Biz imzaları yox, əsərləri dərc edirik...

"Dənizə nə oldu, yoxsa onu da həbs etdilər?"...
164
21 İyun 2018, 16:59
 Artkaspi.az Antonio Skarmetanın "Nerudanın poçtalyonu" romanından bir hissəni təqdim edir: 
 

 
  Rikardo Neftali Reyes və ya Pablo Neruda. 1904-cü il, iyulun 12-də hamı kimi rüzgarın hara sürükləyəcəyindən bixəbər doğuldu. Şili onu zaman-zaman günəş, zaman-zaman isə günəşi örtən bulud kimi qəbul etdi. Amma Şili deyəndə ağla ilk Pablo Nerudanın gəlməsi danılmaz faktdır. Hələ Reyes kimi tanındığı illərdə qələmindən çıxan ilk misralar onun kim olacağını deməyə imkan verirdi. Əşyalarını satıb ədəbiyyatı yaşadan yazarlar az deyil. Rikardo da onlardan biri oldu. 1923-cü ildə atasından qalan saatını və evindəki pula gedəsi üç-beş əşyanı satıb ilk şeir toplusunu nəşr etdirdi. Bəlkə də elə bundan sonra Neruda oldu. Dünyanın gəlmiş-keçmiş ən unudulmaz ozanlarından biri...
  Dünyanın dörd bir yanında eşqin ən gözəl təsvirlərini axtaran aşiqlərin yolu mütləq Nerudanın şeirlərindən keçir. Çünki Nerudanın sevgi şeirləri bir dildə yazılsa da, bütün dillərə xitab edir.
  "İyirmi eşq şeiri və ümidsiz bir nəğmə”yə kimi də Pablo Neruda kifayət qədər tanınırdı. Amma bu kitabdan sonra Neruda bir ədəbiyyatsevərlərin, şeirə könül verənlərin tanımalı, oxumalı olduğu ilk on şairdən biri oldu. 1924-cü ildə işıq üzü görmüş kitabının hələ 1961-ci ildə Buenos-Ayresin "Losada” nəşriyyatında milyonuncu nüsxəsi nəşr olunub.  Taleyindən müharibələr, sürgünlər, siyasi qarşıdurmalar, qadağalar, köçlər, xəstəliklər və Nobel Ədəbiyyat mükafatı keçmiş Neruda 50-dən çox şeir kitabının müəllifidir. Onun şeir kitabları müxtəlif dillərdə dəfələrlə yüksək tirajla dərc olunub.
  Şilili yazar Antonio Skarmetanın 1985-ci ildə işıq üzü görmüş romanı "Nerudanın poçtalyonu”ndan ("Ardiente Paciencia”, "The postman”) bir hissəni təqdim edirik.
  Gənc poçtalyon gözlərini məktub çatdırmaq üçün qapısını döydüyü Pablo Nerudaya heyranlıqla zilləyib:
  – Ahhh, mən də ozan olmaq istərdim – deyir.
Tanınmış şair müdrik baxışlarını poçtalyondan ayırmadan zarafatyana cavab verir:
  – Şilidə hamı ozandır onsuz da. Məncə, poçtalyonluğa davam etmək daha maraqlıdır. Heç olmasa, bütün gün gəzər və kökəlməzsən. Şilidə bütün şairlər şar kimidir.
  Lakin poçtalyon söhbəti burada yekunlaşdırmaq, şairdən belə tez əl çəkmək fikrində deyildi:
  – Yəni, demək istəyirəm ki, şair olsaydım, demək istədiyim hər şeyi deyə bilərdim.
  – Nə demək istəyirsən ki?
  – Elə məsələ də bundadır. Şair olmadığım üçün deyə bilmirəm.
  Neruda gənc poçtalyona sahil yolu ilə gedib körfəzi seyr etməyi, yol boyu dənizi, dalğaları müşahidə edərək metaforalar yaratmasını məsləhət görür. Təbii ki, poçtalyon metaforanın nə olduğunu bilmədiyindən şair ona nümunə göstərməli olur və bir şeirini oxuyur:

Burada, adada nə çox dəniz var
Hər an özündən yenidən doğulan
Deyir ki, bəli
Deyir ki, yox, əsla...
Mavilər arasında "bəli” deyir dəniz
Köpüklər arasından tez-tez yox deyir.
Heç sakitləşə bilmir
Durmadan bir qayaya çırpılır
Onu inandırmaq üçün
İnandıra bilmədikcə hayqırır
Mənim adım dənizdir
Beləcə yeddi yaşıl dili ilə
Yeddi kainatın dənizindən 
Qayalara doğru qaçır
Onu öpüşlərə qərq edir,isladır
Adını dalğalar ilə 
Köksünə xatırladır
 
