Biz imzaları yox, əsərləri dərc edirik...

Dahi Üzeyir Hacıbəyli ruhunun işığında
469
18 Sentyabr 2020, 11:08
 Bu gün Azərbaycan  mədəniyyətini  dünya  mədəniyyətinə  qovuşduran  dahi  bəstəkar, görkəmli musiqişünas-alim Üzeyir bəy Hacıbəylinin  135  illik  yubileyidir. Sənət  yolunda Üzeyir Hacıbəyli davamçısı olmaq  şərəfdir. Onun misilsiz xidmətini bir günəşə  bənzətmək  olar. Üzeyir  bəy mədəniyyətimizə böyük aydınlıq, nur gətirdi. Biz hələ də o işığın təsirində  yazıb-yaratmaqdayıq. Sənət  yolunda  Üzeyir Hacıbəyli şəxsiyyətini  örnək  alan  bir  neçə musiqi  xadimləri ilə tanışlığım, onların barəmdəki  müsbət  fikirləri mənim üçün  əsl xoşbəxtlikdir.Gənclərdəki potensialı  görüb  dəyərləndirməyi bacaran müdrik  böyüklərimizin  varlığı çox  önəmli  faktordur. 
 2013-cü  il  musiqi   mədəniyyətindəki  yaradıcılıq  fəaliyyətimdə  önəmli  təqvim  oldu.  Həmin  il  iki  doğma  ocağın  qapısı üzümə  açıldı. Biri Üzeyir  Hacıbəyli  adına  Bakı  Musiqi  Akademiyası,  digəri  Azərbaycan  Bəstəkarlar  İttifaqı  idi.  Qəribədir, hələ Milli  Konservatoriya  nəzdində  Musiqi Kollecində  təhsil  aldığım  dönəmlər (2008-2012)  nə  zaman həmin  müəsisələrə daxil  olsaydım özümü  başqa  aləmə  düşmüş  kimi  hiss  edərdim. Yaxud məni həmin  məkanlara  cəlb edən hansısa  hiss varıydı. Hətta  yanından  ötərkən dayanıb  baxmadan  keçməzdim. Bu  ani  sükutun   səbəbi  məhs hər iki binada   Üzeyir Hacıbəyli  ruhunun  dolaşmağı, onun  ölməzliyi  olsa  gərəkdir.
 


 
 
 Qeyd  etmək  istərdim ki, hələ  Musiqi  Kollecində  tələbə  ikən dəyərli  direktorumuz  Nazim  Bağırov məni şəxsən  qəbul  edərək, hər zaman geniş  fikir  mübadiləsi  aparar, Azərbaycan  mədəniyyətindəki  gələcək  fəaliyyətimlə  bağlı  xoş  fikirlərini ifadə edərdi. Həm  musiqi, həm  poeziya  sahəsindəki  uğurlarımla fəxr  etdiyini  bildirib  özgüvən  yaradardı. Daxilimdəki  istəklə, pedaqoqlarımın gəldiyi  nəticənin üst-üstə  düşməyi bu  sahədə  davam  etməyim üçün daha  böyük  inam yaratdı. Həqiqətən də peşəkar insanların tövsiyyələri düzgün  istiqamətə  yönəldər. Bu minvalla  ali  təhsil  müəsisəsi kimi  məhs Üzeyir Hacıbəyli adına Bakı  Musiqi  Akademiyasını  seçdim.
 Bakı Musiqi Akademiyasında  təhsil alarkən  alın  yazımda  Aqşin  Əlizadə  kimi  ustad  bəstəkardan  dərs  almaq  da  varıymış.  Dərs  bitdikdən  sonra  Aqşin  müəllimlə geniş  müzakirələr  edərdik. O, bu zərif sənətinağır tərəflərindən bəhs  edərkənara-sıra  "Aysel, əslində niyyətim  səni  qorxutmaq  deyil, qızım, sadəcə nə zaman haqsızlıqla  qarşılaşsan həvəsdən  düşməyəsən  deyə bunları  sənə öncədən danışıram”  deyərdi. Aqşin  müəllim  görkəmli  bəstəkar  olmaqla  yanaşı, tələbələri  yaxşı  tanımağı  bacaran  səmimi müəllim  və  əslinsan  idi.
 Təhsil  aldığım  dönəmlərdə  yaradıcılığıma  diqqət  göstərən  daha  bir  görkəmli  bəstəkarın  adını  qeyd etməyi  özümə  borc  bilirəm. O  insan  Arif  Məlikov  idi.  Arif  müəllim  bəstəkarlıq  fəaliyyətimi çox yüksək  dəyərləndirərək, xoş  fikirlərini  əsirgəməzdi. Bəstəkarlıq  kafedrasının  təşkil  etdiyi  konsertdə  söz  və  musiqi  müəllifi  olduğum  romanslarımı  dinlədikdən  sonra  ünvanıma  söylədiyi  dərinanlamlı ifadələri ömür  boyu unuda  bilmərəm. Haqqımdakı  rəyini  mükafat kimi qəbul  edib sevincək halda yerimdəcə donub  qalmışdım. Hər  kəlməsini  sadalamaq  çox  geniş  zamanı əhatə edər deyə sadəcə bir-iki  cümləsini  xatırlamaq  istərdim; "Xoşbəxt  bəndəsən. Çünki, Tanrı  sənə  istedadı  bütöv  halda  bəxş  edib.Bir  zamanlar dünya  şöhrətli  olub, əsərlərin  dünya  ölkələrini dolaşanda  mənim  sözlərimi  xatırlayarsan” dedi. Arif  Məlikovun  fikirlərinə şahidlik  edib  daha  sonra  ona  qoşularaq  məni  təbrik  edən  pedaqoqlarıngözəl reaksiyası dagöz  önümdən  getmir.  Arif  müəllimlə nə  zaman görüşsəktəbəssüm edərək, sadə vətavazökar səs tembri ilə "nə  buyurursunuz?”  deyə  soruşar, dərslərimlə, yazdıqlarımla maraqlanardı. 

