Biz imzaları yox, əsərləri dərc edirik...

Dostoyevskaya Anna Qriqoryevnanın xatirələri – XI Hissə
2362
02 İyul 2020, 09:30
Artkaspi.az saytı Xanım Aydının tərcüməsində Dostoyevskaya Anna Qriqoryevnanın xatirələrini təqdim edir:
  
 Qapının zəngi çalınandan – vaxtaşırı qonağımız olan iki nəfər gəncin gəlməsi xəbərini çatdırılandan artıq bir saat keçmişdi. Bu dəfə çağırılmamış qonaqların gəlişi məni qıcıqlandırdı və mən anamdan xahiş etdim:
 – Ana, xahiş edirəm, onlara mənim adımdan üzrxahlıq edin, deyin ki, başım ağrıyır.
 – Anna Qriqoryevna, – Fyodor Mixayloviç sözümü kəsdi, mənə müraciət edərək nisbətən zəif səslə dedi: – Mən sizi gənclərin arasında da görmək istəyirəm. İndiyə kimi sizi ancaq özümüzün yanında – qocaların yanında görmüşəm. 
 Mən ona təbəssümlə baxdım və qonaqları içəri dəvət etdim. Qonaqları Fyodor Mixayloviçə, onu da qonaqlara təqdim etdim. Gənclər tanınmış romançı ilə bu qəfil tanışlıqdan bir balaca həyəcanlandılar. Vəziyyətin bir qədər təntənəli olmasının səbəbini onlara izah etmək üçün dedim ki, biz yeni roman üzərindəki işimizin yekunlaşması ilə bağlı görüşmüşük. İstəyirdim ki, ümumi bir söhbət salıb Fyodor Mixayloviçi də bu söhbətə qatım. Gənclərdən biri dünənki miqrenim barədə soruşdu. Bundan istifadə edərək dedim:
 
 

 – Dünən miqrenimin tutmağının günahkarı sizsinir. Həddindən artıq çox siqaret çəkirdiniz. Bu qədər çox çəkmək olmaz. Elə deyilmi, Fyodor Mixayloviç?
 – Mən bu mövzuda ədalətli hakim ola bilməyəcəm. Çünki özüm də çox çəkirəm.
 – Axı bu sağlamlığa ziyandır!
 – Əlbəttə ki, ziyandır. Amma bu elə bir vərdişdir ki, ondan qurtulmaq, tərgitmək də çox çətindir.    
Bunlar Fyodor Mixayloviçin dediyi yeganə sözlər oldu. Onu sonrakı söhbətlərə çəkə bilmədim. Bizə qoşulmadı. O siqaret çəkir, qonaqlara və mənə çox böyük maraqla diqqət edirdi. Gənclər isə bir qədər həyəcanlı görünürdülər. Çox güman ki, Dostoyevski adı onlarda rəğbət hissi oyadırdı. Onlar dedilər ki, dünən birlikdə Serovun "Yudif” operasına baxmağa gedəcəklərini qərara alıblar. Və lojaya bilet götürmək üçün mənim hansı gün boş olduğumu öyrənməyi onlara tapşırıblar. 
 Mən çox nəzakətli şəkildə onlarla birlikdə operaya gedə bilməyəcəyimi bildirim. Çünki yoldaşlarıma çatmaqdan ötrü ciddi şəkildə stenoqrafiyayla məşğul olmalı idim. 
 – Bəs noyabrın on beşindəki konsertə necə? Gedəcəksiniz? Axı siz söz vermişdiniz! – dilxor olan gənclər dedilər. 
 – Heç konsertə də getməyəcəm. Səbəbim isə elə eynidir. 
  – Keçən il həmin konsertdə elə şən idiniz ki!
 – Keçən il çox şey olub. O vaxtdan indiyə kimi çox sular axıb! –  cavab verdim. 
 Gənclər özlərini burda artıq hiss etdilər və getmək üçün ayağa qalxdılar. Mən də onları yoldan saxlamadım. 
 – Hə, razı qaldınız məndən? – qonaqlar gedəndən sonra Fyodor Mixayloviçdən soruşdum.
 – Siz balaca quş kimi cəh-cəh vururdunuz. Amma heyf ki, əvvəl marağında olduğunuz şeylərdən imtina etməklə pərəstişkarlarınızı incitdiniz. 
 – Eh, Allah xətrinə... İndi daha onlar mənim nəyimə lazımdır ki?! Mənə ancaq bir nəfər lazımdır: mənim əzizim, mənim doğmam, mənim sevimli Fyodor Mixayloviçim lazımdır!
 – Mən sizə bu qədər əziz, bu qədər sevimliyəm? – Fyodor Mixaloviç dedi və yenidən bütün axşamı davam edən isti söhbət başladı. 
 Nə gözəl, xoşbəxt çağlar idi. Mən həmin günləri taleyimə çox böyük minnətdarlıqla xatırlayıram!
 Nişanlağımızı qohumlardan, tanışlardan bir həftədən çox gizlədə bilmədik. Sirrimiz heç cür gözləmədiyimiz bir şəraitdə üzə çıxdı. 
 
