Biz imzaları yox, əsərləri dərc edirik...

Üçüncü yolFəxrəddin Salim yazır
643
11 İyul 2018, 12:33
   Artkaspi.az Fəxrəddin Salimin "Üçüncü yol" məqaləsini təqdim edir:

  "Allahın dini” deyə-deyə onu elə hala gətirdilər ki, şəxsən Şeytanın əba geyinib, üzü qibləyə dayandığına zərrə qədər şübhə yeri qalmadı…
 
 
  
  Böyük ariflər deyərdilər ki, məsələn, kainat əslində nə sonludur, nə də sonsuz. Üçüncü bir şeydir. Fəqət bu üçüncünün nə olduğunu deməzdilər. Elə ariflərin alimlərdən fərqi də ondan ibarətdir ki, alimlər öyrədir, ariflər isə insanı öz öhdəsinə buraxır. Bütün öyrənilməli olanların əslində insanın öz içində olduğunu öyrədirlər. Bütün sualların cavabı da buradadır. Məsələn Allah haqqında deyərlər ki, O, nə vardır, nə də yoxdur. Daha doğrusu O, vardır amma kənarda deyil. Varlıqdan və yoxluqdan qurtularaq, üçüncü yola baş vuranlar həqiqəti bulanlardır. Allah barədə başqa bir maraqlı versiya: Allaha inanmaq, yoxsa inanmamaq? Heç birisi! Çünki, inanmaqdan da inanmamaq da nəticə etibarilə bir çərçivədir, bir nəzəriyyədir. Allah isə çərçivələrə, nəzəriyyələrə sığan deyil. Bəs bu yolun üçüncüsü nədir? Əlbəttə ki, EŞQ! Eşq kamilliyin qarantıdır, əbədiyyətin açarıdır, tükənməzliyin, yorulmazlığın, fədakarlığın yeganə güc qaynağıdır. Böyük ədibimiz Cəfər Cabbarlının məşhur "Od Gəlini” pyesində maraqlı bir məqam vardır. Düzdür, bu əsər də onun digər əsərləri kimi, mövcud rejimin müəyyən mənada qurbanı idi. Lakin, ədib burada da öz sözünü sətiraltı da olsa deməyə müvəffəq olmuşdur. Əsərdə göstərilir ki, Elxan Biləgənli ərəb xilafətinin qoşunları ilə mübarizəyə bütün xalqı səsləmiş və savaşın qızğın yerində birdən ona xəbər gəlir ki, sevgilin Solmazı ərəblər əsir götürdülər və xəlifənin sarayına aparacaqlar (farslar demişkən "xəri-xoşbəxt” – yəni xoşbəxt eşşəklər olan bir qövmdən, yəni ərəblərdən bundan artıq nə gözləmək olardı ki?). Bu xəbəri eşidən kimi, Elxanın qolları boşalır, qılınc əlindən yerə düşür və düşmən onu da dostları ilə bərabər əsir alır. Həbsxanada o dostların maraqlı bir mükaliməsi vardı. Biləgənli Elxandan soruşurlar ki, axı sən bir qız üçünmü mübarizə aparırdın ki, onun tutulmaq xəbərini eşidən kimi, bu boyda savaşı yarımçıq buraxdın? Elxan cavab verir ki, hər bir mübarizənin bir ilham qaynağı olur. Solmazın eşqi idi məni savaşdan savaşa götürən! 
  Göründüyü kimi, eşq elə bir yerdə dayanır ki, həyatda gözəl və müqəddəs nə varsa, eşqin bəhrəsidir. Deyərlər ki, eşq əlif hərfi kimidir, sözün içində görünməz, amma sözün canıdır, qanıdır, ruhudur. 


