Artkaspi.az
saytı Müslüm Yücelin essesini təqdim edir:

I
Dünya bir zamanlar həqiqi bir dünya idi; buradan getməyin də, burda qalmağın da
hansısa mənası vardı. Və dünya öz varlığını dərdli-sərli adamlara borcluydu.
Keçmişdə dünya sirr idi. "Dolu gələn boş gedər” – bir yer idi. Firdovsi üçün
dünya "əsli olmayan bir nağıl”dır və bu nağılın gerçək üzü o biri dünyada
görünəcək. Emile-Aqust Şarter, qısa adıyla Alen Firdovsinin dünyasıyla qəribə
bir rabitə yaradırdı O da "Dünya sədəcə bir yuxudur” deyirdi. Stendal! Bizə yuxarıdan
aşağı baxan qəhrəmanlar yaradan bu adam daha irəli gedirdi: "Dünya bütünlükdə
komediyadır”. İnsanı bitirən bu misallara daha bir film səhnəsini əlavə etmək
istəyirəm: Faşizm haqqındakı bir filmdə günahkar belə deyirdi: "Siz haqlısınız,
çünki güclüsünüz!”
Dünya
indi sadəcə qazananların yeridir və məğlub olanlara sadəcə dözülür. Mən özüm də
dözülənlər sırasındayam.
Dünya
ədəbiyyatı haqqında danışarkən uzun sitatlar çəkə bilərəm, ancaq əlli
yaşındayam və mənim də kitablardan yaratdığım kiçik dünyam var. İbtidai sinifdə
oxuduğum ilk kitab Ömər Seyfəddinin "Kaşağı” hekayəsiydi. Onda traktorumuz yox
idi, atlarımız var idi; daha doğrusu, atlar və beygirlər fərqli idi. Atı minib
çapırdılar, beygirlər isə qoşa olaraq sürülürdü. Dərinliyinə getsək eyni
növlərdir; ata bir, ana ayrı. Həm də bizə görə at ya buluddan gəlirdi – nənəm
deyirdi ki, şimşək çaxır və atlar doğulur – ya da sudan. Meme Alan Dastanında
balıqçılar Dəclənin sakit sularında balıq yox, at tutardı. Dünyam bu qədər idi
və bu, mənə bəs edirdi, bir də ulduzlar var idi. Orta məktəbdə Yaşar Kamal və
Sait Faiq oxudum; gecələr İstanbuldaydım, Mecidiyeköy kazinolarınıMənasız
Adamla gəzirdim. Gündüzlər də Topal Əlini düşünürdüm. Sonra Seyran və İncə
Memedin bostana yığılmaları... Seyran da amma Seyran idi ha! Liseylərdə
müəllimlərimiz və bizə yol göstərən cədvəllərimiz var idi. O vaxtlar klassiklər
deyirdilər. Klassiklər dünyanın özü idi. Onları oxuyaraq dünyanı başa düşə
biləcəkdik. Klassiklərin də bir "amma”sı olurdu. Məsələn, Qorkini oxumayın!
Niyə? Çünki o kommunistdir! Ötən qış bunu xatırladım və qəsdən məndə Qorkinin
nə qədər kitabı var idisə, hamısını yenidən oxudum. Sabahattin Ali ilə Qorkinin
atmacaları nə qədər də gözəl idi. İkisi də yerli kimiydi. Bu kitablara görə liseyi
güc-bəlayla bitirdim.
İstanbula
gələndə "Oda yayınları”nın əsərlərini çap etdiyi bütün klassiklərini oxuyub
bitirdim, hətta kiçik bir kolleksiyam da var idi. Klassiklərin hamısı gözəl
idi, amma Balzak bir başqaydı. Hər yerdə Balzakın kitablarını toplayırdım. Sehrli,
işıqlı idi, ondan sonrakı bütün yazarlar sanki onun qəhrəmanları idi. Asıllılıq
yaratdı məndə. Bu vərdişdən yayınmaqüçün Dostoyevski oxuyurdum, oxumurdum,
sanki hər romandan sonra yenidən yazırmış kimi olurdum. Dostoyevskiylə bağlı
qeydlər götürürdüm, təhlillər aparırdım. Kim nə deyirsə desin, bu iki yazar
yeni bir dövr yaratmışdılar və onları bu dövrü yaratmaq üçün kimlərsə çağırmalıydı.
