Biz imzaları yox, əsərləri dərc edirik...

Damlada okean yaddaşı – Rahid Ulusel yazır
3129
13 Dekabr 2019, 09:03
  Artkaspi.az saytı Rahid Uluselin "XXI əsrin aforizmləri”ni təqdim edir:
 
 

  İkinci hissə
 
 
Kainat – Hüceyrə, Hüceyrə – kainatdır. 
 
***
 
Damlada okeanın yaddaşı olmasa, ona qayıda bilməz.
 
***
 
İnsanlığın Süd Yolu – o, milyardlarla insan-planetin günəşlər, ulduzlar, qara dəliklər, meteoritlər, dumanlıqlarla dolu qalaktikasıdır.
 
***
 
Varlığın maddi və ruhi başlanğıcları arasında kosmoqonik mübadiləni həyata keçirən böyük qüdrət – yaradıcı insan!
 
***
 
İnsan İdrakının oxu, nəhayət, bu həqiqətin üzərinə tuşlanır: Dünya – mənim həyatımın tarixidir.
 
***
 
Dünya – indiyəqədərki, indiki, indidənsonrakı bütün həyatı ilə mənim taleyimdir.
 
***
 
Zərrəsinin qabağında diz çökmədən, Universumun qəlbini fəth edə bilməzsən.  
 
***
 
Yerüzü və Göyüzü: bu iki poliqon hər zaman sənin uçuşuna hazırdır!
 
***
 
Günəş hər batanda, yerində min bir ürəyin heç zaman batmayacaq Günəşi doğulur!
 
***
 
Bir dəfə baş vurduğun dərinliyə üç dəfə qayıdırsan: birinci dəfə onun poeziyasını, ikinci dəfə onun elmini, üçüncü dəfə onun fəlsəfəsini dərk edirsən.
 
***
 
Səs – yaranışla, Söz – İnsanla başlayır: musiqidə qoca səslə gənc sözün vəhdəti onların milyard illərlə bir-birinə həsrətlə can atmasından, bir-birini mayalandırmasından qaynaqlanır.
 
***
 
Hər daban yerə dəyəndə üzərində kimin gəzdiyini hiss edir Yerüzü.
 
***
 
Əgər varlıq son məqsədlərinədək fiziki mövcudluqla bitsəydi, onda İNSAN yaranmazdı!
 
***
 
İnsan – Kainatın subyekti.
 
***
 
"Böyük Partlayış”da iştirakınızı yada salın və bərpa olun. Bunsuz kənarda qalırsınız Kainat həyatından.
 
***
 
Bütün varlığınla milyard illərin yaradılış prosesindən keçmədən Yaradanı necə dərk etmək olar?!
 
***
 
Kainatın qalaktikaları – onun "qırağı” və "mərkəzi” olmayan məkanında bütün istiqamətlər üzrə bərabər şəkildə yer alıb: bu da İnsan üçün quruluşunda belə "demokratik nizam” daşıyan Kainat örnəyi!
 
***
 
Hər gün əbədiyyətin iliklərinə varmasan, zaman sənin üçün adicə təqvimdir.  
 
***
 
Kainatın elə bir zərrəsi yoxdur ki, Varlıq onsuz mümkün olsun.
 
***
 
Kosmik əxlaq: o, Varlığın fiziki qanunlarının ruhudur.
 
***
 
Var olmamaq mümkün deyil.   
 
***
 
Qalın bulud, çən və dumanlıqlarla örtüləndə ana yer qucağında insan balası ilə nə qədər tək-tənha olduğunu anlayır.
 
***
 
Yer planeti – bizim beşik-vətənimiz, Kainat isə – strateji-vətənimiz.  
 
***
 
Varlıq evində bir-birinə doğma olmayan iki yad tapa bilməzsən. 
 
***
 
Mənim bəşəriyyətim! – Bu düşüncə ilə yaşayan kəs onun həqiqi üzvü ola bilər.
 
***
 
Varlıq içrə onunla təkbətək qalan Taleyin özünə ən fundamental sualı: Mən kiməm – zamanın epizodu, yoxsa hadisəsi? 
 
***
 
Diqqətlə bax ilk dəfə gördüyün hətta ayrı irqə mənsub bu yabançının üzünə: min illər öncənin doğmasını tanımırsanmı?! 
 
***
 
Qalaktikanın tən ortasında onun bütün subyektlərini udacaq qara dəlik: Həyat Ölümün başına dolanır.  
 
***
 
Kainat – insanın böyük axtarışlarının yurdu. Ona vardıqca, insan özünü tapacaq. Özünüdərketmə və özünüyaratmanın ümumkainat təsdiqi budur!
 
***
 
Meteor hədələri – planetimizi onun potensial müqavimət gücündə atomikləşməyə və yubanmadan, cəsarətlə transkosmik həyata adlamağa səfərbər edir.  
 
***
 
Mən bütün Toxum-İdeyaların Təbiətlə Bəşəriyyəti birləşdirən üfüqdən doğduğunu görürəm.
 
***
 
Beyin düşünəndə nəfəs alır.
 
***
 
Hələ də fikir kosmosunda baş-planetə düşüb onu titrətməmiş nə qədər meteor-aforizm var.
 
***
 
Allaha suallarınızın cavabını təbiətdə axtarın.
 
***
 
Təbiət və Müdrik: onlar eyni cür yaşayır.
 
***
 
İçindəki dünyanı çölündəki dünya qədər böyütdükcə dərinləşir İnsan.
 
***
 
Təbiət özünə meydan oxumaqdan həzz alır.
 
***
 
Zəlzələ və layla: onlar Ana Təbiət tərəfindən eyni stixiya – eyni nəvazişlə çalınır.
 