 
  Yuxarıda üçüncülərdən danışırdıq. Mövzu bir qədər fəlsəfi oldu, ancaq hərdənbir filosofanə bəhslər açmağın da öz dadı, öz məqamı vardır. İnsan ağlı bəsit deyil, ancaq bəsit tərbiyə olunubdur. Məsələn, deyirlər ki, fil təlimçiləri balaca fili bir ayağından ağaca bağlayarlar. Balaca filin gücü çatmaz o ağacı və ya ipi qoparmağa. Eləcə uzun bir müddət bağlı qalar. Böyüyəndən sonra isə həmin filləri yenə də o iplərlə ağaca bağlayarlar. Bu dəfə güclü, nəhəng fillər yenə də o ipdən, o ağacdan qurtula bilməzlər. Çünki, uşaqlıqdan beyinlərinə yazılan odur. Özlərini həmin ağac, həmin ip qarşısında həmişəlik olaraq gücsüz və aciz hesab edirlər. Bu maraqlı misalın insanlara daha çox aid olduğu gün işığı kimi aydındır. Milliyyətindən, yaşadığı coğrafi arealdan, dini mənsubiyyətindən asılı olmayaraq, insanlar körpəlikdən nə ilə qurulublarsa, bir ömür o quruluşla yaşayırlar. Bu mənada çox geniş imkanlara və hüdudsuz azadlıqlara sahib olan insan beyni reallıqda çox az bir fəaliyyət dairəsinə malik olur. Ya dini sxolastik təlimlərlə, ya ailədəki törə və adətlərlə, ya da məktəbdəki ideoliji basqılarla insan oğlu yarımçıq yetişir. "Kainatın müəllimi” adını almış 13 yaşındakı Krşnamurtu demişkən, ikinci əl insana çevrilir. Maraqlıdır, elə deyilmi? İkinci əl maşın olar, telefon olar, ikinci əl insan necə olur? Əslində elə ikinci əl olmaq insanın özündən başlayır. Necə ki, insanların heç biri heç birinə heç bir şeyi ilə bir zərrə qədər də olsun bənzəmir və heç nə heç nəyin təkrarı deyil, eləcə də hər bir insan fərdi ağıl və mükaliməyə sahibdir. Hər kəs hər şeyə qadirdir. Yetər ki, ruhundakı geniş əzəməti, beynindəki Allah gücünü kəşf etsin. Yetər ki, onun ağlı bütün digər orqanlarından daha çox işləsin. Əgər bir millət nəsil artırmaqla, qarnını doyurmaqla, maddi rifaha yetişməklə gününü, zamanın keçirəcəksə, o zaman o millətdən heç nə çıxmaz. Və əslində çıxmır. Göz qabağındadır. Kilsə bir zamanlar Cordano Brunonu yandırırdı. Ancaq bu gün avropa insanı kilsənin təlimləri hesabına yox, Bronunun, Qalileyin, Da Vinçinin ağlı və azadlığı hesabına yaşayır. Lakin, biz... bəlkə də İmadəddin Nəsimi bu gün İslam şəriətinin əlinə keçsəydi, şəriət yenə də onu edama məhkum edərdi. Bunu mən öz yanımdan demirəm, faktlarla, bu gün İslam üləmasının verdiyi ən son fitvalarla tanış olduqdan sonra deyirəm. Əlbəttə, kilsə öz fikrini dəyişmədi, dəyişən avropa insanı oldu. Ancaq Şərq insanı nədənsə min illərdir ki, öz yerində sayır. 14 əsrdir ki, bu ümmət təyin edə bilmir ki, dəstəmazın suyunun ha tərəfdən axıtsan düz olar, ya da yanlış olar! Başa düşürsünüz, qoymurlar, imkan vermirlər ki, bu ümmətin ağlı tualetə getmənin qaydalarından, cinsi məsələrin incələnməsindən, adi, gülməli məişət davranışlarının küfr və yaxud da iman kateqoriyaları ilə ölçülməsindən o tərəfə getsin. İzin vermirlər ki, insanların ağlı işə düşsün. Təsəvvür edin, "Tozihil-məsail” adlanan şəriət risalələlərinin istisnasız olaraq hamısında deyilir ki, ya gərək, özün müctehid olasan, ya da bir müctehidə təqlid edəsən. Özü də məsələlər elmi, intellektual, fəlsəfi bir şeylər olsa, adamı yandırmaz. Boş-boş, tərbiyəsiz, əxlaqsız şeylərdir hamısı. Məsələn, hansı qadını hansı yaşda necə siğə eləmək olar, namazı və dəstəmazı daha nələr pozur və sairə, və ilaxır. Axı nümunə götürmək, ya xoşbəxt olan, ya da gözü çıxan qardaşından ibrət almaq Allahın insana bəxş etdiyi ağıl kodekslərindən biridir. Niyə biz nəticələrdən nəticə çıxarmırıq? Məgər bütün dinlər, bütün ruhani cərəyanlar insanın xoşbəxliyi, qəlbinin hüzuru üçün deyilmiydi? Hanı bizim xoşbəxtliyimiz, hanı bizim hüzurumuz? Bilirəm, dar düşüncəli biçarələr deyəcəklər ki, filan müəllif kafir oldu, dinə sataşdı. Ancaq mən onlara yenə də üçüncü yolu göstərmək istəyirəm. Nə möminəm, nə də kafir. Mən arifəm, aşiqəm, qələndərəm, dərvişəm... Aşıq Ələsgər demişkən, 

  Adım Ələsgərdir, əslim göyçəli, 
  Ələst aləmində demişəm "bəli”. 
  Həm aşiqəm, həm dərvişəm, həm dəli,
  Könlüm gözəllərin yol qurbanıdır. 