 Canlı korifeyləri dinləmək, onlarla  fikir mübadiləsi  aparmaq, ustad dərsi almaq əsl  xoşbəxtlikdir. Haqq dünyasına  qovuşan, sağlığında  xeyir-duasını  aldığım Aqşin  müəllim  Əlizadəyə  və Arif  müəllim Məlikova Allahdan  rəhmət  diləyirəm,  məkanları  behişt  olsun  deyirəm. Onları  anmaq  vəfa  borcumdur.
 Hələ  təhsil dönəmimdəhörmətli  rektorumuz, professor Fərhad müəllim Bədəlbəyli məni şəxsən  qəbul  edərək, geniş  müzakirələr  etmişdi.  Onun  rəhbərlik etdiyi təhsil  müəsisəsində  təhsil almağımdan  və eyni zamanda musiqi- poeziya  sahəsindəki  uğurlarımdan  şad  olduğunu dilə  gətirmişdi. Kitabımı  oxuyub  bir  neçə  şeirimi  xüsusən  bəyəndiyini vurğulamışdı. Təbii ki, bir  tələbə  kimi  rektorumuzun bu  xoş  diqqətindən  daha  da  ruhlanmışdım. 
 Daha bir görkəmli musiqi  xadimi, əsl  ziyalı, dünya şöhrətli bəstəkar, çox hörmətli  Firəngiz  xanım  Əlizadənin  adını  xüsusilə  vurğulamaq  istərdim.  Firəngiz  xanım  təqdim etdiyim yaradıcılıq  nümunələrimlə  2013-cü  ildən  tanış  olmağa  başladı. 2019-cu   ilin  sonunda  isəyaradıcılığıma böyük  etimad  göstərib Azərbaycan Bəstəkarlar  İttifaqının   üzvlüyünə  layiq görməklə şərəf vermiş oldu.  Hər  zaman  qeyd  etdiyim  kimi  yenə təkrarən  demək  istərdim ki, Firəngiz xanım Əlizadə istedada,  elmi  biliyə, mənəvi dəyərlərə  önəm verən  örnək  böyüyümüzdür.
 Nə  xoş  mənə ki,  Azərbaycan  musiqisini  dünyada  layiqli  şəkildə  təmsil  edən, yüksək səviyyədə təbliğ  edən  Xalq artistləri, Əməkdar artistlər  mənim  yaradıcılığımdan  əsərlər  ifa  edib və etməkdədir. Həm musiqi, həm söz müəllifi olduğum mahnılar uğurlu  şəkildə  təqdim olunmaqdadır. Sənətkarlarımızla  əməkdaşlığa hələ ikinci  kurs   tələbəsi  olarkən  başlamışdım.  Onlardan Gülüstan  Əliyeva, Fidan Hacıyeva, Nüşabə  Ələsgərli, Lalə Məmmədova, Fərid  Əliyev, Mətanət İsgəndərli, Brilliant Dadaşova  kimi sənətkarların adlarını  qeyd edə bilərəm. Yaradıcılığıma göstərdikləri  yüksək  dəyərə  görə  hər  birinə  təşəkkür edirəm.
Ruhunu  dərin ehtiramla  andığımız  dahi  şəxsiyyət  Üzeyir bəy Hacıbəylinin bu şərəfli sənət yolunda  davamçısı  olmağı alın  yazısı  kimi  qəbul  edirəm. Azərbaycan  mədəniyyətinə həvəslə xidmət  etmək, Azərbaycan  mədəniyyətini  təbliğ  və  təmsil  etmək olduqca  qürurverici  haldır. 
 Məqaləmi  dahi bəstəkar, görkəmli musiqişünas Üzeyir Hacıbəylinin doğum  gününü  musiqi  bayramı kimi elan  edən  tarixi şəxsiyyətUlu  öndər  Heydər  Əliyevin  fikirləri  ilə  tamamlamaq  istərdim:  "Yüksək  mədəniyyətə malik olan  xalq  həmişə  irəli  gedəcək, həmişə  yaşayacaq, həmişə  inkişaf  edəcəkdir. Mədəniyyət  bəşəriyyətin  topladığı  ən  yaxşı  nümunələrlə  xalqları  zənginləşdirir”

 Aysel Kərim
 

Xəbər lenti