  Bu sətirlərdən təsirlənən poçtalyonun cavabı belə olur:
  – Sizin sözlərinizdən sonra bu dəqiqə özümü yırğalanan gəmi kimi hiss edirəm
  Şair gülümsəyərək deyir:
  – Budur artıq bir metafora alındı.
  Və beləcə Şilili şair Pablo Neruda ilə poçtalyon Mario Xmenez arasında gözəl bir dostluq başlayır...
Günlərin bir günü Mario böyük həyəcan içərisində şairin qapısını döyür.Metafora ustası Nerudaya aşiq olduğunu deyir.Neruda:
  – Ağır xəstəlik sayılmaz,müalicəsi var, deyərək gənc poçtalyonu sakitləşdirir və Marionun sevgilisinin adını soruşur. Qadın qəhrəmanın adını öyrəndikdən sonra Neruda italyan şair Danteni xatırlayır:
  – "Beatriç ...”(Dantenin əfsanəvi sevgilisinin adı da Beatrice olub.Beatrice Portineri)
  Poçtalyon Mario sevgilisi haqqında danışarkən, Nerudaya hamıya nəsib olmayan bir təklif gəlir. Üzvi olduğu partiya onu prezidentliyə namizəd göstərmək istəyir, lakin nə prezidentliyə, nə də siyasi uğur qazanmağa niyyəti olmayan şair böyük məmuniyyətlə doğulduğu kəndə qayıdır.
 

  1971-ci ildə Nobel Ədəbiyyat mükafatını qazanan Neruda daha sonra Parisə səfir kimi akkreditə olunur. Amma araya məsafələr girməsi heç nəyi dəyişmir. Şairlə poçtalyonun dostluğu, əlaqəsi kəsilmir. Dostuna tez-tez məktub yazan Neruda ona səsyazan aparat alıb göndərir və yazır: "Dəniz üçün darıxmışam. Səmanı qanadları arasına alan quşlar üçün də. Mənə evimin, doğma suyun, quşun səsini göndər. Evimin səsini göndər. Bağçaya girib çınqıraqları silkələ. Qoy, əvvəl küləyin gücünə hərəkətə gəlib sallansınlar. Əvvəl o səsi yaz. Sonra özün yellə. O qayalıqlarda gəzin, Mario. Dənizin gurultusunu, qayalara çırpılan dalğaların partlayışını yaz”.
  Mario Ximenez isə Pablonu yaxşı tanıyan biri kimi metafora ehtiyacı olduğunu duyur və istəklərini yerinə yetirir.
  İllər sonra Pablo Neruda evinə qayıdır. Xəstəliyi xeyli irəliləmiş olur. Səsi üçün darıxdığı evinə, dənizinə dönməyin sevinci uzun çəkmir. Şilidə hakimiyyət çevrilişi olur. Faşistlər idarəçiliyi ələ alır. Evi göz həbsinə alınanlar siyahısına Pablo Neruda başçılıq edir. Onlar üçün bircə şey maraqlıdır – üsyankar bir şairin ölməsi.
  Evin çölündəki canlı səddi Mario aşır. İllər sonra şair olmaq istəyən poçtalyonu qarşısında görən Neruda göz yaşlarını saxlaya bilmir. Məhəbbətinə qovuşan Mario Pablonun bu halına dözə bilmir. Şair dostundan pəncərədən dənizə baxmaq üçün kömək istəyir. Lakin Mario buna mane olmaq üçün deyir:
  – Çöldə külək var...
  Neruda:
  – Nə gizlədirsən məndən? Bəlkə də, pəncərəni açanda artıq orada dəniz görməyəcəm? Dənizə nə oldu? Yoxsa onu da həbs etdilər?”.
  Mario Nerudaya gəlməsi əngəllənən bütün teleqrafları ona oxuyur. Cəmi bir neçə gün sonra şair ölür. Hakim rejim onun dəfninə qatılmağı qadağan edir. Bu qadağanı pozub, cənazə karvanına qoşulduğu və onun adını səsləndirdiyi üçün həbs olunanlardan biri də Mario Ximenez idi...
 
 Tərcümə edən: Elcan Salmanqızı