 
 

 Fyodor Mixayloviç bizə gələndə arabanı saatla – saat yeddidən ona kimi götürürdü. Adi, sıravi insanları sevən Fydor Mixayloviç bizə gəlib-gedəndə yol boyu, adətən, arabaçıyla söhbət edirdi. Xoşbəxtlik sevincini kiminləsə bölüşmək istəyindən o arabaçıya bu yaxınlarda evlənəcəyini deyib. Bir dəfə bizdən evə qayıdanda cibində xırda pul olmadığını görür və ona indi pulu göndərəcəyini deyir. Pulu qulluqçu aparır. Üç arabaçıdan kimə pul verməli olduğunu bilməyən qulluqçu onlardan hansının "qoca bəyi” gətirdiyini soruşur.
 – O adaxlı olanı deyirsiz? Mən gətirmişəm. 
 – Nə adaxlı? Bizim bəy adaxlı deyil. 
 – Necə yəni adaxlı deyil? Özü mənə adaxlı olduğunu dedi. Mən hələ qapıda gəlini də görmüşəm. Onu yola salmağa çıxmışdı. Gülərüz qızdı. Elə hey gülümsəyir!
 – Sən bəyi hardan gətirmisən ki?
 –  Smolnı tərəfdən gətirmişəm.    
 Mənim ev ünvanımı bilən Fedosya bəyin nişanlısının mən olduğunu anlayıb və bu xəbəri Pavel Aleksandroviçə çatdırmağa tələsib. 
 Bütün bu olanları Fyodor Mixayloviç mənə elə canlı danışdı ki (o Fedosyadan hər şeyi ətraflı öyrənib), həmişəlik yaddaşımda qaldı. Bu xəbəri eşidəndə hansı hissləri keçirdiyini soruşanda Fyodor Mixayloviç sanki bir az fikrə daldı və söhbətdən yayınmaq istədi. Buna baxmayaraq, mən sorğu-sualımı davam edirdim. Fyodor Mixayloviç gülməyə başladı. Və bu gün səhər kabinetinə "Paşanın” gəldiyini dedi. O dəbdəbəli kostyum geyinib, gözünə də ancaq təntənəli mərasimlərdə taxdığı göy eynəyini taxıbmış. Gələn kimi Fyodor Mixayloviçə qevliliyindən xəbərdar olduğunu, gələcək həyatıyla bağlı qərarını onunla məsləhətləşmədən, razılığını almadan, soruşmadan verdiyi üçün  təəccübləndiyini, təəssüfləndiyini və qəzəbləndiyini bildirib. Bunun onun da həyatına çox aidiyyəti olduğunu deyib. "Atasına” artıq yaşlı olduğunu, yeni həyata başlamaq onun yaşına və gücünə uyğun olmadığını deyib. Fyodor Mixayloviçə onun başqa vəzifələri də olduğunu və s. və s. xatırladıb. 
 Fyodor Mixayloviçin dediyinə görə, Pavel Aleksandroviç çox qətiyyətli və hökmlə danışırmış. Oğulluğunun danışıq tonu hövsələn çıxarıb, o da əsəbindən qışqırıb və onu kabinetindən qovub. 
 İki gündən sonra mən Fyodor Mixayloviçin evinə gələndə (tutmasının olduğunu biləndən sonra) oğulluğu mənlə görüşməyə çıxmadı. O biri otaqda nəyisə o yana-bu yana sürütləyərək səs-küy salır, qulluqçuya çəmkirir və bununla da evdə olduğunu mənə bildirməyə çalışırdı. Növbəti – bir həftə sonrakı gəlişimdə Pavel Aleksandroviç, çox güman ki, atalığının sözüylə, kabinetə gəldi, çox quru və rəsmi şəkildə məni təbrik etdi, incik və narazı sifətlə hardasa on dəqiqəyə yaxın lal-dinməz oturdu. Amma Fyodor Mixayloviç həmin gün çox gözəl əhval-ruhiyyədəydi. Elə mən özüm də çox sevincliydim, şəndim. İkimiz də çox xoşbəxt idik. Buna görə də Pavel Aleksandoviçin rəsmi və incik tonuna qətiyyən fikir vermədik. Sonra onun ciddi görünüşünün bizə heç bir təsir göstərmədiyini, əksinə, bununla ancaq Fyodor Mixayloviçi əsəbiləşdirdiyini görüb hikkəsini mehribanlıqla əvəz etdi. Arada imkan edib qəlbinə toxunan acı sözlər deməyə çalışsa da, mənimlə də nəzakətli davranmağa başladı.
 
 Ardı var...