Bu çağıranlar da şairlər olmalıydı. Bəli, Höte! Antik ədəbiyyatla
qarşılaşdıracağımız tək imza! Getdiyi hər yer aydınlanırdı, tanrı kimi idi. Onu
görmək insanları sarsıdırdı; Roma Papasını görmək nə qədər maraqlı idisə, Höteni
də görmək elə müqəddəs idi. İlk kitabından etibarən xalq onu sevirdi. O həm
klassik idi, həm də modern, həm şüurlu, həm şüursuz, həm də Verter, Faust,
Eqmont kimi qadın obrazları yaratmışdı, yazdığı hər əsər təsirli idi. Novalis
"Höteni bir gün aşacaqlar” deyirdi. Amma necə? Cavabı da özü verirdi: "Antiklər
necə aşılırsa”. Hötenin yaradıcılığında bir fəlsəfi zolaq da var. Ona görə,
ruhlar aləmi qapalı deyildir. Qapalı olan insan ürəyidir. Bax Hötenin mənə
verdiyi bu idi; romançının heç vaxt verə bilməyəcəyi, şairin isə tək sərmayəsi.
Bir də bu var idi, yazar nə yazırsa yazsın, şair olmalıydı. Obrazı, bədiiliyi
olmayan hekayə hekayə deyildir, roman roman deyildir və bəlkə də Corc Bayron
buna görə deyirdi: "Bir gün nəsr yazacaq qədər alçalsam...” Mallarme dostumuz
Zola bir kitab yazmışdı deyə onunla kobudrəftar edirdi, çünki dünya şeir
dünyası idi. Bir Nitsşe var idi, Napaleonu və Höteni xüsusi imtiyazla təsvir
edirdi. İkisi də kölə əxlaqından qaçar və bundan həzz alırlar. Başqalarının da
bu həzzi dadmağı veclərinə deyil. Nitsşenin qəhrəmanı Hötedir. Çünki Höte özünü
bütünlüyə tərbiyə edir və yaradır. Ondan da mənə bir Napoleon heykəli qaldı,
məqsədim bir şəhəri almaq yox, bir dünya yaratmaqdı. Höte Fişte, Hegel və
Şopenhaurla yazışırdı. Fişte Höteye "Elm təlimi” (1794) kitabını yollayır. Höte
bir məktub yazır və bildirir ki, onun düşüncə tərzinə uymayan bircə nöqtə belə
yoxdur. Höte Şopenhaurla da yazışır və Şopenhaur bütün məktublarını "sadiq
qulunuz” deyə bitirir. İkisi arasındakı münasibət rənglərlə bağlı
mülahizələrindən doğurdu. Höte rənglərin gözdə yaranan bir fenomen olduğu
qaydasını dilə gətirirdi. Ən nəhayət, Şopenhaur "Görmə və rənglər haqqında” kitabını
Hötedən təsirlənərək yazdığını bildirirdi. Hegel də Hötenin rənglər haqqındakı
tezisini dəstəkləyir və bu tezis haqqında məqalələr yazır. bir səfər onu öz
evində ziyarət edir və özünü onun oğullarından biri hesab etdiyini deyir. Höte
yaşlanana qədər Hegeli dəstəkləyir, xüsusən gənclərə göstərdiyi diqqətə görə.
Hötenin
dini baxışı da məlumdur; üç dini də müqəddəs hesab edir və onlar haqqəndakı
ədəbiyyatı izləyir. Üç dini ruhdakı qarşılığı onların şeirə nə verə bilməsidir.
Höte fars dünyasından Hafiz və Mövlanəyə olan marağı ilə də məşhurdur. Ərəbcə
yazılan "Leyli və Məcnun” və ivrit dilindəki "Yusif və Züleyxa” ən sevdiyi
əsərlər idi. İbrahim, Musa, Davud və İsa adları Hötenin şeir və romanlarında
yer alır, eyni zamanda Məhəmməd haqqında yazdığı "Məhəmmədin tərənnümü” şeiri
də vardır. "Faust”un proloqlarından biri Tövratdan götürülən "Eyüp kıssası”dır.
O, Quranın nas və Şüara surələrindən də xəbərdardır. Bununla belə dinlərin rədd
etdiyi şeytanla da bir masaya oturmuşdur. Ancaq onun şeytanı bir az boşboğazdır,
kənddən şəhərə gəlib və burjua ilə söz oyunu oynayır.
