Biz imzaları yox, əsərləri dərc edirik...

Dilin intiharı – Xeybər Göyyallı yazır
2297
09 Oktyabr 2019, 08:58
  Artkaspi.az saytı Xeybər Göyyallının yazısını məqaləsini təqdim edir:

  Bəşəriyyətin arxada qoyub gəldiyi tarix əyani formada sübut edir ki, xalqların maddi və mənəvi cəhətdən məhvi, tarix səhnəsindən silinməsi həm də onun doğma dilinin ölməsi ilə bağlıdır. Bəli, dil ölür, çünki dil də canlı orqanizmdir. Dil hər hansı bir xalqın etnomədəni atributu, tarixi pasportudur. Dilin ölməsi ilə xalq da ölür. Ən hazırlıqsız oxucu bir çox ölü dillərin adlarını bilməsə də, əminəm ki, məşhur latın dilinin öldüyünü və bu dilin yalnız dərman nüsxələrində (reseptlərində) yaşadığını bilməmiş olmaz. Bir daha diqqətə çatdıraq ki, ölü dil yalnız latın dili deyildir. Yüzlərlə dil öldüyündən tarixin arxivinə verilmişdir. Yaşadığımız günlərdə də dillər bu və digər səbəblərdən çox sürətlə sıradan çıxır. ABŞ-ın Milli Coğrafiya İnstitutunun araşdırmalarına görə, hər on dörd gündə bir dil ömrünü tamamlayır. Bəs, necə olur ki, dil(lər) ölür. Bəli, canlı orqanizm olan dil də xəstələnir, daha doğrusu, xəstəliyə yoluxur, bəlkə də, yoluxdurulur. Elə bu səbəbdən də sonradan ölümə məhkum olur. Hər hansı canlı orqanizm yad təsirlər nəticəsində, məsələn, öldürücü virusa yoluxduğu kimi, dil də xarici təsirlərin sayəsində xəstəliyə düçar olur. Hər hansı bir dil əcnəbi (xarici) dillərin təsirinə məruz qalıb, əcnəbi sözlərə aludə olub doğma dili yad sözlərlə doldurarsa, həmin dil gec-tez ölməyə məcburdur. Dilin sıradan çıxması daha çox iki amillə bağlıdır: 1. Əcnəbi sözlərin doğma dildə üstünlük (dominantlıq) təşkil etməsi, 2. Doğma dildə danışanların sayının azalması. Söhbətgedən elmin tədqiqatçıları, çox doğru olaraq, əcnəbi sözləri "dilin intiharı” adlandırırlar. Oxucu bu məqamda deyə bilər ki, məqalənin bu yerinə qədər elə nə qədər əcnəbi söz işlətmişəm. Bu və digər formada dünyada həmişə inteqrasiya mövcud olub, dil və mədəniyyətlər bir-birindən qarşılıqlı şəkildə təsirləniblər. Demək, inteqrasiya və qloballaşma yeni hadisə deyil, sadəcə olaraq, elm və texnologiyanın sürətli inkişafı ilə əlaqədar onun da sürəti artmış və forması dəyişmişdir. Bu səbəbdən dünyada yalnız doğma sözlərindən təşkil olunmuş yekcins dil yoxdur. Dünyada mövcud olan bütün dillərdə alınma sözlər mövcuddur. Ancaq hər şeydə olduğu kimi, burada da mizan-tərəzi gözlənilməli, əndazə olmalıdır. Doğma dildə min illərlə işlənən sözün əcnəbi sinonimini dilə gətirməyə heç bir ehtiyac yoxdur. Nümunələrə diqqət edək: kreativ, trend, ekskülüziv, ekspromt, super, store, market, shop kimi sözlərin dilimizdə qarşılığı vardır. Onu da bilirəm ki, bu məqamda mənimlə razılaşmayanlar da olacaqdır. Əminəm ki, həmin şəxslər bu cür sözlərin artıq ümumişləklik qazandığını və dilimizdə artıq özünə yer aldığını bildirəcəklər. Çox təəssüflər olsun ki, bu tipli alınma sözlərin bəziləri hətta "Azərbaycan dilinin orfoqrafiya lüğəti”ndə də özünə yer almışdır. Etiraf edək ki, əcnəbi sözlər