycanlı idi ki, vokal sənəti üzrə təhsil alırdı. Bülbül, həmçinin, konservatoriyanın vokal sənəti üzrə ilk Azərbaycanlı professoru da olmuşdur. O, İtaliyada 1931-ci ilə qədər təhsil almışdır. İtaliyanın məşhur jurnalı "Arte Ostra” onun haqqında məqalə çap etmişdir. Həmin məqalədə deyilirdi ki, o, müsəlman aləmindən ilk vokalçıdır ki, İtaliyada təhsil almağa gəlib. Qonaq otağında da yüksək zövqlə seçilmiş və Moskvadan gətirilmiş mebellər göz oxşayır. Otaqda Bülbülün şəxsi ehtiyatından aldığı piano və onun üzərində Polad Bülbüloğlu tərəfindən gətirilmiş Şuşanın torpağı da nümayiş olunur. Qonaq otağının bir divarı başdan-başa vaxtilə Bülbülün evinə gəlmiş tanınmış insanların şəkilləri ilə doludur. Burada, həmçinin, şəkillər üzərinə yazılmış səmimi sözləri də görmək olar. Bu səmimi sözlər arasında Fikrət Əmirovun "Kürd Ovşarı” kitabının üzərinə yazılmış qeyddir. "Şur” və "Kürdovşarı” simfonik muğamları bu evdə Bülbül və Fikrət Əmirov tərəfindən birlikdə yazılmışdır. Divardakı şəkillərdə, yəni Bülbülün evinə gəlib-getmiş tanınmış simalar arasında  Mirzə İbrahimovu, Rəşid Behbudovu, Qara Qarayevi, Niyazini, ilk balerinamız Qəmər Abbaszadəni, qonşusu Məmməd Səid Ordubadini, Fikrət Əmirovu və başqalarını görmək olar. 
 
 

  Bülbülün iş otağında onun yazı masasını, Azərbaycan hökuməti tərəfindən 30-cu illərdə hədiyyə olunmuş piano, həmçinin pionerlər və kimsəsizlər evində uşaqlarla şəkilləri də var. O, kimsəsiz uşaqlara yardım etməyi sevirmiş. Xüsusi əl işi olan kitab şkafı da otağı bəzəyən dəyərli əşyalardan biridir. Digər bir küncdə isə Bülbülün lüğət kolleksiyası yerləşir. Burada  demək olar ki, bütün dillərə aid lüğətlər var. Kitab şkafının üzərində Bülbülün tələbələrinin hədiyyə etdiyi saatı görmək olar. Saatın əqrəbləri gecə saat 2-nin yarısında dayandırılıb. Bu tarix dahi vokalçının ölüm vaxtını göstərir.
 
 

  Otaqda Moskvadan gətirilmiş Edison fonoqrafı da var ki, o vaxt Bülbül tərəfindən bir çox xanəndələrin səsi yazılıb saxlanılmışdır. Yazı masasının üzərində İtaliya-SSSR arasındakı mədəni əlaqələrin yaxşılaşdırılmasına görə ona İtaliya Höküməti tərəfindən verilmiş "Haribaldi” ulduzunu görmək olar. Bu ulduz hərbi parad zamanı əsgərə generaldan öndə getmək hüququ verir.  İş otağının divarında Bülbülün ailəvi şəkillərini də görə bilərik. Bu şəkillərdə həyat yoldaşı Adilə (Adelaida) xanım, Çingiz Məmmədov və Polad Bülbüloğlu əks olunmuşdur.
 
 

  Vaxtilə uşaqlar üçün nəzərdə tutulmuş uşaq otağı isə hal-hazırda sərgi salonu kimi istifadə olunur. Burada daha çox Bülbülün aktyorluq fəaliyyətini əks etdirən fotolar sərgilənir. Həmçinin, onun müharibə illərində aldığı medallar və təşəkkürnamələri də görmək olar. Vətən müharibəsi illərində Bülbül tank dəstələrinin ailələrinə kömək üçün öz şəxsi ehtiyatından 200 min manat ayıraraq Müdafiə Fonduna köçürmüşdür. Stalin bu təşəbbüsünə görə ona iki dəfə təşəkkür teleqramı göndərmişdir...
 
  Hazırladı: Cahan Seyidzadə