Hötenin
sənət teoremi nümunələrin tənqid olunmamasına dayanır. Onun tənqidləri daha çox
açıqlayıcı və pedaqoji niyyətlə yazılmışdır. Onu ən çox məşğul edən suallar
sənətin necə yarandığı, nə olduğu və hansı niyyətə sahib olmasıdır. Höte üçün
sənət şəkilləndirməkdir və bu, yaratmaq istəyidir. "Həyatımdan şeir” və
"Həqiqət” kitablarında şeir yazmağı-sənət yaratmaq məqsədini öz fikirlərini,
yazdıqlarını dünya ilə qarşılaşdırmaq və daxili rahatlığını tapmaq cəhdi kimi
vurğulayır, təbii ki onda bundan daha artığı var idi.
Höte
üçün sənəti sənət edən tək şey sənətkarın ruhudur. Yəni, sənətçinin iç
dünyasıdır. Sənətçi buradan baxar, buradan görər. Sənətçi iç dünyasını
insanlara göstərə biləndir və əsər ancaq bu dünyadan çıxanda sənətdir.
"Faust”u, Verteri əbədiyaşar edən də bu dünyadır – müəllifin içdən gələn tərzi.
Höte
yaşadığı əsrə görə sənət estafetini Şekspirdən alır, ancaq güzgüdə onu görmür.
Harold Blom bu mövzuda yanılır, Höte sadəcə sevirdi onu. Şekspir pozandan
istifadə etmir, yazdığı heç nəyi atmır, Höte isə bir misra üçün az qala bütün
həyatını silib tullayırdı. Çünki bütün dərdi ta olmaq, bütöv olmaq idi. Özünü
buna tərbiyə etmişdi. Beləliklə o, sərvət yığır, gizli olan daxili dünyasının qaranlıqlarında
axtarışa çıxırdı. Ən təhlükəli mövzulara, duyğulara toxunur; məsələn, günah və
yasaq. Bu durum onu zərif bir təhkiyəyə həvəsləndirir. "Faust”un ikinci
bölümünü nə qədər tanrısal və qüsursuz sənətkarlıqla yazıldığını xatırlayaq.
İlk şərt ədəbi qadın olmaqdır burada. Şüursuzluğun şüuruna çatmaq, Həvvanın elm
almasını qoparmaqla başladığı əbədi üsyan...
Höte
bir sərvətdir və bütün zamanlarda onun mirasçıları olub, üstəlik onlarda ac
qalmayıb. Hötedən əvvəl sanki yaşamış bütün adlar unudulmağa məhkum edilib.
Ondan sonra Nitsşe, Dostoyevski, Tomas Man, Villiam Blek, Ceyms Coys adları isə
bir anda ağzımızdan çıxar. Höte sənətinin açarı isə "Gənc Verterin
iztirabları”dır.
Höte
"Verter”i yazanda iyirmi beş yaşında idi. Rəvayətlərə görə, bu kitab iki həftə
ərzində monoloq məktub formasında yazılmışdır. Kitabın mövzusu çox vaxt evli
bir qadına aşiq olan gəncin intiharı kimi qiymətləndirilir. Əslində, isə bu
mövzunun arxasındakı sirlər görmürlər. İlk ağla gələn Riçardsonun
"Pamela”sıdır. Evli qadına aşiq olmaq xalq nağıllarından, dastanlarından antik
ədəbiyyata qədər bütün dövrlərdə var. Burada Sofia von La Roşu (1731-1807) xatırlamağın
məqamıdır. La Roşun
məktub şəklində roman qələmə alınmışdır. Höte zamanın bu məşhur qadınına eşq
məktublarından geri qalmayan məktublar yazmışdır. Məktublar birində Karl
Vilhemin ölümündən yazır və onun haqqında soylu ruh ifadəsini işlədir. Roşa
xitabı isə belədir: "Yanınızda keçirdiyim anlardan bəri xatirələriniz həmişə mənimlədir”.
"Verter”
nəşr etdikdən sonra Almaniya ilə bərabər, İngiltərə və Fransada da ən çox
oxunan kitablardandır. O, bir tərəfdən ədəbiyyat hadisəsinə, digər tərəfdən də
gənclərin həyat örnəyinə çevrilir. Gənclər onun kimi geyinirlər. Bundan başqa,
"Verter”dən kiçik hissələr çin və yapon əşyaların üzərində də görünməyə
başlayır. Həmin səhnə ən məşhur səhnədir.