işlənə-işlənə dildə oturuşur, bəzən də lap ümumişlək söz statusu qazanır. Dəmir işləndikcə parladığı kimi, söz də işləndikcə kütləviləşir, sonda ümumişlək sözə çevrilir. Məsələn, super, market sözləri kimi. Bu gün dükan-bazarda al-ver edən hər kəs göyərtisini belə super epiteti (təyin) ilə reklam edir. Beş-on il bundan əvvələ kimi dilimizdə super və market sözləri işlənilmirdi. Super sözünün əvəzinə əla, yaxşı, iri, böyük və marketin yerinə mağaza sözü işlənilirdi. Bu məqamda onu da qeyd edək ki, səhvən m”arket "sözü mağaza sözünün əvəzinə işlədilir. Əslində, ingilis dilində market bazar mənasında işlənilir. İngilis dilində store və shop sözləri dükan və mağaza məfhumunu ifadə edir. Eksklüziv və ekspromt sözlərinə daha çox dilimizin saflığına bilavasitə cavabdehlik daşıyan jurnalistlərin leksikonunda rast gəlinir və eksklüziv sözünü hərə bir cür yazır. Son illər jurnalistlər tərəfindən dilə gətirilmiş eksklüziv və ekspromt sözlərinin dilimizdə sinonimi kimi xüsusi (eksklüziv) və bədahətən, hazırlıqsız, qəflətən (ekspromt) sözləri işlənilmişdir. Kreativ və trend sözləri də artıq ziyalı kəsimi arasında ümumişləklik qazanıb. Aydınlıq naminə deyək ki, kreativ yaradıcı yanaşma, trend istiqamət, meyl deməkdir. Pedaqoji sahənin əməkdaşları və təhsil ekspertləri tərəfindən dilimizə gətirilmiş inklüziv sözü də artıq ictimailəşdirilib. Vikipediyanın məlumatına əsasən deyə bilərik ki, latın mənşəli bu sözün mənası "daxil edirəm" deməkdir. İnklüziv təhsil ümumi təhsilin hamı üçün əlçatan olması və bütün uşaqların, hətta sağlamlığında problem olan şagirdlərin də təhsil almasını təmin edir. İndiyə qədər işlədilən icbari təhsil bu mənanı özündə ehtiva etmirdimi? Bu qədər sadə və rahat tələffüz edilən və yazılışı daha asan olan sözlər olduğu halda, çətin deyilən, üz-gözü əcaibləşdirən sözlərə nə ehtiyac var?! Bu sözlərin dilimizdə qarşılığı olduğu halda, bu tipli əcnəbi sözləri işlətmək əllaməlik və farmazonluqdan başqa bir şey deyildir. Əslində, bu səhnə ciddi şəxslər tərəfindən Mirzə Cəlilin "Anamın kitabı” əsərinin əsas obrazları olan üç qardaş kimi qəbul olunur. Bəziləri güman edirlər ki, əcnəbi terminləri çox işlətməklə savadlarının çoxluğunu nümayiş etdirmiş olurlar. Ancaq unudurlar ki, hər şeydə sadəlik diqqəti daha çox özünə cəlb edir. Yeri gəlmişkən, oxucuların diqqətinə onu da çatdırım ki, çətin tələffüz olunan söz və ifadələr insanın üz və alın cizgilərində vaxtından əvvəl qırışlar yaradır. Bu fikir mənə yox, müvafiq sahənin tədqiqatçılarına məxsusdur. Yuxarıda qeyd etdiyim sözlərin dilimizdə işlənilməyinə heç bir ehtiyac yoxdur. Amma kompüter sözünü gündəlik işlətməyə məcburuq. Bir zaman kompüter əvəzinə Anadolu türkcəsindən gələn bilgisayar sözünü işlətsək də dayanıqlı olmadı. Bir daha vurğulayıram ki, əcnəbi sözlərin işlənilməsi kütləviləşəndə ümumişləklik statusu qazanır və doğma dilin sözünü sıxışdırıb çıxarır. Necə ki, bu gün hamı SOCAR deyir, neft şirkəti (ARDNŞ) bir ifadə az qala kimi leksikonumuzdan çıxmaq üzrədir.