  Bəli, üçüncü bir yol. Onun da adı elm və eşq yoludur. Nə mömin, nə kafir, nə ağ, nə qara, nə varlıq, nə yoxluq, nə kişi, nə qadın olmağa gərək yoxdur. Bunların hamısının fövqünə çıxıb, Tevfik Fikrət ustadımız demişkən:

  Toprak vətənim, növ-ü bəşər, millətim insan,
  İnsan olur, ancaq buna izanla inandım!

  Bu, kosmopilitlik deyil. Bu ikilikdən qurtulmaqdır. Ümumiyyətlə qurtuluşdur. Belə məqamda böyük Mövlana Cəlaləddini yada salmamaq olmur. "Divani-Kəbir”in 7-ci babında ustalar ustası belə yazır: 

  "Allah, kuluna; "Ey kulum!" diye buyuruyor; "Dön, yine kapımıza gel, kulağından gaflet pamuğunu çıkar da göklerden gelen; `Haydi, artık orada durmayın gelin.` sesini duy!" Ey zavallı, ne zamana kadar, dünya dikenliğinde yalınayak koşup duracaksın? Biz, öteki alemde, gül bahçelerinin kapılarını senin için açtık. Canı ben yarattım ama, ona bir de dert verdim. Derdini veren, elbette onun dermanını da verir. Sana kapılarını açtığım gül bahçesi, öyle bir bahçedir ki, oradaki ağaçların dalları da, yaprakları da canlıdır. Birbirleri ile konuşur dururlar. Şunu iyi bil ki, her şey canlıdır. Canı olmayan bahçe, insanın hoşuna gitmez, insanın canına can katmaz. "Yunus Emre hazretlerinin meşhur ilahisi hatıra geliyor:

  "Şol cennetinırmakları
  Akar Allah deyü deyu, 
  Çıkmış İslam bülbülleri,
  Öter Allah deyü deyü” 

  "Allahın dini” deyə-deyə onu elə hala gətirdilər ki, şəxsən Şeytanın əba geyinib, üzü qibləyə dayandığına zərrə qədər şübhə yeri qalmadı. 
  Birilərinin bu qara pərdəni yırtması lazım! "Zühur” deyilən şeyin mahiyyətində yatan əsl mətləb elə budur məncə. İslam İslam olsa, ona zühur-filan gərək deyil. Əgər bütün müsəlmanlar kiminisə, nəyinsə, haçansa zühur edəcəyini bu qədər intizarla gözləyirlərsə, deməli, əllərində olan şeyin həqiqət olduğuna özləri də inanmırlar. 

 "Zühur”, üzə çıxmaq, zahir olmaq deməkdir. Sizcə, hər hansı bir şəxsin zühur etməsi daha maraqlıdır, yoxsa həqiqətin? Daha doğrusu bunların hansı daha realdır? 

  Bizə elə gəlmirmi ki, din deyilən şey artıq çoxdandır ki, insanlar üçün quru əfsanədən ibarətdir?! İnsanlar Allahın gerçək varlığına inanmır! Allah onlar üçün ikinci, üçüncü, bəzən isə dərəcələrə girməyən bir yoxluqdan ibarətdir! Şəxsi mənafelər, güclü insanlar, ailəvi, sövqtəbii nəfslər və ehtiyaclar... Allah bütün bunlardan sonra gəlir --- o da gəlsə... 