Kitabın
oxucular arasında məşhurluğu təkcə yenidən nəşrləri deyildi, 1777-ci ildə
İsveçrədə bir gənc "Verter”i oxuduqdan sonra tapança ilə intihar etmişdi.
1778-ci ildə sevgilisi tərəfindən atılan bir qadın cibində "Verter”lə bərabər
özünü suya atıb. Eyni dövrdə kitab özünü pəncərədən atan başqa birinin cibindən
də çıxır. 1784-cü ildə intihar edən bir qadının yastığının altında da "Verter”
var idi. Kitab bəzi bölgələrdə qadağan edilir. Din adamları tez-tez bu kitab
haqqında xəbərdarlıqlar edir. Verter xalqa pis vərdişləri aşılayan biri kimi
qiymətləndirilir. Lakin bütün tənqidlərə baxmayaraq, Höte "Verter”in ikinci
hissəsini yayınlayır. 1775-də. Dörd il sonra Höte yazır: "Tanrı məni daha bir
"Verter”i yazmaqdan qorusun!”.
Höte,
Balzak və Dostoyevski arasındakı bağlılıq uzun məsələdir. Bir misal çəkək. Balzak
"Modeste Miqnon” romanında Hötenin "Vilhelm Mister” və "Faust”undan yararlanır.
"Cinayət və Cəza”ya isə rus "Faust”u deyirlər. Ancaq bütün bu kişi qəhrəmanlara
rəğmən XIX əsrin iki qadın qəhrəmanı var: Anna Karenina və Madam Bovari. Bu
qadınlardan Madam Bovari mənim eşqimdi. Parisdə olarkən onun məzarını necə
axtardığım yadımdadır. İçimdə hələ də ona Fatihə borcum var. Sonra Anna
yeriyərkən tablolar oxuyur, inanılmaz səhnələrdir və türkcəni mənim kimi
tablolardan oxuyanlar ona nələr borcluyuq. Borcumuzu isə Coys ödədi; Blom
reklamları oxuyur, çünki bilir, dünyada, əsərlər deyil, reklam əsas
göstəricidir.
II
Dünya
ədəbiyyatı hər fürsətdə Höte ilə nəfəs nəfəsədir. 20-ci əsrin ən möhtəşəm
romanları ona göndərmələr etmək məcburiyyətindədir. Ceyms Coys, Robert Muzil və
Tomas Mann Hötenin şagirdi olmağa dünəndən razıdırlar. Kafka isə bunlardan
fərqli olaraq, xəbərdar etməyin leyhinədir. Turqut Uyarın dediyi kimi: "Kafka
həmişə yaxınlaşır, sadəcə yaxınlaşır”.
Muzildə
xəyanət, qayğısızlıq, vecsizlik ön plandadır. Xəyanət özünə xəyanətdir,
qayğısızlıq yenə özünə, sədaqətsiz özünü unutmaqdır. Burada bir tarix əlavə
etməliyəm. Ulriç Anders 1913-də otuz iki yaşındadır və əsl adı Axillesdir.
Bəli, o bir antik insan deyil, bu dünyada sadəcə bir maddədir. Eyni səhnələri
Oğuz Atayın "Tutunamayanlar”ında da görürük. Muzil bir reallığın içindədir,
lakin burada bu həyatı ondan başqa heç kim yaşamır. Heç bir özəlliyi olmayan
həyat və onu yaşayan adi adamlar. Deskarteslə mühasibat da gözardı edilmir.
Böyük filosof yağışda qaçan adamlara baxanda kraliça nə gördüyünü soruşur, o
isə çətirləri, şapkaları və ayaqqabıları gördüyünü deyir. Kafkada isə bu
mənzərənin ortasına bəlkə, ona görə də, ehtimal ki sözləri girir. Ehtimal,
axtarmaq deyil, tapdığın qarşısında özünü itirməkdir. Ancaq özünü itirəni kim
tapacaq? Çünki Maqbet də işə yaramır: orda daşlar hərəkət edir, ağaclar
danışırdı. "Qətliamlar olacaq!” deyir Kafka və kimsə, ya da özü "Bəlkə...”
deyib araya girir. Bu, əslində, Freidlə Yunqun mübahisəsidir. Onlar həll edə
bilməyiblər deyə Coysla Kafka işə qarışıb. Coys bir günə əlli altı hekayə və ya
doqquz yüz qüsurlu kəlmələr xərclədi. Hindlilər inəyə tapınar, irlandların da
simvolu inəkdir və ikisi də ingilislərin əsarətindədir.