 
 

  Yuxarıda qeyd etdik ki, dil(lər)in ölməsinin ikinci səbəbi həmin dildə danışanların sayının azalması ilə bağlıdır. Problem yenə gəlib çıxır xarici (əcnəbi) təsirlərə. İnternetin və onun yaradıldığı Qərbin bütün mövcud vasitələrdən yararlanmaqla göstərdiyi təsir nəticəsində bu gün qloballaşma işıq sürəti ilə hücumdadır. İnteqrasiya və qloballaşmanın müsbət tendensiyası danılmazdır. Qaldı mənfi tərəfinə, əfsuslar ki, çoxları bunu ya görmür, ya da özünü görməməzliyə vurur. Qloballaşmanın ən mənfi təsiri doğma dilləri küncə sıxışdırması və sıradan çıxarmasıdır. Çoxlarınız kimi, mən də gənc nəslin xarici dilləri bilməsinin (öyrənməsinin) əleyhinə deyiləm. Amma bunun bir "əmması” var. "Əmması” da budur ki, gənc nəsil doğma dilinə yuxarıdan aşağı baxmasın, onu arxaya itələməsin. Gənc nəsil əcnəbi (xarici) dilləri ana dilinin bazisində – milli ədəbiyyatını, tarixini, coğrafiyasını mənimsəmək, doğma adət-ənənəsi və koloriti üzərində dirçəlmək, bu məqamda sadalamadığım bütün digər mənəvi dəyərlər üzərində möhkəm dayanmaqla öyrənsin. Əgər hər hansı bir şəxs öz doğma dilində istənilən bir məfhumu canlandıra bilmirsə, həmin sözü doğma dildə yox, danışdığı əcnəbi dildə təsəvvür edəcəkdir. Axı dil təfəkkür məhsuludur.
  Daha bir nümunəyə diqqət yetirək. Həmin əyani nümunə ilə hər birimiz hər gün rastlaşırıq, bir çoxumuz da hər gün gördüyümüz bu əyani nümunələrin fərqinə varmadan yanından ötüb keçirik. Amma o da danılmaz həqiqətdir ki, bu barədə bir neçə illərdir ki, dilimizin təəssübünü çəkənlər vaxtaşırı danışır və yazırlar. Paytaxt və regionlarımızda yerləşən dükan, bazar, iaşə və ticarət obyektlərinin əksərinin adları əcnəbi sözlərdir. Bunun səbəbini mən daha çox xalq və yurd sevgisinin azlığı, mal-mülk istəyinin çoxluğu ilə əlaqələndirirəm. Yəqin, bu fikrin əleyhinə əks arqumentlər də gətirmək, ticarətdə fərqlənmək, brend mal məsələləri ilə bağlamaq da olar. Ancaq bütün bunlar heç cür əsas vermir ki, doğma dilinin üstündən xətt çəkəsən. Dəfələrlə yazılıb və söylənilib ki, paytaxtın reklam daşıyıcılarındakı həddindən artıq çox olan əcnəbi sözlər doğma Bakımızı yox, Qərb şəhər(lər)ini xatırladır. Bu yazını beynimdə götür-qoy edərkən yaşadığım ərazidəki ticarət obyektlərinin çox kiçik bir qisminin adlarını ucdantutma qeyd etdim. "Neftçilər” metrosunun yaxınlığında, Q.Qarayev prospektinin bir kilometrə yaxın və yalnız prospektin bir istiqamətində (üzü "Xalqlar dostluğu” tərəfə) yerləşən ticarət obyektlərinin reklam lövhələrində doğma dilimizə məxsus bir sözə belə rast gəlmədim. Adıçəkilən ünvanda sıralanmış ticarət obyektlərinin adlarına birlikdə diqqət kəsilək: "Viktoriya” mebel, "Volkan” mebel, "Belissa” mebel, "Madeyra” mebel, "Moda mebel, "Mebelroom”, "Embawood”, "Luks mebel”, "Eleqant”, "Oskar” mebel, "İnterTuran” mebel, "Golden fitness”,”Economıc”, "Doneretto”, "Miss lady”, "X-lady”, "Lady star”, ”Lady