  Məgər Allah-Təala Özünü bəşərə bildirəndə, elçiləri, seçilmişləri vasitəsilə Öz varlığını xəbər verəndə bunlarımı qəsd etmişdi? 
Hər zaman demişəm; Əgər İslam Şərqinin müqəddəs Vilayət məktəbi və bu məktəbin yetirdiyi böyük İslam övliyaları olmasaydı, heç bir ağlı başında adam müsəlman olmazdı! Ona görə ki, Əlinin gizli elmindən başlamış, Hüseynin şəhadətindən, Mövlananın bərəkətinə, Hacı Bektaşın nurundan Nəsiminin üsyanına qədər uzanıb gələn bir YOL (!!!) olmasaydı, biz bu gün şəriətin, mürtəce qanunların, bir-biriylə çarpışan müxtəlif məzhəblərin əlində qalmışdıq. Son peyğəmbərin gül camalını mənə Mövlana həzrətləri göstərdi. Quranın bətnini mənə Şah Fəzlullah Nəimi açdı. Xilafətin zatına lənət, əgər əhli ürfan olmasaydı, mən məmnuniyyətlə İsəvi ya da Musəvi olardım. Mənə o cür tərif edilən, o qiyafədəki, o əxlaqdakı peyğəmbər lazım deyil! (Məlum zümrəni təsvir etdiyi kimi) 

  Əhli-Həq nəzəriyyəsində "Ağ yazılar” deyilən bit tendensiya var. Arqument isə bundan ibarətdir ki, "xalq Quranın qara yazılarını, yəni zahiri xəttini, görünən yerini oxuyur, ariflər isə, onun ağ yazılarını, qara xətlərin arasındakı görünməyən yerlərini oxuyur”. 

  Əslində isə bu fikir təkcə Qurani-Kərimə aid deyil. Bütün İslam dini qara yazılarla örtülüb. Bir az mübaliğəli desək, onun qara pərdəsi də bu keyfiyyətin məhsuludur. Bir az da obrazlı desək, İslamın bəxtini və rəngini qara eləyən də bu yazılardır. Yəni, zahirpərəstlik, surətpərəstlik. Həzrəti Rəsuallah Kəbədən bütləri yıxdı. Ancaq yerinə Həcərül-Əsvədi ona görə qoymadı ki, bu dəfə də insanlar daşdan pənah umsunlar! Mərhum Hüseyn Cavidi xatırlatmaq istərdim. Məşhur "Peyğəmbər” mənzum dramında belə bir səhnə mövcuddur. Əbu Süfyan Peyğəmbərlə sülh bağlayır. Bunu eşidən Məkkə böyükləri, xüsusilə də öz arvadı bərk qəzəblənir. Əbu Süfyan isə onları belə başa salır: 

  Dün kərtənkələ yerkən bir ərəb, 
  Sürəcək ömrünü pürşövqi-təəb,.. 
  Qonacaqdır qaradaş büt yerinə,.. 

  Yəni, "ay məkkəlilər, dünənə qədər Kəbənin bütlərinə yalnız bədəvi ərəblər nəzir qoyurdu, biz də yeyib varlanırdıq. İndi o bütlərin yerinə bir daş qoydular. Bundan belə qiyamətə qədər dünyanın yarısı onu ziyarətə gələcək. Sizə pul lazım deyilmi?” 

  Sonra da başladılar Quranın qara yazılarını öz mənafelərinə uyğun təfsir etməyə. Məgər Allahın bu təfsirçilərə belə ehtiyacı vardı? Niyə qoymurlar insan azad düşünsün? Allah Özü ilə bəndələri arasında vasitə istərmi? 

  Bax budur Quranın və İslamın qara yazıları. Bəxti qara dinimiz, insanlara hürriyyət gətirməkdən, onlara Dünyada və Axirətdə ağ günün yollarını göstərməkdən, hər şey tərsinə oldu. Kim müsəlman oldusa, cəhalətdən və ətalətdən yaxa qurtara bilmədi. 

  Çünki, biz dinimizin məxfi, ağ yazılarını oxuya bilmirik. Bəli, bu ağ yazılardır, yəni görünməyən üçüncülərdir həqiqətin gerçək daşıyıcıları. 

  Sonda isə dəfələrlə xatırladığım və dolayısı ilə xatırlatdığım məşhur ancaq bu günə qədər də demək olar ki, heç kim tərəfindən axıra qədər anlaşılmayan bir kəlamı sizə çatdırmaq istərdim. Bu təhlükəli və dəhşətli, eyni zamanda zamanlar ötəsi və məkanlar xarici olan kəlam böyük Şəms Təbriziyə məxsusdur: 

  "Allah Xəttatdır.
  O üç dənə xət yazdı.
  Birinci xəttini özü oxuya bilir, başqaları oxuya bilmir.
  İkinci xəttini həm özü oxuya bilir, həm başqaları.
  Üçüncü xəttini isə nə özü oxuya bilir, nə də başqaları. 
  Həmin üçüncü xətt MƏNƏM!!!”