20-ci
əsrə qanla girdik. Muzilin yanına daha bir adam əlavə edə bilərik: Tomas Mann.
Bu adam bizə dözməyi öyrətdi. Çünki 20-ci əsrin ən böyük dərdi müharibələr
bir-birinə dözə bilməməkdən yaranırdı. Man "Apolitik adam mədənidir” deyirdi,
amma Karl Jaspers "Kütlələr varlıq deyil, jestdir” deyirdi. Brexti də yaddan
çıxarmaq olmaz. "Adam adamdır”da orduya ana deyir.
Bizdən
olmayanlar pisdir. Mannın ölkəsində onlara məxluq belə deyirdilər. Məxluqdan istədiyimiz
tək şey minnətdar olmalarıdır. Məxluq Avropaya gedib qəbul olunmayan Yəhudidir.
Onların kökü qazılmadıqca bizlərə rahatlıq yoxdu, Brext deyir. Və nasistlər Mannın
kitablarını yandırır, külünü özünə göndərərlər. Buradan da başqa ədəbiyyat
yaranır. Çadırlarda aclığı, səfaləti anladanlar, yurdları dağıdılanları
yazanlar... Bir Tomas Mannın kitablarını nəşr etmirlər, Brext qadağandır. "Bunlar
kölələrin dilində danışır”. Kölələrin dili... Kim idi bu dili yaradanlar?
Harold Pinterin "Dağ dili” tamaşasını yadımıza salaq. Əsgər deyir: "Dövlət
dilində danışmalısan, dağ dilində yox!”.
21-ci
əsrdəyik. Və bu yazarlar hələ də nəşr olunur, sevilir, oxunur. Hətta Stefan Sveyqi
oxumayana qız vermirlər. Kafkadan öz qohumumuz kimi danışırıq. Anna Sergersdən,
Herman Broşdan. Bu imzalar dünya yazarları idi.

III
İndiki
dövrdə dünya ədəbiyyatında öz sözünü demək və qalıcı əsərlər yaratmaq əvvəlki
dövrlərə görə daha çətindir. Əvvəllər ədəbiyyat var idi. Yazıçı - hər nə qədər əvvəl-əvvəl
qəbul edilməsə də - öz dəsti-xətti ilə ədəbiyyata töhfələr verə bilir,
ədəbiyyata öz damğasını vura bilirdi. Ancaq indi oxucusu olmayan yazar kütləsi
ilə qarşı-qarşıyayıq. O yazarların ki, biliyi kasaddır onlar sadəcə geniş əlaqələri
səbəbi ilə uğurlar əldə edə bilirlər. Beləliklə "yaradıcı yazarlıq” anlayışı da
məhvə məhkum olur.
Günümüzdə
yazarlıq əlaqələr zəncirindən ibarətdir. Onların yazılarında artıq nə ədəbiyyat
var, nə də bilikdən əsər əlamət. Artıq yazarlıq əlaqələr sistemidir və bu
sistemin başında da "tərcümə” gəlir. Kimin əlaqələri genişdirsə, kimin kitabı
daha çox dilə tərcümə olunubsa o artıq dünya ədəbiyyatçısı sayılır. Hətta artıq
yazarlıq insanın iç dünyasındakı ruh halının təcəssümü deyil, əlavə iş və qazancdır.
Beləliklə "Yazar” və "Yazıçı” ifadələri bir-birindən ayrılır və artıq hərəsi
özlüyündə başqa-başqa mənalar kəsb etməyə başlayır. Belə ki "yazar” assosial,
dostu-aşnası olmayan, özünü xarici aləmdən təcrid etmiş və dünyada qoyacağı
şeyləri ölümündən sonra üzə çıxaracaq olan kəsdir. "Yazıçı” isə yazdığı mövzu
ilə bağlı uzaqdan-yaxından əlaqəsi olmayan, heç bir şey hiss etməyən,
qıraqdan-bucaqdan eşitdiyi məlumatları toplayıb hamıdan əvvəl dərc etməyə
çalışan və ilkə imza atmaq istəyən insanlardır. Çox qəribədir, ədəbiyyatın
mayasında "Eşq”dən başqa nə var ki onlar ilkə imza atdıqlarını düşünürlər?