sharm”, "Pumba kids”, "X man”, "İzabel”, "Avva”, "Elektrolux”,  "Kontakt home”, "Phardı”. Hər birimiz bu mənzərənin şahidiyik. Bu sözlərin heç birisi, məncə, Azərbaycan dilinin leksikologiya, orfoepiya və orfoqrafiya normalarına uyğun deyildir. Hələ bu harasıdır, dilimizin qrafik (əlifba) sisteminə, səs və hərf normaları ilə uzaqdan belə uzlaşmayan hərf və hərf birləşmələrindən gen-bol istifadə olunur. Məsələn, worldtelecom, Lc Waıkıkı. Azərbaycan əlifbasında dubl və (dablyu) (W) hərfi olmadığı halda, bu hərfdən istifadə olunur. Dilimizə qarşı sərgilənən bu  münasibətin qarşısı mövcud qanunların köməkliyi ilə alınmaq məqamı artıq çatmışdır. Elə bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” müvafiq fərman imzalanmışdır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 01 noyabr 2018-ci ildə imzalanmış həmin fərmanda Azərbaycan Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin yaradılması tapşırılmışdır. Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında yaradılmış Monitorinq Mərkəzinin fəaliyyəti Müşahidə Şurası tərəfindən tənzimlənəcəkdir. Monitorinq Mərkəzinin vəzifəsi dövlət dilinin tətbiqinə nəzarəti, kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının qorunmasını təmin etməkdir. Monitorinq Mərkəzi həmin fərmandan irəli gələn vəzifələri – Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da yaxşılaşdırılması ilə bağlı tədbirlər planını həyata keçirəcəkdir.
  İndi yazacağım bu fikri dilimizin saflığı ilə bağlı bundan əvvəl yazdığım məqalələrin birində də xüsusi olaraq vurğulamışam. Bu məqamda bir daha qeyd etməyimin yalnız faydası olardı. Ölkəmiz müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti tərəfindən Azərbaycan dilinin statusu, tətbiqi və saflığının qorunması barədə qanun, fərman və sərəncamlar qəbul olunmuşdur. 
   Ümumən, hər bir dili qorumaq üçün vacib olan üç mühüm amilin hamısı Azərbaycan Respublikasında mövcuddur. Dilin yaşaması, tətbiqi və inkişafı üçün bu üç amil olduqca vacibdir: 1. Dövlətçilik ənənəsi, 2. Sosial-iqtisadi-mədəni inkişaf, 3.Əcnəbi dillərin təsirindən qorunmaq.

  Göründüyü kimi, dövlət statusu verilmiş Azərbaycan dilinin tətbiqi, saflığının qorunması, və yüksək səviyyədə inkişaf etdirilməsi üçün hüquqi, sosial-iqtisadi və mənəvi şərait kifayət qədər mövcuddur. Bundan sonra fərd olaraq hər birimizin və toplum olaraq hamımızın üzərinə bir vəzifə düşür: dilimizin təəssübünü çəkmək, onun saflığını qorumaq və mükəmməl səviyyədə inkişaf etdirmək.
  Devizə dönmüş belə bir məşhur deyim var: "Ordun varsa, yurdun var”. Bu şüardakı ordu sözü varlıq, birlik və bütövlük naminə qeyri-iradi şüurumuzda ordu məfhumunun qarşılığında dil sözünü assosiasiya edir. Unutmayaq ki, milli ordunun özünü həm də doğma dil birləşdirir. Dilimiz varlığımız, birliyimiz və bütövlüyümüzdür. Varlığımızın, birliyimizin və bütövlüyümüzün naminə dilimizi qorumalıyıq.