Biz imzaları yox, əsərləri dərc edirik...

Dövlət Kukla Teatrında növbəti tamaşa
155
18 Aprel 2019, 14:59
  Uşaqların sevimli tamaşa məkanı olan Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında növbəti dəfə böyüklər üçün mərhum dramaturq və rejissor Rəhman Əlizadənin "Bizim Don Kixot” mono-pyesinin motivləri əsasında eyniadlı tamaşa hazırlanır.
 
 

  Bu barədə AZƏRTAC-a məlumat verən teatrşünas Çingiz Ələsgərli bildirib ki, tamaşa komik və dramatik janrdadır. Tamaşanın quruluşçu rejissoru Qurban Məsimov, bəstəkarı Vüqar Camalzadə, rəssamı isə İqbal Əliyevdir. Tamaşada yeganə canlı obraz olan Don Kixotu Xalq artisti İlham Namiq Kamal ifa edir. Əsərin baş qəhrəmanı özünü Don Kixot hesab edən, müasir dövrdə özünü tapa bilməyən, daim özünü nağıl və əfsanələr aləmində hiss edən, yalanı, fırıldağı qəbul etməyən, saflığı ucbatından təzyiqlərə məruz qalan, müasirləri kimi yaşamağı bacarmayan, həmkəndliləri tərəfindən ağılsız hesab edilən Məmmədağa adlı bir ziyalı haqqındadır. O, gördükləri və hiss etdikləri yalanları, birbaşa olmasa da, dolayısı yolla, klassik obrazlarının dili ilə deməyə çalışır. Dulsineya, Panço və sair obrazlar onun ətrafındadır. Hadisələr zirzəmidə baş verir. Bura bir növ tarixin zibilxanasıdır. Bir tərəfdə qlobus, müxtəlif diktatorların heykəlləri keçmiş qanlı-tarixi olaylardan xəbər verir. Döşəmə, əl və sair kuklalarla ünsiyyət quran və daim hərəkətdə olan, kuklaların vasitəsilə hadisənin süjet xəttini janra uyğun təqdimatla tamaşaçıya çatdırıb, onu daim intizarda saxlamağa çalışan Xalq artisti İlham Namik Kamaldır.
  Onun sözlərinə görə hazırda tamaşa üzərində gərgin məşqlər gedir. Görkəmli aktyor təxminən 1 saat 20 dəqiqəlik tamaşada 14 mahnı ifa edir. Bu mahnıların hər biri obrazın düşdüyü vəziyyətə uyğun seçilib.
   Çingiz Ələsgərli bildirib ki, Xalq artisti İlham Namik Kamal özünü bütün teatrların səhnəsində sınayıb. Musiqili Teatrın rus bölməsində axırıncı işi R.Hacıyevin "Qafqazlı qardaşqızı” tamaşasında Bəbirli obrazıdır. Opera Balet Teatrının səhnəsində isə, ölməz Üzeyir Hacıbəylinin "Arşın mal alan” operettasında Sultan bəy obrazını canlandırıb. Bu dəfə isə, tamaşaçılar sevimli aktyorlarını Kukla teatrının səhnəsində fərqli Don Kixot obrazında görəcəklər və təəccüblənəcəklər.