***
 
Təbiətdən ayrılmış sivilizasiya ana döşündən qopardılmış südəmər kimidir.
 
***
 
Biz təbiətə imkan verməliyik ki, məqsədlərimizi başa düşsün.
 
***
 
Təbiət estetikasının əlifbasını öyrənməyə kəpənəyin qartaldan qat-qat mürəkkəb uçuşunun havada cızdığı trayektoriyadan da başlamaq olar.
 
***
 
Bütün həyatını danışar meşənin yarpaq ağacdan düşüncəyədək...
 
***
 
Təbiətin qotikası – sərv arxitekturası.
 
***
 
İnsan Kainata toxum kimi də, qəlpə kimi də yayıla bilər.
 
***
 
Kosmosa yalnız son yüzillikdə yol açan bəşəriyyətin Kainat strategiyası elə bu çağdan müəyyənləşməlidir. Bəşəriyyət isə hələlik özünün qırıntılarından ibarətdir. Bu halda biz ancaq Kainatın zirzəmisində yaşaya bilərik.
 
***
 
Musiqi, əslində, susmaqdır: varlığın zahiri-formal dili bağlanır, iç-mahiyyət dili açılır ki, bu dildə onun bütün dürləri bir-biri ilə danışa bilir. Hə. Musiqinin genezisindəki harmoniya – Vəhdətin dilidir. 
 
***
 
Antropologiyada susuzluq: təbiətlə dialoqsuzluq.
 
***
 
Sivilizasiyadan fərqli olaraq, Təbiət özünü boşluqla doldurmur.
 
***
 
Toxum cücərdən torpağın hətta bişəndə də canlanmasını duymasaydı, barmaqlar saxsıdan çiniyə necə çata bilərdi?!
 
***
 
Bütün canlıların çıxardığı səslər – onların hər birinin funksional mahiyyətinin dəqiq intonasiya ilə bəliridir. 
 
***
 
Meyvələrin özünəməxsus rəngi – onların özünəməxsus dadının, çiçəklərin biçimi – onların ətrinin şəklidir.
 
***
 
Saralmış yarpaq budaqdan qopub yerə düşüncə, yenə yaşıllaşacağı çağın bəstəsinin ilk xallarını tutur.
 
***
 
İşıq da istəyir ki, öz kölgəsində dincəlsin.
 
***
 
Planetdən ayrı cür refleksiyalar alırlar: ona tikan tək batanlar, onu qələm tək yazanlar.
 
***
 
Həyatda olduğu vaxtdan da daha çox həyatda olmayanda olandır Əsil İnsan!
 
***
 
Əbədiyyət – mütləq şəkildə fatalizmi inkar edir.
 
***
 
Kəsdiyin ağac ona görə qışqırmır ki, kar olduğuna səni utandırıb diksindirməsin.
 
***
 
Ani baş verənlərdən heç biri ildırım tək şüurun və yaddaşın dərinliklərinə sancılmır.
 
***
 
Böyük qurtuluş yanğısı ilə püskürən vulkanın lavası azadlıqda... donur!
 
***
 
Yarpaq sevməsə, ürək şəklini ala bilməz.
 
***
 
Quşlar dost olub göyə qalxdılar, sevgili olub yerə endilər.
 
***
 
Bir mövsümlük yarpaqlar bilir min illik gövdələrin ömürlüyünü.
 
***
 
Günəşin şəfəq-saçlarını darayır dağların qırçın-darağı.
 
***
 
Gecə – Yer Kürəsinin onu quca-quca gəzən kölgəsi.
 
***
 
Gördüklərimiz də – canlı olsun, ya cansız, baxar olsun, ya baxmaz – görən gözümüzü görür.
 
***
 
Bir Qəlbin orkestrində çalınır Tənhalığın himni.
 
***
 
Həyatın bayrağı qaçan zebrin dərisində titrəşir.
 
***
 
Çarəsizlik: nə balalarını əmizdirmək istəyən ac pələngə cüyür tutub verə bilirəm, nə də pələngin qovduğu ana cüyürü onun pəncəsindən xilas edib balasının yanına qaytara bilirəm.
 
***
 
Təbiət nə gülür, nə ağlayır: insan aləmindəki gülməli və ağlamalı "molekullar” bunu bolluca kompensasiya edir.
 
***
 
Payız yarpaqları saysız çalarında tumurcuqdan açılarkən aldığı tər rəngin körpəliyinə qayıdaraq budağından qopur.
 
***
 
Ölümqabağı rəqs: onu hamıdan yaxşı oynayır sarı-qızılı-sumağı rənglərin an-an dəyişən bütün çalarlarında libaslar geyinib budağından üzülən payız yarpaqları.
 
***
 
Dəniz sahilində, günəş altında alabəzək insanlar yayxanıb qızınır: içindən bir Diogen axtarıram...
 
***
 
İnsanı çevrələyən bütün varlıq hər cür təması ilə duymalıdır ki, o – dünyaya təsadüfən gəlməyib.
 
***
 
Günəşi qocalmağa qoymaz: sakit, buludsuz dənizin qırçın ləpələri üzərindəki əksindən yığdığı təbəssüm.
 
***
 
Qum saatı və dəniz qumu: zaman birində çərçivələnir, birində sonsuzlaşır.
 
***
 
İnsan gərək elə yaşasın ki, Yerüzü onu yola salmağından, Göyüzü onu qarşılamağından həzz alıb titrəsin! 
 
***
 
Qaranlıq – Zülmət olmasın deyə, İşığı – Nura çevirək.
 
***
 
Varlığın ideya yaratmayan bir giləsi də yoxdur.
 
***
 
Kainatdan sızan bir damla söz: "Mən toxumam!”