O,
yazıçılar ki, eşidib-bildiklərini tez-bazar bir yerə toplayıb qarışıq bir mətn
yazarlar və ən çox reytinqi olan nəşriyyat evlərində öz "yazılarını” dərc edərlər,
düzü, onların heç kimə maraqlı deyil nə yazdığı, əsas odur ki onlarda olması lazımlı
iki əsas güc var: pul və şöhrət. Bu səbəblə də günümüzdə yazar çox deyil, geniş
əlaqələri olan yazıçılar var.
Əlbəttə
ki, əlaqə sisteminin özünə məxsus pillələri var. Dövlət səviyyəsində əsərləri
tərcümə edilən yazarlar var ki, onların da fəaliyyətləri məhdudur. Hansı ki,
bir müəssisəyə tabedir və o məhdudiyyətlər daxilində yazıb-yaratmaq imkanı
vardır. Bəzi yazıçılar da özünü elə göstərər ki, qıraqdan baxan ondan daha
dərdli adam olmadığını düşünər. Halbuki dərd onun çörək ağacıdır, bundan xəbəri
yoxdur. Bəzi yazıçılar üçün qan bağı işləri bitənə qədər önəmlidir. Məsələn
anaları ilə bağlılıqları göbək bağlarının kəsildiyi ana qədərdir. Ana onlar
üçün yeni şəriklər və əsgərlər doğan bir vasitədir sadəcə. Yazılarını qəlbindən
gəldiyi üçün deyil zəmanənin nəbzini tutmaq üçün yazan, tarixi və siyasəti
yazılarına qarışdırıb "necə yazsam” daha çox satılar?” deyən "yazar” kütləsi
var. Hər kitab yarmarkasından əvvəl yaxşı satılsın deyə əlüstü kitab da
yazırlar.
Bəziləri
də hər yerə öz yazılarını çantasında daşıyar, telefonunda həmişə öz haqqında
məlumatları saxlayar, xəbər toplamaq üçün əllərində mikrofon, kamera küçələrə
düşməzlər. Şəhər-şəhər, kənd-kənd gəzib öz əsərlərini xalqa çatdırarlar.
Bu
da var ki, artıq yazarlar oxucu deyillər. Oxumağı tərgitiblər artıq. Öz
dövrünün yazarlarına yuxarıdan aşağı baxar, onların yazılarını oxumağa dözə
bilməzlər. Əlbəttə, özündən əvvəlkilərdən isə heç xəbəri də yoxdur.
İndiki
yazıçılara kitabın içini nə ilə doldurmaq maraqlı deyil, üz qabığı daha çox
önəmlidir onlar üçün. Nəşriyyat evləri kitablar üzərində işləyər və bəzi
qəzetlərə elan vermək üçün kitab haqqında qısa yazı göndərər, hansı ki bu
yazının da yarısı reklamdan ibarətdir. Qəzetlərə sifariş edilən elanın
qarşılığında isə qəti şəkildə kitab haqqında mənfi rəy çap etməmələri üçün
razılığa gələrlər. Kitab haqqında hətta müzakirə yazıları belə qəbuledilməzdir
onların üçün. Bunun üstündə neçə redaktor öz işindən qovulub. Beləliklə qarşılıqlı
razılaşma sonunda ələ gəlməyəcək bir əsərin möhtəşəm şəkildə reklamı olar.
Redaktorlar
isə haqqı yeyilən insanlardır. Bəlkə də ayda 2000 səhifə oxuyurlar, ancaq nəyi
dərc etmək lazımdır bu onların ixtiyarında deyil. Qərar verməyə onların haqqı çatmır.
Hansısa partiya üzvü qərar verər və yazılar ondan sonra dərc edilər. Yazar
başqa yazarın yazısını oxumur bu hardasa başa düşüləndir. Ancaq artıq birbirinin
rəqibidirlər. Olduğu mövqedən asılı olaraq başqa bir yazarın işlərinə nəzarət
etməlidirlərsə etmirlər və ya nəşriyyat evləri ilə danışmalıdırlarsa
danışmırlar. Sanki bir neçə cəbhə yaranıb və hərə öz əsgərinin arxasında
dayanır. Gələn sənədlər öz tərəfdarlarından birinə aid deyilsə onun sənədlərinə
baxılmır və s.
Hər
şey bir yana ,deyəsən, ən pisi də başqasının dərdidir. Başqasının dərdini
yazmağa çalışırlar. Biz yalnız özümüzdən nəsə versək dünyaya aid ola bilərik.
Əks halda dünya bizi məhv edər.
Tərcümə: Rəvan Cavid